Məhkəmə qərarları › İş №2(103)-3018/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3018/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3018/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-48/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı X5 Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 5537,74 EUR (avro) məbləğində əsas borc və 4689,99 EUR (avro) məbləğində faiz borcu olmaqla, cəmi 10227,73 EUR (avro) məbləğində pul vəsatinin, həmçinin 145 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi”nə əsasən sonuncuya debet (MasterCard) kart verilib. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış **********639152002 saylı kart hesabına xx.xx.2020-ci il tarixində yaranan texniki xəta səbəbindən həmin hesaba mədaxil edilən 5540 EUR (avro) vəsait kart balansında iki dəfə əks olunub. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq artıq vəsaitin geri qaytarılması istiqamətində işlər görülüb, lakin qeyd olunan artıq göstərilən vəsait cavabdeh tərəfindən nağdlaşdırıldığından (artıq köçürülən vəsait də, istifadə olunduğundan) həmin vəsaitin geri qaytarılması mümkün olmayıb. Həmin vəsaitin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda banka 5537,74 EUR (avro) məbləğində əsas, 4689,99 EUR (avro) məbləğində faiz olmaqla, cəmi 10227,73 EUR (avro) məbləğində borcu yaranıb. İddiaçı ASC-də xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən “Kompleks bank xidmətləri üzrə əməliyyatlara (kart hesablarına) nəzarət prosesinin” auditi keçirilib, keçirilmiş audit zamanı yuxarıda qeyd edilən fakt, yəni banka məxsus 5537,74 EUR (avro) məbləğində pul vəsaitinin əvəzsiz olaraq mənimsənilməsi aşkar edilib və bu barədə xx.xx.2022-ci il tarixli Audit müşahidə sənədi tərtib edilib. xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi”nin 5.15.4-cü bəndinə əsasən yaranmış “Texniki overdrafta”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə geri tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.4.5-ci maddəsinə əsasən müştəri yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarır. Bildirirlər ki, xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi” və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır.

3. Nizami Rayon Məhkəməsinin 2(007)-48/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Qumru Əliyeva) ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qeyd edilmişdir ki, rayon məhkəməsi tərəflərin hansı hüquq münasibətlərində olmalarını düzgün müəyyən etməmişdir. Belə ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibəti mövcud olduğuna görə bu münasibətdən irəli gələn hazırkı mübahisəyə 3 illik iddia müddəti tətbiq olunmalıdır. İddia bu müddət çərçivəsində - xx.xx.2022 ci ildə məhkəməyə verildiyi üçün iddia müddəti ötürülmüş hesab oluna bilməz. Rayon Məhkəməsi Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərini pozmuşdur. Hətta tərəflər arasındakı münasibət əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri olsa da (şərti olaraq belə hesab edilsə), Rayon Məhkəməsi Mülki Məcəllənin 1095-ci maddəsini də düzgün tətbiq etməyib. Həmin maddədə əsassız varlanma obyektinin qaytarılması üçün müəyyən edilmiş 2 illik müddət əsassız varlanma obyektinin qaytarılması hüququnun məhrum olana məlum olunduğu vaxtdan hesablanır. İşdən görünür ki, mübahisəyə səbəb olan əməliyyat nəticəsində banka məxsus pulun cavabdeh tərəfindən nağdlaşdırılaraq özününkiləşdirilməsi barədə məlumat iddiaçıya audit yoxlaması nəticəsində xx.xx.2022-ci ildə məlum olub. Hazırkı iddia isə həmin tarixdən 8 ay sonra məhkəməyə verilib. Yəni qanunla müəyyən edilmiş 2 illik müddət də ötürülməmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında İddiaçı X2 nümayəndəsi A.Quliyev apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, tərəflər arasında hazırda müqavilə münasibətləri mövcuddur, rayon məhkəməsi əsassız varlanmaya dair normalara istinad edərkən səhvə yol vermişdir. Bundan başqa, nümayəndə bildirdi ki, səhv köçürmənin baş verdiyi vaxt, 2020-ci ildə cavabdehlə bununla bağlı əlaqə yaratmağa çalışıblar, lakin cavabdeh xarici ölkədə olduğundan əlaqə çox vaxt baş tutmamışdır, sonrdan audit yoxlaması zamanı da bu fakt bir daha təsdiq olunmuşdu, bundan sonra onlar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər, müddəti ötürməmişlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdehin hesabında iki dəfə eyni məbləğin əks olunması halının “Texniki Overdraft” və texniki xəta olmasını iddiaçı tərəf sübut etməli olsa da, bunu sübut edə bilməmiş, eyni zaman da iddia olunan səhv küçürmə banka elə həmin vaxt məlum olsa da, iddia tələbi ilə məhkəməyə qanunla müəyyən olunmuş müddət ötürülməklə müraciət olunmuşdur, həmçinin, bank həmin pulun onlara məxsus olduğunu da sübut edə bilməmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

7. İddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi”nin surətindən görünür ki, bu müqavilə çərçivəsində bank müştəriyə onun ərizəsi əsasına müqavilədə göstərilən şərtlərlə bank əməliyyatlarının aparılması üçün bank hesabı açır. “Texniki Overdraft” ödəniş və/və ya əməliyyatlar üzrə məbləğdən hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur (2.25). Hesabdakı vəsaitdən artıq vəsaitinin istifadə edilməsi (limitin aşılması) “Texniki Overdraft” hesab olunur (bu bənd Debet kartlarına aiddir, kredit kartındakı vəsaitinin istifadə qaydaları müştəri ilə bank arasında bağlanmış müvafiq müqavilə ilə tənzimlənir) (3.1.4). Yaranmış “Texniki Overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarılır (3.4.5).

8. xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh hesabına 5540 EUR (avro) pul mədaxil edilmişdir.

9. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixdə tərtib edilmiş X4 surətindən görünür ki, Bankda plastik kart hesablan üzrə yaranmış overdraft məbləğlərinin auditi zamanı 10000 AZN məbləğindən yuxarı məbləğdə overdraftlar üzrə audit aparılmışdır. Nəticədə Azadlıq filialında xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsinə əsasən açılmış **********639152002 saylı (debet (MasterCard)) kart hesabı üzrə (kart və hesab sahibi- Cavabdeh) xx.xx.2020-ci il tarixində həmin kart hesabına mədaxil edilən 5540 EUR (avro) vəsaitin, yaranan texniki xəta- yeni Bank proqram təminatına keçid- səbəbindən kart balansında iki dəfə əks olunması və Banka məxsus həmin 5540 EUR (avro) pul vəsaitinin qeyd olunan hesabdan əvəzsiz olaraq istifadə olunması müəyyən edilmişdir. Audit dövrü: xx.xx.2022-xx.xx.2022.

10. İddiaçı ASC-nin Cavabdeh məxsus **********639152002 saylı (debet (MasterCard)) kart hesabından xx.xx.2019 xx.xx.2022-ci il tarixləri üzrə çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə hesaba 3000 EUR, 5540 EUR və 5540 EUR mədaxil olmuşdur.

11. xx.xx.2022-ci il tarixli X3 görünür ki, bank xx.xx.2020-ci il tarixində kart hesabına mədaxil edilən 5540 EUR (avro) vəsaitin, yaranan texniki xəta, yeni Bank proqram təminatına keçid səbəbindən kart balansında iki dəfə əks olunması və Banka məxsus həmin 5540 EUR (avro) pul vəsaitinin qeyd olunan hesabdan əvəzsiz olaraq istifadə olunması müəyyən edilmişdir.

12. Cavabdeh İddiaçı ASC-yə olan overdraft borcunun faizlərinin və penyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, overdraft nəticəsində yaranan borc 5537,74 EUR, iddia qaldırılan günə faiz borcunun məbləği 4689,99 EUR, borc üzrə iddia tələbinin cəmi məbləği 10227,73 EUR-dur.

13. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh Banka borcun 3 Bank iş günü ərzində ödənilməsi tələb olunmuşdur, əks təqdirdə İddiaçı ASC tərəfindən həmin vəsaitinin qaytarılması ilə bağlı məhkəməyə müqaciət olunacağı barədə xəbərdar olunmuşdur.

14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 08-01/108 saylı məlumatından görünür ki, xx.xx.2020-ci il tarixində günün əvvəlinə **********639152002 (5474***535881) kart hesabındakı qalıq 1025,14 EUR (avro) təşkil etmişdir. Həmin gün hesaba cədvəldə əksini tapan 3 mədaxil əməliyyatı (3000 Avro (saat 10:03), 5540 Avro (saat 10:59) və 5540 Avro (saat 11:33)) bank tərəfindən həyata keçirilmiş və onlardan ikisi ödəniş faylından yüklənmiş, üçüncüsü isə UFX sorğusu vasitəsilə həyata keçirilmişdir.

15. Rayon Məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8341 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatlar əsasında müəyyən olunur ki, İddiaçı ASC-nin proqram təminatının texniki xətası nəticəsində Cavabdeh **********639152002 saylı hesabına xx.xx.2020-ci il tarixdə iki dəfə 5540 EUR (avro) məbləğində pul vəsaitləri mədaxil olmuş və istifadə edilmişdir, bu əməliyyat “texniki overdraft” hesab olunmadığından faiz borcu hesablanmır və Cavabdeh İddiaçı ASC qarşısında yaranmış borcu 5540 EUR (avro) təşkil edir.

16. Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarışda və İddiaçı ASC-dən təsdiq olunmuş formada təqdim olunan bank hesablarından çıxarışlara əsasən xx.xx.2020-ci il tarixdə cavabdehin hesabına 2 halda eyni məbləğdə 5540 evro mədaxillər olmuşdur. İddiaçı ASC-nin Bank kartları departamentinin verdiyi arayışa əsasən Bankın plastik müştərisi Cavabdeh (CİF-7639752; **********639152002 (GNİ 77 7639752-7; saylı kart hesabına xx.xx.2020 tarixdə saat 10:59:08 Ağa Neymətulla şöbəsində (indiki Nərimanov filialı) kassadan cəmi 1 dəfə 5540 evro mədaxil edilib və 10:59:08 saatda cavabdehin kart balansında vəsait aktiv olub. Bununla belə yaranan texniki xəta səbəbindən 5540 evro məbləğində vəsait təkrarən xx.xx.2020 tarixdə saat 11:33:40-da təkrarən Azericard prosessinq mərkəzinə göndərilmişdir və cavabdehin kartın hesabında öz əksini tapmışdır (bu texnki prosesdir, filialın kassasına vəsait bir dəfə mədaxil olunub). Nəticədə müştəri öz vəsaitindən əlavə onun kartına artıq mədaxil edilən 5540 evro məbləğini elə həmin tarixdə də istifadə etmişdir. xx.xx.2020 tarixdə yuxarıda qeyd olunan səhv mədaxil məbləği aşkarlanmış və artıq köçürülən vəsait müştərinin kart hesabından silinərək geri qaytarılmış və nəticədə müştərinin kart hesabında overdraft borcu yaranmışdır (arayış rəyə əlavə olunur). İddiaçı ASC Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 639152 saylı kompleks bank xidməti müqaviləsinin 3.4.5-ci bəndinin tələblərini (hesabda yaranan texniki overdrafta görə pul vəsaitlərinə bankın tələbləri olarsa hesablanmış faizləri ilə birlikdə illik 42% olmaqla müştəri geri qaytarmalıdır) əsas götürərək xx.xx.2020 tarixdən etibarən yaranmış texniki borca görə faiz hesablamağa başlamışdır. İddiaçı ASC-dən təsdiq olunmuş formada təqdim olunan bank hesablarından çıxarışlara əsasən xx.xx.2023-ci il tarixə Cavabdeh 5537,74 evro əsas borcu, 7390,28 evro məbləğində faiz borcu mövcuddur.

17. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ASCnin müştərisi Cavabdeh (CİF- 1639152) **********639152002 (GNİ 11-1639152-1) saylı kart hesabına xx.xx.2020 tarixdə, saat 10:59:08 Ağa Neymətulla şöbəsində (indiki Nərimanov filialı) kassadan 5540 EUR mədaxil edilib və 10:59:08 saatda kart balansında vəsait aktiv olub. Yaranan texniki xəta səbəbindən 5540 EUR məbləğində vəsait xx.xx.2020 tarixdə saat 1 l:33:40-da təkrarən Azericard prosessinq mərkəzinə göndərilmişdir və kartın balansında öz əksini tapmışdır (bu texnki prosesdir, filialın kassasından vəsait bir dəfə mədaxil olunub). Nəticədə müştəri öz vəsaitindən əlavə, onun kartına artıq mədaxil edilən 5540 EUR məbləğini helə həmin tarixdə istifadə etmişdir. xx.xx.2020 tarixdə yuxarıda qeyd olunan səhv mədaxil məbləği aşkarlanmış və artıq köçürülən vəsait müştəri hesabından silinərək geri qaytarılmışdır. Nəticədə müştərinin kart hesabında overdraft borcu yaranmışdır. xx.xx.2020 tarixdən etibarən yaranmış borca faiz hesablanmağa başlanmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

19. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

20. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

24. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

35. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, iş materiallarından görünür ki, İddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi”nə əsasən bu müqavilə çərçivəsində bank müştəriyə onun ərizəsi əsasına müqavilədə göstərilən şərtlərlə bank əməliyyatlarının aparılması üçün bank hesabı açıb. Həmin müqavilə əsasənda yaradılmış və Cavabdeh məxsus olan **********639152002 saylı kart hesabına xx.xx.2020-ci il tarixində yaranan texniki xəta səbəbindən mədaxil edilən 5540 EUR (avro) vəsait kart balansında iki dəfə əks olunub. Qeyd olunan artıq göstərilən vəsait cavabdeh tərəfindən nağdlaşdırıldığından həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır.

40. Hazırda iddiaçı cavabdehin banka məxsus olan vəsait hesabına əsassız olaraq varlandığını iddia edərək, Cavabdeh əsassız varlanmaya görə 5537,74 EUR (avro) məblığində əsas borc və 4689,99 EUR (avro) məbləğində faiz borcu olmaqla, cəmi 10227,73 EUR (avro) məbləğində pul vəsatinin, həmçinin 145 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsini məhkəmədən xahiş etmişdir.

41. Rayon məhkəməsi baxışı zamanı məhkəmə araşdırması zamanı, məhkəmə iclasında dindirilmiş mütəxəssis və ekspertin izahatları, iş materiallarında olan rəylərlə xx.xx.2020-ci il tarixdə cavabdehə məxsus kart hesabında 5540 EUR (avro) məbləğinin iki dəfə əks olunması, xx.xx.2020-ci il saat 11:33-də cavabdehin hesabına baş vermiş texniki xəta nəticəsində ikinci dəfə 5540 EUR (avro) məbləğinin mədaxil edilməsi müəyyən edilmişdir. Belə ki, cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti məxaric edərək və məxaric etdiyi pulu geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanmışdır.

42. Bununla belə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

43. Belə ki, xx.xx.2022-ci il tarixli X3 görünür ki, bank xx.xx.2020-ci il tarixində kart hesabına mədaxil edilən 5540 EUR (avro) vəsaitin, yaranan texniki xəta, yeni Bank proqram təminatına keçid səbəbindən kart balansında iki dəfə əks olunması və Banka məxsus həmin 5540 EUR (avro) pul vəsaitinin qeyd olunan hesabdan əvəzsiz olaraq istifadə olunması müəyyən edilmişdir.

44. Bundan sonra isə rayon məhkəməsi tərəfindən cavabdehin əsas və faiz borcunun müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

45. Azərbaycan Respublikasının Mərkəzi Bankınının mütəxəssisi tərəfindən araşdırma aparılarkən isə müəyyən edilmişdir ki, bank texniki xəta haqqında məhz xx.xx.2020-ci il tarixdən məlumatlı olmuş, xx.xx.2020-ci il tarixdən isə yaranmış borca görə faiz hesablamağa başlamışdır. Bununla bağlı Bankın özü tərəfindən xx.xx.2023-cü il tarixli arayış da təqdim edilmişdir. Belə ki, bankın 5540 EUR (avro) məbləğini ona bu hal məlum olduğu vaxtdan ən geci iki il ərzində qaytarmaq hüququ var idi.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən və cavadeh tərəfindən bu barədə ərizə təqdim edildiyindən rayon məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

47. Apellyasiya şikayətində isə iddiaçı iki dəlil irəli sürmüşdür: 1) tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibəti mövcud olduğuna görə bu münasibətdən irəli gələn hazırkı mübahisəyə 3 illik iddia müddəti tətbiq olunmalıdır. İddia bu müddət çərçisəsində - xx.xx.2022 ci ildə məhkəməyə verildiyi üçün iddia müddəti ötürülmüş hesab oluna bilməz; 2) işdən görünür ki, mübahisəyə səbəb olan əməliyyat nəticəsində banka məxsus pulun cavabdeh tərəfindən nağdlaşdırılaraq özününkiləşdirilməsi barədə məlumat iddiaçıya audit yoxlaması nəticəsində xx.xx.2022-ci ildə məlum olub. Hazırkı iddia isə həmin tarixdən 8 ay sonra məhkəməyə verilib. Yəni qanunla müəyyən edilmiş 2 illik müddət də ötürülməmişdir.

48. Məhkəmə kollegiyası birinci dəlilə münasibətdə qeyd edir ki, iş materiallarından tərəflərin hazırda da müqavilə münasibətlərində olması müəyyən edilsə belə, iddiaçının cavabdehdən hazırda geri tələb etdiyi məbləğ müqaviləyə əsasən deyil, məhz texniki səhv nəticəsində cavabdehin hesabına köçürülmüş məbləğ olmaqla, haqlı olaraq əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması təşkil edir ki, işin faktiki halları ilə xx.xx.2020-ci il tarixdə cavabdehə məxsus kart hesabında 5540 EUR (avro) məbləğinin iki dəfə əks olunması, xx.xx.2020-ci il saat 11:33-də cavabdehin hesabına baş vermiş texniki xəta nəticəsində ikinci dəfə 5540 EUR (avro) məbləğinin mədaxil edilməsi müəyyən edilmişdir. Eyni zamanda da müəyyən olunmuşdur ki, (bu faktı apellyasiya icraatı zamanı izahatında iddiaçının nümayəndəsi bir daha təsdiq təsdiq etmişdir) ki, iddiaçıya həmin hal xx.xx.2020-ci ildə məlum olmuşdur.

49. Demək ki, cavabdehin hesabına mədaxil edilmiş məbləğə münasibətdə tərəflər arasında hər hansı bir hüquqi əsas olmamışdır. Əsassız varlanan isə o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

50. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq hazırki mübahisəyə Mülki Məcəllənin “əsassız varlanma” ilə bağlı müddəalarını tətbiq etmişdir.

51. İkinci dəlilə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf audit yoxlaması zamanı - banka məxsus pulun cavabdeh tərəfindən nağdlaşdırılaraq özününkiləşdirilməsindən məlumatlı olunması bildirilsə də, işin mübahisəsiz olan faktiki hallarından göründüyü kimi, bank texniki xəta haqqında məhz xx.xx.2020-ci il tarixdən məlumatlı olmuş və xx.xx.2020-ci il tarixdən isə yaranmış borca görə faiz hesablamağa başlamışdır.

52. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın maliyyə sahəsində dövriyəsinin həcmindən asılı olmayaraq, yanlışlıqla edilmiş əməliyyatdan yalnız audit yoxlaması zamanı məlumatlı olması ağlabatan hesab edilmir, ən azından bank - hər hansı bir şəxsin kredit hesabında gecikmə olması və ya edilmiş ödənişin əsas, yoxsa faiz borcuna silinməsini anında müəyyən etməklə, həmin əməliyyatlar hesabdan çıxarışlarda öz əksini tapır.

53. Belə olan halda müəyyən edilir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin oluna bilməz. Nəticə:

54. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı X2 özünə aid edilməlidir

56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-48/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı X2 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar