Məhkəmə qərarları › İş №2(103)-3010/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3010/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3010/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızının iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2491/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, 15 saylı evə köçürülmələri, cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onların qardaşıdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, 15 saylı ev üzərində anaları Səkinə Əzizxan qızı, Cavabdeh və İddiaçı1 pay hüququ müəyyən edilmişdir. Sonradan anaları öz payını İddiaçı2 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən həmin evdən 4/18 hissədə İddiaçı2 Xalıq qızının, 7/18 hissədə Cavabdeh, 7/18 hissədə İddiaçı1 pay hüququ müəyyən edilmişdir. Sözügedən ev hal-hazırda onların mülkiyyətində ola-ola cavabdeh evdə yaşamalarına imkan vermir. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, 15 saylı evə köçürülmələrinə zərurət yaranmışdır. Lakin cavabdeh orada yaşadığından onların evə girmələrinə imkan vermir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2491/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızının Bakı şəhəri, Xəzər rayonu, İ.Muradov küçəsi, 15 saylı evə köçürülməsi və evdən istifadə ilə bağlı məhdudlaşdırıcı hərəkətlərin edilməsinin Cavabdeh qadağan edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Xəzər rayonu,İ.Muradov küçəsi, 15 saylı evdə uzun illərdir ki, o, öz ailəsi ilə yaşayır. Bu illər ərzində öz hesabına miras qalmış həmin evi yaxşılaşdıran əlavələr etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızı ailə qurandan sonra 20 il bundan əvvəl həmin evdən köçmüşlər. Hazırda özlərinə məxsus evlərdə yaşayırlar,yəni mübahisəli evə köçüb yaşamalarına zərurət yoxdur. Qanunvericiliyə əsasən paylı mülkiyyətdə olan əşyadan istifadə ilə əlaqədar mülkiyyətçilər arasında razılaşma əldə edilmədikdə paylı mülkiyyətdən istifadə məhkəmənin müəyyənləşdirdiyi qaydada heyata keçirilməlidir. Lakın birinici instansiya məhkəməsi iddiaçıların iddiasını təmin edərkən mübahisəli evdən istifadə qaydalarını müəyyənləşdirmədən iddianı təmin etmişdir. Belə qərar çıxarmamışdan əvvəl məhkəmə iddiaçıların öz paylarına uyğun hissəsinin onların istifadəsinə verilməsinin mümkünlüyünü araşdırmalı idi. Paylara uyğun hissəsinin ayrılması mümkün olmadığı halda iddianın da təmin edilməsi mümkünsüzdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2491/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, ümumi sahəsi 117.0 kv.m, yaşayış sahəsi 73.7 kv.m, köməkçi sahəsi 43.3 kv.m olan 2 otaqlı 15 saylı fərdi yaşayış sahəsi ilkin olaraq xx.xx.1997-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir, 7 saylı DNK-nın xx.xx.1997-ci il tarixli 2V-4-252 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/3 hissəsi Səkinə Əzizxan qızının, 1/3 hissəsi Cavabdeh və 1/3 hissəsi X2 adlarına qeydiyyatdan keçmişdir. 7 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 2V-1-72 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Səkinə Əzizxan qızının vəfatından sonra 4/18 hissəsi İddiaçı2 Xalıq qızının adına qeydiyyatdan keçmişdir, 2/18 hissəsi isə Səkinə Əzizxan qızının adına açıq qalmışdır. 7 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 2V-1-72 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Səkinə Əzizxan qızının adına qalan 2/18 hissəsi Cavabdeh və İddiaçı1 adlarına qeydiyyatdan keçmişdir. Hazırda 4/18 hissəsi İddiaçı2 Xalıq qızının, 7/18 hissəsi Cavabdeh, 7/18 hissəsi İddiaçı1 mülkiyyətlərindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 00077985 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi 15A saylı fərdi yaşayış evi İddiaçı2 Xalıq qızının 4/18 hissədə, Cavabdeh 7/18 hissədə, İddiaçı1 7/18 hissədə paylı mülkiyyətlərindədir.. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəcllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə isə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçılar mübahisəli evin paylı mülkiyyətçiləridir, onların həmin evə köçmələri üçün hüquqi əsasları vardır. Lakin cavabdehin onları mübahisəli mənzilə buraxmaması nəticəsində mülkiyyətlərində olan mənzilə köçə bilmirlər. Odur ki, iddia qeyd olunan hissədə əsaslıdır və təmin edilməlidir. İddiaçıların mübahisəli mənzilin paylı mülkiyyətçiləri olmaqla oradan maneəsiz istifadə hüquqları vardır və bu hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də, cavabdehin iddiaçılara evdən istifadə etməsinə maneə yaratması sonuncuların mənzilə olan hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi “maneənin aradan qaldırılması”na dair hissədə də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Apelyasiya şikayətinin dəlilləri barədə kollegiya qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən təmin edilə bilməz. Belə ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehin mübahisəli mənzildə yaşamağı iddiaçıların mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızı Bakı şəhəri, Xəzər rayonu, İ.Muradov küçəsi, 15 saylı evə köçürülməli və evdən istifadə ilə bağlı məhdudlaşdırıcı hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinin dəlilləri qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2491/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2491/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar