Məhkəmə qərarları › İş №2(103)-3029/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3029/2024

24.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3029/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-454/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 4, 45 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi. Yavər Əliyev küçəsi, 16, M6, m3) paylı mülkiyyət üzrə 1/2 hissənin naturada bölünərək açıq hərracdan satılması və satışdan əldə olunan pulların tərəflər arasında bölünməsi barədə iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-454/2023 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595 nömrəli məhəllədə yerləşən, mübahisə predmeti olan 4 nömrəli evin 45 saylı mənzilin (yebi qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3) açıq hərracda satılması, mənzillərin satışından əldə edilən vəsaiint tərəflərin paylarına uyğun, yəni 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 məhəllədə yerləşən, mübahisə predmeti olan 4 nömrəli evin 45 saylı mənzilin (yebi qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3) ilkin satış qiymətinin 97 000 manat müəyyən edilməsi, iüzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində olan ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 454/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mübahisəli mənzilin naturada bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə Cavabdeh ilə aralarında olan mübahisəni barışıq yolu ilə həll etmişlər və bununla bağlı aralarında Mediasiya Şurasının MŞB/6-00269 saylı xx.xx.2024-cü il tarixli Barışıq sazişi vardır. Ona görə də icraatda olan 2(013)-3029/2024 saylı mülki iş üzrə iddia tələbindən imtina edir və həmin mülki işə xitam verilməsini xahiş edir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizəni nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir (digər) şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün digər əsaslar olmadığından mülki işin icraatına xitam verilməlidir. Belə ki, Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraaa xitam verir. Məcəllənin 384.0.5-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məcəllənin 107-125-ci maddələrinə əsasən kollegiya hesab edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə digər prosessual əsaslarla işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Şərh olunanlara əsasən və Mülki Prosesual Məcəllənin 370, 377, 384, 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-454/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar