Məhkəmə qərarları › İş №2(103)-3007/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3007/2023

21.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3007/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun itirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və onların nümayəndəsi (vəkili) Vəkil2, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh5, eləcə də iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) iddiaçılara ataları X1 miras qalmışdır. Mübahisəli ev iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçıların bibisi qızlarıdır. Digər cavabdehlərdən Cavabdeh4 Cavabdeh3 əri, X9 və Cavabdeh5 isə Cavabdeh2 uşaqlarıdır. Cavabdehlərdən Cavabdeh4 xx.xx.2015-ci ildə, Cavabdeh3 xx.xx.2015-ci ildə, Cavabdeh2 2011-cü ildə, Cavabdeh1 xx.xx.2017-ci ildə və Cavabdeh5 xx.xx.2016-cı ildə mübahisəli evə qeydiyyata düşmüşlər.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək edərək cavabdehlərin ünvan 1-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onlara məxsus fərdi yaşayış evində qeydiyyatda olsalar da, orada yaşamırlar. Cavabdehlərin qeyd olunan fərdi yaşayış evində yaşamamalarına baxmayaraq, həmin evdə pasport qeydiyyatında qalmaları onların mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-148/23 saylı iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia rədd edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçılar cavabdehlərin mübahisəli evdə yaşamamalarını iddia etsələr də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, məhkəmə iclasında şahid ifadələri ilə müəyyən edilmişdir ki, cavabdehlər həm keçmiş mülkiyyətçinin sağlığında, həm də hazırkı vaxtadək mübahisəli evdə yaşayırlar, miras qoyanın vəfatından sonra bütün kommunal xərclər cavabdehlər tərəfindən ödənilir.

6. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87, 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişlər.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdehlərin ara-sıra həmin evə gəlib-getmələri onların mübahisəli mənzil üzərində istifadə hüquqlarının saxlanılması üçün kifayət deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçıların nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdehlər və onların nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədilər və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

12. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 məhkəmə kollegiyasının iclasında izahat verərkən cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 tələbə olduqları vaxtdan mübahisəli evdə yaşadıqlarını və hazırda da orada yaşamaqda davam etdiklərini göstərdi.

Tətbiq edilən hüquq

xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsi

13. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

14. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir.

15. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

16. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

«Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı:

17. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarı:

18. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə mübahisə predmeti ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin ev iddiaçılara 2019-cu ildə vəfat etmiş ataları X1 miras qalmışdır. Mübahisəli ev hazırda iddiaçıların mülkiyyətindədir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçıların bibisi qızlarıdır. Digər cavabdehlərdən Cavabdeh4 Cavabdeh3 əri, X9 və Cavabdeh5 isə Cavabdeh2 uşaqlarıdır. Cavabdehlərdən Cavabdeh4 xx.xx.2015-ci ildə, Cavabdeh3 xx.xx.2015-ci ildə, Cavabdeh2 2011-cü ildə, Cavabdeh1 xx.xx.2017-ci ildə və Cavabdeh5 xx.xx.2016-cı ildə mübahisəli evə qeydiyyata düşmüşlər (i.v.51).

22. İddiaçıların tələbi cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədədir. Onlar tələblərini cavabdehlərin mübahisəli evdə yaşamaması və onların həmin evdə qeydiyyatda qalmalarının iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırması ilə əsaslandırmışlar. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinə istinad olunmuşdur.

23. İddiaçıların nümayəndəsi məhkəmə iclaslarında əlavə olaraq bildirmişdir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 yalnız 1990-cı illərdə ali təhsil aldıqları dövrdə mübahisəli evdə yaşamış, sonra oranı tərk etmiş, ailə qurmuşlar və hər birinin ayrıca yaşayış sahəsi vardır.

24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1).

25. Cavabdehlər iddianı qəbul etməmişlər. Onlar cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 hələ 1990-cı illərdən, yəni tələbəlik illərindən mübahisəli evdə keçmiş mülkiyyətçi Hacısadıq Sadıqovla birgə yaşadıqlarını və bu əsasla evdən istifadə hüququ qazandıqlarını bildirərək iddianın rədd olunmasını xahiş etmişlər.

26. Birinci instansiya məhkəməsi cavabdehlərin dəlillərini əsaslı sayaraq iddianı rədd etmiş və bu qənaətə gəlmişdir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüquqları var və Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranmış bu hüquqa yalnız kompensasiya ödənilməklə xitam verilə bilər.

27. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 aid hissədə işin halları fərqli olduğundan onlara qarşı tələbə də ayrıca qiymət verilməlidir.

29. İşdən göründüyü kimi, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 keçmiş mülkiyyətçi Hacısadıq Sadıqovun bacısı uşaqlarıdır və onlar təhsil aldıqları müddətdə, yəni tələbəlik illərində mübahisəli evdə yaşamış, təhsillərini bitirib ailə qurduqdan sonra evi tərk edib getmişlər. Bu fakt işin araşdırılan halları ilə tam təsdiq olunur. Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etməmiş, lakin apellyasiya baxışı zamanı məhkəmə iclasında şəxsən iştirak edərək izahatında göstərmişdir ki, o, mübahisəli evi 1998-ci ildə ailə qurması ilə bağlı tərk etmiş və yalnız 2004-cü ildə yenidən həmin evə qayıtmışdır. Cavabdeh3 isə apellyasiya baxışı zamanı 1994-cü ildən mübahisəli evdə yaşadığını və hazırda da yaşmağa davam etdiyini göstərmişdir.

30. Məhkəmə kollegiyası Cavabdeh3 1994-cü ildən bu günə qədər mübahisəli evdə fasiləsiz yaşaması ilə bağlı verdiyi izahatı işdə olan digər sübutlarla təsdiq olunmadığından mötəbər sübut kimi qəbul etmir.

31. Belə ki, mübahisəli ünvanda yaşayan Gülsüm Biləndərli birinci instansiya məhkəməsində şahid kimi dindirilərkən göstərmişdir ki, mərhum Hacısadıq Sadıqov mübahisəli evdə tək yaşamış, onun ölümündən sonra evdə heç kim yaşamamış və yaşamır, Cavabdeh2 və Cavabdeh3 təhsil aldıqları müddətdə həmin evdə yaşamış, sonra ailə qurub evi tərk etmişlər.

32. Gülsüm Biləndərlinin bu ifadəsi iddiaçının nümayəndəsinin izahatı ilə yanaşı şahidlərdən Əsgərxan Bayramov və Yaşa Cabbarovun ifadələri ilə də təsdiq olunur.

33. Məhkəmə kollegiyası şahidlərdən Natiq Nuriyevin, Azad Nəsirovun və Eldar Əliyevin ifadələrini ziddiyyətli olduğundan və işin müəyyən edilən digər halları ilə təkzib edildiyindən qəbul etmir. Əvvəla, Natiq Nuriyevin izahatından göründüyü kimi, o özü mübahisəli evin yerləşdiyi ərazidə, qonşuluqda yalnız 2019-cu ildən, məhum Hacısadıq Sadıqovun ölümündən sonra yaşamağa başlamışdır və mərhumu tanımamışdır. Belə bir şəxsin cavabdehlərin mübahisəli evdə hansı dövrdən yaşamaları barədə verdiyi ifadə mötəbər sayıla bilməz. X14 ifadəsində qohumlarının mərhum Hacısadıq Sadıqovu tək qoymadıqlarını, hər gün gəlib yeməyini bişirdiklərini göstərsə də, ifadəsinin sonunda Sevil və İlhamənin həmişə orada qaldıqlarını bildirmişdir. Göründüyü kimi, ifadə ziddiyyətlidir. Yəni, Sevil və İlhamə mübahisəli evdə daimi yaşayırdılarsa, digər qohumların gəlib mərhum Hacısadıq Sadıqov üçün yemək hazırlamalarına nə ehtiyac var idi. Digər tərəfdən, şahid cavabdehlərin mübahisəli evdə daimi yaşadıqlarını göstrsə də, Cavabdeh2 özü 1998-ci ild mübahisəli evi tərk etdiyini bildirmişdir. X15 ifadəsində mərhum X7 və İlhaməni təhsil aldıqları üçün evə qeydiyyata saldırdığını göstərsə də, sonra cavabdehlərin mübahisəli evdə daimi yaşadıqlarını bildirmişdir.

34. Məhkəmə kollegiyası 3-cü şəxs kimi cəlb edilmiş Almas Məmmədovanın izahatını da digər sübutlarla, o cümlədən Cavabdeh2 ifadəsi ilə təkzib olunduğundan mötəbər sübut kimi qəbul etmir. Belə ki, Cavabdeh2 izahatında mübahisəli evi 1998-ci ildə ailə qurması ilə əlaqədar tərk etdiyini və yalnız 2004-cü ildə qayıtdığını göstərsə də, 3-cü şəxs X12 Fərəcovanın mübahisəli evdə fasiləsiz olaraq daimi yaşadığını bildirmişdir. Bu isə Almas Məmmədovanın izahatının mötəbərliyini şübhə altına alır

35. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 1990-cı illərdə təhsil aldıqları müddətdə mübahisəli evdə mərhum Hacısadıq Sadıqovla birlikdə yaşayaraq həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış sahəsindən istifadə hüququ qazansalar da, sonradan ailə qurub həmin evi daimi əsaslarla (ərə getməklə) tərk etməklə həmin Məcəllənin 87-ci maddəsinə əsasən istifadə hüququnu itirmişlər. Onların 2004-cü ildə və yaxud hər hansı başqa tarixdə yenidən mübahisəli evə qayıdıb orada yaşamaları onlar üçün həmin evdən istifadə hüququnun yaranmasına səbəb olmamışdır. Belə ki, 2000-ci ildən sonra yaranan münasibətlər yeni Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə əsasən nizama salınır.

36. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

37. İşdən göründüyü kimi, 2000-ci ildən sonra Cavabdeh2 və Cavabdeh3 ilə keçmiş mülkiyyətçi olan mərhum Hacısadıq Sadıqov arasında mübahisəli evdən istifadə hüququnun yaranmasına səbəb ola bilən belə bir razılaşma bağlanmamışdır. Bu hal Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışla da təsdiq olunur (i.v.92).

38. Digər tərəfdən, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən cavabdehlər hazırkı mülkiyyətçi olan iddiaçıların ailə üzvü sayılmırlar.

39. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

40. Mülki Məcəllə nəzərdə tutur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (157.4).

41. Məhkəmə kollegiyası bu qənaətə gələrkən cavabdehlərin özlərinə məxsus yaşayış sahələri olduğunu və mübahisəli yaşayış sahəsinə ehtiyacları olmadığını da nəzərə alır (i.v.31). Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından göründüyü kimi, Cavabdeh3 əri olan digər Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsindəki 99 saylı evin 3-cü mənzili üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçıların nümayəndəsi də cavabdehlərin başqa yaşayış sahələri olduğunu bildirmişdir. Onun bu izahatı şahidlərdən Gülsüm Biləndərlinin və Əsgərxan Bayramovun ifadələri ilə təsdiq olunur. Onlar Cavabdeh2 Badamdar qəsəbəsində (Milli Məclisə yaxın ərazidə) yaşadığını göstərmişlər.

42. Məhkəmə kollegiyası həmçinin bu qənaətə gəlir ki, digər cavabdehlər olan Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 da mübahisəli evdən istifadə hüquqları yaranmamışdır. Belə ki, onların mübahisəli evə gəlib-getmələri, yaxud yaşamaları 2000-ci ildən sonrakı dövrə təsadüf etdiyindən onların həmin evdən istifadə hüququnun yaranıbyaranmamasına da qüvvədə olan Mülki Məcəllənin və Mənzil Məcəlləsinin normaları rəhbər tutulmaqla qiymət verilməlidir. Bu cavabdehlər nə əvvəlki mülkiyyətçinin, nə də onun vərəsələri olan hazırkı mülkiyyətçilərin (iddiaçıların) ailə üzvləri deyillər və istifadə hüququ ilə bağlı onlarla hər hansı razılaşma (müqavilə) bağlamamışlar.

43. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

44. Başqa sözlə, Mülki Məcəllənin mülkiyyətçinin ailə üzvü olmayan şəxsin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş imzalanmalı və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən bu cavabdehlər hazırkı mülkiyyətçi olan iddiaçıların ailə üzvü sayılmırlar.

46. Eyni zamanda nəzərə alınmalıdır ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi mülkiyyətçi özünə məxsus yaşayış sahəsindən cavabdehlərin istifadə hüququnun itirilməsini həm də onların mənzildən qeydiyyatdan çıxarılmasını təmin etmək məqsədilə tələb edir. İş üzrə cavabdehlərin mübahisəli mənzilin yaşayış sahəsinə istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir.

47. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

48. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

49. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. qərarlarında da ifadə edilmişdir.

50. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.

51. Sadalanan qanunvericilik normalarına əsasən cavabdehlər mübahisəli mənzilin nə əvvəlki mülkiyyətçisi X2, nə də hazırkı mülkiyyətçilərin ailə üzvü sayılmır. Onların həmin mənzildən istifadə hüququ yalnız Mülki Məcəllənin 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş əsasında yarana bilər və işdən göründüyü kimi, tərəflər arasında belə bir sazişin bağlandığı müəyyən edilmir.

52. Bu baxımdan Kollegiya istifadə hüququ olmayan şəxslərin mənzilə istifadə hüququnun itirilməsini əsaslı hesab etmir.

53. Bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

54. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.

55. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

56. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı).

57. Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

58. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər.

59. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbi həmin şəxslərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarını itirmiş olmaları əsası ilə təmin olunmalı, digər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qarşı iddia tələbi isə bu cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olmaması əsası ilə rədd edilməlidir.

61. MPM-in 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsindəki 58 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qarşı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsindəki 58 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi onların həmin yaşayış sahəsindən istifadə hüquqları yaranmadığından rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar