Məhkəmə qərarları › İş №2(103)-3012/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3012/2022

18.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3012/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-397/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh “X4 ve X5 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X4 ve X5 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı müqavilə öhdəliyinin pozulması nəticəsində cərimənin ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliyini pozduğu- elektron informasiya sistemində (e-gov.az) vaxtında düzəliş edilməməsinə görə cavabdehdən 3000 ( üç min) manat müqavilə üzrə öhdəlik olan cərimə, iddia ərizəsinin verilməsinə (eləcə də mediasiya) xərclərinə görə tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-397/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. “X4 ve X5 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı apellyasiya şikayəti verərək iddia müddətini tətbiq etməklə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, Əmək Məcəlləsi əmək münasibətlərindən irəli gələn pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı ərizəsində göstərir ki, esosial.az saytına son olaraq 02.09.2021-ci il tarixdə daxil olduğu zaman cavabdehin razılaşma protokolu ilə üzərinə düşən öhdəliyini icra etmədiyini görmüşdür. Eyni zamanda iddiaçı ərizəsində qeyd etmişdir ki, razılaşma protokoluna əsasən tərəflərin öhdəliklərinin icrası tarixi 20.05.2020-ci ilədək müəyyən edilmişdir. Buradan tam aydın olur ki, iddiaçı razılaşma protokolu üzrə öhdəliklərin son icra tarixini 20.05.2020-ci il olduğunu bildiyi halda və ona bu sazişdən irəli gələn öhdəliklərin icrasını aşkara çıxarmağa iddia müddəti ərzində heç bir maneçilik olmadığı halda bunu etməmişdir. Bu öhdəliklərin icrasını yoxlamaq barədə hərəkət 1 il 3 ay sonra onun tərəfindən həyata keçirilmişdir. Belə olan halda da hesab edirlər ki, iddiaçı bu kateqoriyadan ibarət olan işlər üzrə qanunvericiliyin tələbi üzrə iddia müddətini üzrsüz ötürmüşdür. İddiaçı razılaşma protokolu üzrə son icra tarixini 20.05.2020-ci il olduğunu bildiyi halda və ona bu sazişdən irəli gələn öhdəliklərin icrasını aşkara çıxarmağa iddia müddəti ərzində heç bir maneçilik olmadığı halda bunu etməmişdir. Bu öhdəliklərin icrasını yoxlamaq barədə hərəkət 1 il 3 ay sonra onun tərəfindən həyata keçirilmişdir. Belə olan halda da hesab edir ki, iddiaçı bu kateqoriyadan ibarət olan işlər üzrə qanunvericiliyin tələbi üzrə iddia müddətini üzrsüz ötürmüşdür. Cavabdeh apellyasiya şikayətində Əmək Məcəlləsinin 296.3, 296.4, 296.6-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə; Mülki Məcəlləsinin 385.1, 448.1, 427.1, 427.2, 427.3, 428.2, 445.2, 445.2.1, 445.2.2-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab etmişdir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 13.05.2020-ci il tarixli X1 1.1.1-ci maddəsinə əsasən “İşəgötürən, İşçi ilə bağladığı əmək müqaviləsinə “Əmək Məcəlləsinin 70-cİ maddəsinin “ç” bəndi ilə xitam verilməsi” barədə əmrin etibarsız hesab edilməsini, işçinin “əmək müqaviləsinə İşçinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə əmrin verilməsini, həmçinin bununla əlaqədar işçinin əmək kitabçasındakı qeydə düzəliş edilməsini və elektron informasiya sistemində (e-gov.az) düzəliş edilməsi barədə müraciət edilməsini, iddiaçı isə işçi, işəgötürənin bu protokolun 1.1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməsi üçün “əmək müqaviləsinə işçinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-cİ hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə ərizəsini və əmək kitabçasını İşəgötürənə təqdim etmək (1.2.1-ci bənd) barədə öhdəlik götürmüşdür. Ancaq razılaşma üzrə cavabdeh şirkət müqavilə öhdəliklərini tərəflərin razılaşdıqları müddət bitənədək yerinə yetirməmişdir. (razılaşmanın 2.1 bəndi) Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilərək, “Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə ərizə və əmək kitabçası cavabdeh şirkətə təqdim edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, İddiaçı 13.05.2020-ci il tarixli X3 üzrə öhdəliklərini tam icra etdiyndən, cavabdeh şirkət isə razılaşdırılmış müddətdə öhdəliyini icra etmədiyindən həmin razılaşma üzrə üzərinə götürdüyü cərimə məbləğinin ödənilməsi barədə öhdəliyini icra etməlidir. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, cavabdeh “X4 ve X5 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında 13.05.2020-ci il tarixli X1 2.1-ci bəndinin tələbləri müqavilə üzrə tərəf olan “X4 ve X5 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh “X4 ve X5 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı müqavilə öhdəliyinin pozulması nəticəsində cərimənin ödənilməsinə dair tələbi irəli sürməkdə haqlı olmuşdur, bu səbəbdən də iddia təmin edilməli, cavabdeh “X4 ve X5 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 13.05.2020-ci il tarixli X3 üzrə 3000 manat məbləğində cərimə İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə isə Mülki Məcəllənin 372.1, 375.2, 376, 377.2, 378-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına istinad edərək cavabdehin ərizəsini əsassız hesab edərək hesab etmişdir ki, hazırki mübahisəli məsələyə üç illik iddia müddəti tətbiq edilməli olduğundan iddiaçı iddia müddətini ötürməmişdir. Məhkəmə cavabdehin Əmək Məcəlləsinin 296.4-cü maddəsinə (pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.) istinad etməsini əsassız hesab etmişdir. Hazırki mübahisəli razılaşma protokolu işçi və işəgötürənin əmək mübahisəsi üzrə məsələsindən irəli gəlsə də bu müqavilə hüquq pozuntusu aşkar edildikdən sonra tərəflərin qarşılıqlı razılaşması əsasında həmin pozuntunun aradan qaldırılması məqsədilə bağlanmışdır. Odur ki, hazırki halda iddiaçı öz əmək hüquqlarının pozuntusu ilə bağlı deyil, həmin pozuntunun aradan qaldırılması ilə bağlı qarşılıqlı razılaşmadakı öhdəliklərin pozuntusundan irəli gələn cərimənin ödənilməsinin tələb edilməsindən ibarətdir. Bu baxımdan ƏM-nin 296.3-cü maddəsinin (hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.) müddəalarından göründüyü kimi, işçinin hüququnun pozulmasının aşkar edilməsi halları belə işçi və işəgötürənin bağlı olduğu müəyyən sənədləşmələr və s. ilə əlaqədardır. Hazırki mübahisəli halda isə iddiaçı ilə cavabdeh arasında işçi-işəgötürən münasibətləri olmadığı aşkardır. Belə olan təqdirdə isə iddiaçının öz hüquqlarının pozulmasının aşkar edildiyi gün məntiqi olaraq əmək qanunvericiliyinin müddəaları ilə deyil, məhz mülki qanunvericiliyin müddəaları əsasında müəyyən edilməlidir. Tətbiq edilməli hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılır. Çünki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilə bilər. Hazırki iş üzrə cavabdeh tələb edilən pulun məbləğini mübahisələndirmir. Mübahisələndirdiyi hal tərəflər arasındakı mübahisənin əmək münasibətləri nəticəsində yaranmasını və iddia müddətinin keçməsini bəyan etməsi ilə bağlıdır. Ancaq cavabdeh tərəflər arasında yaranmış mübahisənin işəgötürənlə işçi arasında mövcud olan əmək münasibətlərindən irəli gəldiyini və tərəflər arasında bağlanmış əmək münasibətlərinə aid müqavilənin icra edilməməsi ilə bağlı yarandığını göstərsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Əvvəla, tərəflərin əvvəllər əmək münasibətlərində olması hazırki mübahisənin bilavasitə həmin münasibətlərdən yarandığına dəlalət etmir. Çünki, hazırki mübahisənin yaranmasına əsas 13.05.2020-ci il tarixli X3 üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. Başqa sözlə, hazırki iddianın faktiki əsası qeyd olunan 13.05.2020-ci il tarixli X2 və bu Razılaşmanın bağlanması əmək münasibətlərindən qaynaqlansa da özü məzmun etibarı ilə mülki hüquqi müqavilədir və başlığında yaxud hansısa hissəsində “mülki hüquqi müqavilə” sözlərinin göstərilməməsi onun mahiyyətini dəyişmir. Düzdür, iddiaçı müqavilənin icra müddətinin başa çatdığı vaxtdan bir il keçdikdən sonra, lakin üç il keçməmiş məhkəməyə müraciət etmişdir. Cavabdeh isə buna əsaslanaraq iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar edildiyi gündən etibarən 1 il müddətində məhkəməyə müraciət etməli olduğunu və 1 illik iddia müddətini buraxdığını göstərir. Ancaq Əmək Məcəlləsinin qeyd olunan yaxud digər müddəaları hazırki mübahisəyə tətbiq edilə bilməz. Çünki, hazırki işdə iddiaçı cavabdehdən işəgötürən kimi bilavasitə pul və digər əmlak tələbləri yaxud ona vurduğu zərərin əvəzini tələb etmir. Əmək münasibətlərində olan zaman aralarında yaranmış məsələləri sonradan cavabdehin də könüllü iradə ifadəsinə uyğun mülki hüquq münasibətləri çərçivəsində həll etmək qərarına gələrək yeni mülki hüquqi müqavilə bağlamaqla (13.05.2020-ci il tarixli X3) münasibətlərini yeni məcraya keçirmişlər. Hazırki mübahisə də tərəflərin məhz yeni mülki hüquq münasibətlərinin nəticəsi olaraq yaranmışdır. Ona görə də, hazırki mübahisə sırf mülki hüquq münasibətlərindən yarandığından bu mübahisə ilə əlaqədar Əmək yaxud Mülki Məcəllədə nəzərdə tutulan iddia müddəti də keçməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-397/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “X4 ve X5 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-397/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar