Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3025/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2651/2019saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər X1, Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 ünvanında yerləşən 75 saylı mənzilin cavabdehlər tərəfindən ona təhvil verilməsi, iddiaçının həmin mənzil üzərinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi, mənzildən istafadə etməsinə maneəçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi və cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 ünvanında yerləşən 75 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2651/2019saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddia təmin edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər qətnamədən apelyasiya şikayəti vermişlər və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, iş üzrə əlavə sübut və dəlillər tələb edilmədən, maddi və prosessual hüquq normalarına əməl edilmədən qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh A.Talıbova arasında rəsmi nikah xx xxxxx 2015-ci il tarixdə bağlansa da, onlar 2002-ci ilin fevral ayından ailə həyatı quraraq faktiki nikah münasibətlərində olmuş, həmin nikahdan 2002, 2003, 2008-ci il təvəllüdlü üç övladları olmuşdur. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə Bərdə şəhərində anadan olan İddiaçı ünvan 2 mənzil 14 ünvanında yaşayır. xx xxxxx 2009-cu il tarixdə bağlanmış AN-İ seriyalı,0155958 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X3 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 saylı evin 75 saylı mənzilini İddiaçı 53303 manata satmışdır. MA seriyalı ******* nömrəli daşınmaz əmlaka dair çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 saylı evin 75 saylı mənzilinə xx.xx.2011-ci il tarixdə İddiaçı mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. AR ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 ünvanında yerləşən 75 saylı mənzil xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək “X7 Azərbaycan” QSC-nin Gəncə filialının xeyrinə yüklü edilmişdir. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 13006 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Tərəflərin 24-cü Polis Bölməsində aparılan araşdırma zamanı verdiyi izahatlardan görünür ki, onlar 2002-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuş, 3 övladları vardır və uşaqlar atalarının himayəsindədirlər. Nikahları isə xx xxxxx 2015-ci il tarixdə rəsmiləşdirilmişdir, hal-hazırda Bərdə Rayon Məhkəməsində tərəflər arasında bağlanmış rəsmi nikahın pozulması və digər mübahisələrlə bağlı icraat aparılır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kolegiyası qeyd edir ki, Cavabdeh2 münasibətdə apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Cavabdeh2 digər cavabdeh A.Talıbovanın anasıdır, apellyasiya şikayətində də onun həmin mənzildə yaşamadığı, Xətai rayonunda öz oğlu ilə birlikdə yaşadığı qeyd edilmişdir. Belə olan halda məlum olur ki, Cavabdeh2 iddiaçının ailə üzvü deyildir, onun həmin mənzilə heç bir hüququ olmadığı üçün onun apellyasiya şikayəti açıq-aşkar əsassızdır və təmin edilə bilməz. Digər cavabdeh A.Talıbova mənzil əldə edilənədək yəni 2002-ci ildən 2009-cu ilədək iddiaçı ilə faktiki nikah münasibətlərində olduqlarını qeyd edir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh A.Talıbova arasında faktiki nikah münasibətləri olsa belə, Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı ilə cavabdeh A.Talıbova arasında rəsmi nikah xx xxxxx 2015-ci il tarixdə bağlanmış, iddiaçı mübahisəli əmlakı xx.xx.2011-ci il tarixdə əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, cavabdehlərin apelyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gələrkən haqlı olmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər X2 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2651/2019saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi onların apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərinözlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-3025/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3025/2020
26.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver