Məhkəmə qərarları › İş №2(103)-3027/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3027/2025

03.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3027/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3027/2025 (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-982/2025 nömrəli 17 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının xx.xx.2005-ci il tarixli 107 nömrəli sərəncamının surətindən görünür ki, Nəsimi RİH-in xx.xx.2005-ci il tarixli, 01-04/59 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,5 ha torpaq sahəsi, icarə əsasında həmin MTKnın istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, müraciətə baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Abdullayev küçəsinin arasında, 382-ci məhəllədə yerləşən 1,505 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 180 nömrəli Sərəncamı ilə icarə əsasında “X18” MMC-nin adına rəsmiləşdirilmişdir. Həmin ünvanda ayrılmış torpaq sahəsində icazəverici sənəd olmadan MMC tərəfindən tikinti-quraşdırma işləri aparıldığından tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən “Qərar” verilmiş və “Qərar”ın surəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinin tələbinə uyğun olaraq, tikinti əraziyə nəzarətin təmin olnması məqsədilə Nəsimi RİH-ə və Nəsimi RPİ-yə göndərilmiş və inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Müraciətində qaldırdığı məsələlər FHN-nin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

3. Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(81)-808/2009 saylı qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X14 Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində xx.xx.2004-cü ildə 01.04.-P58-40184 sayla qeydiyyatdan keçmiş "xxxx" MTK-nın iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X14 Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində xx.xx.2005-ci ildə 0105- P/109-42690 sayla qeydiyyatdan keçən "xxxx" MTK-nin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilmısi, qətnamənin icrasının Vergilər Departamentinin Kommersiya X14 Qeydiyyatı İdarəsində həvalə edilməsi, ilkin iddiaçı "xxxx" MTK-nın iddiasının qalan hissəsinin təmin edilməməsi, xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən "xxxx" MTK-nın qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(103)-1000/2022 saylı qərardadının surətindən görünür ki, ilk iddia üzrə cavabdeh "xxxx" MTK-nın şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(81)-808/2009 saylı qərardadı ləğv edilmiş, iş ilk iddia üzrə cavabdehin prosessual müddətin bərpası barədə ərizəsinin icraata qəbul edilərək hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(103)-568/2023 saylı qərardadının surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(81)- 808/2009 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(103)-1114/2023 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2-2(81)-808/2009 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(102)-292/2024 saylı qərarının surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan 2004-cü il 24 may tarixində qeydiyyatdan keçən "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh olan 2005-ci il 7 aprel tarixində qeydiyyatdan keçən "xxxx" MTk-nın kassasiya şikayıti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-1114/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh olan Cavabdeh 200.000 AZN pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun yaratmış olduğu "xxxx" MTK-nın çoxmərtəbəli ev tikmək üçün xx.xx.2005-ci il tarixli 107 nömrəli Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatından sərəncam almışdır. Həmin sərəncama uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədəki yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0,5 ha torpaq sahəsi istifadəsinə verilmişdir. Mənzil Tikinti Kooperativinin təsisçisi və rəhbəri olan İddiaçı səhhəti ilə əlaqədar olaraq bütün sənədləşmələrin aparılması və digər təşkilati məsələlərin həllini baş etibarnamə verərək X3 həvalə etmişdir, yəni artıq demək olar ki, payçıların da payçı kimi qəbul olunması, tikinti aparacaq təşkilatlarla müqavilə bağlanması məsələlərini də Vahid X1 həvalə etmişdir. Ayrılmış torpaq sahəsində yaşayan insanların oradan köçürülmələri, tikinti üçün zəruri olan sənədləşmələrin aparılması zamanı iş üzrə cavabdeh kimi cəlb edilən Cavabdeh X3 müraciət edərək həmin MTK-da 5% pay sahibi kimi qeydiyyata alınması üçün vəsait ödəyəcəyini bildirmiş və xahiş etmişdir ki, tikintinin aparılmasını da özü həyata keçirsin. Aralarında olan danışığa uyğun olaraq Cavabdeh ilkin olaraq 300.000 AZN ödəməli, tikinti işlərinə başlanan zaman isə daha 5000.000 ABŞ dolları ödəyib payçı kimi daxil ola bilərdi. X7 tikinti aparılacaq ərazini tam inşaat işləri üçün yararlı vəziyyətə gətirəndən və sənədləşmə işlərini bitirəndən sonra cavabdeh nə ilkin ödəməli olduğu 300.000 AZN vəsaiti vermiş, nə də 5000.000 ABŞ dollarını razılaşdıqları vaxt ərzində ödəməmiş və tikinti işlərini başlaya bilməmişlər, ərazi bir müddət boş qalmış və nəticədə tikinti işləri aparılması üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin içində “X17” MMC-nin adına başqa bir sərəncam ortaya çıxmış və tikinti aparılacaq torpaq sahəsi başqa təşkilat tərəfindən zəbt edilərək onların işlərə başlamalarına maneələr yaradılmışdır. Həmin maneələrin aradan qaldırılması və başlanmış tikintinin dayandırılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatına, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət olunmuş və bunların hər birinin müraciətlərinə baxması və məsələnin həlli üçün müəyyən müddətlər ötmüşdür ki, əgər cavabdehin aralarında olan razılaşmaya və götürdüyü öhdəliyə əməl etməməsi nəticəsində yuxarıda göstərilən çətinliklərə məruz qalmışlar. Aparılacaq tikinti işləri ləngidiyindən "xxxx" MTK müxtəlif məbləğlərdə zərərlərlə üzləşmişdir, yəni vaxtında cavabdehin öhdəliklərinə onun tərəfindən əməl olunmaması nəticəsində mənzil tikintisinə başlamaq ləngimiş və bununla da tikinti aparılacaq ərazinin bir hissəsinin başqa tikinti kooperativi tərəfindən zəbt olunaraq işlərinə əngəl törədilmişdir.

10. X4 ifadəsində bildirmişdir ki, o, iddiaçının yaxın dostudur. Bu torpaqla sənədləşdirmədə o, şəxsən memar kimi iştirak etmişdir. Cavabdeh yatırımçı kimi həmin danışıqlarda iştirak etmişdir. Cavabdeh həmin torpaq sahəsinə maraq göstərmiş və bildirmişdir ki, həmin torpaq sahəsinə yatırım etmək istəyir. Görüşün hansı tarixdə olmasını dəqiq xatırlamır. Həmin görüşdə yalnız danışıqlar getmiş, hərhansı bir behləşmə söhbəti olmamışdır.

11. X5 ifadəsində bildirdi ki, o, iddiaçının qızıdır. Cavabdehi tanıyır, onu görmüşdür. Onun atası ilə anası cavabdehi xəstəxanada ziyarət edərkən, o, onların söhbətlərinə şahid olmuşdur. Cavabdeh torpaq sahəsinə investisiya etməli idi, 300000 manat ödəməyi söz vermişdi. Həmin tarixi dəqiq xatırlamır. Torpaqla bağlı sənədləşmə işlərinin olub-olmaması barədə məlumatı yoxdur. Hər-hansı bir behləşmə olmamışdır.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 mart 2025-ci il tarixli 2(001)-982/2025 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilməmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab etmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehin hüquqazidd əməli nəticəsində ona dəymiş zərər mötəbır sübutlarla əsaslanıdırla bilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar qanunun tələbinə görə sübut hesab edilmir. Lakin, burada iddia tələbinə şahidlik edən şəxslər özləri bilavasitə cavabdehlə olan sövdələşmədə və onun öhdəlik götürməsinə birbaşa şahidlik etdiklərini bildirmişlər. Belə olan halda məhkəmənin iddia tələbinin guya sübut olunmaması əsasının haradan götürməsi müəmmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə kifayət qədər əhəmiyyət verməmişdir və guya onların verdikləri ifadələr iddia tələbinin sübut olunması üçün kifayət etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

19. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 25.Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbi əsassızdır.

33. İddiaçı hazırki tələbində bildirir ki, cavabdehin aralarında olan razılaşmaya və götürdüyü öhdəliyə əməl etməməsi nəticəsində o (MTK olaraq), çətinliklərə məruz qalmışdır. Aparılacaq tikinti işləri ləngidiyindən, "xxxx" MTK müxtəlif məbləğlərdə zərərlərlə üzləşmişdir, yəni vaxtında cavabdehin öhdəliklərinə onun tərəfindən əməl olunmaması nəticəsində mənzil tikintisinə başlamaq ləngimiş və bununla da tikinti aparılacaq ərazinin bir hissəsinin başqa tikinti kooperativi tərəfindən zəbt olunaraq işlərinə əngəl törədilmişdir.

34. Lakin nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında cavabdehin üzərinə hər hansı öhdəlik götürməsi və onun icrasından yayınması halları müəyyən edilməmişdir.

35. Kollegiya qeyd edir ki, hər iki tərəf öz tələblərini və etirazını əsaslandırmağa borcludur. İddiaçı öz tələbini kifayət qədər aydın əsaslandırmalıdır.

36. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı və sübuta yetirə bildiyi halda onun tələbi keçərlidir. Bunun üçün ilk növbədə şərh olunan faktlar müəyyən edilməlidir. İddiaçı isə iddia tələbində göstərdiyi halları sübuta yetirə bilməmişdir.

37. İddiaçı eyni zamanda dəymiş ziyanın nədən ibarət olmasını göstərə bilməmişdir.

38. İstinad olunan şahid ifadələrindən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında hansısa iş birliyi barədə danışıqlar olmuşdur. Lakin konkret olaraq cavabdehin hər hansı öhdəlik götürməsi və onun icrasından yayınması və nəticədə iddiaçıya zərər vurması halldarı şahid ifadələri ilə öz təsdiqini tapmamışdır.

39. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X9 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

40. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab etmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehin hüquqazidd əməli nəticəsində ona dəymiş zərər mötəbər sübutlarla əsaslandırıla bilməmişdir.

41. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

42. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-982/2025 nömrəli iş üzrə 17 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar