Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3040/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndələri X1 (direktor) və Vəkil2 (vəkil) iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmək müqaviləsinə (kontrakt) əsasən, xx.xx.2015-ci il tarixdə İddiaçı 2 (iki) illik əmək müqaviləsi bağlamaqla (xx.xx.2017-ci il tarixədək) Cavabdeh MMC-yə avtobus sürücüsü vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinə (kontrakt) və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı müddətsiz əmək müqaviləsi bağlamaqla (aylıq əmək haqqı 130 manat) Cavabdeh MMC-yə avtobus sürücüsü vəzifəsinə qəbul edilmişdir. Əmək haqqının xx.xx.2019-cu il tarixdən 180 manat, xx.xx.2019-cu il tarixdən isə 250 manat olması müəyyən edilmişdir.
2. AR ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaşın müraciətinə X5 baxılmış və qeyd edilmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən Bakı şəhər İdarəsinə ünvanlanmış məktubdan və sənədlərdən tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2021ci il tarixdə xitam verildiyi məlum olmuşdur. İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq, ərizə olmadan xitam verildiyindən AR İXM-nin 192.6-cı maddəsinə əsasən inzibatı xəta halı yaranmışdır. Bununla bağlı Cavabdeh MMC-nin direktoru X3 barəsində AR İXM-nin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 24 iyun 2022-ci il tarixli MN0020793 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, əmək müqaviləsinə xitam verilməsinə dair Cəmiyyətin 347 saylı əmri ləğv edilərək əvvəlki iş yerinə qaytarılması ilə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir.
3. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli qərara əsasən, Cavabdeh MMC-nin direktoru X3 AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 (on beş) gün müddət müəyyən olunmuşdur
4. xx.xx.2021-ci il tarixdə İddiaçı oğlu X4 tərəfindən Cavabdeh MMC-yə ünvanladığı ərizədə bildirmişdir ki, atası xəstə olduğundan gəlib ərizə yaza bilmir, ona görə də atasının səhhəti ilə əlaqədar işdən azad olunmasını xahiş etmişdir.
5. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən, İddiaçı (sürücü) əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
6. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) qeyd edilmişdir.
7. Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı xəstəlik vərəqi üzrə müavinətin hesablaması cədvəlinə əsasən, sosial ödənişlər tutulduqdan sonra (7,80 manat) İddiaçı 165,74 manat ödəniş edilmişdir.
8. Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın hesablanması cədvəlinə əsasən, sosial ödənişlər tutulduqdan sonra (19,85 manat) 424,90 manat ödəniş edilmişdir.
9. Sumqayıt Şəhər Təcili X8 tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 347 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməklə, xx.xx.2018-ci il tarixindən əmək müqaviləsinə xitam verilmə xx.xx.2021-ci il tarixinədək olan dövr üçün ödənilməmiş 5053 manat əmək haqqının, xx.xx.2021-ci il tarixindən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə orta əmək haqqının, həmçinin xx.xx.2018-ci il xx.xx.2022-ci il iş illəri üzrə istifadə olunmamış əsas məzuniyyətlərə görə 829 manat pul əvəzi (kompensasiya), maddi ziyana görə isə 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2007-ci il tarixindən yazılı əmək müqaviləsi bağlamadan faktiki olaraq, 18 fevral 2015-ci il tarixindən etibarən isə yazılı əmək müqaviləsi bağlamaqla aylıq əmək haqqı 125 manat olmaqla cavabdeh "xxxx" MMC-də avtobus sürücüsü vəzifəsində işləmişdir. 2022-ci ilin yanvar ayında iddiaçıya iş yoldaşları bildirmişlər ki, onu işdən çıxarmışlar və iddiaçıya baş mühasib tərəfindən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. O, işdənçıxma əmrinin surətinin əmək kitabçasının və son haqq-hesabın verilməsinə 26 yanvar 2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh bu müraciətə baxmamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə 11 may 2022-ci il tarixli şikayət ilə müraciət edilmiş və X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 28 iyun 2022-ci il tarixli məktubu ilə cavab verilmişdir. Qeyd olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə AR Əmək Məcəlləsinin təşəbbüsü ilə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə dair cavabdehin 347 saylı əmrinin ləğv olunması,cavadehin əvvəlki iş yerinə qayıtması və müəssisəsinin rəhbəri X1 İXM-nin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı rəhbərliyə məktub göndərilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı işə bərpa olunacağını gözləmiş, amma heç bir müsbət nəticə olmamışdır. Odur ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/23 saylı iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia qismən təmin edilmiş, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 347 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2021-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin həm faktiki, həm də hüquqi əsası yoxdur. Belə ki, cavabdeh-işəgötürənin ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) istinad etsə də, iddiaçının ərizəsi alınmamışdır. Alınan ərizə isə İddiaçı yetkinlik yaşına çatmayan oğlu X4 (xx.xx.2006-cı il təvəllüdlü) tərəfindən (etibarnamə olmadan) yazılmış və imzalanmışdır. İşçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı bir aylıq xəbərdarlıq müddəti qanunverici tərəfindən həm işəgötürənin, həm də işçinin mənafeləri nəzərə alınaraq müəyyən edilmişdir. İşçi əmək müqaviləsini ləğv etmək barədə işəgötürənə verdiyi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi konkret müddəti göstərməmişdirsə, ərizə verildiyi gündən bir aylıq xəbərdarlıq müddəti bitənədək AR ƏM-nin 69-cu maddəsi ilə əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçının oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ərizədə konkret vaxt göstərilmədiyi halda, belə ərizəyə istinad etməklə həmin tarixdə də əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanmışdır. Hansı ki, artıq bu halın mövcudluğu özü-özlüyündə qanunvericiliyin müəyyən etdiyi qaydaların pozuntusunu ehtiva edir, həmçinin əmrin əsassız və qanunsuz olmasını sübuta yetirir. Məhkəmə iddia tələbinin xx.xx.2018-xx.xx.2022-ci illər üzrə istifadə olunmamış əsas məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, xx.xx.2021-ci il tarixə qədər iddiaçının məzuniyyət hüququ olsa da, bundan istifadə etməmiş və bu illər ərzində cavabdehə bununla bağlı heç bir yazılı müraciət etməmişdir. Beləliklə, iddiaçı ondan asılı olmayan səbəblərə görə bu hüquqdan məhrum olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
14. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 69, 300-cü maddələri, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddia müddətinin keçib-keçməməsini araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən iddiaçı xx.xx.2018-ci il tarixdə sürücü vəzifəsinə qəbul edilmiş və iddiaçı tərəfindən cavabdehin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. 23 noyabr 2022-ci il tarixində məhkəmədə mülki işə baxılarkən iddiaçı izahatında məhkəməyə bildirdi ki, xx.xx.2021-ci il tarixdə onun oğlu (X4) xəstəlik vərəqəsini təqdim etmək üçün cavabdehin ofisində olmuş, həmin vaxt MMC-nin rəhbərliyi tərəfindən ona zəng olunmuş və oğlunun onun adından işdən çıxma barədə ərizə verdiyi və onun işdən çıxarıldığı bildirilmişdir. Məhkəmə həmin hallara hüquqi qiymət verməmişdir. İddiaçı tərəf 08 sentyabr 2022-ci il tarixli mediasiyaya müraciət edərək, elə həmin gündə qanunsuz mediasiya arayışı alanda belə iddia müddəti çoxdan keçmişdi. İddiaçı məhkəmə iclasında etiraf etdi ki, oğlu Ağasalah şirkətdə olan zaman xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində onunla telefonla danışdıqdan sonra onun xahişi nəzərə alınaraq ərizəsi qəbul edilmiş və onun əmək müqaviləsinə xitam verilmiş, əmrin surəti və əmək müqaviləsinə xitam verilməsi barədə elektron portaldan çıxarışda oğlu Ağasalah vasitəsi ilə ona təqdim edilmişdir. İddiaçı isə iddia müddəti keçdikdən sonra mediasiya müraciət edərək, elə həmin gündə qanunsuz mediasiya arayışı alanda həmin vaxt iddia müddəti çoxdan keçmişdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
19. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Əmək Məcəlləsi
21. Maddə 74, hissə 2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
22. Maddə 83, hissə 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
23. Maddə 83, hissə 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
24. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər
25. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
26. Maddə 296, hissə 6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
27. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarı
28. işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi,əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamə ilə iddia qismən təmin olunduğundan, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı sayır və hesab edir ki, qətnamə iddianın təmin olunan hissəsində ləğv olunmalı və iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
32. Yuxarıda qeyd olunduğu kimi, hazırkı apellyasiya baxışının predmetini yalnız iddianın təmin olunan hissəsi təşkil edir. Belə ki, iddiaçı iddianın təmin olunmayan hissəsini apellyasiya qaydasında mübahisələndirməmişdir.
33. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçıdan ya xəstəliyini təsdiq edən sənədi (xəstəlik vərəqəsini) müəssisəyə təqdim etməyi, ya işə çıxmağı və yaxud ərizə yazmaqla işdən çıxmağı tələb edildikdən sonra İddiaçı səhhəti ilə əlaqədar nə yaza, nə də yeriyə bildiyini bildirmişdir və oğlu Rüstəmov Ağasalahın şirkətə gələrək onun əvəzinə ərizə yazmasını və bu ərizənin qəbul olunmasını xahiş etmişdir. Oğlu şirkətdə olan zaman, xx.xx.2021-ci il tarixdə saat 14:00-da şəxsən İddiaçıla telefonla danışdıqdan sonra onun xahişini nəzərə alaraq oğlundan ərizəni qəbul etmiş və İddiaçıla olan əmək müqaviləsinə xitam verilmişdir. Həmin gün Natiqin oğlu şirkətə 739976 nömrəli, 20.04.21-08.05.21-ci il tarixli (18 gün) və 21.05.21-30.05.21-ci il tarixli (9 gün) dövrləri əhatə edən xəstəlik vərəqəsini təqdim etmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2021ci il tarixdə xitam verilmiş, o, isə məhkəməyə xx.xx.2022-ci il tarixdə mövcud iddia tələbi ilə müraciət etmiş, iddia müddətini ötürmüşdür.
34. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə iddia müddəti tətbiq edilə bilməz və əsaslı olan iddia tələbi, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və işin digər materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçı işdən azad olunması barədə əmrin surətini almadığından, əmək müqaviləsinin ləğv edilməsinin əsasını bilməmiş, həmçinin iddiaçı, cavabdehin hərəkətlərindən, 11 may 2022-ci il tarixli şikayətlə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişdir.
35. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.
36. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, həqiqətən də iddiaçı tərəfindən 11 may 2022-ci il tarixdə X7 Xidmətinə müraciət olunmuş, Əmək Müfəttişliyində müvafiq araşdırma aparılmış və araşdırmadan sonra X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubda bildirilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2021ci il tarixdə xitam verilmişdir.
37. İddiaçı özü isə işin 5-ci vərəqində olan iddia ərizəsində göstərir ki, o, əmək müqaviləsinə xitam verilməsindən 2022-ci ilin yanvar ayında xəbər tutmuş, müəssisə rəhbərliyi ilə əlaqə saxlamış və baş mühasib ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdür.
38. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu ən azından özü etiraf etdiyi tarixdə, yəni 2022-ci ilin yanvar ayında bilmiş, X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ona bu barədə xx.xx.2022-ci il tarixli məktubla təkrar məlumat verilmiş, lakin o, hüququnun pozulduğunu bildiyi həmin vaxtdan sonra keçən bir ay ərzində pozulmuş hüququnun müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. O, yalnız xx.xx.2022-ci il tarixdə Mediasiya orqanına, xx.xx.2022-ci il tarixdə, yəni əmək müqaviləsinə xitam verilməsindən təxminən 1 il 7 ay sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
39. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu istər 2022-ci ilin yanvar ayında, istərsə də 2022-ci ilin iyun ayında bilməsindən asılı olmayaraq hər iki halda iddia müddətini ötürmüşdür.
40. İddiaçı qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etməməsinin səbəbini əmək müqaviləsinə xitam verilməsindən məlumatsız olması, məlumat aldıqdan sonra X7 Xidmətinə müraciət etməsi, hüquqlarının həmin orqan tərəfindən bərpa olunmasını gözləməsi, həmin orqanın göstərişinin icra olunmadığı ilə əlaqələndirmiş, müddətin ötürülmədiyini iddia etmişsir.
41. Kollegiyanın mövqeyinə görə göstərilən dəlillər müddətin ötürülmədiyi barədə qənaətə gəlməyə əsas vermir. Belə ki, iddiaçının həqiqətən də cavabdehlə əmək münasibətlərini davam etdirmək niyyəti olmuş olsaydı, o, ən azından 2022-ci ilin yanvar ayına qədər heç olmasa bir dəfə iş yerinə gələr və əmək fəaliyyətini davam etdirmək təşəbbüsündə olmuş olardı. İddiaçının “əmək müqaviləsinə xitam verilməsindən məlumatsız olması” barədə dəlili öz-özlüyündə onun 2021-ci ilin fevral ayından başlayaraq işə gəlməməsi barədə cavabdehin dediklərinin doğru olduğunu təsdiq etmiş olur. İş materiallarından göründüyü kimi, iddiaçı həmin müddət ərzində yalnız 20.04.21-08.05.21ci il tarixli (18 gün) və 21.05.21-30.05.21-ci il tarixli (9 gün) günlər üçün, yəni üst-üstə cəmi 27 günü əhatə edən xəstəlik vərəqəsi təqdim etmişdir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının əmək haqqının ödənilməməsi və s. barədə X7 Xidmətinə şikayət etməsi iddia müddətinin axımını kəsmir və onun məhkəməyə müraciət etməsinin qarşısını almır.
43. Əmək Məcəlləsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (maddələr 296.2-296.4).
44. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi də əmək müqaviləsinin şərtlərindən biridir və əmək müqaviləsində xüsusi olaraq göstərilmişdir. İddiaçı müdiriyyət tərəfindən əmək müqaviləsinə xitam verilməsinin düzgün sənədləşdirilmədiyini, yəni onun şəxsi ərizəsi olmadan əmək müqaviləsinə xitam verildiyini bildirir və bu barədə ən azından özünün iddia ərizəsində etiraf etdiyi kimi 2022ci ilin yanvar ayından məlumatlı olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi mübahisəyə tətbiq edilməli (əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün) və iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir.
45. İddia müddətini keçməsi iddianın rədd olunması üçün birbaşa əsas verdiyindən Kollegiya iddia tələbinə, onun əsaslılığına mahiyyəti üzrə qiymət verilməsinə əsas görmür.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
47. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində (əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) ləğv edilsin və iddia tələbi həmin hissədə rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.