Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3034/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4697/2020 xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının, övladları Nilay, Gülay və Raulun Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 28 saylı evin 10 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 2013-cü ildə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 513 saylı aktla Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olandan sonra iddiaçı cavabdehin anası X3 məxsus Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 28 saylı evin 10 saylı mənzilinə gəlin köçmüşdür. Həmin mənzil dörd otaqdan ibarətdir. Mənzilin bir otağı, dəhlizi və mətbəxi onların, qalan üç otağı isə iddiaçının baldızı Reyhanın istifadəsindədir. Tərəflərin birgə nikahından xx xxxxxxxx 2014-cü il təvəllüdlü Nilay, xx xxxxxxx 2015-ci il təvəllüdlü Gülay və xx xxxxxx 2018-ci il təvəllüdlü Raul adlı üç övladları doğulmuşdur. İddiaçı gəlin köçdüyü mənzildə daimi olaraq əri və uşaqları ilə birgə yaşamışdır. Həmin evdə hal-hazırda iddiaçının keçmiş əri, onun bacısı X4, onların qohumu X7, tərəflərin övladları Nilay, Gülay və Raul qeydiyyatdadırlar. Hal-hazırda iddiaçı və cavabdehin xx xxxxxx 2020-ci il tarixdən nikahları pozulmuşdur. Məhkəmənin qərarı ilə üç azyaşlı uşaqları iddiaçının himayəsinə verilmişdir. Həmin mənzil üzərində heç bir mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Tərəflərin nikahı pozulduqdan sonra cavabdehin tələbi ilə iddiaçı uşaqlarını da götürüb, həmin mənzildən çıxıb ata evinə sığınmışdır. Qayınanası 2014-cü ildə vəfat etmişdir, sözügedən mənzilin faktiki sahibi cavabdehdir. İddiaçı həmin mənzilə gəlin köçdükdən nikahları pozulana qədər mənzilin kommunal xərclərini iddiaçının valideynləri ödəmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4697/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Aygün Həsənova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4697/2020 xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həmin mənzilə dair istifadə hüquqlarının əyani sübutu kimi kommunal xərclərin cavabdeh tərəfindən deyil, iddiaçının valideynlərinin hesabına ödənilsə də məhkəmə icraatı zamanı bu kimi hallar göz ardı edilmişdir. Bütün bunlar iddiaçının həqiqətən də həmin mübahisəli mənzildə ailəsi ilə birlikdə uzun müddət ərzində yaşamağını təsdiq edir. Bununla bağlı sübut qismində çıxış edən zəruri sənədlər Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə tərəfindən sözügedən mülki iş üzrə araşdırılma çox səthi aparılaraq cavabdehin xeyrinə ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Halbuki, iddiaçı xx xxxxx 2013-cü il tarixində Cavabdeh ilə rəsmi nikaha daxi olmuşdur. Bu vaxtdan etibarən iddiaçı həmin mübahisəli mənzildə yaşamış və hətta iddiaçıya məxsus cehiz əşyaları da həmin mənzildə yerləşdirilmişdir. Bundan başqa, qaynanası dünyasını dəyişsə də mübahisəli mənzil faktiki olaraq hələ də Cavabdeh mülkiyyətindədir. 2014-cü ildən, yəni qaynanası dünyasını dəyişdikdən sonra da həmin mənzildə uzun müddət cavabdehlə birgə yaşamış və birgə nikah dövründədə birgə təsərrüfat aparmış və hətta həmin mübahisəli mənzilin təmiri iddiaçının atasının hesabına həyata keçirilmişdir. Məhkəmə tərəfindən bu kimi hallara düzgün hüquqi qiymət verilməyərək ədalətsiz qətnamənin qəbul edilməsi ilə yekunlaşmışdır. Qətnamədə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən həmin mənzilin mülkiyyətə qəbul edilməməsi faktiki olaraq tərəflərin orada istifadə hüququnun mövcud olmamasına dəlalət edir. Halbuki, iddiaçının üç azyaşlı övladları doğulan gündən orada qeydiyyatdadırlar və həmin mənzildə yaşamışlar. 2014-cü ildən etibarən bu günə qədər mübahisəli mənzilə dair mülkiyyət hüquqlarını faktiki olaraq Cavabdeh həyata keçirir. Faktiki sahib qismində Cavabdeh çıxış etdiyindən ailə üzvləri qismində iddiaçı və övladları mübahisəli mənzilə dair istifadə hüquqlarına malik olmaq və həmin mənzilə köçürülmə hüququ əldə etməsi qanunauyğundur. Bütün bunlar məhkəmə tərəfindən iddiaçının övladlarının və iddiaçının konstitusiya ilə təsbit olunmuş hüquqlarının kobud surətdə pozulmasının bariz nümunəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 -ci maddəsinin tələblərinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd olunan normaya uyğun olaraq övladları Nilay, Gülay və Raul doğulduğu andan etibarən həmin mənzildə qeydiyyatdadırlar və onlar cavabdehlə faktiki olaraq həmin mənzildə yaşadığınından övladları və iddiaçı həmin mənzildən istifadə hüququ əldə etməklə həmin mənzilə köçürülməli idi. Bütün bunlara əsasən Xətai Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaçının prosessual və maddi hüquqları kobud şəkildə pozulmuş və nəticədə tamamilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Hüquqi dəyərləndirmə: İşin mübahisələndirilməyən hallarına əsasən, iddiaçı cavabdeh ilə xx xxxxx 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq sonuncunun anasına məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi, 28 saylı evin 1 saylı mənzilinə gəlin köçmüş, birgə nikahlarından onların xx xxxxxxxx 2014cü il tarixdə Nilay, xx xxxxxxx 2015-ci il tarixdə Gülay və xx xxxxxx 2018-ci il tarixdə Raul adını verdikləri uşaqları dünyaya gəlmiş, 2020-ci ilə qədər həmin evdə yaşayan iddiaçı bu tarixdən sonra münasibətləri pisləşdiyi üçün evdən getmiş (iddiasına görə qovulmuş), onunla cavabdehin arasındakı nikah Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı mübahisəli mənzildə pasport qeydiyyatında deyildir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi, ev 28, 10 saylı mənzil xx xxxxxxx 1999-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X5 xx xxxxxx 2014-cü ildə vəfat etmişdir. Hazırda iddiaçı övladları ilə birlikdə mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək ona istinad etmişdir ki, Mülki Məcəllənin 228.5, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə əsasən, iddiaçı mülkiyyətçinin ailə üzvü və ya digər qohumu olmadığından onun həmin mənzilə istifadə hüququ yarana bilməz. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının apellyasiya şikayəti və iddia tələbi təmin edilməli, iddiaçı üç övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Belə ki, iş materiallarına və iddiaçının kollegiya iclasındakı ifadəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı övladları ilə birlikdə atasının evində yaşayır və hazırda həmin ev kiçik olduğundan, həmçinin ailə tərkibi böyük olduğundan oların həmin evdə yaşamağa davam etməsi üçün mənzil şəraiti yoxdur. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İş materiallarında olan MAPS arayışından (i.v. 14) görünür ki, uşaqlar Mehdiyeva Nilay, Mehdiyeva Gülay və Mehdiyev Raul Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi, ev 18, mənzil 10-da qeydiyyatdadırlar. Bu səbəbdən, uşaqlar qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 28 saylı evin 10 saylı mənzilə köçürülməlidir. Hazırki iş üzrə iddiaçının övladlarının müvafiq olaraq 2, 4 və ən böyüyünün 6 yaşı olduğunu, başqa yerdə qalmaq imkanlarının olmadığını, atalarının yaşadığı ünvanında qeydiyyatda olmalarını və mənzil şəraitini nəzərə alaraq, kollegiya qeyd edir ki, uşaqların qayğısına qalınması baxımından ananın (iddiaçının) onların yanında olması uşaqların mənafeyi üçün məqsədəmüvafiqdir. Eyni zamanda, Ailə Məcəlləsinin 61.1-ci maddəsinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Qeyd olunan hüquq normalarına, işin hallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilərək, iddiaçı azyaşlı övladları Nilay, Gülay və Raul ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 28 saylı evin 10 saylı mənzilinə istifadə hüquqları tanınmalı və həmin mənzilə köçürülməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4697/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4697/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı X2 övladları X8, X9 və X13 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 28 saylı evin 10 saylı mənzilinə istifadə hüquqları tanınsın və həmin mənzilə köçürülsünlər. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3034/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3034/2021
02.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver