Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-304/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi»nə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə qarşı «şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilə şərtlərinin restrukturizasiya edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(006)- 229/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 yanvar 2016-cı il tarixli, 100.LN.1604.140116.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ASC tərəfindən illik 12%-lə 36 ay müddətinə əsas vəsaitin artırılması məqsədilə 250.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 4 saylı mənzili 21 oktyabr 2008-ci il tarixli, G-3952 saylı ipoteka müqaviləsinə əlavə № 11 ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. 30 oktyabr 2017-ci il tarixə Cavabdeh1 14 yanvar 2016-cı il tarixli, 100.LN.1604.140116.00001 saylı kredit müqaviləsi üzrə banka 228.816,6 ABŞ dolları əsas, 42.747,91 ABŞ dolları faiz və 11.791,17 ABŞ dolları cərimə olmaqla, cəmi 283.355,68 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Göstərilənlərə əsasən Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 14 yanvar 2016-cı il tarixli 100.LN.1604.140116.00001 saylı kredit müqaviləsi üzrə banka 228816,6 ABŞ dolları əsas, 42747,91 ABŞ dolları faiz və 11791,17 ABŞ dolları cərimə olmaqla, cəmi 283355,68 ABŞ dolları (milli manat ekvivalentində) məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4-ə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4-ə istifadə hüquqlarının itirilməsi, yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh2 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 14 yanvar 2016-cı il tarixli, 100.LN.1604.140116.00001 saylı kredit müqaviləsi üzrə 228.816,6 ABŞ dolları əsas, 73.790,68 ABŞ dolları faiz və 34.097,87 ABŞ dolları cərimə olmaqla, cəmi 336.705,15 ABŞ dolları (milli manat ekvivalentində) məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4-ə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4-ə istifadə hüquqlarının itirilməsi, yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh2 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 "xxxx" ASC-yə qarşı «şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilə şərtlərinin restrukturizasiya edilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “AGBank" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 yanvar 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh1 illik 12 faizlə 36 ay müddətinə 250000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilə şərtlərinin restrukturizasiya edilməsi ilə bağlı dəfələrlə "xxxx" ASC-yə müraciət etməyinə baxmayaraq, Cəmiyyət iddia ilə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Eyni zamanda, kredit müqaviləsinin bitmə müddəti 14 yanvar 2019-cu ildir. Göstərilənlərə əsasən, "AGBank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 yanvar 2016-ci il tarixli, 100.LN.1604.1401 16.00001 saylı müqavilənin 1.1-ci bəndinin, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar restrukturizasiya edilərək, həmin bənddə göstərilən məbləğin ödənilməyən hissəsinin 22 dekabr 2016-cı il tarixə olan Mərkəzi Bankın rəsmi məzənnəsi ilə Azərbaycan manatına konvertasiya edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(006)-229/2019 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh1 228.816,6 (iki yüz iyirmi səkkiz min səkkiz yüz on altı ABŞ dolları, altmış sent) ABŞ dolları əsas, 73.790,68 (yetmiş üç min yeddi yüz doxsan ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları faiz, 3000 (üç min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 305.607,28 (üç yüz beş min altı yüz yeddi ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" ASC-yə verilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4-ə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 356.000 (üç yüz əlli altı min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh2 qaytarılması, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi və yaşayış sahəsinin boşaldılması, ilkin iddia tələbi qalan hissədə təmin edilməsi, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ipoteka predmetinin qiymətini müəyyən edərkən iddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş 25 fevral 2019-cu il tarixli, 23 saylı qiymətləndirmə hesabatına istinad etmiş və həmin hesabatın maliyyə göstəricilərini əsassız olaraq rəhbər tutmuşdur. Həmin qiymətləndirmə hesabatı sözügedən əmlakın real bazar qiymətini özündə əks etdirmir. Həmçinin, 14 yanvar 2016-cı il tarixdə bağlanmış G-3952 saylı ipoteka müqaviləsinə 11 №-li əlavəyə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4 öhdəliklərin ləminatı kimi "xxxx" ASC-yə ipoteka kimi təqdim edilmiş, həmin ipoteka müqaviləsində ipoteka predmeti 550.000 manat məbləğində qiymətləndirilmişdir. Hesab edir ki, 2016-cı ildə ipoteka müqaviləsi bağlanarkən bazar qiyməti 550.000 manat olan daşınmaz əmlakın cəmi 3 il sonra dəyəri ucuzlaşaraq 356.000 manat ola bilməzdi. Bundan başqa, ötən müddət ərzində Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi ev 5 mənzil 4-ün yerləşdiyi binada Bakı şəhər İcra Hakimiyyəti tərəfindən quruculuq və abadlıq işləri aparılmış, binanın mənzillərinə balkonlar tikilərək əlavə edilmiş, binanın fasadı yenilənmiş, bununla da mənzilin ümumi sahəsi genişlənmiş, bütün bunlar isə mənzilin bazar dəyərinin artması ilə nəticələnmişdir. Bütün bunlar isə həmin qiymətləndirmə hesabatında nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən apellyator qətnamənin ləğv edilməsini və göstərilənlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 izahat verərək apellyasiya şikayətini müdafiə etdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək göstərilənlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində apellyator birinci instansiya məhkəməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununda yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsini mübahisələndirmiş və məhz şikayətdə göstərilənlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 14 yanvar 2016-cı il tarixdə bağlanmış G-3952 saylı ipoteka müqaviləsinə 11 №-li əlavəyə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4 öhdəliklərin təminatı kimi "xxxx" ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 550.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4 "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11394 saylı, 19 noyabr 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə 14 yanvar 2016-cı il tarixli, 100.LN.1604.140116.00001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 17.12.2018-ci il tarixə "xxxx" ASC-yə əsas borc üzrə 228.816,60 ABŞ dolları, faiz borcu üzrə 73.790,68 ABŞ dolları məbləğində olan borcunun olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 11.01.2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi 5 saylı evin 4 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 banka 228.816,6 ABŞ dolları əsas borcu, 73.790,68 ABŞ dolları faiz borcu, 34.097,87 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 336.705,15 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 14 yanvar 2016-cı il tarixli G-3952 saylı ipoteka müqaviləsinə 11 №-li Əlavədən görünür ki, tərəflər Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi 5 №-li evdə yerləşən, ümumi sahəsi 100.1 kv.m, yaşayış sahəsi 58.9 kv.m, yardımçı sahəsi 41.2 kv.m olan mənzil 550.000 manat qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 25 fevral 2019-cu il tarixli, 23 saylı qiymətləndirmə hesabatından görünür ki, 25.02.2019-cu il tarixə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4-ün bazar dəyəri 356.000 manat təşkil etmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirməsi ilə bağlı qərardad qəbul edilmiş və həmin qərardad əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyi əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4-ün bazar dəyəri 480.000 manat, likvid qiyməti isə 390.000 manat təşkil edir. Həmçinin, məhkəmə kollegiyası tərəfindən ipoteka predmeti olan mənzilin yenidən qiymətləndirilməsi ilə bağlı qərardad qəbul edilmiş və «Yeni Dövr» Qiymətləndirmə Mərkəzi tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4-ün dəyərinin 334.900 manat, likvid dəyərinin isə 317.000 manat təşkil etməsi müəyyən edilmişdir. Bundan başqa, iş üzrə tərəf olan X1 ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş 16.06.2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4-ün dəyərinin 1050000.00 manat olduğu müəyyən edilmişdir. İşin müəyyən olunmuş halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 yanvar 2016-cı il tarixli, 100.LN.1604.140116.00001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə 12 faizlə 250.000 ABŞ dolları məbləğində kredit verilmiş, "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 14 yanvar 2016-cı il tarixdə bağlanmış G-3952 saylı ipoteka müqaviləsinə 11 №-li əlavəyə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 4 öhdəliklərin təminatı kimi "xxxx" ASC-yə ipoteka kimi təqdim edilmiş, ipoteka predmeti 550.000 manat məbləğində qiymətləndirilmiş, Cavabdeh1 xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 228.816,6 ABŞ dolları əsas borcu, 73.790,68 ABŞ dolları faiz borcu, 34.097,87 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 336.705,15 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, tərəflər müqavilələrində ipoteka predmetinin ilkin satış qiymətində razılaşmadıqlarından, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 01 saylı 20.07.2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası iş materiallarında olan qiymətləndirmə rəylərində ipoteka predmetinin həm bazar, həm də likvid dəyərinin müxtəlif olması, həmin rəqəmlərin birbirindən kəskin fərqlənməsini nəzərə alaraq hesab edir ki, bu rəylər əlaqəli şəkildə qiymətləndirilməlidir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə 11 saylı əlavədə ipoteka predmeti 550.000 dəyərləndirilmişdir. Lakin həmin müqavilədə bu məbləğin ipoteka predmeti olan mənzilin bazar, yaxud likvid qiyməti olması, həmçinin mənzilin ilkin satış qiyməti kimi müəyyən edilib-edilmədiyi aydın deyildir. Bundan başqa, qeyd edilən müqavilə 2016-cı ildə bağlanmış, ipotekaya yönəldilmə ilə bağlı iddia ərizəsi isə məhkəməyə 2018-ci ildə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənləri nəzərə almaqla, həmin Əlavədə müəyyən edilmiş məbləğin ipoteka predmeti olan mənzilin ilkin satış qyiməti kimi nəzərə alınması düzgün olmazdı. Bundan başqa, iş üzrə cavabdeh olan X1 ilə keçirilmiş qiymətləndirmə rəyini və həmin rəydə müəyyən edilmiş qiymətləri də məhkəmə işin hallarına üyğun hesab etmir. Belə ki, həmin rəyin məzmunundan göründüyü kimi, mənzilin sənəd üzrə ümumi sahəsi 100,1 kv.m (58,9 kv.m yaşayış, 41,2 kv.m yardımçı sahə) olduğu halda, həmin rəydə mənzilin ölçülərinin 143,71 kv.m olması göstərilmiş və həmin ölçülü mənzilə dair hesabat tərtib edilmişdir. Göstərilən səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən həmin rəylə müəyyən edilmiş halları mötəbər dəlil nəzərə almır. Bundan başqa, iş materiallarında olan birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş qiymətləndirmə rəyi ilə ipoteka predmetinin bazar dəyərinin 356.000 manat olması, apellyasiya instansiyasında icraat zamanı keçirilmiş ilkin qiymətləndirmə rəyi ilə həmin mənzilin bazar dəyərinin 480.000 manat, likvid dəyərinin 390.000 manat olması, təkrar qiymətləndirmə zamanı isə mənzilin dəyərinin 334.900 manat, likvid dəyərinin isə 317.000 manat olması müəyyən edilmişdir. Bu yerdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 356.000 manat müəyyən edilmiş, sonuncu qiymətləndirmədə isə mənzilin satış qiymətinin 317.000 manat olması müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət cavabdeh tərəfindən verildiyindən, iddiaçı isə həmin qətnamə ilə razılaşdığından məhkəmə kollegiyası həmin rəyə istinad etməklə qətnaməni şikayəti vermiş şəxsin zərərinə dəyişə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, həmin rəy qiymətləndirmə fəaliyyəti haqda qanuna uyğun şəkildə həyata keçirildiyindən və mənzil bazarında olan hazırkı vəziyyəti əks etdirdiyindən, bu rəylə müəyyən edilmiş məbləğ mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı müqayisəli qiymətləndirmədə bir dəlil kimi nəzərə alına bilər. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti kimi onun likvid qiyməti çıxış etdiyindən, apellyasiya şikayətinin dəlillərinə qiymət verilərkən sonuncu rəylərdəki likvid qiyməti nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, son üç rəydə müəyyən edilmiş ilkin satış qiymətləri (317.000 manat, 356.000 manat və 390.000 manat) bir-birlərindən kəskin surətdə fərqlənməməklə, mənzil bazarında baş verən tendensiyaları özündə əks etdirir. Kollegiya həmçinin qeyd edir ki, əmlakın qiymətləndirilməsi subyektiv amillərlə bağlı olmaqla, bu sahədə fəaliyyət göstərən mütəxəssislər tərəfindən daşınmaz əmlak bazarında mövcud olan vəziyyətin qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Belə bir vəziyyətdə müxtəlif qiymətləndirici mütəxəssis tərəfindən verilmiş rəylərdə əks olunan rəqəmlərin böyük dəqiqliklə üst-üstə düşməsini ehtimal etmək ağlabatan yanaşma olmazdı. Həmçinin, bu rəylər məhkəmə kollegiyası tərəfindən qiymətləndirilərkən, onların qiymətləndirmə fəaliyyəti haqqında qanunun tələblərinə uyğun şəkildə tərtib edildiyi, qiymətlər müəyyən edilərkən əmlakın texniki göstəriciləri ilə yanaşı, oxşar əmlaklarla bağlı bazarda mövcud olan təkliflərin də nəzərə alındığı və həmin təkliflərlə müqayisəli təhlilin aparıldığı müəyyən edilir. Belə olan halda isə həmin rəylərin birinin digərindən daha mötəbər olmasını söyləmək, rəylərdən birini digərlərindən üstün tutmaq səhv nəticəyə gəlməyə səbəb ola bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, yaranmış vəziyyətdə daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi qeyd edilən bu üç rəydə müəyyən edilmiş ilkin satış qiymətlərinin ortaq məxrəcini tapmaq və həmin qiymətə daha uyğun olan rəylə müəyyən edilmiş qiymətin daha mötəbər rəy kimi nəzərə alınması yolu ilə həyata keçirilməlidir. Bu cür yanaşma əsasında həmin rəyləri qiymətləndirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən əmlakın ilkin satış qiyməti kimi müəyyən edilmiş 356.000 manat məbləği həmin əmlakın hərracdan satışı ilə bağlı hazırkı daşınmaz əmlak bazarında mövcud olan vəziyyətə daha uyğun hesab edir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 356.000 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və Azərbakycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-229/2019 saylı iş üzrə 16.12.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-304/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-304/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver