Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6991/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh3 və qeyrilərinə qarşı çıxarışın etibarsız hesab edilməsi, müqavilənin icrasında dönüş olunaraq torpaq sahəsində inşa olunmuş evin sökülərək ərazinin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh3 və qeyrilərinə qarşı çıxarışın etibarsız hesab edilməsi, müqavilənin icrasında dönüş olunaraq torpaq sahəsində inşa olunmuş evin sökülərək ərazinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(009)- 2508/2024 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 ilə Cavabdeh4 arasında ünvan 1 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin alqı – satqısına dair ünvan 2 ofisində bağlanmış alqı – satqı müqaviləsinin, bu müqavilənin icrası ilə Cavabdeh3 ilə Cavabdeh4 verilmiş çıxarışların etibarsız hesab edilməsi, müqavilənin icrasında dönüş edilməsi, torpaq sahəsində inşa edilmiş evin cavabdehlərin hesabına sökülüb ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(009)- 2508/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
3. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh3 qeydiyyatda olduğu ünvan Bakı şəhəri Xətai rayonunun inzibati ərazisinə aid, Cavabdeh4 qeydiyyatda olduğu ünvan Bakı şəhəri Nəsimi rayonu inzibati ərazisinə aid, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qeydiyyatda olduğu ünvan Bakı şəhəri Nərimanov rayonu inzibati ərazisinə aid və Cavabdeh1 qeydiyyatda olduğu ünvan isə Bakı şəhəri Yasamal rayonu inzibati ərazisinə aiddir.
4. Qərardadın hüquqi əsası kimi MPM-nin 35.1, 152.1.3-cü maddələrinə istinad olunmuşdur.
5. İddiaçı qərardaddan şikayət verərək, ləğv edilib, iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir.
6. Şikayətin dəlillərinə görə, cavabdehlər Səbail rayon ərazisində qeydə alınmasalar da işə əlavə edilmiş sərəncamlar, yerləşmə cizgiləri, alqı – satqı müqaviləsi, ekspert rəyləri və başqa təkzibolunmaz sənədlərlə təstiq olunur ki, mübahisələndirilən və tələb edilən torpaq və üzərində olan tikintisi başa çatmamış tikili Səbail rayonu ərazisindədir. Müstəsna aidiyyətdən bəhs edən Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, müstəsna aidiyyət, mövcud daşınmaz əmlakla bağlı olub ona mülkiyyət hüququnun tanınması, onun başqasının qeyriqanuni sahibliyindən götürülməsi və onunla bağlı hüquqların pozulmasının aradan qaldıırılması səbəblərini özündə ehtiva edir ki, bu da iddia tələbinin müstəsna aidiyyətlə bağlı olmasını təstiq edir. Bunlardan əlavə sənədlərlə təsdiq olunur ki, mübahisələndirilən torpaq sahəsinin üzərində tikintisi başa çatmamış ev də inşa edilir. Bu səbəbdən də tikili müstəsna aidiyyətin təsiiri altına düşür. Göründüyü kimi mövcud daşınmaz əmlak Səbail rayonunun Badamdar qəsəbəsində olduğundan iddianın müstəsna aidiyyəti Səbail Rayon Məhkəməsinədir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, e-2(009)- 2508/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.3. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. İddia ərizəsinin məzmunundan görünür ki, ərizədə aşağıdakı tələblər irəli sürülmüşdür: - Cavabdeh3 ilə Cavabdeh4 arasında ünvan 1 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin alqı – satqısına dair ünvan 2 ofisində bağlanmış alqı – satqı müqaviləsinin etibarsız hesab edilməsi; - müqavilənin icrası ilə Cavabdeh3 ilə Cavabdeh4 verilmiş çıxarışların etibarsız hesab edilməsi; - müqavilənin icrasında dönüş edilməsi; - torpaq sahəsində inşa edilmiş evin cavabdehlərin hesabına sökülüb ərazinin boşaldılması.
10. Aidiyyat məsələsinin düzgün müəyyən olunması, yəni, MPM-nin 35.1 və ya 39.1-ci maddələrinin tətbiqi bxımından qiymətləndirmə aparılması üçün iddianın istinad edilən hallarının əlavə olunmuş sənədlərlə birgə qiymətləndirilməsi də zəruridir.
11. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 19 iyul 2011-ci il tarixli, 2inz(81)-808/2011 saylı qərarı ilə Cavabdeh3 ünvan 1 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə həvalə edilmiş, mülkiyyət hüququ qeydə alındıqdan sonra torpaq sahəsi 25 oktyabr 2011-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmış və mülkiyyət hüququ sonuncunun adına qeydə alınmışdır. Həmin məhkəmənin 06 may 2014-cü il tarixli, 2inz(81)-395/2011 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin olunaraq işin icraatı təzələnmişdir.
12. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2-1(81)- 16/2018 saylı qərardadı ilə həmin iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
13. Bakı İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(81)-16/2018 nömrəli qərardadına əsasən 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 19 iyul 2011-ci il tarixli, 2inz(81)-808/2011 saylı qərarının icrasında dönüş edilərək həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqları ilə bağlı aparılmış qeydiyyatın ləğv edilməsi qərara alınmışdır.
14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 01 noyabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(81)-16/2018 nömrəli qərardadına əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılsa da, həmin sahə 25 oktyabr 2011-ci il tarixli alqı – satqı müqaviləsi əsasında Cavabdeh4 adına özgəninkiləşdirildiyindən sonuncunun mülkiyyətindədir.
15. İşin hallarından göründüyü kimi ilkin tələb müqavilənin etibarsızlığı olsa da, İddiaçı həmin müqavilənin tərəfi olaraq bu tələbi irəli sürmür, onun bu tələbi irəli sürməsinin əsasını mülkiyyət hüquqlarının pozulması təşkil edir. Çünki, həmin torpaq sahəsinin onun sahibliyindən çıxaraq digər şəxslərin adına rəsmiləşdirilməsi üçün əsas olmuş1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 19 iyul 2011-ci il tarixli, 2inz(81)- 808/2011 saylı qərarı qüvvədə deyildir, Bakı İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(81)-16/2018 nömrəli qərardadına əsasən bu qərarın icrasında dönüş edilərək həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqları ilə bağlı aparılmış qeydiyyatın ləğv edilməsi qərara alınmışdır və hal – hazırda iddiaçı bu torpaq sahəsi üzərində hüquqlarının bərpa olunması məqsədilə iddianı irəli sürür.
16. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz MPM-nin 39.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlakın yerləşdiyi yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmaqda haqlı olmuşdur.
17. Beləliklə, şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyil, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, şikayət təmin edilməlidir.
18. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(009)- 2508/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(009)- 2508/2024 nömrəli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.