Məhkəmə qərarları › İş №2(103)-3038/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3038/2025

03.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3038/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, Cavabdeh4 nümayəndəsi Səfərov X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhər 53 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi, tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 511/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhər 53 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi, tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” barədə tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh4 verilmiş xx.xx.2011-ci il tarixli MA ******* saylı çıxarışın, Cavabdeh3 verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, müqavilənin icrasına dönüş edilməsi, həmin torpaq sahəsində inşa edilmiş evin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 hesabına sökülüb ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli 653 saylı sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmiş, ayrılan yer mərzlənərək hasara alınmış, həmin vaxtdan qanuni istifadəsində olmuşdur. Ona mübahisələndirilən torpaq sahəsinə Səbail RİH-ti və yerli Badamdar qəsəbə nümayəndəliyi tərəfindən hər iki təşkilatın möhürü ilə və səlahiyyətli şəxslərinin imzası ilə təstiq olunan 17 noyabr 2008-ci il tarixli, 240 saylı yerləşmə cizgisidə verilmişdir. Ətrafda isə dost və qohumlar torpaq alaraq yerləşmişlər. 2013-cü ildə iddiaçıya məlum olmuşdur ki, onun 2 sot yeri və ümumi istifadədə olmaqla kommunikasiyaların keçdiyi 4 sot yol Fərhad Nağıyev tərəfindən cavabdehlərdən Cavabdeh3 adına əldə etdiyi saxta sənədlərlə 19 iyul 2011-ci il tarixli, № 2-inz (81) 808/2011 saylı məhkəmə qərarına əsasən mülkiyyət hüququnu qeydə aldırmış, bundan sonra digər cavabdeh Təranə xanım Hüseynovaya satmşdır. Müqavilə 53 saylı Notariat Ofisində 25 oktyabr 2011-ci ildə, 4-Ə-1-237 reyestr nömrəsi ilə təstiq edilmişdir. Daha sonralar başqa məzmunlu iddia araşdırmaları və başlanan cinayət işinin istintaqı zamanı bəlli olmuşdur ki, cavabdehlərdən Cavabdeh3 200 manat müqabilində Fərhadın sürücüsü qismində bu proseslərdə iştirak edən X6 27 dekabr 2008-ci il tarixində etibarnamə vermiş, sonuncu da onun adından Fərhad Nağıyevə etibarnamə vermiş, ön tarixə saxta sənədlər tərtib edilərək 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş, Ərazi İdarəsi torpaq sahəsinə Cavabdeh3 aidiyyətinin olmamasını bildirməklə rəsmən hüquqların qeydiyyatından imtina etmişdir. Bundan sonra F.Nağıyev Cavabdeh3 adından məhkəmədə iddia qaldıraraq məhkəmə qərarı almağa nail olmuş və yeri satmışdır. Onda bəlli olmuşdur ki, yerin 2 sotu iddiaçıya məxsus olsa da qalan 4 sotu ümumi istifadədə olan yol olmuşdur. Həmin iş üzrə cavabdeh 1 saylı Bakı şəhər Ərazi İdarəsi isə apellyasiya şikayəti verməmişdir. Bu qərara əsasən Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydə alınmaqla ona ******* nömrəli çıxarış verilmişdir. Hələ 2014-cü ildə iddiaçının başqa məzmunlu iddiası üzrə araşdırma aparılarkən sənədlərdən Cavabdeh3 adına tərtib edilmiş yerləşmə cizgisinin saxtalığı üzə çıxdığından iddiaçı tərəfindən maraqlarına toxunan şəxs kimi 3-cü şəxs kimi tanınmağına, Bakı 1 saylı İnzibati İqtisad məhkəməsinin Cavabdeh3 iddiası üzrə qəbul etdiyi 19 iyul 2011-ci il tarixli, № 2-inz (81) 808/2011 saylı qərarın yeni açılmış hallara görə ləğv ediilməsinə dair ərizə ilə qərarı çıxaran hakimə müraciət edilmiş, Bakı 1 saylı İnzibati İqtisadi məhkəməsinin sabiq hakimi Q.R.Abbasovun 06 may 2014-cü il tarixli, № 2-1 (81) 395/2011 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı 3-cü şəxs kimi işə cəlb olunmaqla işin icraatı təzələnmişdir. Daha sonra həmin məhkəmənin icraatında olan 2-1 (81)-38/2015 saylı başqa iddiaya baxılıb nəticə verilənə kimi icraat dayandırılmış, 2018-ci ildə icraat təzələnmiş, nəticə etibarı ilə iddiaçı Cavabdeh3 məhkəmə iclaslarına dəfələrlə gəlmədiyi üçün onun hərəkəti iddiadan imtina kimi qiymətləndirilmiş,onun adından qaldırılmış iddianın icraatına 08 may 2018-ci il tarixli 2-1(81)-16\2018 saylı qərardadla xitam verilmişdir. Qərardad Apellyasiya instansiyası tərəfindən yoxlanmış, qanuni qüvvəyə minmişdir. Bu qərardaddan sonra Cavabdeh3 mülkiyyət hüququnun ləğv edilib-edilməməsi iddiaçıya bəlli olmadığından qərardadın surəti əlavə edilməklə dəfələrlə sorğu ilə Ərazi İdarəsinə müraciət edilmişdir. Sonuncu sorğuya verilən 24 may 2024-cü il tarixili, 3-21-3- 30\2- 19439\2024, **********39 saylı cavabda MPM-nin 236-1.1-ci maddəsinə istinad edilərək göstərmişdir ki, belə vəziyyətdə qərardadı qəbul etmiş məhkəmə icraada dönüş edilməsi barədə tədbir görməlidir. Bundan sonra iddiaçı yenidən məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 3 iyul 2024-cü il tarixli, 2-1 (81)-16\2018 saylı qərardadı ilə icraada dönüş edilməklə, Cavabdeh3 mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 01 noyabr 2024-cü il tarixli, 3-21-3-30\2-H-0189\xx-xx-2024,**********41 saylı cavab məktubunda göstərilir ki, məhkəmənin 3 iyul 2024-cü il tarixli qərardadı əsasında qeydiyyat aparılaraq Cavabdeh3 mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmişdir. Lakin həmin torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən hazırda Cavabdeh4nın mülkiyyətindədir. Nəhayət 10 ildən artıq davam edən mübarəzədən, get-gəldən sonra mübahisələndirilən torpaq sahəsinin heç vaxt Cavabdeh3 olmaması, mülkiyyət hüququnun ləğv edilməsi, alqı-satqı müqaviləsinin yalançı olması öz təstiqini tapmışdır. Araşdırmalar zamanı oda bəlli olmuşdur ki, Cavabdeh3 adına tərtib olunmuş 30 dekabr 2007-ci il tarixli, 320 saylı yerləşmə cizgisindəki Badamdar qəsəbə nümayəndəliyinin ştampı hələ 2005-ci ildə dövriyyədən çıxarılaraq məhf edilmiş ştampın əksi olmuş, 2007-ci ildə nümayəndəliyin başqa ştampı olmuşdur. Sənədin tarixini iddiaçının 2008-ci ildə tərtib edilmiş yerləşmə cizgisindən önə qoymaq zərurəti olduğundan 2007-ci ilin sonunda, iş günü olmayan gün son qeydiyyat kimi kitaba qeydə almışlar. Ədliyyə Nazirliyinin MME-nın 20849 saylı, 7.11.2014-cü il tarixli rəyində Cavabdeh3 arayışının yəni yerləşmə cizgisinin saxta olduğu bir daha öz təsdiqini tapdı. Ekspert rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş 320 saylı, xx.xx.2007-ci il tarixli çizgi eskiz lahiyəsi blankının yuxarı sağ hissəsindəki imza (icra başçısının mavininin imzası) və aşağı hissəsindəki möhür əksi (arayışı imzalayan icra nümayəndəsi H.Qasımzadənin özününün sərəncamında olan peçat əksi) hər hansı bir texniki qurğu (skayner fotoaparat və s.) vasitəsi ilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. SRİHB-nın Badamdar qəsəbə üzrə nümayəndəsinin verdiyi arayışında göstərilir ki 320 saylı arayışda olan qeydiyat ştampı 2005-ci ildə ləğv edilərək dövriyədən çıxarılmışdır. Vətəndaş Cavabdeh3 istintaq zamanı öz ifadəsində göstərmişdir ki, o, torpaq almaq məqsədi ilə İcra Hakimiyətinə müraciət etməmişdir. Onun torpaq sahəsi olmamış, nə də kimsəyə torpaq satmamışdır. 2008-ci ildə Fərhadın mənzilində təmizlik işləri aparan zaman Mehman ona iki yüz manat pul verərək ondan natarius kontorunda etibarnamə almışdır. X2 da ifadəsində Ələmzarın göstərdiyi xüsusatları təstiq etmiş və Ələmzara verdiyi iki yüz manatı ona Fərhadın verdiyini təstiq etmişdir. Bunlardan əlavə 320 saylı plan-cizgi sənədini saxta tərtib etməsi və “Torpaq sahəsinin plan ölçüsünə” dair A 279663 nömrəli sənədlin qanunsuzluğu məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasının vermiş olduğu 17 noyabr 2014-cü il tarixli, 20849 saylı rəyindən əlavə məhkəmə mühəndis-texniki ekspertizası və tikinti-texniki obyektlərinin təhqiqi ekspertizasının vermiş olduğu 29 avqust 2014-cü il tarixli,11713 saylı və 26 dekabr 2014-cü il tarixli, 21354 saylı rəyləri ilə də təstiq olunur. Ekspert rəyində göstərilir ki, mübahisələndirilən əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh3 ayrılmış 1225 saylı 600 kvm torpaq sahəsinin naturada sərhədləri mövcud deyildir. Qonşuluqda yerləşən 1224 saylı torpaq sahəsi (iddiaçının torpaq sahəsi) mişar daşı ilə hasara alınmışdır. 1225 saylı torpaq sahəsinin yerləşdiyi ərazinin SRİHB-nın 13 may 1999 cu il tarixli 653 saylı sərəncama əlavə olunmuş 1224 saylı Torpaq sahəsinin yerləşmə cizqisində faktii olaraq 1224 saylı sahə ilə 1225 saylı sahə arasında nəzərdə tutulmuş yolun (qəsəbəyə və qonşuluqda yerləşən torpaq sahələrinə gedən ümumi yol ) olduğu müəyyən edilmişdir. 2019-cu ildə istintaq tərəfindən təyin edimiş 20 dekabr 2019 cu il tarixli 23760 saylı ekspert rəyində müəyyən edilmişdir ki, 7 noyabr 1994-cü il tarixli 3686 saylı sərəncamla X4 ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sxemi və həmin sxemin nömrəsi naturaya və digər mülkiyətçilərin sxemlərinə uyğun deyildir və İddiaçı torpaq sahəsindən 65 metr kənarda yerləşməklə üst-üstə düşmür. Faktiki olaraq isə həmin 600 kvm. torpaq sahəsinin 400 kv.m ümumi istifadə olunan yola, 200 kv.m isə SRİHB-nın 653 saylı sərəncamı ilə İddiaçı torpaq sahəsinin üzərinə işlənmişdir. X1 adına olan 07 noyabr 1994-cü il tarixli 3686 saylı sərəncam da saxtadır. Bunu məhkəmə texniki ekspertizanın 15 may 2019-cu il tarixli, 10676X12604 nömrəli, 18 oktyabr 2019-cu il tarixli, 24007 nömrəli, məhkəmə mühəndis-texniki ekspertizanın 20 dekabr 2019-cu il tarixli, 23760 saylı rəyləri də təstiq etmişdir. Ekspertin 15 may 2019-cu il tarixli,10676\12604 nömrəli rəyində oda göstərilir ki, sərəncamdakı icra başçısının imza yerində başçının ad-familiyası önündə icra edilmiş imza hər hansı bir eyni növ sənədin texniki qurğusunun köməyi ilə kompyuterə köçürülmüş və qrafiq proqramı təminatından istifadə etməklə elektron printerdə çap edilmişdir. Həm də saxta sənəd həmin illərdə İcra Hakimiyyətində istifadə edilən, qanun sərəncamların yazıldığı ’’Yatran” makinalarında yox kənarda, başqa məkanda “Optima” makinasında çap edilmişdir. Göründüyü kimi Cavabdeh3 adına tərtib olunmuş sənədlərin saxtalığı mübahisəsizdir, onun heç vaxt torpağı olmamış, torpaq üçün İH-nə müraciət etməmiş, adına sərəncam və yerləşmə cizgisi olmamış, saxta sənədlərdən istifadə etməklə iddiaçının torpağı ələ keçirilib satılmışdır. Bununla belə iddiaçının tələbi ilə onun sənədlərinin də qanuniliyini istintaq orqanı yoxlamışdır. Məhkəmə mühəndis-texniki ekspertizasının 15 oktyabr 2019cu il tarixli, 24004 və 18 oktyabr 2019-cu il tarixli, 24007 nömrəli rəyləri ilə təstiq olundu ki, iddiaçının sərəncamı və yerləşmə cizgisi texniki vasitələrlə yox, birbaşa icra edilməklə yanaşı ştamp və möhürdə birbaşa icra edilmişdir. Yerləşmə cizgisidə qanuni əsaslarla verilmişdir. Hər iki sənəd saxta deyildir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı həmin hüquq müəyyənedici sənəd qüvvədə və etibarlı olduğu müddət ərzində həqiqi və etibarlıdır. 2011-ci ildə saxta sənədlərlə məhkəmə qərarı alındığından etibarlı sənədlərinin dövlət qeydiyyatı mümkün olmamışdır. Ona görə də iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh4 iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi ev tikmək məqsədilə torpaq sahəsi almaq qərarına gəldikdən sonra həmin ərazidə müxtəlif yerlərdə satılan torpaq sahəsi ilə maraqlanmış, müxtəlif ərazilərdə bir neçə əmlakçının (maklerin) təklif etdiyi torpaq sahələrində, o cümlədən, hazırda mübahisələndirilən torpaq sahəsində odmuşdur. Eni 15 metr, uzunluğu 40 metr olan, ümumi sahə 0,06 ha təşkil edən qeyd edilən torpaq sahəsində fərdi evin tikilməsi üçün tam əlverişli olduğunu müəyyən etdikdən sonra oranı almaq qərarına gəlmişdir. Torpağın çıxarışının olub-olmaması ilə maraqlandıqda Ələmzər Quliyevanın etibarnamə əsasında çıxış edən nümayəndəsi Fərhad Nağıyev torpağın Cavabdeh3 qanuni mülkiyyətində olmasını və adına çıxarış olduğunu bildirmişdir. Sənədlərlə maraqlandıqda isə məlum olmuşdur ki, həqiqətən də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş ********** saylı qeydiyyat nömrəsi olan xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh3 məxsusdur. Alqı-satqı mərhələsində torpaq sahəsinin ipoteka yolu ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağa qoyulmaması qanuni sənədlərlə müəyyən edildikdən və dövlət notariusu tərəfindən yoxlanıldıqdan sonra, eləcə də heç bir şəxslə həmin torpaq sahəsi ilə bağlı hər hansı bir formada narazılığının olmaması, məhkəmə mübahisəsinin olmaması və belə bir narazılığının və məhkəmə mübahisəsinin olmayacağına satıcı Cavabdeh3 adından notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən Fərhad Nağıyev tərəfindən tam təminat verilmişdir. Hətta həmin torpaq sahəsinə Cavabdeh3 adına çıxarışın verilməsindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən imtina edilməsindən, daha sonra məhkəməyə müraciət edilməklə həmin çıxarışın məhkəmə qərarı əsasında rəsmiləşdirilməsindən nə onun, nə də ailə üzvlərinin heç bir məlumatı olmamış, bu barədə onalar heç bir məlumat verilməmiş, eləcə də notarius tərəfindən də alqı-satqı zamanı sənədlər yoxlanılmış və sənədlərin doğruluğunda heç bir şübhə olmamışdır. Ona görə də həmin torpaq sahəsini almağı qərarlaşmışdır. Ümumiyyətlə istər alqı-satqıdan əvvəl satılan torpaq sahələri ilə maraqlandıqda, istərsə də alqı-satqı zamanı mübahisələndirilən torpaqla bağlı əsaslı və ya əsassız olmasından asılı olmayaraq nəinki hər hansı bir qanunsuzluğun, hətta məişət xarakterli narazılığın olduğu təqdirdə belə həmin torpaq sahəsini almaqdan qəti imtina etmiş olardım. Torpağın qanuni əsaslarla satılmasına tam arxayın olduqdan sonra təxminən 20-25 gün sonra notariusa gedib, aralarında xx.xx.2011ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********10 olan, xx.xx.2011-ci ildə tərtib edilmiş № A A 036154 saylı “Torpaq sahəsinin plan və ölçüsü” onun adına tərtib edilmiş, eyni zamanda mülkiyyət hüququna dair daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. Lakin torpaq sahəsinə mülkiyyət hüququ əldə etdikdən sonra inşaat işlərinə başlamaq istədikdə İddiaçı adından çıxış etməyə qanuni əsası olmadığı halda Ruslan adlı şəxs bizə müxtəlif vasitələrlə mane olmuş, münaqişə yaratmağa cəhd göstərmiş, əsassız şikayətlər etmişdir. Daha sonra torpaq sahəsi məhz onun diktəsi ilə müxtəlif məhkəmə instansiyalarında mübahisələndirilmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək, mülkiyyətimdə olan həmin 600 kv.metr torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-l(81)-237/20l4 saylı xx.xx.2014-cü il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəsi təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-l(81)-38/2015 saylı qərarı ilə İddiaçı iddiası tələbi təmin edilərək, Cavabdeh3 adına Bakı şəhəri Səbail rayonu İHB-nm Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsinə dair verilmə tarixi xx.xx.2007-ci il, sayı 320 göstərilən cizgi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Cavabdeh3 adma verilmiş A 279663 saylı “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmişdir. Tərəfimdən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)-1234/2015 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh3 adına Bakı şəhəri, Səbail RİH Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsinə dair verilmə tarixi xx.xx.2007-ci il, sayı 320 göstərilən cizgi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Cavabdeh3 adına verilmiş A 279663 saylı “Torpaq sahəsinin planı və ölçüsü” yola düşməyən 200 kv.m sahə hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə üçüncü şəxs olaraq onun və Cavabdeh3nm nümayəndəsi X8 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv olunmuş, İddiaçı iddiası rədd olunmuş, həmin qərardan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı qanuni qüvvəsini aldığına görə müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadı öz qüvvəsini itirlmiş sayıldığından Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi , 3-cü yaşayış massivi, döngə 1225-də yerləşən 600 kv.metr torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bundan sonra tikinti işlərini davam etdirmək məqsədilə aidiyyəti orqanlara müraciət etmiş, müvafiq icazə verildikdən və lahiyə tərtib edildikdən sonra 2024-cü ilin iyul ayında fərdi yaşayış evinin tikintisinə başlamışdır. Hazırda ev tikilmiş, damı örtülmüş, qapıpəncərələr qoyulmuş, inşaat-tikinti işləri tam başa çatmış, evin içərisində daxili interyer işləri tamamlanmaq üzrədir. İddiaçının dəlilləri üzrə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsini əldə edən zamanı orada nə mişar daşı ilə hasar çəkilməmiş, nə də sərhəd arakəsməsi kimi setka, məftil və ya başqa vasitələrdən istifadə edilməmişdir. Bundan başqa, torpaq sahəsinin yerləşdiyi əraziyə getdikdə hazırda mübahisələndirilən torpaq sahəsinin bir hissəsinin qazılmış vəziyyətdə olmasına görə oradan əvvəllər maşın yolu kimi istifadə edilməsi, kommunikasiya xətlərinin keçdiyini təsəvvür etmək belə mümkün olmamışdır. Həmçinin iddiaçı nəzərə almamışdır ki, həmin torpaq sahəsinin ümumi işlək yol olduğu, yaxud kommunikasiya xətlərinin keçdiyi halda verilmiş çıxarışın mübahisələndirilməsi iddiaçının səlahiyyətləri daxilində deyil, müvafiq aidiyyəti qürumlarm səlahiyyəti olmuş, lakın belə bir müraciət olmamışdır. Həmçinin iddia ərizəsində mübahisəli torpaq sahəsinin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydlə bağlı vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır. O, torpaq sahəsini vicdanlı olaraq əldə etmişdir. Həmçinin, iddiaçının əvvəlki iddiası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 aprel 2016-cı tarixli qərarı ilə təmin olunmamışdır. İddiaçının əsassız olaraq ona qarşı yenidən iddia qaldırması süni şəkildə mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın ona aid hissədə rədd olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-511/2025 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia qismən təmin olunaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin iddianın təmin olunmayan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozularaq qəbul edilməsi, sübutlara düzgün hüquqi qiymət verilməməsi, tərəflər arasında uzunmüddətli inzibati məhkəmə mübahisələrinin olması, həmin işlərdə cavabdehlərin birgə hərəkət etməsinin və qanunsuz əməllərinin müəyyən olunması, cavabdehin vicdanlı olmaması, torpaq sahəsinin dəyərindən ucuz alınması, müqavilənin qanunsuz yolla çıxarış alınandan qısa müddət sonra satılması və s. göstərilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi Səfərov X9 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, torpaq sahəsini əldə edən zamanı onun mübahisəli olması istiqamətində hər hanmsı məlumatları olmamış, daşınmaz əmlakın dövlət qeydiyinin həqiqiliyinə inanaraq alqı-satqı müqaviləsini bağlamışlar. Mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra iddiaçının tələblərindən məlumatlı olmuş, uzun müddət inzibati qaydada məhkəmə mübahisələri getmiş, sonra iddiaçının iddiası rədd olunmuşdur. Bundan sonra həmin torpaq sahəsində lazımi icazələr almaqla tikinti işlərinə başlamış, hazırda orada inşa etdiyi evdə yaşamaqdadırlar. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı onlara qarşı hissədə rədd etmişdir. Çünki, Cavabdeh4 torpaq sahəsini əldə edən zamanı vicdanlı olmuş, satıcının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarışa inanmış, hər hansı mübahisənin olmasından məlumatla olmamışdır. İddiaçının özü də bunun əksinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməyəcəklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. ünvan 1 ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, Cavabdeh3 qətnaməni mübahisələndirməmişdir. İddiaçı isə qətnaməni iddianın təmin olunmayan hissəsində (yəni, Cavabdeh4 münasibətdə) mübahisələndirmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Belə ki, işdə olan sübutlara (alqı-satqı müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və s.) əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh3 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, sonuncu (etibarnamə üzrə nümayəndəsi X8 tərəifndən təmsil olunmuşdur) həmin torpaq sahəsini 25 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə 14500 manata Cavabdeh4 satmış, sonuncunun həmin əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı hazırki tələbində - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli 653 saylı sərəncamı ilə ona Badamdar qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsinin ayrılmasını, ayrılan yeri hasara almasını və həmin vaxtdan qanuni istifadəsində olmasını, lakin həmin torpaq sahəsinin 200 kv.metr hissəsinin və əlavə olaraq ümumi istifadədə olmaqla kommunikasiyaların keçdiyi 400 kv.metr yolun (cəmi 600 kv.metr) Fərhad Nağıyev tərəfindən cavabdehlərdən Cavabdeh3 adına əldə etdiyi saxta sənədlərlə rəsmləşdirilməsini və bundan sonra 1 saylı Bakı İnziati- İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını, adına müvafiq çıxarış verilməsini, lakin onun müraciətinə əsasən məhkəmə qərarının ləğv olunmasını, bir müddət sonra isə icraata xitam verilməsini, icraya dönüş edilərək daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına aparılmış həmin qeydin ləğv olunmasını və s. göstərərk, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh4 verilmiş xx.xx.2011-ci il tarixli MA ******* saylı çıxarışın, Cavabdeh3 verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, müqavilənin icrasına dönüş edilməsi, həmin torpaq sahəsində inşa edilmiş evin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 hesabına sökülüb ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, məhkəmə qərarı ilə Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 1225 sayla ayrılan, 600 kv.metr torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydiyyata alınması DƏDRX-nin Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərar əsasında Cavabdeh3 sözügedən əmlaka mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış əldə etmişdir. Bundan sonra Cavabdeh3 (adından X8) ilə Cavabdeh4 arasında bağlanmış 25 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh4 14,500 manat qiymətə satmışdır. Sonradan məhkəmə araşdırılması nəticəsində Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqları ilə bağlı aparılmış dövlət qeydiyyatı ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, bundan öncəki məhkəmə araşdırılmaları nəticəsində Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 1225 sayla ayrılan, 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqları ilə bağlı aparılmış dövlət qeydiyyatı ləğv edilmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh3 verilmiş xx.xx.2011-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi hissəsində əsaslı edilməli və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1225 saylı sahədə yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2011-ci il tarixli Çıxarış etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin yoxlanılan hissədə (“Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh4 verilmiş xx.xx.2011-ci il tarixli MA ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsində inşa edilmiş evin sökülüb ərazinin boşaldılması”) mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmlak üzrə alqı-satqı müqaviləsi bağlanan zaman qanunun bütün tələblərinə riayət edilmiş, əmlakı əldə edən Cavabdeh4 bağladığı əqdin legitimsizliyinə dair şübhələri olmamış, həmçinin hər hansı üçüncü şəxslərin mövcud iddialarından xəbəri olmamışdır. Eyni zamanda o mübahisəli əmlakı əldə edərkən həmin əmlak yüklü (girov və ya ipoteka ilə) olmamışdır və notariat orqanı tərəfindən alqı-satqı müqaviləsi təsdiq edilərkən qanunun bütün tələblərinə riayət olunmuşdur. Həmçinin, Cavabdeh4 alqı-satqıdan əvvəl bütün lazımi ehtiyatlılığı göstərərək torpaq sahəsinin həqiqətən Cavabdeh3 məxus olması barədə mülkiyyət hüquqlarının təsdiq edən çıxarışın olduğuna etibar etmiş və bundan sonra notarial qaydada müqaviləni bağlamışdır. Başqa sözlə, Cavabdeh3 satıcı qismində özünə məxsus əmlakı satışa çıxarmış, Cavabdeh4 isə alıcı qismində reyestrdə satıcının əmlakı kimi qeydiyyata alınmış torpaq sahəsini dəyərini ödəmək yolu ilə onu əldə etmişdir. Hazırkı halda da alıcı əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcının adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə onunla alqı-satqı müqaviləsi bağlamışdır. Bu səbəbdən mübahisəli torpaq sahəsi üzrə sözügedən alqı-satqı müqaviləsi bağlanılan zaman qanunun bütün tələblərinə riayət olunduğundan, həmçinin əmlakı əldə edən bağladığı əqdin legitimsizliyinə dair və hər hansı üçüncü şəxslərin mövcud iddialarından xəbəri olmadığından, o əmlakı vicdanlı əldə edən kimi hesab edilməlidir. Bununla yanaşı, mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni əmlakın yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş və yalnız bundan sonra və alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır. Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onun etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir qanuni əsası olmadığından, həmçinin əmlakı alan vicdanlı əldə edən olduğundan əmlak ondan geri tələb edilə bilməz. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqısı müqaviləsidir. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilməlidir ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Yuxarıda da qeyd edildiyi kimi, mübahisə predmeti olan torpaq sahəsinə dair Cavabdeh3 mülkiyyəti hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bundan sonra, yəni xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi ilə sonuncu həmin əmlakı Cavabdeh4 xeyrinə özgəninkiləşdirmişdir. Lakin, sonradan Cavabdeh3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olmuş müvafiq məhkəmə aktının iddiaçının müraciətinə əsasən ləğv olunması (reyestr qeydinin ləğv olunması ilə bağlı icraya dönüş edilməsi) halı Cavabdeh4 münasibətdə hüquqi vəziyyəti dəyişdirməməklə, alqı-satqı müqaviləsinin etibarsız sayılmasına və onun əsasında həyata keçirilmiş reyestr qeydinin ləğvinə əsas ola bilməz. Belə ki, MM-nin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. MM-nin 140-cı maddəsinin tələbinə görə isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-nin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Qanunvericiliyin qeyd edilən normalarından mənasından göründüyü kimi, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmcinin qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). «X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır. Eyni zamanda, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mulkiyyət hüquqlarının dovlət mudafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. «Qladışevanın Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 dekabr 2011-ci il tarixli qərarında göstərmişdir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydaların icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır. Beləliklə, işin hallarından görünür ki, alqı-satqı müqaviləsi üzrə alıcı reyestrin mötəbərliyi prezumpsiyasına güvənməklə torpaq sahəsini əvəzi ödənilməklə almış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Buna gorə də, mübahisə obyekti olan torpaq sahəsinin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış (reyestrdəki qeyd) etibarsız və qanunsuz sayıla bilməz. İddiaçı tərəf isə cavabdehin əmlakı əldə etməsinədək, onun vicdanlı əldə edən olmasını aradan qaldıracaq hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının irəli sürdüyü dəlillər (satış qiymətinin real olmaması və s.) isə formal mülahizələrə əsaslanmaqla yuxarıda qeyd edilənləri aradan qaldırmır. Bununla yanaşı, iddiaçı özgəninkiləşdirilmiş 600 kv.metr torpaq sahəsinin yalnız 200 kv.metr hissəsinin ona aid olmasını bildirsə də, qeyd edilən əqdi tam şəkildə mübahisələndirmiş, qalan 400 kv.metr hissədə subyektiv (tələb) hüquqlarının nədən ibarət olmasını isə əsaslandırmamışdır. İddiaçı apellyasiya şikayətində həmçinin əqdin etibarsızlığının digər əsasları kimi aldatma və s. kimi əsaslara (torpaq sahəsinin Cavabdeh3 əri ilə ümumi birgə mülkiyyətində olması, müvafiq razılığın alınmaması və s.), habelə notariusun əqdin təsdiqi zamanı vəzifələrinə istinad etsə də, o müqavilə tərəfi olmadığından əqdin tərəflərinin iradə ifadələrinin zədələnməsi hallarına istinad edə bilməz. İşdən görünür ki, əqdin tərəfləri müqaviləni mübahisələndirməmişlər, iddiaçının isə müqavilə tərəflərinin maraqları naminə tələb irəli sürməkdə müvafiq subyektiv hüquqları mövcud deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onun etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir qanuni əsası olmadığından, həmçinin əmlakı alan vicdanlı əldə edən olduğundan əmlak ondan geri tələb edilə bilməz. Bununla yanaşı, yuxarıda qeyd olunduğu kimi qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 2-1(102)-1224/2024/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarından göründüyü kimi, iddiaçının cavabdehlər Bakı şəhər Səbail rayon İHB-nın Badamdar qəsəbə nümayəndəliyinə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “Cavabdeh3 adına müvafiq torpaq sahəsinə dair verilmiş 30 dekabr 2007ci il tarixli 320 saylı cizgi sənədinin və həmin sənədə əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi” barədə iddiası da təmin olunmamışdır. Göründüyü kimi, iddia mübahisələndirilən hissələrdə tam əsassızdır, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları ümumiyyətlə əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır, əks halda iddia özü-özlüyündə əsassızdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhər 53 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi, tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 511/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-511/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar