Məhkəmə qərarları › İş №2(103)-3015/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3015/2024

21.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3015/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və əmrin ləğv edilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) Məmmədov Məmməd Əzi oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun işdən azad edilməsi barədə cavabdeh MMC-nin əmrinin ləğv olunması və onun işinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə MMC ilə "xxxx" bağlayaraq MMC-yə bağban vəzifəsinə işə qəbul edilmişdir. “Əmək müqavilə” iddiaçıya təqdim edilməmiş, buna görə əmək münasibətlərinin şərtləri iddiaçıya bəlli deyil. İddiaçı, əvvəlcə 400 manat maaşla saat 08:00-dan 18-00-dək təxminən bir il səkkiz ay işləmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Laçın rayonuna ezam olunmuşdur. Laçın rayonundan qayıtdıqdan sonra cavabdeh təşkilatda iş rejimini dəyişərək gecə növbəsində müxtəlif ünvanlarda yerləşən su nasoslarının mühafizəsini həyata keçirmişdir. İddiaçı, işəgötürəndən onu əvvəlki iş rejiminə keçirməyi xahiş etsə də, onun xahişi nəinki təmin edilməmiş, əksinə o, “Əmək müqaviləsinin” müddətinin bitməsi əsası ilə işdən azad olunmuşdur. İddiaçı, onun işdən azad olunması barədə əmri əsassız hesab edir, çünki onunla MMC arasında müddətsiz "xxxx" bağlanmalı idi. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh MMC, iddiaçı xəstə olduğu müddətdə iddiaçını işdən azad etmiş və iddiaçının izahatını belə alınmamışdır. MMC, iddiaçının ailə vəziyyətini nəzərə almamışdır. Belə ki, iddiaçının atası vəfat etmiş, anası, bacı və qardaşı iddiaçının himayəsindədir, işləmədiyi üçün hazırda özünün və yaxınlarının ehtiyaclarını qarşılaya bilmir. b) cavabdeh tərəfin iddia tələbinə münasibəti barədə məlumat

3. Cavabdeh MMC-nin nümayəndəsi işə baxmış Rayon Məhkəməsinə “iddiaya qarşı etiraz” və "xxxx" ərizə verərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli “Əmək müqaviləsində” müqavilənin müddətli şərtlə bağlanması qeyd edilib və müqavilənin bir nüsxəsi iddiaçıya təqdim edilmişdir. Bundan başqa, işdən azad edilməmişdən öncə iddiaçıya müqavilənin müddətinin bitməsi barədə xəbərdarlıq da verilmişdir. Göründüyü kimi, iddia əsassızıdır. Bundan başqa nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixdə işdən azad edilmiş iddiaçı, 11 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da iddiaçı, işə bərpa ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. c) iddiaçının cavabdehin etirazına münasibəti barədə məlumat

4. İddiaçı, cavabdeh MMC tərəfindən verilmiş “iddiaya qarşı etiraza” münasibətdə qeyd etmişdir ki, etirazda qeyd edilənləri təsdiq edir. xx.xx.2022-ci il tarixdə cavabdeh ona bildirmişdir ki, müqaviləsinin müddəti bitir. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək xəstə olduğu üçün hesab edir ki, işdən azad edilməsinə dair cavabdeh tərəfindən verilmiş əmr qanunsuzdur. Onun xəstə olması müvafiq tibbi arayışla təsdiq olunur. O, xəstəliyi ilə bağlı MMC-də işləyən Rasim adlı şəxsə zəng edərkən məlumat vermişdir. Buna görə də hesab edir ki, MMC-nin etirazında göstərilənlər əsassızdır. "xxxx" MMC-nin ərizəsi də, əsassız hesab edilməlidir. Belə ki, o, işə bərpa ilə bağlı ilk növbədə 2022-ci ilin mart ayından etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə və Azərbaycan Respublikasının ombudsmanına müraciət etmişdir. Daha sonra isə atası vəfat etdiyindən məşğul olmuş və məhkəməyə müraciət edə bilməmişdir. Bundan sonra mediasiya təşkilatına müraciət etmişdir. Məhkəməyə qanunla hansı müddət ərzində müraciət etməli olması barədə məlumatı olmamışdır. Bu müddət ərzində isə xəstəliyi ilə bağlı hər hansı problemi olmamışdır. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad olunması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq o, hüquqlarının müdafiəsi barədə məhkəməyə deyil digər orqanlara müraciət etmişdir. Dolayısı ilə şikayət etməsi üçün buna onun imkanı olmuşdur, əks halda onun digər orqanlara da müraciət etmək imkanı olmazdı. İş materialları ilə təsdiq olunur ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 aylıq müddəti üzrsüz səbəbdən ötürmüşdür. e) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı məhkəməyə gec müraciət etməyinin səbəbini onunla əsaslandırmışdır ki, buna səbəb digər orqanlara, yəni X3 Xidmətinə və Azərbaycan Respublikasının ombudsmanına müraciət etmişdir. Həmçinin xəstəliyi ilə əlaqədar aldığı arayışdan da görünür ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə kəskin bronxit diaqnozu ilə ambulator müalicədə olmuşdur. Lakin Rayon Məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, nəticədə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Apellyasiya baxışında iştirak etmiş iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

10. Cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, iddiaçının adına verilmiş ******* nömrəli "xxxx" görünür ki, o, cavabdeh MMC üzrə verilmiş xx.xx.2020-ci il tarixli əmrlə həmin MMC-də bağban vəzifəsinə təyin edilmişdir. "xxxx" həmçinin görünür ki, iddiaçı, cavabdeh MMC üzrə xx.xx.2022-ci il tarixdə verilmiş əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

13. MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Əmək müqaviləsindən” görünür ki, müqavilə 1 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixinədək bağlanmışdır

14. "xxxx" görünür ki, MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli "xxxx" müddətlidir.

15. MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçıya, onunla bağlanmış "xxxx" Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən, yəni müqavilənin müddətinin bitməsi səbəbindən xx.xx.2022-ci il tarixdən xitam veriləcəyi barədə məlumat verilmişdir.

16. Həmin məktubun ünvançıya çatdırılması barədə xəbərnamədən görünür ki, məktub iddiaçıya xx.xx.2022-ci il tarixdə çatdırılmışdır.

17. MMC-nin xx.xx.2022-ci il tarixli 542 nömrəli əmrindən görünür ki, həmin əmr ona görə verilmişdir ki, MMC-də bağban vəzifəsində çalışan iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli "xxxx" əmək müqaviləsinin müddətinin bitməsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən xitam verilir.

18. "xxxx" görünür ki, MMC ilə iddiaçı arasında bağlanmış "xxxx" müqavilənin müddətinin bitməsi əsası ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə uyğun olaraq xitam verilmişdir.

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan” görünür ki, iddiaçı, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2022xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “kəskin bronxit” diaqnozu ilə ambulator müalicədə olmuşdur.

20. Qeyd edilənlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı, onunla cavabdeh MMC arasında 1 ay müddətinə bağlanmış xx.xx.2020-ci il tarixli "xxxx" əsasən MMC-yə bağban vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 1 ay müddətinə bağlansa da, əmək münasibətləri hər ay eyni müddətə uzadılmış və iddiaçı həmin vəzifədə xx.xx.2022-ci il tarixədək işləmiş, həmin tarixdə MMC üzrə verilmiş 542 nömrəli əmr ilə "xxxx" əmək müqaviləsinin müddətinin bitməsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı, "xxxx", müqavilə müddətinin başa çatması ilə bağlı xitam verilməsi haqında bağlı MMC-nin xəbərdarlıq məktubunu xx.xx.2022-ci il tarixdə almışdır. İddiaçı həmin əmri əsassız hesab edir və xahiş edir ki, əmr ləğv edilsin, və o, əvvəlki işinə bərpa olunsun. Cavabdeh MMC iddianı əsassız hesab edir və bildirir ki, əmr qanuni və əsaslıdır. Bununla yanaşı, MMC, ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş etmişdir.

21. Məhkəmə ilk öncə işə bərpa ilə bağlı müddətinin iddiaçı tərəfindən ötürülübötürülməməsi məsələsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin müddətin başlanğıcının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə nəzər salınmalıdır.

22. Əmək Məcəlləsinin 296.2-ci maddəsinin mənasına görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər

23. İddiaçı izahatında bildirmişdir ki, işdən azad olunması barədə əmrdən 2023-cü ilin mart ayında artıq məlumatı olmuşdur. Lakin iş materiallarından görünür ki, iddiaçı bundan xeyli sonra – xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

24. İddiaçı iddia ərizəsi məhkəməyə gec müraciət etməsinin səbəbini iki nüansla əsaslandırır. O ilk növbədə qeyd edir ki, buna səbəb digər orqanlara, yəni X3 Xidmətinə və Azərbaycan Respublikasının ombudsmanına müraciət etmişdir. İddiaçı mediasiya təşkilatına və dolayısı ilə məhkəməyə gec müraciət etməsinin səbəbini dövlət orqanlara müraciət etməsi ilə əsaslandırsa da belə, Məhkəmə qeyd edir ki, iddiaçının dövlət orqanlarına müraciət etməsi onun məhkəməyə müraciət etməsi üçün müddətin axımının dayanmasına əsas ola bilməz. Çünki yuxarıda artıq qeyd edildiyi kimi, Əmək Məcəlləsi fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin məhkəməyə müraciət etməsini nəzərdə tutur.

25. İddiaçının istinad etdiyi digər əsas ondan ibarətdir ki, o, atasının vəfat etməsi ilə əlaqədar iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət edə bilməmişdir.

26. Bununla bağlı Məhkəmə bildirir ki, iddiaçının apellyasiya icraatı zamanı verdiyi izahatdan aydın olur ki, iddiaçının atası 2023-cü ilin avqust aynda vəfat etmişdir. Yuxarıda artıq qeyd edildiyi kimi iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı, onun atası vəfat edənə qədər müzakirə edilən 1 aylıq müddəti ötürmüşdür. İddiaçı, həmin müddətin onun tərəfindən məhz üzürlü səbəbdən ötürülməsini izah edə biləcək ağlabatan əsasları göstərə bilməmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (məsələn: “H.Həşimov və qeyrilərinin şikayəti üzrə” xx.xx.2005-ci il tarixli, “R.Salamovun şikayəti üzrə” xx.xx.2007-ci il tarixli və “X.Xəlilovun şikayəti üzrə” xx.xx.2009-cu il tarixli qərarları).

28. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli qərarı).

29. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

30. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinadən qeyd edilmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

31. Məhkəmə bildirir ki, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur. Hətta izahatında özünün səhhəti ilə bağlı ciddi və stasionar müalicə üçün əsas ola biləcək probleminin olmadığını bildirmişdir. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan” görünür ki, iddiaçı, stasionar müalicədə deyil, ambulator müalicədə olmuşdur (bax: hazırki qətnamənin 19-cu bəndinə). Odur ki, məhkəmə iddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddətin ötürülməsi səbəbini üzrsüz hesab edir.

32. Qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, işdən azad olunması barədə xx.xx.2022-ci il tarixdə məlumatlı olmuş iddiaçı, hüquqlarının müdafiəsi barədə məhkəməyə deyil digər orqanlara müraciət etmişdir. Başqa sözlə müəyyən edilir ki, iddiaçının müvafiq iddia ərizəsi ilə məhkəməyə də vaxtında müraciət etmək üçün imkanı olmuşdur. Əks halda onun digər orqanlara da müraciət etmək imkanı olmazdı.

33. İş materialları ilə təsdiq olunur ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 aylıq müddəti üzrsüz səbəbdən ötürmüşdür.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

35. Bu baxımdan apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlilləri əsassızdır.

36. İddia tələbi iddia müddəti ötürülməklə verildiyi üçün əsassız hesab edildiyindən, Məhkəmə apellyasiya şikayətinin digər dəlillərini geniş şərh etməyə lüzum görmür və bildirir ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh MMC tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir.

37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (maddə 45, hissə 1). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər (maddə 47, bənd “f”). Əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər (maddə 68, hissə 2, bənd "xxxx"). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir (maddə 73, hissə 1).

38. Apellyasiya baxışının nəticələri ilə işə baxmış Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halı müəyyən edilməmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə öz təsdiqini tapmadığı üçün əsassız hesab edilməlidir.

39. Bu baxımdan apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməməkdə faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticələri

40. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh MMC hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

43. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

44. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar