Məhkəmə qərarları › İş №2(103)-3040/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3040/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3040/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2018-ci il tarixli qətnamədən (İş № 2(004)-258/2018) iddiaçı Bankın ləğvedicisi olan Fondun və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə, iddiaçı Cavabdeh1 cavabdehlər QSC “Bank Standard” KB-yə və həmin Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi və s. tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2019-cu il tarixli qətnamədən (İş № 2(006)-5403/2019) Bankın ləğvedicisi olan Fondun verdiyi apellyasiya şikayətinə əsasən işə Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İŞ BARƏDƏ MƏLUMAT a) iddia barədə məlumat

1. QSC “Bank Standard” KB-nin buna səlahiyyətli nümayəndəsi cavabdehlər Cavabdeh1 və onun övladı Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/99195/15 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 476.329,67 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 17.957,78 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 30.335,37 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 31 manat məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ölçüsü 0,2019 ha olan torpaq sahəsinə və sahənin üzərində yerləşən 2 mərtəbəli 196,8 kv.m ümumi, 120,6 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 390 saylı fərdi yaşayış evinə yönəldilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin 918.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması; ipoteka predmeti satıldığı halda və Cavabdeh2 yuxarıda qeyd edilən evi tərk etmədiyi halda Cavabdeh2 həmin evdən ən geci 1 ay ərzində məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankın “Korporativ” filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 illik 18 faiz dərəcəsi ilə Bankdan 577.000 ABŞ dolları məbləğində pulu borc almışdır. Müqavilənin şərtinə görə, Cavabdeh1 Bankdan aldığı kredit məbləğini və həmin məbləğə hesablanacaq faizləri hissə-hissə, aybaay olmaqla 12 ay müddətində Banka qaytarmalı idi. “Kredit müqaviləsi” üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmək məqsədilə onun övladı, iş üzrə digər Cavabdeh2 özünə məxsus evi və evin yerləşdiyi torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq cavabdehlər ilə Bank arasında xx.xx.2015-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmşdır. Qeyd edilənlərə baxmayaraq Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü kredit öhdəlikləri lazımınca icra etməmiş, Banka olan borcun cüzi hissəsini ödəmiş, qalan borcu ödəməmişdir. Nəticəsində onun iddiaçı Banka 476.329,67 ABŞ dolları məbləğində əsas kredit borcu, 17.957,78 ABŞ dolları məbləğində faiz borcu, 33.669,12 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Bank, borcun ödənilməsi barədə borcalana yazılı və şifahi qaydada dəfələrlə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində, “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün isə 31 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

3. İşə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədilə 468.340,55 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 17.797,15 ABŞ dolları, kredit borcunun ödənilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 30 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə tutulmasını; tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan torpaq sahəsinə və həmin sahənin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsini; ipoteka predmeti olan evin ilkin satış qiymətinin 2.400.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmasını; ipoteka predmeti satıldığı halda Cavabdeh1 ən geci 1 ay ərzində evdən və torpaq sahəsindən çıxarılmasını, ekspertiza xərcini təşkil edən 50 manatın Cavabdeh2 dövlət büdcəsinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyinə uyğun olaraq əsas borc 468.340,55 ABŞ dolları, faiz borcu isə 17.797,15 ABŞ dolları təşkil edir. Buna görə də, borcludan kreditor Bankın xeyrinə tutulmalı olan əsas kredit borcunun və ona hesablanmış faiz borcunun məbləği iddia ərizəsində qeyd edilən məbləğdə deyil, ekspert rəyində qeyd edilən məbləğdə müəyyən edilməlidir. Bundan başqa, Bankın borcludan onun xeyrinə tutulmasını xahiş etdiyi cərimə (dəbbə) borcunun məbləği Bankın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla tənasübsüz surətdə yüksəkdir. Buna görə də, dəbbə pulunun məbləği azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Rayon Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində ipoteka predmeti olan torpaq sahəsinin və evin Cavabdeh2 məxsus olduğunu, onların ipoteka ilə yüklü edilməsi məqsədi ilə razılığın da məhz Cavabdeh2 ilə Bank arasında əldə olunduğunu qeyd etsə də, qətnamənin nəticə hissəsində ipoteka predmetinin Cavabdeh2 deyil, borcalan Cavabdeh1 məxsus olduğunu qeyd etmiş və satıldığı halda da məhz Cavabdeh1 oradan çıxarılmasını qət etmişdir. Bundan başqa, Rayon Məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 2.400.000 manat məbləğində müəyyən edilməlidir və qiymət yalnız evə aiddir. c) həmin iş üzrə iddiaçı Bankın ləğvedicisi olan Fond tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı icraat barədə məlumat

4. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)- 770/2019) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, qətnamənin qismən ləğv edilməsini, tutmanın ipoteka predmeti olan torpaq sahəsi ilə birlikdə sahənin üzərində yerləşən evə də yönəldilməsini, ipoteka predmetinin ilkin satış qiymətinin 1.850.000 manat məbləğində müəyyən edilməsini, ipoteka predmeti satıldığı halda Cavabdeh2 ən geci 1 ay ərzində evdən məcburi qaydada çıxarılmasını, borcalan Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmalı olan dəbbə borcunun məbləğinin 5.000 ABŞ dolları məbləğində müəyyən edilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. d) həmin iş üzrə iddiaçı Bankın ləğvedicisi olan Fond tərəfindən verilmiş kassasiya şikayəti ilə bağlı icraat barədə məlumat

6. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən kassasiya şikayəti vermişdir.

7. Kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (İş № 2(102)-7026/2019) ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işə apellyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını qərara almışdır. c) həmin iş üzrə Cavabdeh1 verilmiş apellyasiya şikayəti ilə bağlı məlumat

8. Hazırki iş Azərbaycan Respublikası Ali Məhkəməsindən apellyasiya icraatına qayıtdıqdan sonra Cavabdeh1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

9. O, eyni zamanda ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək “qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş və onun tərəfindən ötürülmüş prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir.

10. Bunları nəzərə almış Yasamal Rayon Məhkəməsi sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək işin apellyasiya baxışından çıxarılaraq onlara göndərilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-cu il tarixli qərardadla mülki işi baxışdan çıxarılmasını və Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilməsi və onun tərəfindən verilmiş “prosessual müddətinin bərpa edilməsi barədə” ərizəyə baxılması məsələsinin həll edilməsi üçün işin Yasamal Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır.

12. Bundan sonra Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla Cavabdeh1 “prosessual müddətinin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməsini və onun tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.

13. Qeyd edilən qərardaddan şikayət verilməmişdır. Qərardad qanuni qüvvəyə minmişdir.

İİ. İKİNCİ İŞ BARƏDƏ MƏLUMAT d) iddia barədə məlumat

14. İddiaçı (birinci iş üzrə cavabdehlərdən biri olan) Cavabdeh1 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək onunla Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin artan 304.000 manat ekvivalentində olan hissəsinin icrasından azad edilməsi, bank əməliyyat sistemində həmin artmış hissənin, yəni 304.000 manat məbləğinin silinməsi vəzifəsinin Bankın ləğvedicisi olan Fondun üzərinə qoyulması, həmin məbləğin silinməsi barədə məlumatların Azərbaycan Kredit Bürosu tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bu iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 9.1-ci bəndində göstərilmişdir ki, qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçilmiş və gözlənilmədən Azərbaycan manatının ABŞ dollarına qarşı kəskin ucuzlaşması baş vermişdir. Həmin gün və hal-hazırda ABŞ dollarının rəsmi məzənnəsi təxminən 50 %-dən çox artaraq 1,7 manat həddinə çatmışdır. Belə olan halda, ölkədə mal və xidmətlərin dəyəri kəskin şəkildə bahalaşmışdır. Cavabdeh1 Bank ilə “Kredit müqaviləsi” bağlayarkən əsas götürdüyü şərait (ilkin mərhələdə Azərbaycan manatının ABŞ dollarına münasibətdə dəyərinin 1,05 AZN məbləğində olması, sonra isə Azərbaycan Respublikası Mərkəzi X1 müvafiq qərarı əsasında ABŞ dolları qarşısında əhəmiyyətli dərəcədə dəyər itirməsi) Mərkəzi Bankın İH-nin xx.xx.2015-ci il tarixli qərarı ilə əhəmiyyətli dərəcədə dəyişmiş, istinad olunan “Kredit müqaviləsinin” 9.1-ci bəndində göstərilmiş fors-major hal baş vermiş və həmin qərarda nəzərdə tutulmuş maliyyə tədbirlərini (milli valyutanın devalvasiyası və üzən məzənnə rejiminə keçid) ağlabatan şəkildə əvvəlcədən proqnozlaşdırmaq mümkün olmamışdır. Həmin qərardan sonra üzən məzənnə rejiminə keçid nəticəsində hazırki kredit müqaviləsinin predmetinin, yəni iddiaçının kredit öhdəliklərinin ifadə olunduğu ABŞ dollarının dəyərinin iddiaçının gəlirlərinin ifadə olunduğu Azərbaycan manatı ilə müqayisədə tədricən sürətlə artması nəticəsində iddiaçının gəlirləri və xərcləri arasında tərs mütənasiblik formalaşmış və bu hal onun maliyyə vəziyyətini xeyli ağırlaşdırmışdır. Ona görə də “Kredit müqaviləsinin” 9.1-ci bəndində göstərilmiş fors-major halın baş verməsi yəni, milli valyutanın indiki qaydada, yəni birdən-birə, yüksək faizlə ABŞ dolları qarşısında kəskin ucuzlaşması nəzərə alınmalı və müqavilənin istinad olunan bəndi nəzərə alınaraq müvafiq güzəştlər tətbiq olunmalıdır. Belə ki, Cavabdeh1 468.000 ABŞ dolları məbləğində olan borcu qeyd olunan fors-major halın baş verməsindən əvvəl manat ekvivalentində 491.400 manat məbləğində olan kredit borcu birdən-birə artaraq 795.600 manata yüksəlmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin artmış 304.000 manat olan hissəsindən azad edilməli və həmin öhdəlik Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməlidir. e) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

16. İşə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh1, onunla Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliyin müqavilə bağlanan zaman ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunun ekvivalentinin Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində manatla ifadə olunun artan hissəsinin icrasından azad edilməsini; bank əməliyyat sistemində həmin “Kredit müqaviləsi” üzrə Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində təşəkkül tapmış borc məbləğinin manatla ifadə olunun ekvivalenti ilə müqavilə bağlanan zaman ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunan yaranmış kredit öhdəliyinin məbləği arasındakı fərqin, yəni istinad olunan “Kredit müqaviləsinin” 9.1-ci maddəsində nəzərdə tutulmuş forsmajor halın (devalvasiyanın) baş verməsindən sonra manat ekvivalentində artmış hissəsinin silinməsi ləğv prosesində olan iddiaçı Bankın ləğvedicisinə - Fonda həvalə edilməsini; Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halının (devalvasiyanın) baş verməsi nəzərə alınaraq Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərinin ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunan məbləğin Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində manat ekvivalentində artan hissəsinin silinməsi barədə məlumatlar Azərbaycan Kredit Bürosu tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsini; qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. f) həmin iş üzrə cavabdeh Bankın ləğvedicisi olan Fond tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı icraat barədə məlumat

17. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

18. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qətnamə (İş № 2(103)- 1213/2020) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Nəsimi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. g) həmin iş üzrə cavabdeh Bankın ləğvedicisi olan Fond tərəfindən verilmiş kassasiya şikayəti ilə bağlı icraat barədə məlumat

19. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən kassasiya şikayəti vermişdir.

20. Kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar (İş № 2(102)-2405/2021) ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işə apellyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını qərara almışdır.

İİİ. HAZİRKİ APELLYASİYA İCRAATİ BARƏDƏ MƏLUMAT h) işlərin bir icraatda birləşdirilməsi barədə məlumat

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadla, yuxarıda qeyd edilən hər iki mülki işin bir icraatda birləşdirilməsini qərara almışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir necə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. i) iddiaçı Cavabdeh1 iddiasına dair işin icraatına xitam verilməsi barədə məlumat

22. Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla işin icraatına qismən, yəni Cavabdeh1 cavabdehlərə - Banka və Bankın ləğvedicisi olan Fonda qarşı irəli sürdüyü “borcun silinməsi və s. tələbi barədə” iddiasına dair hissəsinə (ikinci iş) xitam vermişdir. Bununla əlaqədar olaraq 2(006)-5403/2019 №-li iş üzrə Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ləğv edilmişdir.

23. Bu nəticəyə gələrkən, Məhkəmə, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarda (İş № 2(102)-2405/2021) təsbit edilmiş hüquqi mövqeyə, MPM-nin tələblərinə (maddələr: 2.1., 4.1., 5.1., 153.2.1., 261.0.1.), “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad etmişdir.

24. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 cavabdehlərə qarşı irəli sürdüyü və yuxarıda qeyd edilən iddiası məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Həmin iddiada qeyd edilən tələblər mahiyyətcə kreditor olan Bankın borclu Cavabdeh1 qarşı irəli sürdüyü müvafiq iddiaya qarşı etirazın əsasını təşkil etməlidir. j) hazırki iş üzrə apellyasiya baxışının predmeti barədə məlumat

25. Beləliklə də, Məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli “iş üzrə icraata hissəvi xitam verilməsi barədə” qərardad nəzərə alınmaqla apellyasiya baxışının predmetini iddiaçı Bankın cavabdehlər Fikrət və Cavabdeh2lara qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiası, həmin iddiaya dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə, həmin qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Fondun və Cavabdeh1 ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri təşkil edir.

26. Bankın iddiasının dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Yasamal Rayon Məhkəməsinə verilmiş xx.xx.2018-ci il tarixli, 22674 saylı rəyi qeyri obyektivdir. Ekspertiza tərəfindən ekspertiza tədqiqatı hərtərəfli aparılmamış, rəy kifayət qədər aydın deyil, onda boşluqlar var, ekspert qarşısında qoyulmuş məsələlər tam həll edilməyib. Buna görə də, rəy obyektiv və mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, rəydə Cavabdeh1 Banka olan əsas borcunun 468.340,55 ABŞ dolları, faiz borcunun 17.797,15 ABŞ dolları məbləğində olması göstərilmiş, lakin Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış sənədlərində və “Maliyyə arayışında” Cavabdeh1 Banka olan əsas borcunun 476.329,67 ABŞ dolları, faiz borcunun isə 17.957,78 ABŞ dolları məbləğində olduğu qeyd edilir. Bundan başqa, Bank, iddia ərizəsi ilə borcalan Cavabdeh1 30.335,37 ABŞ dolları məbləğində cərimənin tutulmasını xahiş etdiyi halda Yasamal Rayon Məhkəməsi bu məbləği əsassız olaraq azaltmış və azıladılmış məbləğdə cərimənin ABŞ dolları ilə deyil, Azərbaycan manatı ilə tutulmasını – 30 manat məbləğində tutulmasını qət etmişdir. Daha sonra, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində ipoteka predmeti olan torpaq sahəsinin və evin Cavabdeh2 məxsus olduğunu, onların ipoteka ilə yüklü edilməsi məqsədi ilə razılığın da məhz Cavabdeh2 ilə Bank arasında əldə olunduğunu qeyd etsə də, qətnamənin nəticə hissəsində ipoteka predmetinin Cavabdeh2 deyil, borcalan Cavabdeh1 məxsus olduğunu qeyd etmiş və satıldığı halda da məhz Cavabdeh1 oradan çıxarılmasını qət etmiş, Cavabdeh2 aid tələbə isə qətnamənin nəticə hissəsində qiymət verməmişdir. Bundan əlavə, Rayon Məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 2.400.000 manat məbləğində müəyyən edilməlidir. Lakin Rayon Məhkəməsi Bankla ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “İpoteka müqaviləsində” ipoteka predmetinin qiymətinin 918.000 manat məbləğində müəyyən edilməsini nəzərə almamış, qiymət fərqinə hüquqi qiymət verməmişdir.

27. Göstərilənlərə əsasən Bank hesab edir ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi qeyd edilən hissələrdə ləğv edilməli və iddianın tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

28. Məhkəmə bildirir ki, Cavabdeh1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlilləri, onun Banka və Bankın ləğvedicisi olan Fonda qarşı irəli sürdüyü iddia tələbinin əsasları ilə eynilik təşkil edir. Məhkəmə həmin dəlilləri artıq yuxarıda qeyd etdiyindən (bax: hazırki qətnamənin 15-ci bəndinə) onları bir daha təsvir etməyə lüzum görmür.

29. Cavabdeh1 hesab edir ki, onun dəlilləri nəzərə alınmalı, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, yəni kredit borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halının, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə onun öhdəliklərinin artan 304.000 manat ekvivalentində olan hissəsi qət edilmiş məbləğdən çıxılması barədə yeni qətnamə qəbul edilməlidir.

30. Göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə hər iki apellyasiya şikayətində göstərilənlərə əsasən tam həcmdə mübahisələndirlir.

31. MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır.

32. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə Yasamal Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlayır. k) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları

33. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək, Bankın apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətin məzmununa uyğun izahat verdi.

34. İddiaçı Bankın ləğvedici olan Fondun nümayəndəsi və digər Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. l) hazırki işdə olan sübutlar barədə məlumat

35. Bankın “Korporativ” filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1, həmin müqaviləyə əsasən Bankdan illik 18 faiz dərəcəsi ilə 577.000 ABŞ dolları məbləğində pulu borc almışdır. Müqavilənin şərtinə görə, Cavabdeh1 Bankdan aldığı kredit məbləğini və həmin məbləğə hesablanacaq faizləri hissə-hissə, aybaay olmaqla 12 ay müddətində Banka qaytarmalıdır.

36. Bankın Cavabdeh1 və onun övladı Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə bağladığı “İpoteka müqaviləsindən” və işdə olan sənədlərdən görünür ki, “Kredit müqaviləsi” üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh2 özünə məxsus evi və evin yerləşdiyi torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri 918.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə notarial qaydada bağlanmış və ipoteka ilə yüklülük “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır.

37. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, Cavabdeh1, “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, Banka olan borcun cüzi hissəsini ödəmiş, qalan borcu ödəməmişdir.

38. Bankın iddia ərizəsinə əlavə etdiyi və Rayon Məhkəməsinə təqdim etdiyi hesablamalardan görünür ki, öhdəliyin icra edilməməsi nəticəsində Cavabdeh1 Banka 476.329,67 ABŞ dolları məbləğində əsas kredit borcu, 17.957,78 ABŞ dolları məbləğində faiz borcu, 33.669,12 ABŞ dolları məbləğində cərimə borcu mövcuddur.

39. Bank tərəfindən cavabdehlərə ünvanlanmış məktublardan görünür ki, Bank, borcun ödənilməsini cavabdehlərə dəfələrlə təklif etsə, əks halda tutmanın ipoteka predmetinə yönəldilməsi prosedurana başlayacağını, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirsə də, borc ödənilməmiş qalmışdır.

40. “Ödəniş qəbzlərindən” görünür ki, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat, “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün isə 31 manat məbləğində dövlət rüsumu ödəmişdir.

41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə verilmiş xx.xx.2018-ci il tarixli, 22674 saylı rəyindən görünür ki, “Kredit müqaviləsi” üzrə öhdəliyin icra edilməməsi nəticəsində Cavabdeh1 Banka 468.340,55 ABŞ dolları məbləğində əsas kredit borcu, 17.797,15 ABŞ dolları məbləğində faiz borcu mövcuddur.

42. "xxxx" MMC tərəfindən məhkəməyə verilmiş xx.xx.2017-ci il tarixli, QXM/33M saylı rəydən görünür ki, yuxarıda qeyd edilən ipoteka predmetinin – torpaq sahəsinin və onun üzərində yerləşən evin bazar qiyməti 2.400.000 manat məbləğindədir.

43. “HEBA Consulting» MMC-nin xx.xx.2019-cu il tarixli Ç-262 saylı rəyindən görünür ki, həmin torpaq sahəsinin və onun üzərində yerləşən evin bazar qiyməti 1.850.000 manat təşkil edir.

44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/3376 saylı rəydən görünür ki, torpaq sahəsinin hazırki likvid qiyməti 1.181.115 manat, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin likvid qiyməti 582.318 manat təşkil edir. m) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

45. Məhkəmə bildirir ki, MPM-nin tələblərinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1.). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3.). Hakim (məhkəmə) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3.).

46. Yuxarıda artıq qeyd edildiyi kimi Bank tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddia tələblərindən biri “ipoteka predmetinin açıq hərracdan satıldığı halda ipoteka predmetinin mülkiyyətçisi olan Cavabdeh2 evdən çıxarılması barədə” olsa da, Yasamal Rayon Məhkəməsi bu tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmiş, iş üzrə qəbul etdiyi qətnamədə həmin tələbin təmin və ya rədd edilməsini göstərməmişdir.

47. Məhkəmə hesab edir ki, bu hal baş verdiyindən Yasamal Rayon Məhkəməsi birmənalı olaraq ləğv edilməli və işdə olan, habelə əlavə toplanmış sübutlara əsasən işə mahiyyəti üzrə yenidən baxılmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

48. İşdə olan, habelə əlavə toplanmış sübutlara əsasən işə mahiyyəti üzrə yenidən baxan Məhkəmə bildirir ki, yuxarıda qeyd edilən sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsinin” və “İpoteka müqaviləsinin” bağlanmasına baxmayaraq borcalan Cavabdeh1 kreditor olan Bankdan aldığı borcu “Kredit müqaviləsində” və “Ödəniş qrafikində” nəzərdə tutulmuş qaydada ödəməmişdir. Bank bildirir ki, borcalan Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən onun 476.329,67 ABŞ dolları məbləğində əsas kredit borcu, 17.957,78 ABŞ dolları məbləğində faiz borcu, 33.669,12 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Borcalan Cavabdeh1 isə bildirir ki, Azərbaycan manatının ABŞ dollarına qarşı kəskin ucuzlaşması baş vermiş, ABŞ dollarının rəsmi məzənnəsi təxminən 50 %-dən çox artaraq 1,7 manat həddinə çatmış, buna əsasən də Bank ona 304.000 manat məbləğində artıq məbləğdə borc hesablamışdır. Lakin Bank nəzərə almamışdır ki, bu hal yaranmış dəyişikliklərə nəzərən tərəflərin məsuliyyətini aradan qaldıran xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” 9.1-ci bəndində göstərilmiş fors-major haldır. Belə ki, “Kredit müqaviləsinin” 9.1-ci bəndinə görə, qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun.

49. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (maddə 324.2.). Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (maddə 331.1.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz (maddə 556.1.).

50. Bu qətnamənin 41-ci bəndində artıq qeyd edildiyi kimi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 22674 saylı rəyindən görünür ki, “Kredit müqaviləsi” üzrə öhdəliyin icra edilməməsi nəticəsində borcalan Cavabdeh1 kreditor olan Banka 468.340,55 ABŞ dolları məbləğində əsas kredit borcu, 17.797,15 ABŞ dolları məbləğində faiz borcu var.

51. Bu rəyi şübhə altına ala biləcək sübut (məsələn: alternativ rəy) Məhkəməyə təqdim edilməmişdir.

52. Bu səbəbdən də, Məhkəmə bu rəyi mötəbər sübut kimi qiymətləndirir və ona əsaslanaraq hesab edir ki, Bankın iddiasının “əsas kredit borcunun və əsas borca hesablanmış faiz borcunun tutulması barədə” hissəsi qismən təmin edilərək Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 468.340,55 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 17.797,15 ABŞ dolları məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı Banka ödənilməlidir.

53. Bankın iddiasının “kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 30.335,37 ABŞ dolları məbləğində pulun tutulması barədə” hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır (maddə 463.1.). 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).

54. Məhkəmə Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” yazılı qaydada olmasını, müqavilədə dəbbənin (cərimənin) ödənilməsinin və dəbbənin məbləğinin hesablama qaydasının nəzərdə tutulduğunu, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsini nəzərə alaraq hesab edir ki, Bank, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə Cavabdeh1 dəbbə tətbiq etməkdə və dəbbənin ödənilməsini tələb etməkdə haqlıdır.

55. Dəbbənin məbləğinin müəyyən edilməsi ilə bağlı isə Məhkəmə bildirir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).

56. Məhkəmə işin hallarını, kreditor olan Bankın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı Bankın tələb etdiyi 30.335,37 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz sürətdə yüksəkdir. Buna görə də, Məhkəmə hesab edir ki, Bankın iddiasının “kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi barədə” hissəsi qismən təmin edilməli, tutulması tələb edilən dəbbə pulu azaldılmalı, dəbbə 5.000 ABŞ dolları məbləğində müəyyən edilməli və həmin məbləğdə dəbə pulu Cavabdeh1 tutularaq iddiaçı Banka ödənilməlidir.

57. Məhkəmə bildirir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” 9.1-ci maddəsinə görə, qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun.

58. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2015-ci il tarixli qərarı ilə üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul olunmuş, xx.xx.2015ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 Azərbaycan manatı səviyyəsində, xx.xx.2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,556 Azərbaycan manatı səviyyəsində müəyyən edilmişdir.

59. Bundan başqa Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, pul öhdəliyi manatla ifadə edilməlidir (maddə 439.1.). Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir (maddə 439.2.).

60. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən və Cavabdeh1 tutularaq Banka ödənilməli olan və ABŞ dolları ilə ifadə olunmuş borc məbləğləri Cavabdeh1 ilə Bank arasında bağlanmış “Kredit müqaviləsinin” bağlanma tarixində - xx.xx.2015-ci il tarixdə olmuş ABŞ dollarının Azərbaycan manatına nisbətdə olmuş məzənnəyə uyğun (1 ABŞ dolları = 1,05 Azərbaycan manatı) olaraq tutulmalıdır.

61. Bankın iddiasının “tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan torpaq sahəsinə və sahənin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; ipoteka predmetinin açıq hərracdan satılması; ipoteka predmeti satıldığı halda və Cavabdeh2 yuxarıda qeyd edilən evi tərk etmədiyi halda həmin evdən ən geci 1 ay ərzində məcburi qaydada çıxarılması barədə” hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, Məhkəmənin iş üzrə artıq gəldiyi nəticə Yasamal Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsindən ibarət olsa da, iş üzrə qaranlıq və səhv anlaşıla biləcək məqamlar qalmasın deyə bəzi məsələlərə aydınlıq gətirilməlidir.

62. Belə ki, Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində ipoteka predmeti olan torpaq sahəsinin və evin Cavabdeh2 məxsus olduğunu, onların ipoteka ilə yüklü edilməsi məqsədi ilə razılığın da məhz Cavabdeh2 ilə Bank arasında əldə olunduğunu qeyd etsə də, qətnamənin nəticə hissəsində ipoteka predmetinin Cavabdeh2 deyil, borcalan Cavabdeh1 məxsus olduğunu qeyd etmiş və satıldığı halda da məhz Cavabdeh1 oradan çıxarılmasını qət etmişdir. Halbuki, iş materiallarından bəlli olur ki, Bank tərəfindən Cavabdeh1 qarşı bu kimi tələb irəli sürməmiş, bu istiqamətdə iddia tələbinin həcminin artırılması barədə ərizə verməmişdir.

62. Bunları və məhkəmənin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul etmək vəzifəsini daşıması barədə MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alan Məhkəmə belə nəticəyə gəlir ki, Bank tərəfindən Cavabdeh1 qarşı bu kimi tələb irəli sürülmədiyindən həmin məsələ hazırki işin baxışı predmetini təşkil etmir.

63. Bu nəticəyə gəlmiş Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələbin əsaslı olub-olmamasını həmin tələbin Bank tərəfindən yönəlmiş şəxsə - Cavabdeh2 münasibətdə yoxlayır və hüquqi qiymət verir.

64. Bank, onunla borcalan Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməməsini nəzərə alaraq hesab edir ki, “Kredit müqaviləsi” üzrə yaranmış borcun tutulması Cavabdeh1 həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Bank ilə cavabdehlər arasında bağlanmış “İpoteka müqaviləsinin” predmetinə, yəni torpaq sahəsinə və həmin sahənin üzərində inşa edilmiş fərdi yaşayış evinə yönəldilməli, bununla əlaqədar olaraq həmin torpaq sahəsi, onun üzərində yerləşən ev açıq hərracdan satılmalı, onların satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən kredit borcun ödənilməli, ev satıldığı halda və Cavabdeh2 yuxarıda qeyd edilən evi tərk etmədiyi halda həmin evdən ən geci 1 ay ərzində məcburi qaydada çıxarılmalıdır.

65. Məhkəmə bu tələbi əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər (maddə 33.). Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir (maddə 34.). İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (maddə 36.1.). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır (maddə 36.2.4.). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (maddə 36.3.). İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun (maddə 59.3.). Bir ay müddətində ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmın şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar (maddə 59.4.).

66. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə,, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

65. Bu baxımdan Məhkəmə işin müəyyən edilmiş hallarını, tərəflər arasında bağlanmış “İpoteka müqaviləsinin” şərtlərini və yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddianın müzakirə edilən hissəsi təmin edilməli, Cavabdeh1 kredit borcunun ödənilməsi məqsədi ilə tutma ipoteka predmetinə torpaq sahəsinə və onun üzərində yerləşən evə yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, onların satışdan əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə yönəldilməli, həmin məbləğ borcun ödənilməsinə kifayət etmədikdə ödənilməmiş qalan borc məbləği Cavabdeh1 ümumi qaydada tutulmalı, həmin məbləğ borcun ödənilməsinə kifayət etdiyi və bundan sonra artıq pul məbləği qaldığı halda həmin (artıq qalan) məbləğ Cavabdeh2 ödənilməli, ipoteka predmeti satıldığı halda Cavabdeh2 ən geci 1 ay ərzində ipoteka predmetindən çıxarılmalıdır.

66. Bununla yanaşı Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanununun tələbinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir (maddə 39.3.3.). İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (maddə 1.0.9.).

67. İş materiallarından görünür ki, hazırki iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif vaxtlarda qiymətləndirmə ekspertizanın keçirilməsi ilə bağlı məhkəmələr tərəfindən müvafiq qərardadlar qəbul edilmiş, lakin hər dəfə qiymətləndirici qarşısında əmlakın likvid qiymətinin deyil, bazar qiymətinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuş və qiymətləndiricilər də, onlar qarşısında qoyulmuş suallara uyğun əmlakın bazar qiymətini müəyyən etmişlər.

68. Odur ki, göstərilənləri nəzərə alan, habelə “İpoteka haqqında” Qanunun tələblərini rəhbər tutan Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış – likvid qiymətinin müəyyən edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3376 saylı rəyini almışdır. Yuxarıda artıq qeyd edildiyi kimi həmin rəydə qeyd edilir ki, torpaq sahəsinin hazırki likvid qiyməti 1.181.115 manat, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin likvid qiyməti 582.318 manat təşkil edir.

69. Bu rəyi şübhə altına ala biləcək sübut (məsələn: alternativ rəy) Məhkəməyə təqdim edilməmişdir.

70. Bu səbəbdən də, Məhkəmə bu rəyi mötəbər sübut kimi qiymətləndirir və ona əsaslanaraq hesab edir ki, torpaq sahəsinin və onun üzərində yerləşən evin ilkin satış qiyməti ekspert rəyinə uyğun müəyyən edilməldir. n) apellyasiya baxışının nəticəsi

71. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən elə prosessual pozuntuya yol vermişdir ki, həmin pozuntu qətnamənin birmənalı ləğvi üçün əsasdır. Hər iki apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İddiaçı Bankın iddiası qismən əsaslıdır.

72. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2018-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiası iddiası qismən təmin edilsin. İddiaçı (kreditor) Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə cavabdeh (borcalan) Cavabdeh1 arasında 17 mart 2015-ci il tarixdə bağlanmış 1xx/xx/99195/15 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 468.340 (dörd yüz altmış səkkiz min üç yüz qırx) ABŞ dolları 55 (əlli beş) sent, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 17.797 (on yeddi min yeddi yüz doxsan yeddi) ABŞ dolları 15 (on beş) sent, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 5.000 (beş min) ABŞ dolları, cəmi isə 486.167 (dörd yüz səksən altı min yüz altmış yeddi) ABŞ dolları 70 (yetmiş) sent məbləğində pul Cavabdeh1 tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ödənilsin. Cavabdeh1 QSC "xxxx" KB-nın xeyrinə tutulmalı olan və ABŞ dollarında ifadə olunmuş həmin məbləğ Cavabdeh1 ilə Bank arasında bağlanmış “Kredit müqaviləsinin” bağlanma tarixində - 17 mart 2015-ci il tarixdə olmuş ABŞ dollarının Azərbaycan manatına nisbətdə olmuş məzənnəyə uyğun olaraq, yəni 1 ABŞ dolları = 1,05 Azərbaycan manatı hesabı ilə tutulsun. Tutma Cavabdeh2 mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ölçüsü 0,2019 ha olan torpaq sahəsinə və sahənin üzərində yerləşən 390 saylı fərdi yaşayış evinə yönəldilsin və həmin əmlaklar açıq hərracdan satılsın. Həmin torpaq sahəsinin açıq hərraca 1.181.115 (bir milyon yüz səksən bir min yüz on beş) manat, onun üzərində yerləşən fərdi yaşayış evi isə açıq hərraca 582.318 (beş yüz səksən iki min üç yüz on səkkiz) manat ilkin (likvid) qiyməti ilə çıxarılsın. Həmin daşınmaz əmlakların satılması nəticəsində əldə oluna biləcək pul vəsaiti yuxarıda qeyd edilən kredit borcunun ödənilməsinə yönəldilsin. Həmin məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh1 ümumi qaydada tutulsun. Həmin məbləğ borcun ödənilməsinə kifayət edərsə və borcun ödənilməsindən sonra artıq məbləğ qalarsa, artıq qalan məbləğ Cavabdeh2 ödənilsin. İpoteka predmeti olan ev satıldığı halda və Cavabdeh2 evi tərk etmədiyi halda Cavabdeh2 həmin evdən ən geci 1 ay ərzində məcburi qaydada çıxarılsın. Qalan hissədə iddia təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 (otuz) manat, “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 31 (otuz bir) manat məbləğində pul Cavabdeh1 tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ödənilsin. İş üzrə keçirilmiş ekspertizaların xərcini təşkil edən cəmi 150 (yüz əlli) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar