Məhkəmə qərarları › İş №2(103)-3016/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3016/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3016/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “elektrik enerjisinin verilməsinin dayandırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "elektrik enerjisinin verilməsinin dayandırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1132/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, **********60010 nömrəli abunə kodu ilə "xxxx" ASC-nin məlumat bazasında qeydiyyatda olan yaşayış evinin elektrik enerjisi hesabatı PAUD-MP106 tipli, ********** elektrik sayğacı ilə aparılır. Mənzilin elektrik enerjisinin istifadəsinə görə borcu yoxdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.1 -ci bəndində istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda enerjitəchizatı müəssisəsi tərəfindən elektrik enerjisi verilişinin dayandırılması nəzərdə tutulmuşdur. Lakin tərəfindən ünvanlanmış müraciətdə elektrik enerjisi verilişinin dayandırılması müddəti göstərilməmiş, səbəb olaraq isə fərdi yaşayış evinin digər şəxslərin istifadəsində olması əsas gətirilmişdir Fərdi yaşayış evində digər şəxslərin yaşaması və ya məskunlaşması mübahisə predmetidir ki, enerjitəchizatı müəssisəsi olaraq yaranmış anlaşılmazlığın məhkəmə qaydasında həlli zəruri hesab edilir. Elektrik enerjisinin dayandırılması barədə müvafiq məhkəmə qərarı olmadığından, fərdi yaşayış evində digər şəxslər yaşadığından və “Elektrik enerjisindən istifadə Qaydaları”nda qeyd olunan əsasla elektrik enerjisinin dayandırılması nəzərdə tutulmadığından, həmin ünvanda elektrik enerjisi təchizatının dayandırılması məqsədəuyğun hesab edilməmişdir.

3. Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar müqavilə bağlanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilinə müvəqqəti olaraq 1 il müddətində elektrik enerjisinin dayandırılması vəzifəsinin "Azərişıq” ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına görə iddiaçı cavabdeh X2 ilə 22 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilini 106190.25 manata almışdır. Həmin mənzilin üzərində alıcı kimi iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 yanvar 2023-cü il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 11 -ci bəndində müəyyən olunan şərtə əsasən, satıcı-cavabdeh mənzili xx.xx.2018-ci ilədək faktiki olaraq alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi hazırki iş üzrə cavabdeh X2 tərəfindən 22 dekabr 2022-ci il tarixli alqı-satqı üzrə mənzili təhvil vermək vəzifəsini vaxtında icra etməmişdir. Halbuki, alqı-satqı müqaviləsi əsasında satıcı əşyanı alıcının mülkiyyətinə vermək, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyi daşıyır (MM-in 567-ci maddəsi). Buna görə də hazırda cavabdeh tərəfindən mülkiyyətçi kimi hüquqları pozulmaqdadır. Nəticədə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilinə dair xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlasa da, bugünədək həmin mənzildə yaşaya bilmir. Bu isə iddiaçının ailəsi üçün həm maddi, həm də mənəvi çətinliklərin yaranmasına səbəb olmuşdur. Hadisələr onu göstərir ki, satıcı X1 öz vəzifəsini yerinə yetirmək vəzifəsini icra edəcəyi vaxt məlum deyildir. Buna görə də hesab edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilində elektrik enerjisinin dayandırılması zərurəti vardır. Belə ki, mənzildə hər hansı bir hadisənin baş verməməsi və ya elektrik enerjisi nəticəsində baş verə biləcək hadisə zamanı daşınmaz əmlakın yararsız vəziyyətə düşməsi, bunun nəticəsində aşınmaya görə əmlakın bazar dəyərinin düşməsi və s. kimi halların baş verməsi ehtimalı vardır. Bu səbəbdən də hesab edilir ki, iddiaçıya məxsus olan mənzilin elektrik enerjisinin verilməsi dayandırılmalıdır. Bununla bağlı iddiaçı tərəfindən Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.1 -ci bəndinə uyğun olaraq "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə mənzilə elektrik enerjisinin verilməsi dayandırılması barədə ərizə yazılsa da, nəticəsi olmamışdır. Halbuki, həmin Qaydaların 9.13.1 -ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır. Nəzərə alınsa ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzili iddiaçının xüsusi mülkiyyətindədir, həmin evdə isə hər hansı bir qəzanın baş verəcəyindən ehtiyat edərək mənzilə verilən elektrik enerjisinin müvəqqəti olaraq kəsilməsini istəyir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1132/2025 nömrəli xx.xx.2025ci il tarixl qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim X6).

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırki iş üzrə ona məxsus mənzildə başqa şəxslərin yaşamasını əsas göstərərək, sözügedən mənzilə 1 il müddətinə elektrik enerjisinin verilməsinin dayandırılmasını tələb etsə də, qeyd edilən əsas mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması üçün əsas ola bilməz. Belə ki, ilk növbədə mənzildə hazırda yaşayış mövcuddur və cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərə və cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahata əsasən mübahisəli mənzildə yaşayan şəxslərin cavabdeh təşkilata heç bir kommunal borcu yoxdur. Buna görə də qanunvericiliyin tələblərinə əsasən mənzildə yaşayan şəxslərə cavabdeh təşkilat tərəfindən elektrik enerjisinin verilməsi zəruridirhazırki iş üzrə iddiaçı tələbinin əsası kimi ona məxsus mənzildə başqa şəxslərin yaşamasını əsas göstərsə də, məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi ayrıca mübahisə predmeti olmaqla iddiaçının ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzildə yaşayan şəxslərin çıxarılmasına dair tələbinin əsası ola bilər. Hazırki iş üzrə iddiaçıya məxsus mənzildə başqa şəxslərin yaşaması və məhz cavabdeh təşkilat tərəfindən istehlakçı hüquqlarına uyğun olaraq onların mənzildə elektrik enerjisi ilə təmin edilməsi mülkiyyətçi kimi iddiaçının mübahisəli mənzilə dair hər hansı mülkiyyət hüququnu pozmur.

8. Məhkəmə gəldiyi nəticəni «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995ci il tarixli Azərbaycan Respublikası Qanununun 10.2-ci, 10.6-cı bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları» 9.13.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qeyd edilən mənzil mənim xüsusi mülkiyyətimdədir. Belə olan halda, onun mülkiyyətçi kimi hüquqları üstün götürülməli və qorunmalıdır. Gələcəkdə elektrik enerjisi nəticəsində baş verə biləcək hadisə zamanı daşınmaz əmlakın yararsız vəziyyətə düşməsi, bunun nəticəsində aşınmaya görə əmlakın bazar dəyərinin düşməsi və s. kimi halların baş verə bilər. Bu isə onun mülkiyyətçi kimi hüquqlarının pozulmasına, mənə əlavə maddi ziyanın dəyməsinə səbəb olacaqdır. Bu halın baş verməməsinə və ya mənim mənzilimə əlavə maddi ziyan dəyəcəyi halda bunun tənzimlənməsi qaydası isə məhkəmənin qətnaməsinə göstərilməmişdir. Halbuki, məhkəmə hazırki qətnaməsi ilə məhz evdə yaşayan şəxslərin bu tip hərəkətlərinə aşkar şərait yaratmış olur. Həmçinin, Nəsimi rayon məhkəməsi e-16(006)-533/2024 saylı, xx.xx.2025-ci il tarixli öz qərardadında da "ərizənin kifayət qədər əsaslığına dair ilkin sübutların mövcudluğu, həmçinin müvəqəti təminat tədbirinə dair ərizənin təmin edilməməsinin gələcəkdə məhkəmə aktının icrasını çətinləşdirməsi və ya qeyrini mümkün etməsi ehtimalı olduğundan ərizəni təmin edərək, ərizəçiyə məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilində "xxxx" ASC-nin üzərinə elektrik enerjisinin verilməsinin dayandırılması vəzifəsi qoymuşdur. Həmin qərardadı qəbul edərkən məhkəmə qeyd edilən mənzildə yaşayışın olmasını və mənzildə elektrik enerjisindən istifadə ilə bağlı borcun olmadığını qeyd etməmiş, əksinə iddianın uğurluluq ehtimalının yüksək olduğunu göstərdiyindən göstərdiyindən məhz müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəm məhkəmə tərəfindən təmin edilmişdir.Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixdə “Azərişıq" ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar müqavilə mövcuddur. Belə olan halda o, mülkiyyətimdə olan mənzilə verilən elektrik enerjisinin verilməsinin dayandırılmasını istəyir. Və məhkəmə də məhz onun mülkiyyətçi kimi istəyinə uyğun daranaraq (və ya sərəncam vermək hüququmun olmasını əsas götürərək) mənzilə verilən elektrik enerjisini dayandırmalı idi. Bunu etməməklə, məhkəmə müqavilə üzrə maddi normanın tətbiqində yanlış qənaətə gəlmişdir. Bu isə apellyasiya məhkəməsi tərəfindən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. İş üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 10.2-ci bəndinə əsasən istehlakçı malların (işlərin, xidmətlərin) adi şəraitdə istifadə olunmasının, saxlanılmasının və daşınmasının, onun həyatı, sağlamlığı, eləcə də ətraf mühit üçün təhlükəsiz olmasının, həmçinin onun əmlakına ziyan vurulmamasının təmin olunması hüququna malikdir. Əgər istifadə edilməsi vətəndaşların həyatına sağlamlığına və əmlakına, habelə ətraf mühitə zərər vura bilən mala (işə, xidmətə) aid təhlükəsizlik tələblərini müəyyənləşdirən normativ sənəd yoxdursa, onda müvafiq icra hakimiyyəti orqanları belə normativ sənədlərin təxirə salınmadan hazırlanmasını və qəbul edilməsini təmin etməli, icraçı tərəfindən malın istehsalını və satışını, işin görülməsini və xidmət göstərilməsini dərhal dayandırmalıdır. 10.6-cı bəndinə əsasən istehlakçı malın (işin, xidmətin nəticələrinin) istifadəsi, daşınması və saxlanılması qaydalarına düzgün əməl etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və ya zərər vura bilərsə, istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan qaldırılanadək dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən çıxarılması və istehlakçıdan geri qaytarılması üçün tədbirlər görməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 9.13.1 -ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

21. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 22 dekabr 2022- ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı əldə etmiş və onun adına daşınmaz əmlakın dövlət reyestrində hüquqları rəsmiləşdirilmişdir. İddiaçı mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən müqavilə şərtlərinin pozularaq mənzilin ona bugünədək təhvil verilməməsini və mənzildə yaşayış olmasına görə mənzildə baş verə biləcək hadisənin qarşısının alınmasından ötrü mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən qeyd edilən halla bağlı imtina cavabı verilmiş, bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı ona məxsus olan mənzilə 1 il müddətinə elektrik enerjisinin verilməsinin dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

23. Göründüyü kimi yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması üçün müvafiq əsaslar olmalıdır. İddiaçı hazırki iş üzrə ona məxsus mənzildə başqa şəxslərin yaşamasını əsas göstərərək, sözügedən mənzilə 1 il müddətinə elektrik enerjisinin verilməsinin dayandırılmasını tələb etsə də, qeyd edilən əsas mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması üçün əsas ola bilməz. Belə ki, ilk növbədə mənzildə hazırda yaşayış mövcuddur və cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərə və cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahata əsasən mübahisəli mənzildə yaşayan şəxslərin cavabdeh təşkilata heç bir kommunal borcu yoxdur. Buna görə də qanunvericiliyin tələblərinə əsasən mənzildə yaşayan şəxslərə cavabdeh təşkilat tərəfindən elektrik enerjisinin verilməsi zəruridir.

24. Bundan başqa, hazırki iş üzrə iddiaçı tələbinin əsası kimi ona məxsus mənzildə başqa şəxslərin yaşamasını əsas göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının bu tələbinin ayrıca mübahisə predmeti olmaqla iddiaçının ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzildə yaşayan şəxslərin çıxarılmasına dair tələbinin əsası ola bilməsi qənaətinə gəlmişdir. Hazırki iş üzrə iddiaçıya məxsus mənzildə başqa şəxslərin yaşaması və məhz cavabdeh təşkilat tərəfindən istehlakçı hüquqlarına uyğun olaraq onların mənzildə elektrik enerjisi ilə təmin edilməsi mülkiyyətçi kimi iddiaçının mübahisəli mənzilə dair hər hansı mülkiyyət hüququnu pozmur.

25. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla, baxımdan birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1132/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar