Məhkəmə qərarları › İş №2(103)-3025/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3025/2025

19.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3025/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «sahə fərqinə görə vurulmuş maddi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-303/2025 saylı, 27 fevral 2025ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh ilə Şahid arasında 04 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Cavabdeh təsisçilərinin ümumi iclasının 10 yanvar 2024-cü il tarixli 1 nömrəli protokolundan çıxarışda göstərilib ki, ünvan 1 ünvanında yerləşən, yaşayış binasının 2-ci mərtəbəsində aldığı, ümumi sahəsi 73,5 kv/metr 2b saylı mənzilin İddiaçı mülkiyyətinə verilməsi qərara alınıb.

3. Cavabdeh xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilib ki, İddiaçı həqiqətən ünvan 2 ünvanında yerləşən, yaşayış binasının 2-ci mərtəbəsində aldığı, ümumi sahəsi 73,5 kv/metr 2b nömrəli mənzilin dəyərini tam ödəmişdir.

4. Ümumi sahəsi 60.60 kv/metr olan Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, ev 39, 41, mənzil 2B, (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, giriş 39, M2, m4 mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdehnə qarşı sahə fərqinə görə vurulmuş maddi ziyanın tutulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 32250 manat az verilmiş sahəyə görə ziyanın, 189 manat dövlət rüsumuna, 300 manat vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edib.

6. İddiada göstərilib ki, çıxarışda mənzilin ümumi sahəsi 60.6 kv.m göstərilmişdir. Mənzilin texniki pasportunda taqlarının sahəsi: Holl-14 kv.m, Yaşayış otağı – 21,5 kv.m, mətbəx-16,7 kv.m, Sanitar qovşağı – 6.4 kv.m, Lociya - 2 kv.m göstərilmişdir. Bundan sonra məlum olmuşdur ki, iddiaçıya mənzil 12,9 kv.m sahə az təqdim edilmişdir. Beləliklə, 1 kv.m görə iddiaçının 2500 manatdan olmaqla cəmi 32250 manat iddiaçıya maddi ziyan vurulmuşdur. Tərəflər arasında mənzilin alqı-satqısı ilə bağlı müqavilə iddiaçı tərəfindən fiziki olaraq imzalanmamış və bu müqavilənin bir nüsxəsi iddiaçıya təqdim edilməmişdir. Cavabdeh tərəfindən yalnız maliyyə arayışı və Kooperativinin üzvlərinin X1 Çıxarış təqdim edilmişdir. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-303/2025 saylı, 27 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbinin qismən təmin edilərək Cavabdehndən mənzilin çatışmayan sahəsinə görə 18750 manat tutularaq İddiaçı ödənilməsi; hüquqi xidmətin göstərilməsi ilə bağlı EM-2163VK-1480/24 nömrəli müqavilə üzrə “Pro Bono” Vəkil Bürosunun hesabına 175 manat və dövlət rüsumu qismində 146,25 manat olmaqla, ümumilikdə 446,25 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi; məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin 15 (on beş) manat hissəsinin İddiaçı, 35 (otuz beş) manat hissəsinin isə Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, Cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 2 mərtəbəsində ümumi sahəsi 73,5 kv.m olan 2b nömrəli mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş, lakin sonradan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alandan sonra ona məlum olmuşdur ki, mənzil 12,9 kv.m sahə az təqdim edilmişdir. Hazırda iddiaçı həmin sahəyə görə fəqrin dəyərini tələb edir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir. Qeyd olunmalıdır ki, mübahisəli mənzilin ölçüləri ilə bağlı tərəflər arasında hər hansı müqavilə mövcud olmasa da, işdə olan Cavabdeh təsisçilərinin ümumi yığıncağının iclasının 10 yanvar 2024-cü il tarixli 1 nömrəli protokolundan çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən, yaşayış binasının 2-ci mərtəbəsində aldığı, ümumi sahəsi 73,5 kv/metr 2b saylı mənzilin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmış, xx.xx.2024-cü il tarixli maliyyə arayışında İddiaçı ünvan 2 ünvanında yerləşən, yaşayış binasının 2-ci mərtəbəsində aldığı, ümumi sahəsi 73,5 kv/metr 2b nömrəli mənzilin dəyərinin tam ödənildiyini qeyd olunmuşdur. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid da ifadəsində göstərmişdir ki, onunla İddiaçı arasında hazırkı mənzillə bağlı heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən iddiaçıya 73,5 kv/metr ölçüdə mənzilin verildiyini öhdəsinə götürməsi və məhz həmin ölçüyə görədə iddiaçı tətəfindən pul ödənildiyi yuxarıda qeyd olunan ümumi yığıncağın protokolu və maliyyə arayışı ilə təsdiq olunur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 60.60 kv/metr Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, ev 39, 41, mənzil 2B, (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, giriş 39, M2, m4 xüsusi mülkiyyət kimi xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən hazırki iş üzrə iddiaçıya satılmış mənzilin ölçüsünün obyektiv hesablanması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyində Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, ev 39, 41, mənzil 2b (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzilin ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadıqda, eləcə də, otaqların, yerləşgənlərin, (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi və mənzilin ara divarları da daxil olmaqla 66.0 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə görə də analoji işlərdə mənzilin ümumi sahəsi balkon, eyvan, lociya sahələrinə əmsal tətbiq edilmədən hesablanır. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yuxarıda istinad olunan Qaydalarında mənzilin ayrı-ayrı hissələrinin müvafiq əmsallara vurulması texniki sənədlərin tərtibi üçün əhəmiyyət kəsb edir, tərəflər arasında müqavilə üzrə öhdəliklərin icrası zamanı nəzərə alınmamalıdır. Məhkəmə iş üzrə verilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Lakin məhkəmə iddiaçının dəlilləri ilə tam razılaşmayaraq qeyd edir ki, məhkəmələr, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərini əsas götürürlər. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Göründüyü kimi qeyd edilən ekspert rəyi ilə mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda olan ölçülər arasında (73,5-66=7,5) 7,5 kv/metr fərq yaranmışdır. Ona görə də, iddia qismən, yəni müqavilədə nəzərdə tutulmuş 73,5 kv.m ümumi sahədən çatışmayan 7,5 kv.m sahənin dəyəri hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin mənzilin dəyərinə münasibətdə qeyd edir ki, tərəflər buna dair heç bir sübut təqdim etməsələr də işdə olan "xxxx" MMC-nin 22 yanvar 2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, giriş 39, M2, m4 ünvanında yerləşən mənzilin 2024-cü ilin fevral ayına və 2025-ci ilin yanvar ayına hesablanmış 1 kv/.m-nin (təmirsiz vəziyyətdə) orta bazar dəyəri: 2024-cü ilin fevral ayına 2500 manat; 2025-ci ilin yanvar ayına 2700 manat təşkil edir. Belə olan İddiaçı mübahisəli mənzilin hər kvadrat metri üçün 2500 manat məbləğində olmaqla, ümumilikdə 183750 manat məbləğində pul ödəməsi ağlabatandır. Ona görə də cavabdeh tərəfindən iddiaçıya razılaşdırılmış 73,5 kv.metr əvəzinə, 66,0 kv.metr sahəsi olan mənzil təhvil verdiyindən, çatışmayan 7,5 kv.metr sahənin dəyəri olan (7,5 x 2500 =18750) 18750 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmalıdır.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

9. İddiaçı (nümayəndəsi və vəkili Vəkil3) iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin qismən , yəni iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilib həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) isə apellyasiya şikayətində qətnamənin qismən , yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilib həmin hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, İddiaçı ilə aralarında hər hansı alqı-satqı müqaviləsi bağlanmayıb. İddiaçı mübahisəli mənzili Şahid alıb. İddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə bağlanmayıb. Şahid mübahisəli mənzili İddiaçı satdığına görə çıxarışın verilməsinə görə Protokol tərtib edilmişdir. İddiaçı tərəflə aralarında heç bir alqı-satqı müqaviləsi olmadığı halda məhkəmə bu hala baxmadan MTK-dan əsassız yerə pul tutmuşdur. Qeyd edilən halları şahid qismində məhkəmədə dindirilmiş Şahid da təsdiq etmişdir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqının ümumi müddəalarına nəzər saldıqda görürük ki, alğı-satqı müqaviləsi konsensual, əvəzli, tam ikitərəfli (sinallaqmatik) müqavilədir. Bu nəticəyə MTK alğı-satqının tərifinin müəyyənləşdirildiyi MM-in 567-ci maddəsindən gələ bilir. Bu müqaviləyə görə satıcının əsas vəzifəsi əşyanı alıcının mülkiyyətinə vermək, alıcının vəzifəsi isə əşyanı qəbul etmək və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməkdir. İddiaçı tərəf ilə cavabdeh arasında heç bir müqavilə olmadığı halda məhkəmə alqı-satqı müqaviləsini əsas götürərək iddia tələbini əsassız olaraq qismən təmin etmişdir. Belə ki iddiaçı tərəfə mübahisəli mənzili Şahid satmışdır. Bağlanmış müqavilə yalnız tərəflər üçün hüquq və öhdəlik yaradır. Əgər iddiaçı cavabdehlə heç bir alğı-satqı müqaviləsi bağlamayıbsa necə ola bilər ki onu cavabdeh kimi qoysun və dəymiş ziyan adı ilə ondan məbləğ tələb etsin. Məhkəmə iddiaçı və cavabdeh arasında mövcud olmayan bir müqaviləni əsas götürmüş və bunun əsasında iddia tələbini qanunsuz olaraq qismən təmin etmişdir. Mövcud olmayan müqavilə üzrə öhdəlikdə mövcud ola bilməz. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Məhkəmə qətnaməsində Mülki Məcəllənin bu hissəsinə istinad etməsə də bütün mübahisəni müqavilə öhdəliklərinə istinad etməklə əsaslandırmışdır. Bu səbəbdən iddiaçı ilə alğı-satqı müqaviləsi olmasa belə cavabdeh tərəf olaraq mübahisəli mənzili Şahid satığını bildirdiyi üçün məhkəmədə həmin müqaviləni əsas götürərək tələbin güzəşti kimi qiymət vermişdir. Halbuki, qanunvericiliyin tələbinə uyğun olaraq tələbin güzəşti sadə və ya notarial qaydada verilmiş yazılı ərizə əsasında olmalı idi. Məhkəmə prosesində iştirak edən Şahid da iddiaçı ilə razılaşaraq mənzili ona özü satmışdır və məbləği də özü almışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddiaçının apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilib həmin hissədə də iddianın təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilərək iddianın tam rədd edilməsini, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək əsassız olduğundan təmin olunmamasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 4431. və 443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zrərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin tərəflərin mübahisələndirdikləri hissədə ləğv edilməsi üçün əsas deyildir.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün hər iki şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddiaçının apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilməyən hissəsi, cavabdehin apellyasiya şikayətinə münasibətdə isə iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticə düzgün olmamışdır.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edilən hissədə haqlı sayılır.

23. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

25. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə tərəflərin mübahisələndirdikləri hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətlərin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

26. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi öhdəliklərin cavabdeh tərəfindən qüsurla yerinə yetirməsi ilə əlaqədar olmuşdur. Cavabdehin qeyd olunan mənzilə dair Şahid ilə ilk dəfə bağladığı 04 sentyabr 2023-cü il tarixli müqavilə mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi də qiymətləndirilə bilər, ancaq müqavilənin məzmunundakı şərtlər daha çox podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Göründüyü kimi, bu cür müqavilə Mülki Məcəllədə konkret nəzərdə tutulmasa belə ona zidd də deyil, hər hansı digər şəxsin hüquqlarını da pozmur. Müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, mənzil əldə edən üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, mənzil inşa edənin isə öhdəliyini qüsurla icra etdiyini, buna baxmayaraq nə bu qüsuru aradan qaldırdığını, nə də onun aradan qaldırılması üçün aldığı muzdun qüsur həcmində hissəsini mənzil mülkiyyətçisinə qaytarmadığını, bundan yayınmağa çalışdığı üçün də hazırki iddianı irəli sürdüyünü qeyd edir.

27. Əlbəttə ki, ilk baxışdan birinci instansiya məhkəməsinin qənaəti cavabdeh üçün əsassız görünə bilər. Çünki qeyd olunan mənzilə dair ilk dəfə iddiaçı ilə müqavilə bağlamayıb. Lakin Şahid da eyni 73,5 kv. metr sahəsi olan mənzilə görə cavabdehə ödədiyi vəsaiti, iddiaçının da ona(Şahid) ödəməsi işin mübahisəli halı deyildir. Bunu cavabdeh tərəf də mübahisələndirmir.

28. Buna baxmayaraq, iddiaçının hazırki iddiası digər əsasla, yəni əsassız olduğuna görə rədd edildiyi yaxud əsaslı olduğuna görə təmin edildiyi halda onsuzda mənzili iddiaçıya satan Şahid müqaviləyə istinad edərək məhkəmədə iddia irəli sürməsinin də heç bir nəticəsi olmayacaqdır. Çünki işin hallarından, o cümlədən iddiaçı və Şahid izahatlarından bəlli olur ki, mübahisəli mənzillə bağlı cavabdehə bir dəfə vəsait ödənilmiş və bu vəsaitin iddiaçı yaxud Şahid tərəfindən ödənilməsinin yaxud kimin vəsaiti olması hazırki iddianın əsaslılığı baxımından heç bir əhəmiyyət kəsb etmir. 29.Birinci instansiya məhkəməsinə də bəlli idi ki, iddiaçı ilə mənzilə dair ilk müqaviləni bağlamış Şahid arasında heç bir mübahisə yoxdur və vahid mövqedən çıxış edirlər. Buna görə də hazırki iddia təmin edilmişdir. Bu cür iddianın subyektiv hüququn yaranmamasına görə rədd edib, Şahid tərəfindən yenidən iddia irəli sürülməsinə hüquqi imkan yaradılması da açıq-aşkar prosessual qənaət prinsipinə uyğun deyildir. Onsuzda məhkəmə yaranmış mübahisəyə hər bir halda hazırkı iddia çərçivəsində baxıb yekun nəticəyə gəlib.

30. Göstərilənlərlə yanaşı, iddiaçı ilə müqavilə bağlanmasa da cavabdeh MTK-nın təsisçilərinin ümumi iclasının 10 yanvar 2024-cü il tarixli 1 nömrəli protokol üzrə qərarı ilə ümumi sahəsi 73,5 kv/metr olan mənzilin İddiaçı mülkiyyətinə verilməsi qərara alınıb, xx.xx.2024-cü il tarixli maliyyə arayışında isə mənzilin dəyərinin onun tərəfindən tam ödənildiyi qeyd edilib. Bu faktların mövcudluğu da iddianın təmin edilən hissədə əsaslı olduğuna dəlalət edir.

31. Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətinin iddianın təmin edilməyən hissəsi üzrə dəlilini əsaslı hesab etmir. Çünki iddia təmin edilməyən hissədə əsassız olmaqla yanaşı, mövcud məhkəmə təcrübəsinə də zidd hesab edilir. Ona görə də məhkəmə bu hissədə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın 3.2-ci bəndindəki normaların tələbləri də iddiaçının şikayətinin əsaslı olduğunu təsdiq etmir. Bu cür nəticə Ali Məhkəmənin icraatında olmuş mübahisələr üzrə də mövcud məhkəmə praktikasına uyğun sayılır.

32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, müqavilədən irəli gələn öhdəliklər və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-303/2025 saylı, 27 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-303/2025 saylı, 27 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar