Məhkəmə qərarları › İş №2(103)-3016/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3016/2021

30.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3016/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X8, cavabdehin nümayəndələri X11, X4 iştirakları ilə, İddiaçı Cavabdehn qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3369/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01.11.2011-ci ildə Cavabdehndə 331ş nömrəli keçirilmiş olduğu “Uçuş dəstəsinə İL-76 tipli HG-in təlimatçısı-naviqatoru” vəzifəsinə bərpa olunmağı, qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi iş buraxma müddətinə görə əmək haqqının və ona dəymiş 5000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15.12.2006-cı il tarixdə onunla cavabdeh “xxxx” MMC arasında 139 ş-1 bağlanmış 104-19 saylı əmək müqaviləsinə əsasən o, həmin Aviaşirkətə “Uçuş dəstəsinə İL-76 tipli HG-in naviqatoru” vəsifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. 01.11.2011-ci ildə “xxxx” MMC-də 331ş nömrəli əmrlə “Uçuş dəstəsinə İL-76 tipli HGin təlimatçı-naviqatoru” vəsifəsinə keçirilmişdir. Cavabdeh “xxxx” MMC-nin direktoru X15 tərəfindən imzalanmış 24 sentyabr 2020-ci il tarixli 72-A saylı əmrə əsasən heç bir əsaslandırılmış və tutarlı səbəb olmadan guya o əmək müqaviləsinin öhdəliklərini və şərtlərini (Əmək müqaviləsinin 10-cu bəndinin “e” bəndi), əmək intizamı və aviaşirkətin daxili intizam qaydalarını kobud şəkilkdə pozduğundan 24.09.2020-ci il tarixdən Əmək Məcəlləsinin “ç” bəndinə əsasən “əmək vəzifələrimi kobud şəkildə pozduğuma görə” işdən azad edilmişdir. Onun bu şirkətdə 14 il qüsursuz işləməyi bütün kollektivə bəllidir. Bir dəfə olsun belə əmək fəaliyyəti dövründə əmək şərtlərini pozmamış və verilən tapşırıqları etmiş. Buna baxmayaraq rəhbərliyə haqqında yanlış məlumatın çatdırılması nəticəsində Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən çıxarılmağı barədə əmr verilmişdir. Barəsində bu cür əmrin verilməsi mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Odur ki, ona dəymiş mənəvi ziyanı 5000 ( beş min) manatdır. Öhdəliyində 4 azyaşlı uşağın olması və ailəyə yeganə qazanc gətirənin özü olması bu iztirabı daha da artırmışdır. Belə ki, işsiz qalmağı maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuş, azyaşlı övladlarının sağlam qidalanmamağına gətirib çıxarmışdır. Əmrdə onun hansı əmək vəzifəsini, hansı şəraitdə və necə kobud formada pozmağı, pozmuşsa nə səbəbə həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət olunmayıb, konkret olaraq hansı qeyriqanuni əməl törətməyi göstərilməyib və əmək müqaviləsinin pozulması zərurəti əsaslandırılmayıb. Azərbaycan Respublikası Ali Məhkəmsi Plenumunun 03 noyabr 2008- ci il qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı İnsanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3369/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Zaur Tağıyev). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3369/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edilib ki, məhkəmə iclasında Cavabdeh nümayəndəsi X11 izahat verərək iddia ilə razı olmadığını bildirdi və iddiaya etirazı məhkəməyə təqdim etdi. Etirazda qeyd edilmişdir ki, İddiaçı (iddiaçının) 05.09.2019cu il tarixli məlumat vərəqəsi əsasında SWA aviaşirkətinin direktorunun uçuşların təhlükəsizliyi üzrə müşaviri tərəfindən aparılmış xidməti araşdırmanın nəticələrinə görə məlumat vərəqəsində qeyd edilmiş məlumatlar öz faktiki təsdiqini tapmamışdır. (SWA şirkətinin UT üzrə müşaviri S. Yermakın raportuna baxın). Raporta baxdıqda məhkəmənin araşdırmadan keçdiyi məsələlər barədə bir neçə suallar ortaya çıxır: a) hansı səbəblərə görə raportda qeyd edilən iddiaçının məlumat vərəqəsi məhkəmə tərəfindən cavabdehdən tələb olunmamışdır ki, həqiqətən də qeyd edilən məlumatlar dərhal verilibmi və ya öz təsdiqini tapır ya yox. Ümumiyyətlə raportda məlumat vərəqəsinin sadəcə adı keçir. Halbuki iddiaçı həmin məlumatları əllə yazaraq tarix göstərməklə vermişdir. Dəfələrlə məhkəmədən tələb etsə də ki, qarşı tərəf raportda əsaslandığı məlumat vərəqəsini məhkəməyə təqdim etsin, təəssüflər olsun ki, məhkəmə bu sübutuda qiymətləndirməmişdir və nəticədə məlumat ortada yoxdur. b) nə səbəbə raportda məlumat vərəqəsində qeyd edilən məsələlər göstərilməmişdir? Raporta baxdıqda görünür ki, 22 iyul 2020-ci il tarixdə SWA şirkətinin Prezidenti şirkətin təlimatçı-naviqatoru İddiaçı 05.09.2019-cu il tarixli Məlumat vərəqəsi əsasında araşdırma aparmağı tapşırmışdır. Lakin raportda - məhkəmə zamanı ortaya məqsədli şəkildə çıxarmadıqları, məlumat vərəqəsində qeyd edilənlərin həqiqətə uyğun olub-olmamasından qəti şəkildə söhbət getmədiyi görünür. Əvəzinə "X12 edilməsi üzrə Təlimatdan" bir sıra bölmələrindən sitat gətirərək işin əsl məqsədini örtbasdır edərək diqqəti həqiqətə uyğun olmayan məsələlərə yönəltmişlər. Lakin həm cavabdehin etirazında həmdə ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki (qətnamə səh.4) xidməti araşdırmanın nəticələrinə görə məlumat vərəqəsində qeyd edilmiş məlumatlar öz faktiki təsdiqini tapmamışdır. Hesab edilsə ki, cavabdehin və məhkəmənin gəldiyi qənaətə görə məlumat vərəqəsində qeyd edilmiş məlumatlar öz faktiki təsdiqini tapmamışdır. Deməli raporta qeyd edilən Təlimatın bölmələrində göstərilən təhlükəli amillər mövcud olmamışdır. Bu zaman sual yaranır ki, fakt təsdiqin tapmamışdırsa bəs nə səbəbə görə raportda iddiaçını təlimatın müəyyən bölmələri ilə qərəzli olaraq ittiham etmişlər? Bundan əlavə, qətnamədə cavabdeh tərəfindən verilən etirazda müəyyən edilmişdir ki, iddiaçı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 0859 nömrəli sənədi və BMAT-nin 19 və 13 nömrəli Əlavələri əsasında işlənib hazırlanmış və risklərin azaldılması və aradan qaldırılması üçün əsas amil qismində istənilən aviaşirkətin uçuşların təhlükəsizliyi sahəsində əsas sənədi olan X2 edilməsi üzrə Təlimatın (1.3/OSD/ SM nömrəli Sənəd) bir sıra tələblərini pozmuşdur, yəni: iddiaçı 4-cü bölmənin h) bəndini (“Bütün aviasiya heyəti”), 7-ci bölmənin 3-cü bəndini İUTİS-in məqsəd və vəzifələri": (UT üzrə sənədlərin aparılmasına, informasiyanın təhlilinə və risklərin qiymətləndirilməsinə, əldə edilmiş informasiyanın təhlilinin nəticələri üzrə tədbirlərin görülməsinə görə birbaşa məsuliyyət daşıyan UTİ-nin rəhbərinə "mütləq məlumat blankının" vaxtında təqdim edilməməsi), habelə Təlimatın 16-cı Bölməsinin 2-ci bəndinin (UT-yə faktiki və ya potensial təhlükə mövcud olduqda, UT ilə əlaqəli faktlar UT üzrə Şöbəyə dərhal bildirilməlidir) pozmuşdur, iddiaçı informasiyanın toplanması, qeydiyyatı və yayılmasının xüsusi prosedurlarını, qaydalarını, metodikasını nəzərdə tutan 14-cü Bölmənin c) və d) bəndlərini ("UT üzrə informasiyanın mühafizəsi"), 15-ci Bölməni ("Məlumatların məxfilik prosedurları") pozmuşdur və bununla da məlumatların məxfilik prosedurları və məxfi məlumatlar sistemi İddiaçı tərəfindən pozulmuşdur. a)Nə səbəbə görə məhkəmə araşdırma aparmadı ki, bütün aviasiya heyəti deyiləndə konkret kimlər nəzərdə tutulur? b) Hesab edilsə ki, bütün aviasiya heyəti deyəndə bütün əmək kollektivi nəzərdə tutulur. Məsələyə bu cür yanaşdıqda o zaman təkcə iddiaçını deyil, həmin gün növbədə olan və olmayan bütün işçiləri də Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə çıxarmaq gərəkirdi ki, bu da gülüş doğurası bir hal olardı. c)Əgər bütün aviasiya heyəti anlayışına məhz aviasiya insidenti barədə iddiaçı tərəfindən 05.09.2019-cu il tarixdə verilən məlumat (məlumatın məhz hadisə baş verən gün verilməsini təsdiq edən X13, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etirazda və iş materialında olan uçuş məlumat vərəqəsində görmək olar) günü L-76 tipli HG-ində olan heyət başa düşülürsə, iddiaçı həmin hava gəmisinin uçuş heyətində olmamışdır. Bunu təsdiq edəcək sənəd iş materialında olan "Uçuş Məlumatı" vərəqəsinə baxdıqda açıq-aydın görünür ki, həmin heyət 9 (doqquz) nəfərdən ibarət olmuş və onların içində iddiaçının adı keçmir. d) Bəs hansı səbəbə görə məhkəmə araşdırma aparmadı ki, uçuş neyətində olan 9 nəfərin işdən çıxarılması yox məhz həmin heyətdə olmayan birinin işdən azad olunması barəsində əmr verilib? Belə ki, məlumat vərəqəsində olan məlumatın çox ciddi aviasiya insidenti olması və "kimlərinsə" maraqlarına toxunması üzündən məlumat olarəkdən və məqsədli şəkildə verilməmişdir. Məhz buna görə də X13 və cavabdeh tərəfindən verilən etirazda göstərilən İddiaçı 05.09.2019-cu il tarixli Məlumat vərəqəsi məhkəmə araşdırılması zamanı məqsədli şəkildə ortaya çıxarılmadı. Necə ola bilər ki, bir sənəd haqqında danışılsın, onun təsdiqini tapmaması qeyd edilsin və ən əsası iddiaçının belə məlumatı təcili verməmək adı ilə ittiham edərək işdən çıxarılmağına göz yumulsun? Bununla yanaşı hansı sübut hansı dəlilə əsaslanıb deyilir ki, təcili məlumat verilməyib? Cavabdeh tərəf raportda və etirazda qeyd etmişdir ki, məlumat 05.09.2019-da yəni hadisənin baş verməsi günü verilib. Bunu təsdiq edəcək növbəti sənəd sonra cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iş materialında olan "İddiaçı məlumat vərəqəsi əsasında hava gəmisində yanacaq miqdarı barədə məlumat tapmaq üçün tələb olunan sənədlər toplusuna baxmaq kifayətdir. (Dvayer-Bakı reysi) (Səh-25) 6000 kq yanacağın qalmasını tərəfimdən dairəyə alınaraq RMK? yazısı qeyd edilərək yazılı məlumat verilmişdir. Əgər cavabdeh tərəf fikirləşirlər ki, insidenti görən kimi təcili məlumat verilməli idi, bu zaman növbəti sual ortaya çıxır ki, həmin gün insident baş verən hava gəmisində olmayan biri onu necə görüb təcili məlumat verə bilərdi? Məhz təcili məlumatın verilməsini bu cür izah edirlərsə o zaman yeni sual ortaya çıxır ki, hava gəmisində olmayan biri hava gəmisinin içində baş verənləri necə həmin an görə bilərdi? Cavabsız qalan suallardan biri də "niyə uçuş heyətində olan 9 nəfər Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılmamış, lakin iddiaçı işdən çıxarılmışdır. Cavabdehin aviasiya insidentinin olmasını təsdiq edən məlumat vərəqəsini ortaya çıxarmaması o demək deyil ki bu insident barədə məlumat yoxdur və təsdiqin tapmayıb. İşdə olan "Uçuş Məlumatı" vərəqəsində yanacağın məhz 6000 kq olması özü-özlüyündə aviasiya insidentidir. Belə ki, Silk Way airlinesin "Uçuşların yerinə yetirilməsinə dair təlimatının "1.1203-cü maddəsində" uçuş üçün yağ ehtiyyatının və xüsusi mayenin hesablanmasına" baxarkən görünür ki, yanacağın aeronaviqasiya ehtiyatı İL-76 TD -8000 kq göstərilən qiymətlərdən daha az ola bilməz. Məhz bu sənəd sübutdur ki, ortada bir aviasiya insidenti var və raport düzgün tərtib olunmayaraq iddiaçı barəsində həqiqəti əks etdirməyən əmr verilmişdir. Halbuki bu cür ciddi bir məlumatı vaxtında verməsi iddiaçının işindən olmağına yox, əksinə mükafatlandırılmağına gətirib çıxarmalı idi. İş materialında olan "X2 edilməsinə dair Təlimatın"- 16 bölməsində qeyd edilmişdir ki, Təhlükəli hərəkətlər və ya təhlükəli faktorlar barədə məlumat verən əməkdaşlardan heç biri cəzalandırılmayacaqlar. Belə əməkdaşlara qarşı intizam tədbirləri görülməyəcəkdir. Belə ki, "X2 edilməsi üzrə Təlimatın 4-cü bölməsinin" h) bəndinə əsasən: öz fəaliyyət sahəsində bütün hadisələr, xəsarətlər və ya potensial təhlükəli hallar haqqında UT şöbəsinə təcili xəbər verməlidir. Burada öz fəaliyyət sahəsində cümləsi qeyd olunub. Aviasiya insidenti ilə bağlı təcili məlumat verilməsi anı "öz fəaliyyət sahəsində" cümləsini rəhbər tutaraq tam əminliklə deyilə bilər ki, iddiaçıya məlumat verilməsi anından yəni uçuş məlumat vərəqəsinin təqdim olunduğu andan hesablanır. Deməli hava gəmisində olmayan biri hava gəmisinin içində baş verənləri həmin an görə bilməzdi. İşin içində olan "Uçuş Məlumatı" vərəqəsinə baxdıqda açıq-aydın görürük ki, həmin heyət 9 (doqquz) nəfərdən ibarət olmuş və onların içində iddiaçının adı keçmir. Daha sonra qətnamədə cavabdeh tərəfindən verilən etirazda müəyyən edilmişdir ki X2 edilməsi üzrə Təlimatın 7-ci bölmənin 3-cü bəndini İUTİS-in məqsəd və vəzifələri": (UT üzrə sənədlərin aparılmasına, informasiyanın təhlilinə və risklərin qiymətləndirilməsinə, əldə edilmiş informasiyanın təhlilinin nəticələri üzrə tədbirlərin görülməsinə görə birbaşa məsuliyyət daşıyan UTİ-nin rəhbərinə "mütləq məlumat blankının" vaxtında təqdim edilməməsi) qeyd edilmişdir. Qeyd: Cavabdeh tərəfindən Təlimatın məhz o yerləri sitat gətirilmişdir ki, hansı ki, orada "dərhal", "vaxtında" məlumat verilməməsi kimi sözlər var və bu da məhkəmənin diqqətini aviasiya insidenti hadisəsindən yayındırmaq, məhz pozuntuya iddiaçı tərəfindən yol verilməsi görüntüsünü yaratmağa yönəlmiş, hesablanmış bir addımdır. İş materialında olan uçuş məlumat vərəqəsində və İddiaçı məlumat vərəqəsi əsasında hava gəmisində yanacaq miqdarı barədə məlumat tapmaq üçün tələb olunan sənədlər toplusu (Dvayer-Bakı reysi) (Səh-25) 6000 kq yanacağın qalmasını iddiaçı tərəfindən 05.09.2019-cu il tarixdə dairəyə alınaraq RMK? yazısı qeyd edilərək yazılı məlumat verilməsicavabdeh tərəfindən irəli sürülən və məhkəmənin araşdırmadan keçdiyi "vaxtında təqdim etməməsi" cümləsini yetərincə təkzib edir. Belə ki, iş materialında olan uçuş məlumat vərəqəsinə baxdıqda aydın olur ki, həmin gün yəni 05.09.2019-cu il tarixdə hava gəmisində olan 9 (doqquz) nəfərdən ibarət uçuş heyətində iddiaçının adı yoxdur. Bu da o deməkdir ki, hava gəmisində olan aviasiya insidenti barədə vaxtında məlumat vermək ilk növbədə həmin 9 nəfərdən ibarət heyətin vəzifəsidir. İddiaçının isə həmin məlumatı təqdim etməyi məhz hava gəmisinin hava limanına enməsindən sonra iddiaçıya təqdim ediləcək uçuş məlumat vərəqəsinin təqdim edilməsi anından başlayır. Bu uçuş məlumat vərəqəsi iddiaçıya təqdim edilən an iddiaçı tərəfindən 6000 kq yanacağın qalmasını 05.09.2019-cu il tarixdə dairəyə alınaraq RMK yazısı ilə qeyd edilərək və daha sonra cavabdehin gətirdiyi X13 qeyd edildiyi kimi, məlumat vərəqəsi üzrə yəni iddiaçı tərəfindən "Əl yazma ilə" məlumatın verilməsi bir daha iddiaçıya qarşı oynanılan oyunları alt-üst edir. Məhz o əl yazması idi ki, cavabdeh tərəfindən məqsədli şəkildə ortaya çıxarılmamış, məhkəmədə adı çəkilən məlumat vərəqəsini məlum olmayan səbəblərdən tələb etmədən bu sübutuda qiymətləndirməyərək qanunsuz qətnamə çıxarmışdır. Həmçinin qətnamədə cavabdeh tərəfindən verilən etirazda müəyyən edilmişdir ki Təlimatın 16-cı Bölməsinin 2-ci bəndi (UT-yə faktiki və ya potensial təhlükə mövcud olduqda, UT ilə əlaqəli faktlar UT üzrə Şöbəyə dərhal bildirilməlidir) qeyd edilmişdir. Təlimatın 16-cı bölməsinin 2-ci bəndində "faktiki və ya potensial təhlükə" olduqda sözləri qeyd edilmişdir. Cavabdehin etirazında və məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, iddiaçının məlumat vərəqəsində göstərdiyi məlumatlar öz faktiki təsdiqin tapmamışdır. Faktiki təsdiqini tapmayan bir məlumat "faktiki və ya potensial təhlükə" olması və bununla bağlı məlumatın iddiaçı tərəfindən dərhal verilməməsi raportda göstərilə bilməzdi. 14-cü bölmənin d) bəndində qeyd edilənləri oxuyarkən ("uçuşların təhlükəsizliyi haqqında məlumatlar toplanılma məqsədlərindən başqa digər məqsədlər üçün istifadə edilmir") belə bir sual yaranır: iddiaçı hansı məlumatları toplayıb və hansı digər məqsədlər üçün istifadə etmişdir? Bunu təsdiq edəcək sübutlar nədən ibarətdir? Qətnamədə həmçinin X2 edilməsi üzrə təlimatın 15-ci Bölməsi ("Məlumatların məxfilik prosedurları") pozulmuşdur və bununla da məlumatların məxfilik prosedurları və məxfi məlumatlar sistemi iddiaçı tərəfindən pozulmuşdur deyə qeyd vardır. Bu bənd də göründüyü kimi iddiaçını təqsirli bilməkdən ötrü əlavə olunub. Həmçinin qətnamədə iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 22.01.2019-cu il tarixli 104-19 nömrəli əmək müqaviləsinə 2 saylı əlavədən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 8.2-ci bəndinin tərkib hissəsi olmaqla işəgötürən Cavabdeh MMC-nin X1 və “xxxx” MMC-nin Uu dəstəsinin Təlimatçısı naviqatoru İddiaçı arasında bağlanmış 6/-73.N-li əmək müqaviləsinin 8.2 bəndinə müvafiq olaraq aşağıdakılar barədə razılaşdılar deyə razılaşmanın bəndləri göstərilmişdir. İddiaçı razılaşmada göstərilən şərtlərin hansını nə vaxt və necə pozmuşdur? Bununla bağlı nə kimi sübut təqdim edilib və öz təsdiqin tapmışdır? İddia tələbində "əmrdə iddiaçının hansı əmək vəzifəsini, hansı şəraitdə və necə kobud formada pozmağı, pozmuşsa nə səbəbə həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət olunmayıb, konkret olaraq hansı qeyriqanuni əməl törətməyim göstərilməyib və əmək müqaviləsinin pozulması zərurəti əsaslandırılmayıb" kimi məsələlərə münasibət bildirilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçı İ.Əsgərov və onun nümayəndəsi və vəkili F.İsmayılov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Kollegiya iclasında iştirak edən cavabdehin nümyəndələri N.Mustafayev və P.Nurəlizadə iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan əmək müqaviləsindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə X14 arasında 22.01.2019-cu il tarixdə müddətsiz müqavilə bağlanılmış və o, uçuş dəstəsinin təlimatçı noviqator vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan Cavabdeh ilə X14 arasında bağlanmış 22.01.2019-cu il tarixli 104-19 nömrəli əmək müqaviləsinə 2 saylı əlavədən görünür ki, tərəfləri arasında bağlanmış əmək müqaviləsinin 8.2-ci bəndinin tərkib hissəsi olmaqla işəgötürən Cavabdeh MMC-nin Direktoru Te mur Namik olu Məmmədov və “xxxx” MMC-nin U u dəstəsinin Təlimatçısı naviqatoru İddiaçı arasında (bundan sonra birlikdə “Tərəflər” adlanaraq) (22 042072. -cu il tarixdə imzalanmış (6/- 73.Noli əmək müqaviləsinin 8.2 bəndinə müvafiq olaraq aşağıdakılar barədə razılaşdılar: İşçi işəgötürənin kommersiya və istehsal sirrinin aşağıda göstərilən mövzularla qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır: direktorun əmr, göstəriş və sərəncamları, şirkət üzrə yerli xarakter daşıyan digər normativ-hüquqi sənədlər (əmək müqavilələrinin ləğv edilməsi barədə əmrlər istisna olmaqla), şirkətinin kommersiya fəaliyyəti ilə əlaqədar başqa müəssisələr ilə və digər təşkilatlarla apardığı yazışma sənədləri, istehsalın və əməyin təşkili barədə texnolofi sxemlər, daxili komissiyalar barədə əsasnamələr, şirkətdaxili yazışmalar (raportlar, məruzə və izahat məktubları, bölmələr arası sifarişlər, iş prosesi barədə rəhbərliyə verilən operativ məlumatlar): şirkətdaxili komissiyaların sənədləri, protokolları, şirkətin fəaliyyətini əks etdirən statistik məlumatlar, şirkətin qüvvədə olan ştat cədvəli, struturu, işçilərinin sayı (vergi orqanları istisna olmaqla), şirkətin işçilərinin əmək haqqı, şirkətin xidmət göstərdiyi səmişinlər, eyni zamanda bu və ya digər reyslərdə uçan sərnişinlər barədə məlumat, şirkətin digər kommersiya qurumları ilə bağladığı müqavilələr və onlarla aparılan qarşılıqlı hesabatlar barədə məlumatlar, şirkətin hazırladığı yeni layihələr barədə məlumatlar, şirkətin maliyyə hesabatları, mədaxil, məxaric və gəlirləri barədə məlumatlar (vergi orqanları istisna olmaqla), göstərilən xidmətlərin dəyərinin kalkulyasiyası, yük daşıma sənədləri, yükün emal texnologiyası barədə məlumatlar,uçuş məlumatları barədə məlumatlara, uçuş heyətinin tərkibi barədə məlumatlar (gömrük və sərhəd xidmətindən başqa), sənədlər, o cümlədən statisdiq məlumatlar, təyyarə alınması, icarəyə verilməsi, özgəninkiləşdirilməsi, texniki istismarı, texniki xüsusiyyətləri, avadanlıqla təchiz edilməsi,habelə istismsr və təmir zamanı tətbiq edilən avadanlıq, təmir fondu barədə məlumatlar, təyyarənin texniki vəziyyəti: mühərriklərin və digər hissələrin ehtiyatı, istismar müddətləri barədə məlumatlar (uçuş təhlükəsizliyi ilə məşqul orqanlar istisna olmaqla) yayılması üçün məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh 24.09.2020-ci il tarixli 72-A nömrəli əmrdən görünür ki, Cavabdeh uçuş dəstəsinin İL-76 HG üzrə təlimatçısı X6 əmək müqaviləsi 24.09.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh həmkarlar ittifaqı təşkilatına ünvanlanmış 23.09.2020-ci il tarixli, 908/1-ÇS/SWA/HR nömrəli təqdimatdan görünür ki, X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə sübut materialları ilə tanış olunması və həmkarlar ittifaqının üzvü olan X6 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əsaslı qərar verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh həmkarlar ittifaqı komitəsinin 23.09.2020-ci il tarixli 01/HİK/ nömrəli məktubundan görünür ki, Cavabdeh Həmkarlar İttifaqının qərarında Hİ-nın üzvü olan X6 əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin qərar qəbul edilməsini mümkün hesab edilmişdir. İş materiallarında olan Cavabdeh 09.09.2020-ci il tarixli raportunda qeyd edilmişdir ki, 22 iyul 2020-ci il tarixində SVVH şirkətinin Prezidenti şirkətin təlimatçı-naviqatoru İddiaçı 05.09.2019-cu il tarixli Məlumat vərəqəsi əsasında araşdırma aparmağı tapşırmışdır. Məlumat vərəqəsi üzrə tərəfimdən aparılan xidməti araşdırmada aşağıdakılar müəyyən edilmişdir: X2 edilməsi üzrə Təlimata əsasən "Mütləq məlumat blankı" UT üzrə sənədlərin aparılmasına, o cümlədən informasiyanın təhlilinə və risklərin qiymətləndirilməsinə, əldə edilmiş informasiyanın auditinin nəticələri üzrə tədbirlərin görülməsinə görə məsuliyyət daşıyan UTİ-nin rəhbərinə vaxtında təqdim edilməmişdir. Bununla da "Silk Way" Aviaşirkətinin X2 edilməsi üzrə Təlimatının 4-cü Bölməsinin h) bəndi ("Bütün aviasiya heyəti"), 7-ci Bölməsinin 3-cü bəndi (UTİS-in məqsəd və vəzifələri") pozulmuşdur.UT üzrə faktiki və ya potensial təhlükə mövcud olduqda uçuşların təhlükəsizliyi ilə bağlı faktlar "Silk Way" Aviaşirkətinin X2 edilməsi üzrə Təlimatının 16-cı Bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməlidir: təlimatçı-naviqator İddiaçı "Silk Way" Aviaşirkətinin X2 edilməsi üzrə Təlimatının 14-cü Bölməsinin c) və d) bəndləri ("UT üzrə informasiyanın mühafizəsi"), 15- ci Bölməsi ("Məlumatların məxfilik prosedurları") ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurları pozmuşdur. Bununla da İddiaçı məlumatların məxfilik prosedurlarını və məlumatların məxfilik sistemini pozulmuşdur. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 68-80-ci maddələrindəəmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları göstərilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İş materiallarından görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə X14 arasında 22.01.2019-cu il tarixdə müddətsiz müqavilə bağlanılmış və sonuncu uçuş dəstəsinin təlimatçı noviqator vəzifəsinə qəbul olunmuşdur. Cavabdeh 24.09.2020-ci il tarixli 72-A nömrəli əmrdən görünür ki, Cavabdeh uçuş dəstəsinin İL-76 HG üzrə təlimatçısı X6 əmək müqaviləsi 24.09.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Kollegiya işin hallarına əsasən qeyd edir ki, X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı sübut materialları ilə tanış olunması və həmkarlar ittifaqının üzvü olan X6 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əsaslı qərar verilməsi xahiş olunmuşdur. Cavabdeh Həmkarlar İttifaqının qərarında Hİ-nın üzvü olan X6 əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin qərar qəbul edilməsi mümkün hesab edilmişdir (i.v. 81). Əmək müqaviləsinə xitam verilməsinə hansı pozuntunun səbəb olmasının əsaslandırılmamasına dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin hala aydınlıq gətirirərək bildirmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə 09.09.2020-ci il tarixli Sergey Yermak tərəfindən verilmiş raport (i.v.82) əsasında xitam verilmişdir. Kollegiya həmçinin qeyd edir ki, X7 əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə səbəb olaraq "Silk Way" Aviaşirkətinin X2 edilməsi üzrə Təlimatının 4-cü Bölməsinin h) bəndi ("Bütün aviasiya heyəti"), 7-ci Bölməsinin 3-cü bəndinin (UTİS-in məqsəd və vəzifələri") pozulması, UT üzrə faktiki və ya potensial təhlükə mövcud olduqda uçuşların təhlükəsizliyi ilə bağlı faktlar "Silk Way" Aviaşirkətinin X2 edilməsi üzrə Təlimatının 16-cı Bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməməsi, təlimatçı-naviqator İddiaçı "Silk Way" Aviaşirkətinin X2 edilməsi üzrə Təlimatının 14cü Bölməsinin c) və d) bəndləri ("UT üzrə informasiyanın mühafizəsi"), 15-ci Bölməsi ("Məlumatların məxfilik prosedurları") ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurları pozulması (məxfilik prosedurlarını və məlumatların məxfilik sistemi) olmuşdur. Mülki işin materiallarından göründüyü kimi iddiaçı X7 (işçi) Cavabdeh (işəgötürən) arasında bağlanmış olan əmək müqaviləsi, əmək müqaviləsini əlavə (əlavə 2), eyni zamanda X2 edilməsi üzrə təlimat üzrə hazırkı mübahisə üzrə iddiaçı tərəfindən üzrərinə götürmüş olduğu öhdəliklər pozulmuşdur. Belə ki, iddiaçı X14 "Silk Way" Aviaşirkətinin X2 edilməsi üzrə Təlimatının 4-cü bölməsinin ( h) bəndi ("Bütün aviasiya heyəti"), 7-ci bölməsinin 3-cü bəndi (UTİS-in məqsəd və vəzifələri") pozulması, UT üzrə faktiki və ya potensial təhlükə mövcud olduqda uçuşların təhlükəsizliyi ilə bağlı faktlar "Silk Way" Aviaşirkətinin X2 edilməsi üzrə Təlimatının 16-cı bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməməsi, "Silk Way" Aviaşirkətinin X2 edilməsi üzrə Təlimatının 14-cü bölməsinin c) və d) bəndləri ("UT üzrə informasiyanın mühafizəsi"), 15-ci bölməsi ("Məlumatların məxfilik prosedurları") ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurları pozulması (məxfilik prosedurlarını və məlumatların məxfilik sistemi) halları aşkar olunmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh tərəfindən iddiaçı X14 ilə Əmək Müqaviləsi pozularkən qanunun yuxarıda qeyd olunan norma və tələblərinin gözlənilməsi, X3suz və əsassız olaraq işdən azad edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Eyni zamanda, iddia tələbinin məcburi işburaxma müddəti ilə əlaqədar maddi ziyanın və işdən çıxarılması ilə əlaqədar mənəvi ziyanın ödənilməsi hissəsində kollegiya qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl edildiyindən, həmin hissəsində iddiaçının tələblərinin əsassız olması və rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlilləri sübut edə bilmədiyindən, kollegiya iş materiallarına, tərəflərin izahatlarına əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Şərh olunan maddi hüquq normasına əsasən, məhkəmə fərdi əmək mübahisəsinə baxarkən iddiaçının tələblərinin haqlı olduğu, onunla bağlanmış əmək müqaviləsinə qanunun tələbləri pozulmaqla xitam verildiyi qənaətinə gəldiyi təqdirdə, əvvəlki işinə bərpa olunması ilə yanaşı, vurulmuş maddi və mənəvi zərərin işəgötürəndən tutulmasını qərara ala bilər. Hazırkı işdə isə qeyd edilən pozuntular müəyyən edilmədiyindən və iddiaçının tələbi rədd edildiyindən, vurulmuş maddi və mənəvi zərərlə bağlı tələblərin də təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı X6 Cavabdehnə qarşı onun 01.11.2011-ci ildə Cavabdehndə 331ş nömrəli keçirilmiş olduğu “Uçuş dəstəsinə İL-76 tipli HG-in təlimatçısı-naviqatoru” vəzifəsinə bərpa olunmağı, qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi iş buraxma müddətinə görə əmək haqqının və ona dəymiş 5000 manat mənəvi zərərin ödənilməsi barədə iddianın təmin edilməməsinə dair birinci instansıya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3369/2020 saylı, 10.11.2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar