Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3039/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «evə köçürülmə, özbaşına tikili») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-478/2024 saylı, 22 fevral 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh anasıdır.
2. İddiaçı əri (Cavabdeh atası) X5 02 may 2007-ci ildə Bakı şəhərində ölmüşdür.
3. İddiaçı köçmək istədiyi Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsindəki torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evi özbaşına tikildir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı evə köçürülmə və evdən istifadə üçün yaranan meneənin aradan qaldırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və himayəsində olan birinci qrup əlil oğlu X1, hazırda Cavabdeh yaşadığı ünvan 1 ünvanda, bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri və evdən istifadə üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, cavabdeh iddiaçının ailə üzvüdür. Cavabdeh onun övladıdır. Lakin indiki məqamda çarəsiz qalaraq bu iddianın təqdim etmişdir. Belə ki, övladlarından X6 1-ci qrup əlildir və daimi olaraq onun himayəsindədir, əqli və psixi cəhətdən xəstədir. Məhkəmə qaydasında təsdiq olunmasa da, faktiki olaraq qəyyumluq edir. Təxminən 1990cı ildən ünvan 2 ünvanında istifadəsinə 0.20 hektar torpaq sahəsi verilmişdir. Həyat yoldaşı fəhləliklə, özü isə, uzun illər bazarlarda paltar satışı, ticarətlə məşğul olmuş, həmçinin, küçələrdə xlor satışı da etmişdir. Çox çətinliklə ailələrini maddi cəhətdən təmin ediblər. Həyat yoldaşı 2007-ci ildə vəfat edib. Torpaq sahəsi hazırda faktiki olaraq 0.16 ha. təşkil edir. Həmin torpaq sahəsinin içində bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evi mövcuddur. Bu evi həyat yoldaşı və özünün zəhmətilə tikib başa çatdırıb. Bundan başqa, həmin torpaq sahəsində gələcəkdə fərdi yaşayış evi tikintisi üçün bir yarımtikili də mövcuddur. Bundan başqa yola çıxan hissədə mağaza kimi nəzərdə tutulan bir tikinti də inşa ediblər. Bütün bu tikililəri onun və mərhum həyat yoldaşının zəhməti ilə başa gətiriblər. Hazırkı iş üzrə Cavabdeh ailə həyatı qurduqdan sonra sözügedən fərdi yaşayış evindən onlar üçün bir otaq ayrılmışdı. İllər keçdikcə oğlu və onun həyat yoldaşı ona və xəstə oğluna qarşı hörmətsizlik etməyə başlayıblar. Yaşlı olmağına baxmayaraq ona və xəstə oğluna qarşı çox amansız davranıblar. Onlara qarşı ən nalayiq sözlər işlədərək, dəfələrlə onu döyüblər. Sonuncu dəfə Cavabdeh onu və xəstə qardaşını həyətdən çıxararaq çölə atmışdır. Bir ana olaraq onun üçün bundan böyük dərd ola bilməzdi. Xəstə və yaşlı insandır. Düşünür ki, ömrünün son günlərini yaşayır. Bu dünyadan köçəndən sonra himayəsində olan xəstə oğluna kim baxacaq. Hazırda bütün əşyaları sözügedən fərdi yaşayış evində qalmaqdadır. Bu evə görə bütün kommunal müqavilələr onun adına rəsmiləşib. Torpaq və evə görə hər il vergi ödənişlərini də o, ödəyir. Bütün bu sübutlar məhkəməyə təqdim olunub. Cavabdeh bu gün də onun öz zəhmətilə tikdiyi evə girməyinə icazə vermir. Bu isə onların hüquqlarını pozur.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-478/2024 saylı, 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh, onun arvadı və uşaqları tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçın köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin (özbaşına tikilinin) yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişlər. Cavabdeh iddiaçının və xəstə oğlunun orada yaşamalarına razılıq verməsinə məcbur edilə bilməz. Məhkəmə tərəfindən yerli baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir həyətdə 2 ev vardır. Cavabdeh ailəsi ilə birlikdə 3 otaqlı evdə, iddiaçının isə girişdə 2 otaqlı evdə yaşadığını bildirmişdir. Həmçinin, özbaşına tikilinin iddiaçıya hər hansi bir hüquq müəyyənedici sənədlə məxsus olmasına dair heç bir mötəbər sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Əksinə, iddia ərizəsinin məzmunundan və işin faktiki hallarından məlum olur ki, iddiaçının başqa qeydiyyat yeri mövcuddur. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı cavabdehin anası olsa da, köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə də ehtiyacları yoxdur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 oktyabr 2023-cü il tarixli iddiaçının nümayəndəsi və vəkilinə ünvanladığı məktubda, iddiaçın ünvan 3iyyatsız olaraq yaşadığı qeyd edilsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 5, mənzil 14-də X2 xx.xx.2007-ci il tarixindən qeydiyyatdadır. Deməli, iddiaçının başqa rəsmi qeydiyyat və yaşayış yeri mövcuddur. Cavabdehin ifadələrinə görə, iddiaçı həmin mənzili kirayə verir və oradan gəlir əldə edir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edildi ki, tərəflər ana və övlad olsalar da, onlar arasında xoş olmayan, gərgin münasibətlər mövcuddur. Belə ki, iddiaçının köçmək istədiyi mübahisəli özbaşına tikili hal-hazırda cavabdehin, onun arvadının və uşaqlarının sahibliyində və istifadəsindədir. Bununla da, iddiaçının həmin evə (özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları inandırcı və ağlabatan görünmür.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti, eləcə də işin apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə təqdim edərək qətnamənin ləğv, iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərib ki, təxminən 1990-cı illərdə, hazırkı mübahisəli ünvan 2 ünvanından istifadəsinə 0.20 hektar torpaq sahəsi verilmişdir. İddiaçı və onun mərhum həyat yoldaşı ilə həmin torpaq sahəsində bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evi tikmişlər. İddiaçının həyat yoldaşı 2007-ci ildə vəfat etmişdir. Cavabdeh ailə həyatı qurduqdan sonra sözügedən fərdi yaşayış evinin bir otağı onlar üçün ayrılmışdır. İllər keçdikdən sonra oğlu və onun həyat yoldaşı iddiaçıya və xəstə oğluna qarşı hörmətsizlik etməyə başlamışlar. Cavabdeh dəfələrlə yaşlı anasına və xəstə qardaşına qarşı çox amansız davranmışdır. Buna görə də iddiaçı, xəstə oğlu ilə həyətdə özü tərəfindən tikilmiş 2 otaqlı fərdi yaşayış evinə köçmüşdür. Bir müddət həmin evdə yaşadıqdan sonra cavabdeh öz anasını və qardaşını həmin evdən də çıxarmışdır. Hazırda iddiaçının bütün əşyaları sözügedən fərdi yaşayış evində qalmaqdadır. Evdə bütün kommunal müqavilələr iddiaçının adına rəsmiləşib. Torpaq və evə görə illik vergi ödənişlərini də iddiaçı ödəyir. Məhkəmə araşdırması dövründə cavabdeh iddia tələbində qeyd edilən ev və həmin ünvanda olan digər tikililərin mövcud olmasını təsdiq etmişdir. Həmçinin cavabdeh iddiaçı (anası) və qardaşını evə köçməsinə razılıq vermişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Bundan başqa qeyd edilən ünvanda məhkəmə tərəfindən (tərəflərin iştirakı ilə) yerli baxış keçirilmişdir və həyətyanı sahədə üç tikilinin mövcud olması, bunlardan birinin (hazırda cavabdeh və onun ailə-uşaqlarının yaşadığı) üç otaqlı fərdi yaşayış evi, digərinin üç otaqlı, yarımtikili, fərdi yaşayış evi və digərinin iki otaqlı tikili olması müəyyən edilmişdir. Bununla da məhkəmə araşdırmasında iddiaçının sözügedən ünvanda əmlak hüquqlarının mövcud olması müəyyən olunmuşdur. Lakin bütün bu qeyd edilən hallara baxmayaraq iddiaçını özü tərəfindən inşa edilən əmlakına köçürülməsi tələbi təmin edilməmişdir. Qətnamədə qeyd edilir ki, iddiaçının həmin ünvanda olan fərdi yaşayış evinə köçürülməsinə ehtiyac yoxdur. Bu tamamilə qəbul edilməz bir əsaslandırmadır. İddiaçı məhkəmə iclasında və yerli baxış olan vaxtı məhkəmənin diqqətinə iddiaçı və onun xəstə oğlunun hazırda çox şəraitsiz bir yerdə müvəqqəti yaşadığını bildirmişdir. Hətta iddiaçının faktiki yaşadığı yer də məhkəməyə göstərilmişdir. Yəni, həmin yerdə bir insanın yaşaması qeyri mümkündür. İddiaçının mübahisəli ünvanda əmlak hüquqları mövcud olduğu üçün onun həmin əmlaka sahiblik və istifadə hüququ da vardır. İddiaçı çox yaşlı, ağır xəstədir və yeriyə bilmir. Onun 1-ci qrup əlil oğlu da ağır xəstədir. Onların bina evində 7-ci mərtəbədə yaşamaq imkanları yoxdur. Qətnamədə göstərilir ki, tərəflərin qeydiyyatda olduğu Bakı şəh., Suraxanı ray., Hövsan qəs., E.Məmmədov küç., ev 5B, mənzil 14-də iddiaçı və onun xəstə oğlu yaşaya bilər. Bu da yalnış bir yanaşmadır. Bu məntiqə söykənsə onda nəyə görə cavabdeh və onun ailəsi həmin mənzildə yaşamır? Halbuki, iddiaçı məhkəmə iclasında dəfələrlə bildirmişdir ki, cavabdeh özü həmin evdə gedib yaşasın. Amma məhkəmə yaşlı və xəstə ananı, öz əməyi ilə tikmiş olduğu evinə köçməsi tələbini təmin etməmişdir. İddiaçı hesab edir ki, hakim yekunda düzgün nəticəyə gələ bilməmiş, qeyri-obyektiv və belə ədalətsiz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətinin təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu:
Maddə 13.1-13.2. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 58.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
14. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun:
Maddə 2.1.Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
22. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır, eləcə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
23. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh və onun ailəsi tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır.
24. Bundan başqa, iddiaçı cavabdehin anasıdır və ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olduğundan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mübahisəli özbaşına tikilinin yaşayış sahəsinə köçmək səlahiyyəti və ixtiyarı vardır. Belə ki, Ailə Məcəlləsinin 2-ci maddəsinin məzmunundan görünür ki, ailə üzvləri dedikdə ər-arvad, valideynlər və uşaqlar nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan özbaşına tikili iddiaçı və onun mərhum əri tərəfindən inşa edilmiş, uzun müddət həmin evdə yaşamış, faktiki sahiblik və oradan istifadə etmişdir. Cavabdeh bu faktları qəbul edir və iddiaçının davamlı olaraq uzun müddət həmin evdə yaşamasını təkzib etmir. Demək ki, iddiaçının qeyd olunan özbaşına tikilinin inşa olunmasında və saxlanmasında bu və ya digər formada rolu, əməyi və zəhməti olması da danılmazdır.
25. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. İddiaçı mərhum əri ilə birlikdə mübahisəli evi (özbaşına tikilini)inşa etdikdən sonra uzun müddət burada yaşamış və sonradan həmin evi tərk etməyə məcbur olmuşdur. Qeyd olunduğu kimi həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının həmin evdə cavabdehlə eyni əsasla, yəni evə dair sərəncam hüququ əldə etməsə də yaşamaq hüququ yaranmışdır. İddiaçının həmin evdə yaşayanlarla eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlədən cavabdehin hansısa bir hüququnu pozmur. Əksinə iddiaçının bu tələbinin təmin edilməməsi onun hüquqlarının pozulmasına səbəb olardı.
26. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət açıq-aşkar əsassız olmamış və bu cür iddialar üzrə hüquqdan sui-istifadə edən idiaçılarla bağlı əvvəlki məhkəmə təcrübəsinə uyğun olmuşdur. Lakin son dövrlərdə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə özbaşına tikilinin inşa olunmasında əməyi və zəhməti olan şəxsin mülkiyyətində yaxud istifadəsində bir neçə yaşayış sahəsinin olmasına baxmayaraq bu cür iddialar, yəni özbaşına tikiliyə köçürülmə iddiası təmin olunmalıdır. Məhz bu səbəblərə, eləcə də məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması məqsədilə hazırki apellyasiya şikayəti qismən, yəni evə köçürülmənin və maneənin aradan qaldırılmasının rədd edilməsi hissəsində qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi üçün əsas hesab edilir.
27. Bununla yanaşı, iddia tələbinin digər hissəsi əsaslı hesab oluna və təmin edilə bilməz. Çünki iddiaçı himayəsində olan birinci qrup əlil oğlu X6 ilə birlikdə həmin evə köçürülməsini tələb etsə də sonuncunun fəaliyyət qabiliyyəti olmayan şəxs olması və üzərində iddiaçının qəyyum təyin edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Deməli iddiaçı nə X1 adından iddia qaldırmamış, nədə qəyyumu kimi onun adından iddia irləi sürmək səlahiyyəti yaranmamışdır. Bu cür vəziyyətdə X3 münasibətdə iddia təmin edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.
29. Şərh olunanlara əsasən, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-478/2024 saylı, 22 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; İddiaçı Bakı şəhəri, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsindəki torpaq sahəsində özbaşına inşa olunmuş bir mərtəbəli, üç otaqdan ibarət ünvansız fərdi yaşayış evinə(özbaşına tikiliyə) köçürülməli və həmin evdən istifadəsinə maneələr aradan qaldırılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-478/2024 saylı, 22 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsindəki torpaq sahəsində özbaşına inşa olunmuş bir mərtəbəli, üç otaqdan ibarət ünvansız fərdi yaşayış evinə(özbaşına tikiliyə) köçürülsün və həmin evdən istifadəsinə maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.