Məhkəmə qərarları › İş №2(103)-3015/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3015/2025

24.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3015/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil 526 (Yeni qaydalarla: AZ 1078, ünvan 1) xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. İddiaçı cavabdeh olan oğlu və onun arvadının mülkiyyətində olan mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, 526 saylı mənzildən çıxarlmasını tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər X4 və X3 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus mənzildən ona məxsus həmin mənzildə olan yataq dəsti, mətbəx mebeli, qonaq dəsti, dəhliz mebeli, televizor 1 ədəd, meyvə qabı 3 ədəd çevik forması italiya, boşqab naboru-105 ədəd Depos firması italiya, soyuducu, paltaryuyan, bütün elektrik avadanlıqları, kondisoner və tozsoranın mənzildə saxlanılmaqla cavabdehlər Cavabdeh1 və X2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Fərhad oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və X2 ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında olan vedə yaşayırlar. İddiaçı onlara dəfələrlə evindən çıxmağını bildirsə də, lakin onun tələblərini yerinə yetirməyiblər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya məxsus olan evdə olan bütün əşyalar ona məxsusdur və həmin mənzildən onun əşyaları ilə birlikdə istifadə edirlər. Ona görə onlar iddiaçının mənzilindən çıxarılarkən ona məxsus əşyalar saxlanılmaqla çıxarılmalıdırlar. Həmin mənzildə olan yataq dəsti, mətbəx mebeli, qonaq dəsti, dəhliz mebeli, televizor 1 ədəd, meyvə qabı 3 ədəd çevik forması italiya, boşqab naboru-105 ədəd Depos firması italiya, soyuducu, paltaryuyan, bütün elektrik avadanlıqları, kondisoner, tozsoran. Yalnız onların və uşaqlarının paltarları onlara məxsusdur. Bundan başqa, cavabdehlərin iddiaçıya məxsus olan mənzilə heç bir hüququ yoxdur. Onun mülkiyyətində evi vardır. Həmin ev Daşkəsən rayonu, Zağalı kəndində yerləşir. Həmin mənzil xx.xx.2020-ci il tarixdən ********** saylı çıxarış əsasında Cavabdeh1 mülkiyyətindədir. Göründüyü kimi cavabdehlərin yaşayış evi vardır və mənzilə ehtiyacı yoxdur. Beləliklə, həmin mənzildə cavabdehlərin çıxarılması qanuni və əsaslıdır.

7. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun anasıdır. O, hazırda həyat yoldaşı və azyaşlı övladları ilə birlikdə mübahisəli mənzildə yaşayır. Ondan başqa onların heç bir yaşayış yeri yoxdur. Mülkiyyətində sadəcə Daşkəsən rayonunda yerləşən ev vardır ki, həmin evdə yaşamaları mümkün deyildir. Həmçinin, iddiaçı artıq həmin mənzillə bağlı da məhkəməyə müraciət etmişdir. Həmin evin üzərinə həbs qoyulmuşdur. Bundan başqa, onlar artıq 4 ildən çoxdur ki, mübahisəli mənzildə yaşayırlar və tərəfindən həmin mənzil əsaslı təmir olunmuş və əşyalarla təchiz olunmuşdur. Bununla bağlı sənədləri də məhkəməyə təqdim etmişdir. Onun övladları da həmin mənzilə yaşayır və yaxınlıqdakı məktəbdə təhsil alır. Odur ki, bütün bu halları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X5 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir.

9. Məhkəmənin işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil 526 (Yeni qaydalarla: AZ 1078, ünvan 1) İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 iddiaçının oğludur və ailə üzvləri ilə birlikdə (digər cavabdeh X5 və uşaqları ilə birlikdə) iddiaçıya məxsus mübahisəli mənzildə onun razılığı və icazəsi olmadan yaşayır. İddiaçı cavabdehlərin sözügedən mənzildən çıxarılmasını tələb etsə də, cavabdehlər hazırda mənzildə yaşamaqda davam edirlər. Hazırda iddiaçı cavabdehlərin mənzildən çıxarılmasını tələb edir.

10. Məhkəmə iddianın təmin edilməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olmaqla, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının olmaması hazırki işin mübahisəsiz halını təşkil edir. İddiaçının mülkiyyətində olan mənzilində cavabdehlərin buna hər hansı hüququ olmadan yaşaması faktı iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır. Belə ki, cavabdehlərin mübahisəli evə dair hər hansı bir hüquqları mövcud deyildir. Çünki onların həmin evdə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ, məhkəmə qətnaməsi ilə müəyyən edilən hüquq) aşkar edilməmiş, habelə cavabdehlər də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin mülki işin araşdırılan hallarından göründüyü kimi Cavabdeh1 adına Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni cavabdehin hazırki mübahisəli mənzildən başqa yaşaya bilməsi üçün öz mülkiyyətində alternativ olaraq fərdi yaşayış evi mövcuddur, yəni cavabdehin hal-hazırda mübahisəli mənzildə yaşaması hər hansı bir ehtiyacdan, zərurətdən irəli gəlmir. Digər cavabdeh, yəni X3 gəlincə isə o, iddiaçının oğlu, yəni digər Cavabdeh1lə nikaha daxil olduqdan sonra iddiaçıya məxsus mənzildə yaşamağa başlaması həmin cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas hesab olunmur. Çünki qanunvericiliyin tələbinə görə, cavabdeh heç vaxt «digər qohum» kimi iddiaçının ailə üzvü olmamışdır. Məhkəmə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarın istinad edərək qeyd etmişdir ki, cavabdeh X5 iddiaçının gəlini olmaqla, ailə üzvləri sırasına aid olmamış, eləcə də Qərarda sadalanan şəxslərin kateqoriyasına da aid deyil. Bu səbəbdən də cavabdehin həmin əsasla iddiaçının ailə üzvü, yaxud da «digər qohum»u qismində mübahisəli yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququ da əvvəldən heç yaranmamışdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İİ hissəsi; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 152.7 və 157.4, 228.1, 228.5-ci; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına; və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1 və 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı adına olan mübahisəsi olan həmin mənzil, 2019-cu ildə təmirsiz (podmayak) alınıb. Cavabdehin hesabına mənzil təmir edilmiş və 2021-ci ilin aprel ayında təmir yekunlaşdıqdan sonra övladı xx.xx.2019-cu il təvəllüdlü X8 ilə birlikdə mənzilə köçmüşlər. Digər iki övladları xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X10 anadan olandan onlarla birlikdə həmin mənzildə yaşayırlar. Onlar evə köçərkən anası İddiaçı razılığı əsasında köçmüşdürlər. Əgər İddiaçı razılığı olmasaydı onlar həmin evə köçə və evi əsaslı təmir etdirə bilməzdilər. Onu da qeyd etmək isdəyir ki, mübahisəsi olan mənzildə 4 ildir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Həmçinin qətnamədə göstərilmişdir ki onun adına Daşkəsən rayonu Zağalı kəndində ev var. Həmin kəntdəki evin təmisiz və şəraitsiz olmağı, həmçinin cavabdehin kənddəki evdə yaşayıb işləyib 3 uşağını dolandırmağı üçün heç bir şərait yoxdur. Cavabdeh Hüseynov övladlarını saxlamaq üçün Bakı şəhərində geyim dükanında satıcı kimi çalışır. Onların maddi durumu kirayədə yaşayıb 3 azyaşlı övladlarına baxmağa kifayyət etmədiyindən, İddiaçı adına olan həmin mənzildə yaşamaq məcburiyətindədirlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Konstitutsiyası Maddə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti baxışının hədləri qətnamənin iddianın Cavabdeh1 münasibətdə təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki digər cavabdeh apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə görə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 23.İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil 526 (Yeni qaydalarla: AZ 1078, ünvan 1) İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 iddiaçının oğludur və ailə üzvləri ilə birlikdə (digər cavabdeh X5 və uşaqları ilə birlikdə) iddiaçıya məxsus mübahisəli mənzildə onun razılığı və icazəsi olmadan yaşayır. İddiaçı cavabdehin sözügedən mənzildən çıxarılmasını tələb etsə də, cavabdeh hazırda mənzildə yaşamaqda davam edir. Hazırda iddiaçı cavabdehin mənzildən çıxarılmasını tələb edir.

24. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən tərəflər arasında olan münasibətlərə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə yanaşı Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. 25.İşin halları odur ki, Azər Ross İK MTK üzvlərinin ümumi iclasının 363 saylı protokolundan çıxarışdan müəyyən olunur ki, 9 dekabr 2020-ci il tarixdə İddiaçı üzv qəbul olunmaqla 526 saylı mənzilin payçısıdır. Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil 526 (Yeni qaydalarla: AZ 1078, ünvan 1) xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 26.Kollegiya qeyd edir ki, tərəflər arasındakı münasibətlərə 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-cü maddələri tətbiq olunmalıdır. 27.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “...Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” 28.Göründüyü kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən istifadə hüququnun yaranma əsası ailə münasibətlərinin mövcudluğudur. 29.Deməli, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilən hüquqi mövqeyə əsasən Mənzil Məcəlləsində qeyd edilən “ailə üzvləri” anlayışına yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşayan və ailə qanunvericiliyinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər aid edilmişdir. 31.Ailə Məcəlləsinin tələbinə əsasən valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ, ər-arvadın və keçmiş ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi nəzərdə tutulmuş olsa da, valideynin yektinlik yaşına çatmış əmək qabiliyyəti olan övladını saxlamaq vəzifəsi nəzərdə tutulmamışdır. 32.O cümlədən, AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. 33.Qeyd olunanları ümumiləşdirərək kollegiya qeyd edir ki, cavbadeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar