Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3030/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X4 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-3030/2024 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi və ərazinin istifadəyə qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndə-vəkili Vəkil iştirakı ilə İddiaçı “X4 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-44/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “X4 Kompani S.A.” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx.xx.2005-ci il tarixli “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən həmin Saziş qanun statusu əldə etmişdir. Qanunun 2.1-ci maddəsinə əsasən ARDNŞ “X4 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür.
2. Qeyd olunan Sazişə əsasən “X4 Kompani S.A” Şirkətinin istismarında olan ünvan 1 ünvanında 417819.00 m B 4475545.00 m C koordinatlar üzrə cavabdeh tərəfindən qanunsuz tikili inşa edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı “X4 Kompani S.A.” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 417819.00 m B 4475545.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** N°-li hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, “X4 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X4 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X4 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X4 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X4 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququmuz mövcuddur. Son illər istifadəmizdə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması bizim qanunla qorunan hüquqlarımızı pozur və mənafelərimizə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdeh iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X4 Kompani S.A.” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən, ünvan 1 417819.00 m B 4475545.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-44/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimTural Məmmədov) iddianın təmin edilməsi, ünvan 1, 417819.00 4475545.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsiin iddiaçı "X4 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaitinin cavabdehdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 33 və 71-ci maddələri, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 157.2, 158, 180.1, 180.2, 180.4 və 241-ci maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46 və 111-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətlərinin dəlilləri
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin ona və bir neçə başqa şəxsə verilməsi Suraxanı rayon İB-nın qəsəbə nümayəndəsinin İB-na ünvanladığı №50 saylı xx.xx.1994-cü il tarixli məktubu ilə öz təsdiqini tapır. Yəni o, özbaşına deyil, dövlət orqanının qərarına etimad göstərərək oranı hasara almış və istifadə etməyə başlamışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində deyil, yalnız istifadəsindədir.Bu hüquqi şəxs yaradılmamışdan 15 il öncə o, həmin torpaq sahəsindən istifadə edir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndə-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh izahatında əlavə olaraq təsdiqləmişdir ki, mülkiyyətində fərqli fərdi yaşayış evi var və orada oğlunun ailəsi yaşayır.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, hazırda cavabdeh tərəfindən qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olması ilə bağlı təcili hal mövcud olmasa da, sonradan belə bir halın yaranması istisna deyil.
12. Apellyasiya baxışı zamanı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış həmin üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
15. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
19. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
20. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
21. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
22. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
23. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
24. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat,rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
32. Hazırki apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Kollegiya apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya bu mövqeyini belə açıqlayır ki, mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvi üçün mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri müəyyən edilməmişdir.
35. Belə ki, iş materiallarında olan “X4 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X4 Kompani S.A” şirkəti fəaliyyət göstərir.
36. “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə 4 saylı neftqaz çıxarma sexin ərazisində olan Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsi ünvanında Cavabdeh tərəfindən 12000 kv.m olan sahədə təxminən 20 kv.m ölçüdə daş konstruksiyalı yarımçıq tikili və dam örtüyü işlərinin aparılması aşkar edilmiş, onun tərəfindən tikintiyə dair müvafiq sənəd təqdim edilməmiş və ona xəbərdarlıq edilməsinə baxmayaraq tikintini tamamlamış və dam örtüyünü vurmuşdur.
36. Yeni Suraxanı qəsəbəsi İHB-nın nümayəndəsi tərəfindən Suraxanı rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış xx.xx.1994-cü il tarixli məktubdan görünür ki, arasında Cavabdeh da adının olduğu qəsəbə vətəndaşlarına torpaq sahəsinin ayrılmasına dair sərəncam və akt verilməsinə kömək göstərilməsi ilə bağlı xahiş edilmişdir.
37. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh yaşadığı ünvanda kommunal xidmətlərlə bağlı müvafiq ödənişlər və eyni zamanda torpaq sahəsi ilə əlaqədar vergi ödənişləri etmişdir.
38. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində fərqli fərdi yaşayış evi vardır.
39. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsi dörd tərəfdən mişar daş hasarla sərhədlənmişdir. Faktiki torpaq sahəsi 1700.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi daxilində yerləşir. (Suraxanı Oil)
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7514 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin imzası ilə təsdiqlənmiş məktubda qeyd edilir ki, baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 1700.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi daxilində yerləşir. Eyni zamanda sahənin qeydiyyatı barədə məlumat aşkar olunmamışdır. (qərardadın 1-ci, 2-ci və 3-cü sualları üzrə). Baxış zamanı tikilinin yaxın ətrafında neft quyusu və işlək vəziyyətdə olan neft-qaz sənayesinə aid qurğu aşkar edilməmişdir. (qərardadın 4-cü sualı üzrə)
41. Kollegiya qeyd edir ki, ARDNŞ ilə bağlanmış Saziş əsasında qanunsuz yaşayış yerlərinin yerləşdiyi torpaq sahələrinə müstəsna hüquq əldə etmiş şirkətlər (operator şirkətlər) tərəfindən özbaşına tikilmiş yaşayış yerlərinin sökülməsi ilə bağlı qaldırılmış iddialar üzrə yekun məhkəmə qərarı qəbul edərkən və qərarın icra mexanizmini müəyyən edərkən aşağıdakı məsələlər araşdırılmalıdır. Buraya evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və digər diqqətəlayiq hallar aid edilə bilər. Bundan başqa, qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmaması məsələsi ətraflı araşdırılmalıdır. Belə araşdırma özlüyündə qərar qəbul edən məhkəməyə imkan verəcəkdir ki, vətəndaşın şəxsi şəraitinin hallarını nəzərə almaqla müdaxilənin (söküntünün, çıxarılmanın və s.) mütənasibliyini təmin edə bilsin və onun yaşayış yerinə müdaxilənin adekvat şəkildə yenidən baxılmasına imkan verən proseduru təsbit etsin.
42. Avropa Məhkəməsi, Konvensiyanın 8-ci maddəsinin pozuntusunu mənzilin toxunulmazlığına hörmət kontekstində təsbit etdiyi qərarlarında, o cümlədən “Əhmədova Azərbaycana qarşı” işi üzrə qərarında yuxarıda qeyd edilən halların araşdırılmaması ilə qəbul edilmiş qərarın icra olunması durumunda Konvensiyanın 8-ci maddəsinin pozulacağını bəyan etmişdir. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.
43. İşdə olan sübutlar əsasında məlum olur ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qeyd edilən hallar isə torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilərək orada inşa edilən tikilinin özbaşına tikinti olması faktını təsdiq edir.
44. Kollegiya qeyd edilən işin faktiki hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuş və belə olan halda iddiaçının cavabdehə münasibətdə istifadəsində olan torpaq sahəsini qanunsuz müdaxilədən qorumaq hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur.
45. Bundan başqa iddianın “torpaq sahəsinin istifadəyə qaytarılması” hissəsi ilə əlaqədar kollegiya Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən qeyd edir ki, mülkiyyət hüququnun (titul sahibliyinin) vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdənmüəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.
46. Hazırki işdə iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka qanuni şəkildə sahiblik edən şəxsdir. AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur və həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda cavabdeh faktiki istifadəsində olan qanunsuz zəbt etdiyi torpaq sahəsini bütövlükdə iddiaçının istifadəsinə qaytarmalıdır.
47. Kollegiya bildirir ki, hazırki baxılan işdə nəzərə alınmalıdır ki, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair və cavabdehin başqa yaşayış yerinin olub-olmamasına dair dəlillər üzrə araşdırma aparmalı, bu halların mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.
48. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf mübahisəli ərazidə neft-qaz əməliyyatlarının aparılmasının təcililiyinə dair hər hansı sübut təqdim etməmişdir. Üstəlik, məhkəmə iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında da cavabdehin faktiki istifadəsində olan ərazinin belə əməliyyatlar üçün təcili lazım olmadığını bildirmişdir. Cavabdehin başqa yaşayış yerinin olub-olmamasına gəlincə isə, məhkəmə tərəfindən onun mülkiyyətində fərdi yaşayış evinin olduğu müəyyən edilsə də, cavabdeh məhkəməyə verdiyi izahatında orada oğlunun ailəsi ilə birgə yaşadığını bildirmişdir.
49. Beləliklə, tikilinin sökülməsi və torpaq sahəsinin istifadəyə qaytarılması tələbinin icrasının təcililiyi ilə bağlı zərurət olmadığından kollegiya hesab edir ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı anda icra edilməlidir.
50. Cavabdehin apellyasiya şikayətinin “torpaq sahəsində tikilini dövlət orqanının qərarı əsasında inşa etməsi” barədə dəlillərinə münasibətdə isə kolegiya qeyd edir ki, iş materiallarında bu halı təsdiq edəcək hər hansı sübut aşkar edilməmişdir, bu səbəbdən həmin dəlillər formal mülahizələr hesab olunaraq əsassızdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
55. Qeyd edilənlər əsasında kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-44/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə “X4 Kompani S.A” Şirkətinin istismarında olan ünvan 1 ünvanında 417819.00 m B 4475545.00 m C koordinatlar üzrə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova