Məhkəmə qərarları › İş №2(103)-3017/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3017/2022

26.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3017/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndələri Vəkil2, Vəkil1 və cavabdehin nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3550/2021 saylı işi üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh "Poleks” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Poleks” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış 164 saylı 24 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında tikilmiş çoxmənzilli hündürmərtəbəli binanın Tələt Şıxəliyev küçəsi tərəfindən 64.35 kv.m olan bu yerin texniki pasportunda göstərildiyi kimi, ən azı küçəyə 9 metr vitrin olmaqla 3 otaqlı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, kirayə pulu əvəzi 12000 manat kompensasiyanın və əldən çıxmış fayda olaraq 45000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3550/2021 saylı işi üzrə 28 oktyabr 2021-ci il qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Poleks” MMC-nin üzərinə İddiaçı 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqavilə üzrə Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında tikilmiş Tələt Şıxəliyev küçəsindəki çoxmənzilli hündürmərtəbəli binada 3 otaqlı 64.35 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyi həvalə edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.8, 385.1, 427, 428.2, 430.1, 430.2, 445.2, 445.2.1, 445.2.2, 448.1, Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 80, 81, 88, 106.1, 185.5, 217.4 -ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC iddiaçıya yeni tikilmiş sahəni təhvil verməyi, iddiaçı isə mülkiyyətində olan sahəni söküntü üçün cavabdehə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş sahəni qəbul etmək öhdəliyini götürmüşdür. Ancaq müqavilə üzrə tikinti şirkəti Cavabdeh MMC müqavilə öhdəliklərini tərəflərin razılaşdıqları müddət bitənədək yerinə yetirməyərək (müqavilənin 2.2.3cü bəndi) müqavilənin yuxarıda sadalanan bəndlərini pozaraq, iddiaçıya söküntüsü aparılmış qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikilmiş sahənin verilməsinə dair öhdəliklərini yerinə yetriməkdən yayınmışdır. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilərək, mübahisəli sahə söküntü üçün cavabdeh cəmiyyətə verilmişdir. İddiaçı 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam icra edərək, mübahisəli sahəni söküntü üçün cavabdeh cəmiyyətə təhvil verdiyindən, cavabdeh MMC həmçinin müqavilə üzrə öhədliklərini icra etməli və söküntüsü aparılmış 49.5 kv.m obyekt əvəzinə 64.35 kv.m ölçüdə sahəni (obyekti) iddiaçıya təhvil verməlidir. Tərəflər arasında bağlanmış 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqavilədə iddiaçının yeni binanın tikintisi başa çatanadək iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi hər ay 500 AZN kirayə haqqı almaq hüququ təsbit edilməmişdir. Bundan başqa iddiaçı əldən çıxmış fayda tələb edərkən məhkəmə hesab edir ki, hazırki mübahisədə əldən çıxmış faydanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh MMC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 45000 manat məbləğində əldən çıxmış faydanı tələb etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı №0137173 saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 49.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 4865 nömrəli vərəqində qeydiyyata alınmışdır; - 24 noyabr 2017-ci il tarixli 164 saylı müqaviləyə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən 49.5 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün CavabdehMMC-yə təhvil verməyi, Cavabdeh MMC isə ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi yaşayış kompleksinin Tələt Şıxəliyev küçəsindəki binasında 3 otaqlı 64.35 kv.m qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə verməyi öz öhdəsinə götürür; -Cavabdeh MTK-nın İddiaçı göndərmiş olduğu 01 sentyabr 2020-ci il tarixdə ünvanlanmış məktubunda qeyd olunur: “164 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK şirkəti öhdəlik üzrə İddiaçı 3 otaqlı 64.35 m2 qeyri yaşayış sahəsini verməyi üzərinə öhdəlik götürmüşdür. Lakin köçürmə ilə əlaqədar baş verən gecikmə səbəbi ilə üzərimizə götürdüyümüz öhdəliyi vaxtında yerinə yetirə bilməmişik. Baş vermiş gecikmə ilə əlaqədar sizdən üzr istəyir və kompensasiya olaraq sizə 64.35 deyil, 70 m2 qeyri yaşayış sahəsi veriləcəkdir”(iş.səh.8, 9,13). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3550/2021 saylı işi üzrə 28 oktyabr 2021-ci il qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 157.2, 425.2, Mülki Prosessual Məcəllənin 14, 77, 372, 384-cü maddələrinə istinadən qeyd edilmişdir ki, müqavilə bağlandığı anda 24 noyabr 2017-ci il tarixdən ərazi sökülmüş və yeni çoxmənzilli hündürmərtəbəli binanın bünövrəsi qoyulmuşdu. 24 noyabr 2017-ci il tarixli müqavilə əsasında mülkiyyətində olan qeyri-yaşayış sahəsini sökərək yerində hündürmərtəbəli yaşayış binası tikən Cavabdeh MMC 24 aya təhvil verməli olduğu qeyri-yaşayış sahəsini 48 aydan artıq müddət keçməsinə baxmayaraq, təhvil verməkdən qəsdən yayınır. Cavabdeh MTK-nın sədri Şahin Qasımov tərəfindən iddiaçıya ünvanlanmış 01 sentyabr 2020-ci il tarixli, 37 nömrəli məktubda etiraf etmişdir ki, gecikmə olmuşdur, gecikmə ilə əlaqədar 63.45 kv.m deyil, kompensasiya qismində 70 kv.m qeyri yaşayış sahəsi təhvil veriləcəyini dair öhdəlik götürmüşdür. Cavabdeh 24 aya təhvil verməli olduğu qeyri-yaşayış sahəsini 10 ay gecikdirməyə görə müqavilədə qeyd olunan səhadən əlavə olaraq 6.55 kv.m sahəni kompensasiya olaraq iddiaçıya verəcəyinə dair razılıq bildirmişdir. Qeyri-yaşayış sahəsinin iddiaçıya vaxtında təhvil verilməməsinin əsas səbəbi həmin sahənin başqa şəxslərə artıq qazanc əldə etmək məqsədi ilə icarəyə verilməsi olmuşdur. Bu baxımdan hər gecikdirilmiş günə görə cavabdehə ona vurduğu zərərin əvəzini ödəməlidir. Zərərin əvəzi əlavə qeyri-yaşayış sahəsinin verilməsi və ya pul formasında ola bilər. Bundan başqa, cavabdeh ərazidə layihəni icra edərkən, yəni müqavilə bağlandığı gündən başlayaraq vətəndaşlara aylıq 500 manat məbləğində kirayə pulu verir. Cavabdeh müqavilə bağlandığı tarixdən, yəni sahənin təhvil veriləcəyi 24 ay müddəti üçün ona da kirayə pulu verməli olduğu halda verməmişdir. Buna görə də həmin dövr üzrə (24x500 =12.000) 12.000 manat məbləğində kirayə pulu ödənilməlidir. Bundan başqa, cavabdeh qeyri-yaşayış sahəsini ən geci 24 noyabr 2019-cu il tarixində təhvil verməli idi. Cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməyərək, 30 aydır ki, qeyri-yaşayış sahəsini ona təhvil vermir. Bunun səbəbi qeyri-yaşayış sahəsinin də daxil olduğu sahəsini “Araz” supermarketinə icarəyə verməsi olmuşdur. Cavabdeh öhdəliklərini vaxtında icra etmiş olsaydı, iddiaçı ötən 30 ay ərzində həmin qeyri-yaşayış sahəsini aylıq 1500¬2000 manata icarəyə verərək gəlir əldə edəcəkdi. Cavabdeh öhdəliklərini icra etmədiyinə görə 30 ay ərzində iddiaçı 45.000-60.000 manat məbləğində qazancdan məhrum olmuşdur. Məhkəmənin iddiaçının tələbini sübut edə bilməməsi ilə bağlı mövqeyi ilə də razılaşmaq olmaz. Belə ki, mülki işdə olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 37 nömrəli məktubdan görünür ki, cavabdeh qeyriyaşayış sahəsinin təhvil verilməsini gecikdirilməsinə görə iddiaçıya 63.45 kv.m deyil, kompensasiya qismində 70 kv.m qeyri-yaşayış sahəsi (əlavə 6.55 kv.m) təhvil verməyi vəd vermişdir. Cavabdehin tikinti apardığı torpaq sahəsində əmlakları olan bütün şəxslərə kirayə haqqı verməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin iddiaçıya təhvil verilməli olan sahədə hazırda cavabdeh tərəfindən (“Araz” supermarket) başqa şəxslərə icarəyə vermişdir. Cavabdeh sahəni başqa şəxsə icarəyə verərək gəlir əldə etməsi, özlüyündə iddiaçının əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum etmişdir.Məhkəmə, cavabdehin iddiaçıya təhvil verməli olduğu sahənin, yəni ünvan 2 ünvanında tikilmiş çoxmənzilli hündürmərtəbəli binanın T.Şıxəliyev küçəsi tərəfindən 64.35 kv.m olan, küçəyə 9 metr (texniki pasportda göstərildiyi kimi) vitrini olan sahənin hazırda istifadədə olması ilə bağlı dəlillərə də münasibət bildirməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə proses iştirakçılarının izahatları: 5.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın söküntü işlərinə 2017-ci ilin may ayında başlanılmış, həmin ilin iyun ayında təmamilə söküldüyü, hal-hazırda mövcud olan yaşayış binasının 2017-ci ilin sentyabr ayında bünövrə işlərinin, oktyabr ayından isə tikinti işlərinin aparıldığının müəyyən edildiyi qeyd edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir.

6. İddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin yalnız vəd verdiyini, vədlərinə əməl edəcəklərinə şübhələrinin olduğunu, MTK tərəfindən 64.35 m2 əvəzinə 73 m2 sahədən ibarət obyekt veriləcəksə, konkret müəyyənləşdirilmiş müddətdən sonra təhvil vermənin baş tutmayacağı halda 1000 manat dəyərində hər ay üçün icarə haqqı verəcəkləri barədə öhdəlik götürmələrini təklif kimi irəli sürərək, cavabdehin müqavilə bağlandığı tarixdən, yəni sahənin təhvil veriləcəyi 24 ay müddəti üçün da kirayə pulu verməli olduğu halda vermədiyini, buna görə də həmin dövr üzrə 12000 manat məbləğində kirayə pulu vermələrini, bundan başqa, cavabdehin qeyri-yaşayış sahəsini ən geci ikil il ərzində təhvil verməli olduğunu, lakin müqavilə üzrə öhdəliklərinə əməl etmədiklərini, cavabdehin öhtəliklərini vaxtında icra etdiyi halda , iddiaçının ötən 30 ay ərzində həmin qeyri-yaşayış sahəsini aylıq 1500-2000 manata icarəyə verərək gəlir əldə edəcəyini, belə olan halda həm kirayə pulunu, həm də icarə haqqını tələb etdiklərini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi Vəkil1, haqqlarını tələb etdiklərini, qarşı tərəfin obyekti təhvil vermək fikrinin olmadığını, qarşı tərəfin yanvar ayında tikintiyə başlamasına razılığın verilib verilməməsinin belə məlum olmadığını, müqavilədə kirayə haqqının göstərilməməsinin qarşı tərəfin təhvil verməni qeyri-müəyyən vaxta həyata keçirilməli olduğu mənasına gəlmədiyini, əldən çıxmış fayda kimi həm kirayə pulunu, həm icarə haqqını tələb etdiklərini bildirmiş,vaxtında təhvil verilsə idi, iddaçının obyektdən istifadə nəticəsində daha çox qazanc əldə etmiş olacağını qeyd etmişdir.

8. Cavabdeh MMC-nin nümayəndəsi vəkil X3 gecikdirmə üçün əldən çıxmış faydanın əvəzi olaraq 73 m2 sahədən ibarət obyekti yanvar ayında tikintiyə başlayaraq iyun-iyul ayında təhvil verəcəklərini, bundan əlavə məhkəmənin verdiyi istənilən qərarı icra edəcəklərini qeyd etmiş, müqavilədə kirayə haqqının qeyd edilmədiyini, T.Şıxəliyev 6 ünvanı üçün icarə haqqının kvadrat metrinin12-18 manat olduğunu və buna dair sübutlar təqdim edərək, gecikməyə görə 23000 manat verə biləcəklərini bildirmişdir.

9. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi Vəkil2 tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ünvanında və yaxın ərazidə qeyri-yaşayış sahəsinin 1kv.m-nin aylıq icarə haqqının məbləği 24 manat; cavabdehin nümayəndəsi vəkil X3 tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən isə qeyri yaşayış sahəsinin 1kv.m üçün orta bazar icarə dəyəri 12 manat müəyyən edilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu, Xətai pr., T.Şıxəliyev və Qarabağ küçələrində inşa edilmiş yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən 1000 kv.m sahəyə malik qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 18112 manat müəyyən edilmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: təqdim olunmuş sübutlar əsasında, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən: Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

13. Münasibətlər yaranan zaman Mülki Məcəllənin 178.8-ci maddəsinə (əvvəlki redaksiyasına) əsasən: Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

14. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən: Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Mülki Məcəllənin Maddə 443.1-ci maddəsinə Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır; 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur; 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur; 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir; 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır; 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır

16. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

17. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər.

19. Mülki Məcəllənin 570.1-ci maddəsinə əsasən Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.

20. Mülki Məcəllənin 662.1-ci maddəsinə əsasən Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür; 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.

21. Mülki Məcəllənin 663.1-ci maddəsinə əsasən Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir.

22. Mülki Məcəllənin 664-cü maddəsinə əsasən Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir.

23. Mülki Məcəllənin 665-cü maddəsinə əsasən Əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir.

24. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 6, 16, 139-166, 324, 385-390, 560; Azərbaycan Respublikasında mülkiyyət haqqında Azərbaycan Respublikasının Qanununa,Varidata təminat verilməsi haqqında Azərbaycan Respublikasının Qanununa, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 2, 8-14, 76, 7, 80-82, 106.2, 217.4, 384-390-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəldiyindən, habelə mübahisə edilən hissədə mühüm əhəmiyyəti olan və qətnamədə göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilməli, müəyyən edilmiş hallar əsasında həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddia üzrə iddiaçının istinad etdiyi hallar qismən sübuta yetirilsə də, binanın (qeyri-yaşayış sahələrin) istismar mümkünlüyü və digər vətəndaşların yeni mənzil (əmlak) gözləntiləri bu hüquqların ictimai mənafelər naminə aradan qaldırmaq mümkünsüzlüyünü müəyyən edir. Verilməli olan sahə mütənasib olmaqla aradan qaldırılan mülkiyyəti ədalətli şəkildə kompensasiya etməli olan cavabdeh kompensasiyanın həcmi müəyyənləşdirilərkən şəxsin mülkiyyət hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda), çəkdiyi və çəkməli olduğu xərclər obyektiv şəkildə qiymətləndirilməli, ümumilikdə əmlakın təyinatı üzrə istifadəsi mümkünsüz olduğu təqdirdə bu növ zərərin mülkiyyətçiyə ödənilməli olan pul vəsaiti həcmində və ya naturada ədalətli kompesasiya hüququ təmin olunmalıdır. Şəxsin mülkiyyət hüquqlarının kompensasiya edilməsi, iddia hədlərinin müəyyən etdiyi çərçivələrdə və mümkünlüyü baxımından, qeyd edilən dəyərlər müstəvisində qiymətləndirilməlidir. Ona görə, iddia tələbi və apellyasiya baxışı üzrə səlahiyyətlər həddində tələbdən artıq ola bilən təqdimatların prosessual cəhətdən yalnız barışıq yolu ilə həll edilməsi imkanlarının müzakirəsini mümkün edir ki, tərəflər bu növ iradə ifadəsin nümayiş etdirsələr də yekun bir nəticəyə gəlməmişlər.

