Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3023/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, maddi hüquq normasının pozulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və cavabdeh Gülalıyeva (Kərimova) Fədayə Rayif qızının iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-618/2024 saylı, 09 fevral 2024cü il tarixli qətnaməsindən cavabdeh Gülalıyeva (Kərimova) Fədayə Rayif qızının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı və Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-853/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X7 anaları Cavabdeh yanında qalması, yetkinlik yaşına çatanadək hər ay, hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir.
2. X9, X4, X8, X7, X2 ünvan 1 ünvanında qeydiyyatdadır.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-9830/2023-**********830 nömrəli sorğuya cavab məktubunda İddiaçı adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmədiyi qeyd olunmuşdur.
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, İddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Y/Yaşayış kompleksində, imtiyazı gözdən əlil kimi, 5 nəfərdən ibarət ailə tərkibi ilə, 13 nömrəli binanın, 3 otaqlı 45 nömrəli mənzili ilə təmin edilmişdir. Mənzil xx.xx.2021-ci il tarixli mənzilin imtiyazlı şəxsə təhvil verilməsi barədə aktla İddiaçı təhvil verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, onunla birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X3 İ qrup gözdən əlil olmağı ilə əlaqədar olaraq dövlət tərəfindən ona verilmiş hazırda birgə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, 13 saylı evin 45 saylı mənzilinə münasibətdə istifadə hüquqlarına xitam verilməsi və cavabdehin himayəsinə verilmiş uşaqları və şəxsi əmlakları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiada göstərilir ki, cavabdeh onunla eyni ünvanda yaşayır və nəticə etibarı ilə cavabdeh ona normal həyat tərzində yaşamağa imkan vermir. Belə ki, o, İ qrup gözdən əlildir və onun sağlamlığı ilə əlaqədar xüsusi qulluğa ehtiyacı vardır. Həmçinin, hazırda cavabdeh ilə birgə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, 13 saylı evin 45 saylı mənzili İ qrup gözdən əlil olmağı ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ona təqdim edilmişdir. Cavabdeh ilə nikah münasibətləri pozulduqdan sonra o, cavabdehdən ona verilmiş mənzili boşaltmalarını və həmin mənzildən çıxıb getmələrini tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-618/2024 saylı, 09 fevral 2024-cü il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia tələbinin təmin edilməsi, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızının Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, 13 saylı evin 45 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızının himayəsinə verilmiş övladları xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, 13 saylı evin 45 saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçının istifadəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən cavabdeh ilə birgə nikahda olduğu dövrdə gözdən əlil olması səbəbindən 3 otaqlı mənzil verilmişdir. İddiaçıya mənzil verilən zaman cavabdeh ilə birgə nikahda olduğundan cavabdehində həmin mənzilə istifadə hüququ yaranmışdır. Nə qədər ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur və hazırda cavabdeh iddiaçının köhnə ailə üzvü sayıldığından, cavabdehin iddiaçının qanuni istifadəsinə verilmiş mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Cavabdeh məhkəmə iclasında iştirak edərkən onun hazırda başqa yerdə yaşaya bilməsinə dair imkanının olmadığını bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, nə qədər ki, cavabdehin iddiaçının istifadəsində olan mənzilinə istifadə hüququna xitam verilmişdir, o, iddiaçının istifadəsində olan mənzildən əşyaları və himayəsində saxlanılmış övladları ilə birlikdə çıxarılmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Gülalıyeva (Kərimova) Fədayə Rayif qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmamasını xahiş edib şikayətini bununla əsaslandırır ki, İddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış kompleksində üçotaqlı mənzil verilən zaman onun ailə üzvləri olan - Cavabdeh, X7, X2 və X8 nəzərə alınaraq, 3 otaqlı mənzil verilmişdir. Bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyyətinin sədri tərəfindən verilən sənədə nəzər saldıqda da görmək olur. Bu kimi evlər özəlləşdirilən zaman həmin sənəddə adları qeyd edilən - İddiaçı keçmiş arvadı və uşaqları - Cavabdeh, X7, X2 və X8 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, ev 13, mənzil 45-in paylı mülkiyyətçiləri kimi qeydə alınacaqlar. Həmçinin məhkəmə nəzərə almamışdır ki, Mənzil Məcəlləsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malik olur. Mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, ev 13, mənzil 45 İddiaçı verilsə də, lakin həmin mənzil verilən zaman onun ailə üzvlərinin sayı nəzərə alınmış, onların adı müvafiq sənəddə qeyd edilmiş və mənzil İddiaçı ailə üzvləri ilə birlikdə yaşaması üçün verilmişdir. Bu səbəbdən də Məhkəmənin cavabdehi övladları ilə birgə həmin mənzildən çıxarması mülkiyyət hüququnun pozulmasına səbəb olur. Məhkəmənin qətnaməni əsaslandırmaq üçün istinad etdiyi qanun normasından da göründüyü kimi bu normada söhbət yaşayış sahəsinin mülkiyyətçisindən gedir. Lakin hazırki mübahisədə İddiaçı sözügedən mənzilin mülkiyyətçi yox, sosial kirayəçisi qismində çıxış edir. Göründüyü kimi, İddiaçı ailə üzvləri ilə birlikdə mənzil ehtiyaclarının təmin edilməsi məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, ev 13, mənzil 45 verilmişdir. Cavabdeh və uşaqları qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdiklərinə görə İddiaçı və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdirlər. Lakin Sabunçu Rayon Məhkəməsi bu halı nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında cavabdeh Gülalıyeva (Kərimova) Fədayə Rayif qızı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır.
13. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarında qeyd edilir ki: 4.8. Birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
22. Əvvəla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilən sənədlərlə(bax.i.v.57-59) təsdiq olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamının icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixində iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Y/Yaşayış kompleksində, imtiyazı gözdən əlil kimi, 5 nəfərdən ibarət ailə tərkibi nəzərə alınmaqla, 13 nömrəli binanın, 3 otaqlı 45 nömrəli mənzili ilə təmin edilmişdir. Başqa sözlə, iddiaçıya ona görə üç otaqlı mənzil verilmişdir ki, onun özündən başqa bir arvadı və üç yetkinlik yaşına çatmayan qız övladı da nəzərə alınmışdır. Əks təqdirdə, yəni iddiaçının ailə tərkibi beş nəfərdən ibarət olmasaydı, ona ən yaxşı halda bir otaqlı mənzil verilə bilərdi. Bütün bu hallar iddiaçıya məlum olduğu halda, hazırki iddianı irəli sürməkdə haqlı olmamışdır.
23. Birinci instansiya məhkəməsi bir tərəfdən qəbul edir ki, iddiaçıya mənzil verilərkən cavabdehlə nikahda olduğundan mübahisə predmeti olan mənzildən istifadə hüququ yaranmışdır. Digər tərəfdən isə qeyd edir ki, nəqədərki, nikahları pozulmuş cavabdeh iddiaçının “köhnə” ailə üzvü sayıldığından, cavabdehin iddiaçının qanuni istifadəsinə verilmiş mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Bu qənaətə gələrkən tərəflər arasında mübahisəli mənzillə bağlı yaranmış münasibətə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etmiş və bununla da maddi hüququn tətbiq edilməsində səhv buraxmışdır. Çünki Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin hazırki mübahisəyə tətbiq edilməsi üçün ən azından iddiaçının sözügedən mənzilə mülkiyyət hüququ qeydə alınmış olmalı idi. Ancaq iddiaçının o mənzilə hələlik mülkiyyət hüququnun yaranmaması işin mübahisəsiz halıdır. 24.“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarınnın 4.8-ci bəndində qeyd edildiyi kimi,... ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da ümumi birgə mülkiyyət hesab edilə bilər... Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. Göründüyü kimi, hazırki iddianın və icraatın predmeti olmasa da qeyd olunan Plenum qərarında sözügedən mənzilin ailə üzvlərinin sayı nəzərə alınmaqla verildiyi halda ümumi birgə mülkiyyət hesab edilə bilməsinin və ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasından asılı olaraq ümumi mülkiyyət hesab edilsə də tərəflərin həmin mənzil üzərində payların bərabər müəyyən olunmaya bilməsinin mümkünlüyü təsbit olunmuşdur. Qeyd olunduğu kimi mübahisəli üç otaqlı mənzilin iddiaçıya verilməsinin əsası onun beş nəfərdən ibarət ailə tərkibinin olması olduğu işin mübahisəsiz halıdır. Bu mənada göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılırdı. 25.Cavabdehin başqa yerdə yaşaya bilməsinə dair imkanının olmadığını təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək kimi bir vəzifəsi də ola bilməz. Çünki neqativ sübut olunmadığından həmin hala istinad edən şəxsin üzərinə onu sübut etmək yükü də qoyula bilməz. Başqa sözlə cavabdehin və övladlarının başqa yaşayış yerinin olmasını sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı isə ümumiyyətlə bu halı mübahisələndirmir və cavabdehin başqa yaşayış yeri olduğunu bəyan etmir. Ancaq birinci instansiya məhkəməsi nəinki iddiaçının sübutetmə yükü ilə əlaqədar vəzifəsini üzərinə götürməyə cəhd edib, üstəlik mülki prosessual qanunvericiliyin imperativ tələblərini və prinsiplərini də pozaraq cavabdehi başqa yerdə yaşaya bilməsinə dair imkanının olmadığını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməməkdə qınayır.
26. Göstərilənlərlə yanaşı, cavabdeh iddiaçının keçmiş ailə üzvü olsa da onun və uşaqlarının Mənzil Məcəlləsinin 68.4-cü maddəsinin tələbinə əsasən qeyd olunan mənzildə yaşayışlarını davam etdirdikləri üçün mənzildə iddiaçı ilə bərabər hüquqlara malikdir. İddiaçının apellyasiya baxışı zamanı bəyan etdikləri də iddianın təmin olunması üçün əsas sayıla bilməz.
27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-618/2024 saylı, 09 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Gülalıyeva (Kərimova) Fədayə Rayif qızına qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh Gülalıyeva (Kərimova) Fədayə Rayif qızının apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 618/2024 saylı, 09 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Gülalıyeva (Kərimova) Fədayə Rayif qızına qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.