Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3013/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: iş stajı faktının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Ərizəçi Laçın rayonunda anadan olmuş, rayonun işğalı ilə əlaqədar məcburi köçkün düşmüşdür. Ərizəçi pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncu tərəfindən ərizəçiyə “Əmək Pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən pensiya təyin olunmasından imtina edilmişdir
Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) ərizə ilə məhkəməyə müraciət edərək, 1979-cu ilin sentyabr ayından 1992-ci ilin may ayınadək Laçın rayonu Qorçu kənd orta məktəbində yerləşən kitabxanada işləməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1979-cu ilin sentyabr ayında Qorçu kənd orta məktəbində yerləşən kitabxanaya işə qəbul edilmiş və həmin kitabxanada 1992-ci ilin may ayına kimi işləmişdir. 1992-ci ildən isə Laçın rayon Qorçu kənd Ərazi nümayəndəliyində işləmişdir. Məlum hadisələrlə bağlı məcburi köçkün düşmüş və əmək kitabçası həmin məktəbdə qalmışdır. Ərizəçi əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-991/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) ərizə təmin olunmuşdur.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308, 309.1-ci, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci hissəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ərizənin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin 1979-cu ilin sentyabr ayından 1992-ci ilin may ayınadək Laçın rayon Qorçu kənd orta məktəbində işləməsi faktının müəyyən edilməsi üçün müraciət etsə də, hər iki şahidin birgə təsdiqlədiyi dövr 1979-cu ilin sentyabr ayından 01 sentyabr 1989-cu ilədək olan dövrü əhatə edir. Bu baxımdan ərizəçinin 1979-cu ilin sentyabr ayından 1992-ci ilin may ayınadək işləməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Maraqlı şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. Ərizəçi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
11. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
12. Maddə 309.1. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
14. Bənd 13.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndlərinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
16. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə ərizə təmin olunduğundan və qətnamə iş üzrə maraqlı şəxs tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsinin qənaətinə görə ərizə əsaslı olduğundan və ərizədə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan ərizəçinin 1979-cu ilin sentyabr ayından 1992-ci ilin may ayınadək Laçın rayonu, Qorçu kənd orta məktəbində kitabxanaçı işləməsi faktı müəyyən edilməlidir. Belə ki, ərizəçi həmin illərdə Laçın rayonu, Qorçu kənd orta məktəbində işləməklə əmək stajına malik olma faktını sübuta yetirə bilmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir (maddə 87).
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1, 307.1). Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.11). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308).
23. Mülki işin məhkəmə baxışı zamanı ərizəçinin izahatı və şahid ifadələri əsasında müəyyən edilmişdir ki, ərizəçi 1979-cu ilin sentyabr ayından 1992-cı ilin may ayınadək Laçın rayonunun Qorçu kənd orta məktəbində kitabxanada işləmişdir. Bunu həmin illərdə məktəbdə direktor vəzifəsində və müəllim kimi işləmiş şəxslər də şahid kimi verdikləri ifadələrlə təsdiq etmişlər. Digər tərəfdən, Laçın rayonunun işğal olunması nəticəsində bir çox müəssisələrin arxiv sənədlərinin məhv olduğu və ya itirildiyi də hamıya bəlli olan faktdır.
24. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və onlara tətbiq edilməli olan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur.
25. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şahidlər ərizəçinin 1979-cu ildən Laçın rayonu işğal olunana kimi həmin müəssisədə işlədiyini bildirmişlər. Şahidlərin əmək kitabçalarının təsdiq olunmuş surətindən görünür ki, rayonun işğalına qədər onlar da orada işləmişlər. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.