25. Qeyd edilənlərdən əlavə hamıya bəllidir ki, sökülən əmlakdan mülkiyyət hüquqlarının təyinatı üzrə həyata keçirilməsi mümkün deyil və öhdəliklərin yerinə yetirilməməsi səbəbindən dəyən zərərin (əldən çıxmış faydanın) mövcudluğu sübut edilməsinə zərurət olmayan haldır. Zərərin məbləğinin müəyyən edilməsin isə, tərəflərin təqdim etmədiyi təqdirdə, müvafiq ekspertizaların keçirilməsi vasitəsi ilə müəyyən edilməsi mümkündür.

26. Kollegiya hesab edir ki, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər, bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Hazırki mübahisəli münasibətlərin razılaşması üzrə tələb-təklif təfərrüatların rəsmi ifadəsi iddiaçıya münasibətdə müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, mülki hüquq münasibətlər zamanı: - qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; - qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi hüquqdan sui-istifadədir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

27. Qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi qismən təmin edilməli, cavabdeh "Poleks” MMC-dən əldən çıxmış fayda olaraq 45000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Digər mübahisə edilən hissələrdə tələblər biləvasitə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ekspert rəyləri və icarə müqaviləsi ilə həmin ərazidə icarə qiymətlərinin hər kvadrat metri üçün 12-24 manat məbləğində olması barədə tərəflərin təqdim etdikləri sübutlar, cavabdehin öhdəliklərinin yerinə yetirməməsi səbəbindən mülkiyyətçinin hüquqlarının pozulmasının davam etməsi (cavabdehin nümayəndəsinin qeyd etdiyi kimi qeyri-yaşayış sahəsinin 2023-cü ilin iyun-iyul ayında təhvil verilməsinin ehtimal edilməsi) müstəvisində və hazırki dövrədək hər hansı kompensasiyanın (kirayə və ya icarə haqqının) ödənilmədiyi vəziyyətdə, maksimal dərəcədə təmin olunmalıdır. Kollegiya hesab edir ki, kirayə (icarə) haqqının ödənilməsi müqavilədə nəzərdə tutulmasa da, adi mülki dövriyyədə bu növ münasibətlər istisna edilmir, lakin əldən çıxmış fayda üzrə zərərin ödənilməsi və bu hissədə olan iddiaçının tələbinin maksimal həcmdə təmin edilməsi bötövlükdə iddiaçının kirayə (icarə) haqqı üzrə də tələbini əhatə edir.

28. Diqqətə çatdırılmalıdır ki, “yerin texniki pasportunda göstərildiyi kimi, ən azı küçəyə 9 metr vitrin olmaqla” hissədə tələb müqavilədə nəzərdə tutulmamışdır, lakin sahənin təhvil verildiyi zaman tərəfləri bu xüsusatlar üzrə razılığa gələ bilərlər. Ümumiyyətlə, mülki hüquqi pozuntuların aradan qaldırılması yönəmində tərəflər birgə hərəkət etməli, dövlətin, cəmiyyətin (digər şəxslərin) və tərəflərin özlərinin mülki hüquqlarının cəmində danışıqlar apararaq, mülki dövriyyənin və subyektiv hüquqların mütənasibliyi baxımından onların tarazlığının təmin edilməsi müzakirə edilməlidir. Müzakirələrin rəsmi təkliflər səviyyəsində baş tutmadığı və ya müsbət nəticə vermədiyi təqdirdə tərəflər mübahisələrin məhkəmə müstəvisində müzakirə etmək hüquqlarına malikdirlər.

29. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı iş üzrə məhkəmələrə müraciətlə əlaqədar ödənilmiş dövlət rüsumları üzrə xərclər tərəflərin özlərinə, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir.

30. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 398 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3550/2021 saylı işi üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən –iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilməklə, yeni qətnamə qəbul edilsin. Cavabdeh "Poleks” MMC-dən əldən çıxmış fayda olaraq 45000 (qırx beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Mübahisə edilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli )manat məbləğində pul vəsaiti cavabdeh "Poleks” MMC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar