Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3024/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X3 və X2 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 02.12.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciyyət edərək, 650.000 manat maddi ziyanın və 300.000 manat məbləğində mənəvi zərərin ona verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: 2007-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışmış, işlədiyi illər ərzində dəfələrlə Akademiya rəhbərliyi tərəfindən haqsızlıqlara məruz qalmışdır. Belə ki, Azərbaycan Dövlət Rəssamlıq Akademıyasında bir neçə dəfə aylıq əmək haqqı məbləğləri artırılsa da Akademiya mühasibatlığı tərəfindən artımla bağlı hər-hansı addım artılmamış və artım işçilərdən gizlədilmişdir. Rəhbərliyə ünvanlanmış müraciətə baxılmamışdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası keçmiş qəbristanlığın üzərində inşa edildiyindən, psixoloji basqılara məruz qalmış və bir sıra xəstəliklərə səbəb olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbəriyinə bir neçə dəfə yarım ştat müəllimlikdən tam ştat müəllimliyə keçirilməsi ilə bağlı və ailə vəziyyətinin ağır olduğu barədə ərizə formasında müraciət etsə də, ərizələri baxılmamış qalmışdır. İşlədiyi 6 il 7 ay ərzində bir neçə dəfə fəxri fərmanla təltif olunmuş və nümunəvi müəllim olmuşdur. Əmək haqqlarının artırılmaması ilə bağlı bir neçə dəfə sosial şəbəkələrdə və qəzetdə Azərbaycan Dövlət Rəssamlıq Akademıyasında baş verən özbaşınalıqlar haqqında yazılar dərc olunmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında işlədiyi zaman xəstələnmiş və iki dəfə əməliyyat olmasına baxmayaraq akademiya rəhbərliyi tərəfindən hər-hansı maddi yardım ala bilməmişdir. 2015-ci ildə ona məxsus emalatxanadan 3 ədəd ümumi dəyəri 2400 manat olan rəsm əsərləri oğurlanmış, akademiyanın nüfuzuna zərər gəlməməsi məqsədi ilə polisə müraciət etməmişdir. Akademiya tələbələrinin illik 5000- 6000 manat pul ödəməklərinə baxmayaraq müəllimin maaşı 196 manat təşkil edir. 2018-ci ilin may ayında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən yəni əmək müqaviləsinin bitməsi ilə bağlı olaraq müqaviləyə xitam verilmiş, müəyyən haqq-hesab əməliyyatlarının aparılması tapşırılmışdır. O, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinə şikayət vermiş və Azərbaycan Dövlət Rəssamlıq Akademıyasının barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən protokol tərtib edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 02.12.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları bunlardır: İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16.07.2018-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası üzrə 13.07.2018-ci il tarixli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) uyğun olaraq xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07.01.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında bağlanmış müddətsiz əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsinə) əsasən xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi barəsində inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda yuxarıda qeyd olunanları nəzərə alaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyinə məktub göndərilmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: İddiaçı işlədiyi müddət ərzində əmək haqqına hesablanmış artımların ona verilməsini tələb edir. İşə baxan məhkəmə iddia tələbi ilə bağlı iddia müddətini tətbiq etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı işlədiyi müddət ərzində və bundan sonra da 16.07.2018-ci il tarixdən onunla bağlanmış əmk müqaviləsinə xitam verildikdən sonra da indiyədək heç bir tələb irəli sürməmiş, yalnız tərəflər arasında münasibətlər ləğv olunduqdan sonra bir illik iddia müddətini ötürüməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-ci maddəsində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.4-cü maddəsində göstərilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunan qanunvericilik normlarına əsasən, iddia müddətinin başlanğıcı təkcə işçiyə işdən çıxma barədə əmrin surətinin verildiyi tarixdən deyil, həmçinin işçinin hüquqlarının işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən də pozulduğu gündən başlayır. İddiaçı işlədiyi müddət ərzində artırılmaların ona hesablanmadığını bilmiş, hətta bununla bağlı rəhbərliyə müraciət etmişdir. 16.07.2018-ci il tarixdə işdən çıxarılmış, bundan sonra 1 illik müddəti ötürməklə 10.10.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmiş və bunu heç bir səbəblə əsaslandırmamışdır. Eyni zamanda, iddiaçı cavabdeh təşkilatda işlədiyi müddət ərzində əmək haqlarının dəfələrlə artırılmasını və bu artımların qanunsuz olaraq ona şamil edilmədiyini bildirsə də, bu barədə məhkəməyə aydın bir sübut təqdim etməmiş, hansı artımların ona tətbiq olunmaması ilə bağlı halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.3-217.4. maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Ona görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 02.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-3024/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3024/2020
16.03.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver