Məhkəmə qərarları › İş №2(103)-3036/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3036/2022

21.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3036/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2(004)-597/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19398,72 manat məbləğində pulun MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh 05 yanvar 2015-ci il tarixdə MMC-də hüquq işləri üzrə menecer vəzifəsinə qəbul olunaraq həmin tarixdə onunla 258 saylı əmək müqaviləsi bağlanmış və əmək fəaliyyətinə başlamışdır. MMC-nin 17 dekabr 2018-ci il tarixli 131 saylı əmrində qeyd olunmuşdur ki, kommersiya fəaliyyətində işlərin optimallaşdırılması və səmərəliyin yüksəldilməsi, eləcə də iddiaçıya hüquqi dəstəyin təqdim edilməsinin səlahiyyətli kənar hüquq şirkətlərinə həvalə edilməsi səbəbindən Hüquq departamentindəki ştatların ixtisarına başlanmışdır. Bu əsasla Hüquq departamentindəki işçilərin sayı və ştatların ixtisarı və orada çalışan əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı 18 dekabr 2018-ci il tarixli əmr verilmişdir. Əmrdə qeyd olunmuşdur ki, hüquq departamentinin rəhbəri Cavabdeh əmək müqaviləsinə 15 yanvar 2019-cu il tarixdə xitam verilsin. Cavabdeh həmin əmrlə razılaşmayaraq Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 18 dekabr 2018-ci il tarixli 25 saylı əmrin ləğv edilməsini və digər tələblərin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh Abşeron Rayon Məhkəməsinə iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək qeyd edilən əmrin icrasının dayandırılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-6538/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş və İddiaçı MMC-nin 18.12.2018-ci il tarixli, 25 saylı əmrinin icrası iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənə kimi dayandırılmışdır. Bu səbəbdən iddiaçı 18.12.2018-ci il tarixli 25 saylı əmrin icrasının dayandırılması barədə 14.01.2019-cu il tarixdə əmr vermişdir və cavabdehlə əmək münasibətlərini davam etdirməyə məcbur olmuşdur. MMC-nin baş direktorunun 11.03.2019-cu il tarixli, 01-S/HR saylı əmrinə əsasən müəssisədə işçilərin işə davamiyyətini yoxlamaq məqsədilə keçirilmiş yoxlama nəticəsində quraşdırılmış elektron buraxılış nəzarət sisteminin çıxarışına əsasən müvafiq iş günləri ərzində cavabdehin işə gəlməməsi, evdən gec gəlməsi, iş vaxtı yerində olmadığı aşkar olunmuşdur. 19.03.2019cu il tarixli 01 saylı əmrlə hüquq departamentinin rəhbəri Cavabdeh sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçının 12.04.2019-cu il tarixli, 12T/HR nömrəli əmri ilə Cavabdeh ilə bağlanmış 398 saylı, 31 mart 2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli 2(105)- 458/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin hüquq işlər üzrə departamentinin rəhbəri vəzifəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18.12.2018-ci il tarixli əmrinin icrası iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənə kimi dayandırılsın” hissəsində ləğv edilmişdir. Qərardadda qeyd olunmuşdur ki, “İddiaçı Cavabdeh birinci intansiya məhkəməsinin iclasında təqdim etdiyi iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müəyyən olunur ki, iddiaçı cavabdeh İddiaçı MMC-nin hüquq işləri üzrə departamentinin rəhbəri vəzifəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı 18 dekabr 2018-ci il tarixli əmrinin ləğvi ilə bağlı iddia tələbindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh İddiaçı MMC-nin Hüquq işləri üzrə departamentinin rəhbəri vəzifəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18.12.2018-ci il tarixli əmrinin ləğvi ilə bağlı iddia tələbindən imtina etdiyindən qeyd edilən iddianı təmin etmə tədbirinə qanuni əsas və zərurət aradan qalxmışdır. Belə olan halda cavabdeh İddiaçı MMC-nin 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrin icrasının dayandırılması barədə məhkəmənin qərardadı ləğv olunmalıdır. Cavabdeh İddiaçı MMC-nin həmin əmrin icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulan hərəkətləri icra etmək hüququ vardır.” İddiaçı MMC hüquq işləri üzrə departamentinin rəhbəri Cavabdeh vəzifəsinin ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı 18 dekabr 2018-ci il tarixli əmrinin icra olunması barədə 28 oktyabr 2020-ci il tarixli 28 T/HR saylı əmr vermişdir. Cavabdeh İddiaçı MMC-də tutduğu vəzifə 17 dekabr 2018-ci il tarixli, 131 saylı əmrlə ixtisar olunmuşdur və cavabdehin əmək müqaviləsinə 15.01.2019-cu il tarixdən xitam verilmişdir. Beləliklə, İddiaçı MMC-nin 25 saylı, 18.12.2018-ci il tarixli əmri yalnız 28.10.2020-ci il tarixdə icra olunmuşdur və həmin əmrə əsasən tələbkarla bağlanmış əmək müqaviləsinə 15.01.2019-cu il tarixdən xitam verilmişdir. Qeyd edilən əmrin gec icra olunması cavabdehin ərizəsinə əsasən tətbiq edilən əsassız iddianı təmin etmə tədbiri olmuşdur. Həmin əsassız iddianı təmin etmə tədbiri nəticəsində Cavabdeh 15 yanvar 2019-cu il tarixdən 12 aprel 2019-cu il tarixədək əsassız olaraq iddiaçıdan hər ay aldığı əmək haqqını geri qaytarmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2(004)- 597/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində işin faktiki halları sadalanmaqla göstərilmişdir ki, məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi qanunsuz və əsassızdır. Qanunun tələbini nəzərə alaraq MMC tərəfindən 12.10.2021-ci il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və bununla iddia müddətinin axımı dayandırılmışdır. Həmin vaxt iddia müddətinin bitməsinə 16 gün qalırdı. Mediasiya Şurası tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15.11.2021-ci il tarixli arayış 17.11.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. 17.11.2021-ci il tarixdə iddia müddətinin axımı bərpa olunmuş, 03.12.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin 18.12.2018-ci il tarixli, 25 nömrəli əmrinə əsasən Cavabdeh ilə bağlanılmış 31.03.2017-ci il tarixli əmək müqaviləsinə 15.01.2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi və Cavabdeh son haqq-hesab hesablanaraq ödənilməsi əmr edilmişdir. İddiaçı MMC-nin 14.01.2019-cu il tarixli, 26/O nömrəli əmrinə əsasən İddiaçı MMCnin 18.12.2018-ci il tarixli, 25 nömrəli əmrinin icrası Abşeron Rayon Məhkəməsinin 2(012)- 6538/2018 saylı 21.12.2018-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı MMC-nin 28.10.2020-ci il tarixli, 28 T/HR nömrəli əmrinə əsasən 18.12.2018-ci il tarixli, 25 nömrəli əmrinin icra olunması, Cavabdeh əmək müqaviləsinin 15 yanvar 2019-cu il tarixdə xitam olunmuş hesab edilməsi və Cavabdeh 15.01.2019-cu ildən 12.04.2019-cu il tarixdə kimi olan dövr ərzində aldığı əmək haqqının geri qaytarılmasının ondan tələb edilməsi əmr edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 04.10.2021-ci il tarixli, 1057 nömrəli arayışın surətindən müəyyən edilir ki, Cavabdeh 14.01.2019-cu ildən 12.04.2019-cu il tarixədək olan dövrü əhatə edən qazancları və şirkət tərəfindən ödənilmiş bütün məbləğlər barəsində məlumatlar arayışa əlavə edilmiş 1 nömrəli qoşmaya əsasən cəmi 19368,72 manat təşkil edir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı MMC-nin 18.12.2018-ci il tarixli, 25 nömrəli əmrinə əsasən Cavabdeh ilə bağlanmış 31.03.2017-ci il tarixli əmək müqaviləsinə 15.01.2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi və Cavabdeh son haqq-hesab hesablanaraq ödənilməsi əmr edilmişdir. Lakin əmrin icrası Cavabdeh iddianı təmin etmə tədbiri barədə ərizəsi əsasında Məhkəmənin qərardadı ilə müvəqqəti dayandırılmışdır. Lakin sözügedən qərardad 28 oktyabr 2020-ci ildə ləğv edilmişdir. İddiaçı MMC-nin 28.10.2020-ci il tarixli, 28 T/HR nömrəli əmrinə əsasən 18.12.2018-ci il tarixli, 25 nömrəli əmrinin icra olunması, Cavabdeh əmək müqaviləsinin 15 yanvar 2019-cu il tarixdə xitam olunmuş hesab edilməsi və Cavabdeh 15.01.2019-cu ildən 12.04.2019-cu il tarixə kimi olan dövr ərzində aldığı əmək haqqının geri qaytarılmasının ondan tələb edilməsi əmr edilmişdir. Hazırda iddiaçı cavabdehin 15.01.2019-cu ildən 12.04.2019-cu il tarixə kimi olan dövr ərzində cavabdehə ödənilmiş cəmi 19398,72 manat məbləğində əmək haqqının cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi qənaətinə gələrək, iddianı rədd etmişdir. Kollegiya hesab edir ki, iddia müddətinin ötürülməsi barədə məhkəmənin qənaəti yalnış olmuşdur. Belə ki, apelyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, 12.10.2021-ci il tarixdə cavabdehə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15.11.2021-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 9 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. Sonuncu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. X1 tərəfindən ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, həmin arayış iddaçıya rəsmən 17.11.2021-ci il tarixdə təqdim edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Hazırki iş üzrə başlanmış iddia müddətinin axımı iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklifin cavabdehə göndərilməsi ilə 12.10.2021-ci il tarixdə dayandırılmış və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15.11.2021-ci il tarixli arayış rəsmən təqdim edildiyi 17.11.2021-ci il tarixdən iddia müddətinin axımı bərpa olunmuşdur. İddiaçı isə nəzərdə tutulmuş müddət daxilində 03.12.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmənin qətnaməsi ləğv edilməlidir. Buna baxmayaraq, Kollegiya hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh həmin müddət ərzində işə getmiş və MMC-də işləmişdir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi, iddiaçının tələb etdiyi pul məbləği cavabdehə gördüyü işə görə qanunvericiliyin tələbinə əsasən ödənilmiş əmək haqqıdır. Hazırda iddiaçının həmin pulu geri tələb etməsi yolverilməzdir. Odur ki, hazırki iddia tələbi rədd edilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.02.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12.04.2019-cu il tarixli əmr qanunsuz hesab edilmiş və ləğv edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-597/2022 saylı iş üzrə 01 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar