Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-303/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 164 nömrəli sərəncamı ilə ona ayrılmış və Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 2 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Sabunçu RİH-nin xx.xx.2016-cı il tarixli 164 nömrəli sərəncamı ilə iddiaçıya Maştağa qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi ilə 2 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı, əvvəllər torpaqdan istifadə etsə də, sonra şəxsi problemləri ilə əlaqədar istifadə edə bilməmiş və 2021-ci ilin sonlarında həmin torpaq sahəsinə getdikdə sahənin başqa şəxslərin qanunsuz istifadəsində olduğunu bilmişdir. İddiaçı, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş və araşdırma zamanı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu məlum olmuşdur. Cavabdehlərin həmin torpaq sahəsindən istifadə etmələrinin hüquqi əsası olmadığından cavabdehlər həmin sahədən çıxarılmalıdırlar. b) iş üzrə tərəflərin məhkəmə baxışı iclasında iştirakı və mövqeləri barədə məlumat
3. Cavabdehlər Rayon Məhkəməsinə verdikləri izahatlarda bildirmişlər ki, onlar yaşadıqları Maştağa qəsəbəsinin ərazisində yerləşən torpaq sahəsini uzun illərdir kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edirlər. Hər birinin istifadəsində bir hektar torpaq sahəsi vardır. Həmin torpaq sahələri vaxtilə onlara dövlət tərəfindən icarəyə verilmişdir. Onlar ailələrinin dolanacaq xərclərini yalnız qeyd olunan torpaq sahəsini əkibbecərməklə əldə edirlər. Hazırda isə iddiaçı qeyd olunan iki hektar torpaq sahəsinin Sabunçu RİH-nin sərəncamı ilə ona ayrıldığını bildirsə də, iddiaçı, ona ayrılmış torpaq sahəsinin sxemini təqdim edə bilmir və bununla da, iddiaçı ona ayrılmış iki hektar torpaq sahəsinin məhz onların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edə bilməz. İddiaçı həmin torpaq sahəsini heç vaxt istifadə etməmişdir. Buna görə də, iddia əsassız hesab edilməlidir.
4. İşə baxmış Rayon Məhkəmə öz təşəbbüsü ilə Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyətini və Abşeron Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi mülki işin baxılmasına cəlb edib, məhkəmə baxışı iclaslarının yeri vaxtı barədə onlara məlumat versə də, onlar, məhkəmə baxışı iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də, Rayon Məhkəməsi iş üzrə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona ayrılmış 2 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üstüstə düşməsini sübuta yetirə bilmədiyi üçün iddia rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbini əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinin sxemini Rayon Məhkəməsinə təqdim etsə də, Rayon Məhkəməsi həmin sxemi nəzərə almamış və iddianı rədd etmişdir. Halbuki, həmin sxem nəzərə alınsa idi iddia təmin olunmalı idi. Bundan başqa işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, həmin torpaq sahəsindən istifadə etmək üçün cavabdehlərin müvafiq sənədləri yoxdur. Bu isə özüözlüyündə cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları üçün əsasdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.
10. Apellyasiya baxışı iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər.
11. Üçüncü şəxslər – Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da apellyasiya baxışı iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
12. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Bakı Şəhəri Sabunçu RİH başçısının xx.xx.2016-cı il tarixli 164 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi ərazisində yerləşən 2 ha torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin tərtib olunması qərara alınmışdır. Bundan sonra ayrılmış 2 ha torpaq sahəsinin yerləşmə sxemi Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuşdur.
15. İş materiallarından görünür ki, iddiaçı, həmin sxemi Rayon Məhkəməsinə təqdim etmişdir.
16. İddiaçı ona ayrılmış həmin 2 ha torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə olunduğunu iddia edir.
17. Abşeron rayonu "xxxx" X1 direktoru ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli "xxxx" görünür ki, həmin Müəssisə özünə aid torpaq sahəsinin 0,6 ha torpaq hissəsini əkib-becərmək üçün 5 il müddətində Cavabdeh2 icarəyə vermişdir.
18. “Torpaq sahələrinin icarəyə verilməsi haqqında” Abşeron RİH başçısının xx.xx.2006-cı il tarixli 499 nömrəli sərəncamının surətindən görünür ki, Abşeron rayonu keçmiş X4 sovxozunun daimi istifadəsində olmuş, hal-hazırda ehtiyat fondda saxlanılmış, əkinə yararlı torpaq sahəsindən 126 hektarı icarə qaydasında "xxxx" X3 11 il müddətinə istifadəyə verilmişdir.
19. Abşeron RİH başçısı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 48 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən” görünür ki, Abşeron RİH başçısının xx.xx.2006-cı il tarixli, 499 nömrəli sərəncamına əsasən, 1 ha torpaq sahəsi kənd təsərrüfatı məhsularının istehsalı üçün 11 il müddətinə Cavabdeh2 icarəyə verilmişdir.
20. Abşeron rayonu Maştağa Subtropik bağlar sovxozunun yerquruluşu planından çıxarışın surəti iş materiallarına əlavə edilmişdir.
21. Sabunçu RİH tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə” əsasən tərəflər arasında bağlanılmış torpaq sahəsinə dair icarə müqaviləsinin uzadılması rayon icra hakimiyyətlərinin səlahiyyətləri daxilində deyil.
22. "xxxx" X1 2010-2015-ci il müddətinə mövsümi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, 1 ha torpaq sahəsi 5 il müddətində əkib-becərmək üçün iş üzrə digər Cavabdeh1 icarəyə verilmişdir.
23. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, torpaqdan təyinatı üzrə istifadə edilməsi torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarından biri kimi nəzərdə tutulmuşdur (maddə 81.). Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər (maddə 83., hissə 1.). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (maddə 84., hissə 1.).
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (maddə 158.1.2.). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4.).
25. MPM-in tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.).
26. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun müdafiə olunması üçün ilk növbədə onun bu hüququnun pozulub-pozulmaması araşdırılmalıdır. Bu məqsədlə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Sabunçu RİH başçısının xx.xx.2016-cı il tarixli, 164 nömrəli sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş 2 hektar torpaq sahəsi və cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri üst-üstə düşürmü? Düşürsə, hansı koordinatlarda və hansı ölçüdə? - Həmin sərəncam ilə iddiaçının istifadəsinə verilmiş 2 hektar torpaq sahəsi əvvəllər və hazırda hansı inzibati rayonun inzibati ərazisinə aiddir?
27. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, şərti olaraq göstərilən torpaq sahəsi faktiki olaraq 2 ha təşkil edir. Şərti olaraq göstərilən 2 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən olunur: X Y
1. 415633.000 4484595.000
2. 415435.700 4484562.247
3. 415419.324 4484660.897
4. 415616.623 4484693.650 Torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən, təsdiq olunmuş cizgi iş materiallarına əlavə edilməyib. Bu səbəbdən də üst-üstə düşmə halının müqayisə edilməsi mümkün olmamışdır. Vahid elektron baza məlumatlarına əsasən, şərti göstərilən 2 ha ərazinin 0,18 ha hissəsi Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisindən Abşeron RİH-nin istifadəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Yerdə qalan hissəsi isə eynilə kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyəti torpağı olmaqla Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahələrinin dövlət qeydiyyatı barədə məlumat yoxdur.
28. Həmin rəylərdən görünür ki, torpaq sahəsinin faktiki koordinatları müəyyən olunsa da, torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən, təsdiq olunmuş cizgi iş materiallarına əlavə edilmədiyindən üst-üstə düşmə halının müqayisə edilməsi mümkün olmamışdır.
29. İddiaçıya ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə cəhd göstərib, mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirsə də, həmin məlumatları əldə edə bilməmişdir.
30. Odur ki, göstərilənləri nəzərə almış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
31. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edir ki, o, ona ayrılmış torpaq sahəsinin sxemini Rayon Məhkəməsinə təqdim etsə də, Rayon Məhkəməsi həmin sxemi nəzərə almamış və iddianı rədd etmişdir. Halbuki, həmin sxem nəzərə alınsa idi iddia təmin olunmalı idi.
32. Məhkəmə bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş həmin sxemdə, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşməsi ilə bağlı koordinatlar və istinad nöqtələri göstərilməmişdir.
33. Mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan verə biləcək sənədlərin əldə edilməsi məqsədi ilə Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Şəhər filialına müvafiq sorğular göndərilmişdir. Həmin sorğular icra edilməsi üçün həmin İdarələr tərəfindən Milli Arxiv İdarəsi Abşeron Rayon Dövlət Arxivinə göndərilmişdir.
34. Milli Arxiv İdarəsi Abşeron Rayon Dövlət Arxivi tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-48-İRA/2-715/24 saylı məktubda qeyd edilmişdir ki, Abşeron rayonu "xxxx" X1 sənədləri saxlanılması üçün arxivə təhvil verilməyib.
35. İddiaçının istinad etdiyi sxemdə iddiaçıya ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını göstərilməsə də, Məhkəmə, apellyasiya şikayətinin müzakirə edilən bu dəlilinin əsaslı olub-olmaması üçün iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 tərəfindən verilmiş vəsatəti təmin edərək, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
36. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə hazırkı qətnamənin 27ci bəndində qeyd edilən məzmunda xx.xx.2025-ci il tarixli, 10/7685 saylı rəy verilmişdir.
37. İşdə olan sənədlərdən göründüyü kimi, iddiaçının istifadəsinə 2 ha torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamda və sərəncama əsasən verilmiş, iddiaçının istinad etdiyi sxemdə həmin torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən məlumatlar daxil edilməmişdir. İddiaçı ona ayrılmış 2 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan verən hər hansı başqa sənədi (sənədləri) məhkəmələrə təqdim edə bilməmişdir. Eyni zamanda, torpaq sahəsinə Rayon Məhkəməsi tərəfindən keçirilən baxış zamanı da qeyd olunan məlumatları əldə etmək mümkün olmamışdır. Ekspert rəylərində əks olunan koordinatlar bilavasitə ekspertiza zamanı tərəflərin mütəxəssislərə və ekspertlərə göstərdikləri və cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsinin koordinatlarıdır. İddiaçıya ayrılmış torpaq sahəsinin məhz həmin koordinatlarda yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmur.
38. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması haqqında Sabunçu RİH başçısının xx.xx.2016-cı il tarixli, 164 nömrəli sərəncamı “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi ilə İddiaçı Maştağa qəsəbəsində torpaq sahəsinin ayrılması haqqında” adlansa da, sərəncamın şərh hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 322 nömrəli Qərarı (hazırda qüvvədə deyil) ilə dövlət mülkiyyətində olan torpaqlardan daimi istifadəyə və icarəyə verilməsinin Sabunçu RİH-yə həvalə edilməsinə istinad olunmuşdur. Lakin hökumətin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” həmin qərarının mətnindən aydın olur ki, Qərarın kənd təsərrüfatı təyinatlı torpaqlara aidiyyəti yoxdur və göstərilən Qərar Sabunçu rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Qərarın 1.1-ci bəndində göstərilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyəti “Pilot layihə” formatında 5 il müddətinə aşağıdakıları həyata keçirsin: mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini.
39. Göründüyü kimi, Sabunçu RİH sözügedən Qərara uyğun olaraq dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini yalnız tikinti məqsədi ilə həyata keçirə bilərdi. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikinti aparılmasına yol verilmədiyini isə nəzərə alsaq, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 322 nömrəli Qərarına istinad edilməklə ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması istisna olunur. İddiaçının hazırda cavabdehlərdən tələb etdiyi 2 ha torpaq sahəsi isə məhz kənd təsərrüfatı təyinatlıdır.
40. Beləliklə, iddiaçı ona ayrılmış 2 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini sübuta yetirə bilmədiyindən MPM-nin 77.1-ci maddəsinin tələbini nəzərə almış Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızdır.
41. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində həmçinin qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, həmin torpaq sahəsindən istifadə etmək üçün cavabdehlərin müvafiq sənədləri yoxdur. Bu isə özü-özlüyündə cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları üçün əsasdır.
42. Bununla bağlı Məhkəmə bildirir ki, qeyd edilən hal mövcud olub-olmamasından asılı olmayaraq iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddianın təmin edilməsinə zəmin yaratmır. Çünki yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçının qeyd etdiyi torpaq sahəsinin məhz ona aid olmasını sübuta yetirə bilmədiyindən hesab edilir ki, o, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarını tələb etmək üçün subyektiv hüquqa malik deyil.
43. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi
44. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Buna görə də Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
48. MPM-in 119.1-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə həmçinin hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri - 100 manat iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
49. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdehlər və üçüncü şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
50. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
51. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya icraatı iş üzrə keçirilmiş ekspertizanın xərci İddiaçı aid edilsin. Bu məqsəd ilə İddiaçı 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.