Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3030/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2, vəkili Vəkil, cavabdehin nümayəndələri Nümayəndə1 və X3, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin X1rşı işə bərpa və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmrin ləğv edilməsi və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş №2(001)-802/22) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18 sentyabr 2019-cu il tarixdə 111 saylı əmrlə Bakı Humanitar Kollecdə müddətsiz əmək müqaviləsi əsasında müəllim vəzifəsinə işə qəbul edilmiş, 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. Cavabdeh tərəfindən 14 sentyabr 2021-ci il tarixdə 177 saylı əmr verilmiş və onun çalışdığı vəzifənin (ştatının) ixtisar edildiyi barədə 23 sentyabr 2021-ci il tarixli, 77-04/02-112 saylı xəbərdarlıq məktubu ünvanına göndərilsə də, həmin məktubda onunla əmək müqaviləsinə xitam verilmə müddəti göstərilməmiş, işdən azad edilərkən Kollecdə fəaliyyət göstərən Həmkarlar Təşkilatının razılığı alınmamış, təşkilatın bu məsələ ilə bağlı keçirdiyi tədbirlərə də cəlb edilməmişdir. Cavabdeh əmrlə onu tanış etməmiş (göndərdiyi 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu ona 10 oktyabr 2021-ci il tarixdə təqdim olunmuşdur), 4 həftə tamam olmamış işdən azad edilmiş və xəbərdarlıq müddətində iş axtarmaq üçün vaxt verilməmişdir. Himayəsində 3 azyaşlı uşağı vardır və uşaqlarından biri xəstə kimi qeydiyyatdadır. Həmçinin həyat yoldaşı X9 ehtiyatda olan hərbi qulluqçudur. Həmin ixtisarla əlaqədar verilmiş əmrdə onun peşəkarlıq səviyyəsi, ixtisası nəzərə alınmamış, araşdırma aparılmamış, əmrin hansı zərurət nəticəsində verildiyi göstərilməmişdir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi məqsədilə 30 iyul 2021-ci il tarixli 58A/02-12 saylı məktub göndərilmişdir. Həmin məktuba Həmkarlar İttifaqı Komitəsi 10 sentyabr 2021-ci il tarixli 05 saylı məktubla cavab verərək öz münasibətini bildirmişdir. Xəbərdarlıq məktubu 23 sentyabr 2021-ci il tarixdə göndərilmiş, 24 sentyabr 2021-ci il tarixdə isə kollecin ixtisarın həyata keçirilməsinə nəzarət komissiyasının üzvləri (tədris işləri üzrə direktor müavini X6 inzibati - təsərrüfat işləri üzrə direktor müavini X7, baş mühasib X4, hüquqşünas X8 və İnsan Resursları və İnformasiya Şöbəsinin müdiri X10) tərəfindən kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ixtisarla bağlı xəbərdarlıq edilmiş və xəbərdarlıq bildirişləri rəsmi qaydada təqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da xəbərdarlıq məktublarını qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol verərək iclası tərk etmişlər. Eyni zamanda ərizədə iddiaçının xəbərdarlıq müddətində iş axtarmaq üçün vaxt verilməməsini qeyd etməsi absurddur. Çünki, iddiaçıya dərs yükü ayrılmamışdır. İddiaçının himayəsində 3 azyaşlı uşağının olması və uşaqlardan birinin xəstə kimi qeydiyyatda olması, eləcə də ərinin ehtiyatda olan hərbi qulluqçu olması Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. Həmçinin, iddiaçıya Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən öz ixtisasına uyğun müəllim vəzifəsi təklif edilmiş, lakin iddiaçı imtina etmişdir. İddiaçı 19 sentyabr 2019-cu il tarixli 111 saylı əmrlə “Metodika” fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin olunmuşdur. Lakin dərs yükünün hesablanması barədə əmrdə (16 sentyabr 2019-cu il tarixli 28 saylı) iddiaçı müəllim kimi “Pedaqogika” fənn birləşməsinə 501 saat dərs yükü ilə göstərilmişdir. 2019-cu ilin sentyabr ayında müddətsiz əmək müqaviləsi ilə işə qəbul edilmiş 47 müəllimdən biri iddiaçı olmuşdur. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olduğundan və qanunsuz şəkildə işə qəbul edildiyindən bu hal digər müəllimlərin dərs saatının azalmasına, yəni balansın pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə orta ixtisas təhsili pilləsinin dövlət standartı subbakalavriat səviyyəsinin ixtisas üzrə təhsil proqramı 2021-ci ildə yenidən hazırlanmış və həmin proqrama əsasən dərs yükü azaldılmışdır. Qeyd olunan bu hal işçilərin azaldılması zərurətini artırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən eyni məzmunlu dəlillərlə əsaslandırılmış və qeyd olunmuşdur ki, X5 Komitəsinə Təqdimatın verilməməsi Əmək Məcəlləsinin 80-ci maddəsinin pozuntusunu yaratmışdır. Həmkarlar İttifaqı Komitəsinə əsaslandırılmış təqdimat və onun əsaslılığını sübut edən sənədlər əlavə edilmədiyindən, Həmkarlar İttifaqı Komitəsi qanunun tələbini pozaraq onun və eləcə də digər işçilərin ixtisar adı altında qanunsuz və kütləvi şəkildə işdən çıxarılmalarına verdikləri qanunsuz razılıqla şərait yaratmışdır. Həmkarlar İttifaqı Komitəsi verilmiş siyahıdan 15 nəfər istisna olmaqla digər 76 nəfər işçinin işdən azad olmalarına məktubla, heç bir əsaslandırma aparmadan siyahı şəklində razılıq vermişdir. “İxtisar” siyahısı məktub şəklində 30 iyul 2021-ci il tarixində Həmkarlar İttifaqı Komitəsinə təqdim edilsə də, həmkarların 05 saylı cavab məktubu təqribən bir ay on gün sonra,10 sentyabr 2021-ci il tarixində verilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuş, Təqdimat əvəzinə siyahının göndərilməsi və cavabın verilməsi formal xarakter daşımış, qanunla nəzərdə tutulmuş cavabın vaxtında verilməməsi, işdən azad olunanların cüzi bir hissəsinə razılıq verilməməsi, əksəriyyətinə isə razılığın verilməsi, bu zaman hüquqi əsasların və səbəblərin göstərilməməsi “ixtisar” prosesinin korrupsiyaya şərait yarada biləcək vəziyyətdə keçirildiyini söyləməyə əsaslar yaradır. İşdə saxlanılmağı ilə bağlı digər güzəştli şərtlərə malik olmağı da nəzərə alınmayıb. Məhkəmə ümumiyyətlə iddia ərizəsindəki dəlillərə özünün subyektiv mövqeyindən yanaşmış, qanunla əsaslandırılmış Təqdimatın verilməsi tələb olunduğu halda, belə təqdimatın niyə verilməməsinə, Həmkarlar İttifaqı Komitəsinin verməli olduğu “razılıq” kollegial və əsaslandırılmış Qərar formasında olmalı olduğu halda, belə qərarın verilməməsinin səbəblərinə aydınlıq gətirməmiş, Həmkarlar İttifaqı Komitəsində işdən azad olunmağına dair keçirilməli olan iclasın keçirilməməsinin səbəblərinə, keçirilmişdirsə, onun iştirakının təmin edilməməsinə aydınlıq gətirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, onun işdən azad olunmağı Kollecdə guya idarəçilikdə hansısa “optimallaşdırma” ilə, ştatların ixtisarı və yaxud işçilərin sayının ixtisarı ilə yox, cavabdehin özünün də iclasda təsdiq etdiyi kimi, Təhsil nazirliyinin Kollecdə keçirdiyi yoxlama nəticəsində aşkar etdiyi nöqsanların aradan qaldırılması ilə bağlı 2021-ci il mart ayının 16-da tərtib edilmiş Arayışla bağlı olmuşdur. Həmin arayışa görə, guya 2019-cu ildə keçmiş rəhbərlik tərəfindən o və digər müəllimlər qanunsuz olaraq işə qəbul edilib. Məhkəmə əmrin qanuni əsaslarla verldiyi qənaətinə gəlsə də, təqdimatın və ona əlavə olunmuş sübutların Həmkarlar İttifaqı Komitəsinə verilməməsi, Həmkarlar İttifaqı Komitəsində ona münasibətdə əsaslandırılmış Kollegial qərarın qəbul edilməməsi, işdən azad olunmağına dair hazırlıq işlərinin onun iştirakı və xəbəri olmadan, məzuniyyət dövründə keçirilməsi onu deməyə əsaslar yaradır ki, məhkəmənin gəldiyi nəticə tam əsassızdır, qanunun tələblərinə uyğun olmayan, əmək hüquqlarımın pozulmasına yönəldilmiş, heç bir sübut əhəmiyyətinə malik olmayan sənədlərə istinad olunmaqla gəlinmiş nəticədir. İddiaçı, nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndələri apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, təmsil etdiyi qurum mübahisənin sülh yolu ilə həll olunmasının və iddiaçının işlə təmin edilməsinin tərəfdarıdır. Bu məqsədlə tərəflər arasında barışıq sazişi bağlanması təklif edilmiş, lakin tərəflər sazişin şərtləri ilə bağlı ümumi razılıq əldə edə bilməyiblər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən iddiaçı Kollecdə 16 sentyabr 2019-cu il tarixindən müəllim vəzifəsinə işə qəbul edilmiş və Kollec direktorunun 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi əmrin ləğv edilməsi və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədədir. Məhkəmə Əmək Məcəlləsinin 42, 70, 71.1, 77, 78, 80.1-ci maddələrinə və s. normalara istinad edərək iddia tələbini əsassız saymış və rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı işdən azad olunarkən Əmək Məcəlləsinin tələblərinə riayət edilmiş, öncədən həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, iddiaçıya bu barədə 4 təqvim həftəsi əvvəl xəbərdarlıq edilmiş və daha sonra onunla əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı işdə saxlanmağa üstünlük verilən şəxslərin siyahısına aid olsa idi belə, bu qayda işçilərin sayının azaldılması hallarına aiddir. İddiaçının vəzifəsinin ləğv edilməsi ilə bağlı hala gəldikdə, nəzərə alınmalıdır ki, ştat mövcud deyilsə, həmin vəzifədə işləmək də mümkün deyil. Bununla yanaşı, tərəflərin izahatlarından da aydın olur ki, iddiaçıya Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən öz ixtisasına uyğun olaraq başqa iş təklif edilmiş, lakin o, təklifi qəbul etməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı cavabdehin 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. İşdən həmçinin müəyyən olunur ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud olan 10.09.2007-ci il təvəllüdlü qızı vardır. İşin 10-cu vərəqində olan arayışdan görünür ki, 10.09.2007-ci il təvəllüdlü Məsimova Nuray Natiq qızı “iki tərəfli orta dərəcəli sensonevrol tip eşitmə azlığı. İnkişafın ləğngiməsi. Nitqin qüsuru” diaqnozu ilə Sumqayıt şəhəri 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində qeydiyyatdadır. Tibbi Sosial Ekspert Komissiyasında 06.04.2022-ci il tarixdə aparılan müayinə nəticəsində də 10.09.2007-ci il təvəllüdlü Məsimova Nuray Natiq qızının sağlamlıq imkanı məhdud uşaq olduğu təsdiq olunmuş və ona “eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi (anadangəlmə iki tərəfli). Koxlear nevrit neyrosensor ağır eşitmə 3-cü dərəcə (nadangəlmə nitqin pozulması) diaqnozu qoyulmuşdur. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz ititilməsinə görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır. Göründüyü kimi, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsinin ləğv olunması qadağan olunan işçilərin konkret dairəsini müəyyən etmişdir. Maddənin mübahisələndirilən əmr verilərkən qüvvədə olmuş redaksiyasına əsasən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsi ləğv oluna bilməz. Məhkəmə kollegiyası bu baxımdan cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmrini qanunsuz sayır və hesab edir ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək övladı olduğundan onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilməzdi. Məhkəmə iddianı rədd etməklə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də qətnamə ləğv edilməli və iddia təmin olunmaqla cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə 01.11.2021-ci il tarixli 302 saylı əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və məcburi işəburaxma müddətinə görə əmək haqqı işəgötürən tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. İşdən göründüyü kimi, İddiaçı iddia ərizəsində əmrin ləğv olunması və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əmrin ləğv olunması tələbi təmin olunduğundan iddiaçı həm də əvvəlki vəzifəsinə bərpa olunmalıdır və bu, MPM-nin 218.3cü maddəsinin tələbinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, əmrin ləğv edilməsi tələbi öz-özlüyündə işçinin vəzifəsinə bərpa olunmasını da ehtiva edir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də qətnamə ləğv olunmalı və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Apellyasiya baxışı zamanı mübahisənin sülh yolu ilə həll olunması ilə bağlı tərəflər arasında müəyyən danışıqlar getsə də, tərəflər ümumi razılığa gələ bilməmiş və işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 noyabr 2021ci il tarixli, 302 saylı əmri ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və məcburi işəburaxma müddətinə görə əmək haqqı işəgötürən tərəfindən ona ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3030/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3030/2022
01.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver