Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3041/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-198/2025 nömrəli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə 2 ünvanda 1-ci binanın, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 93.9 kv.m. olan 2 otaqlı, 15 saylı mənzilin və Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 2 ünvanda 1-ci binanın, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 122 kv.m. olan 2 otaqlı, 16 saylı mənzilin ona təhvil verilməsi, İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində 1-ci binanın, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 65.65 kv.m olan 1 otaqlı, 68 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMCyə həvalə edilməsinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-198/2025 nömrəli qərardadına əsasən iddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək sənədlərinin geri qaytarılmasını xahiş etdiyindən iddia tələbi baxılmamış saxlanılmışdır. Cavabdehin vəkili və nümayəndəsi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfin hazırkı vəziyyətdə iddia ərizəsinin geri götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi iddianın uğurlu olmasının sual altında olması ilə bağlıdır. 9 ay məhkəmə araşdırmasının aparılması, iş üzrə mühüm əhəmiyyət kəsb edən ekspertizaların keçirilməsi və s. bu istiqamətdə araşdırmaların aparılmasından sonra cavabdehin razılığı olmadan iddia ərizəsinin geri götürülməsi ədalətsizlikdir. Lakin göründüyü kimi məhkəmə qərardad qəbul edən zaman işin hallarını ətraflı şəkildə araşdırmamışdır. Belə ki, cavabdehin hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Mülki iş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdən məhkəmənin icraatındadır. Məhkəmə işin halları ilə bağlı bütün halları aradırmış, hətta məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Lakin bütün araşdırılma aparıldıqdan sonra iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-198/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan respublikası Mülki Prossesual Məcəlləsinin 167.1-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.2-ci maddəsinə əsasən tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. 167.1.4-ci maddəsinə əsasən birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir; 167.2-ci maddəsinə əsasən hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ona istinad etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, məhkəmənin iddia ərizəsinin geri qaytarmasına əsas kimi gətirdiyi əsas düzgün olmamışdır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddia ərizəsi xx.xx.2024-cü il tarixdən məhkəmənin icraatında olmuş, mülki iş üzrə 9 aydan artıq müddət ərzində ətraflı araşdırılma aparılmış, məhkəmə xətşünaslıq ekspertizaları təşkil edilərək iş üzrə rəylər əldə olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hallar üzrə araşdırma aparmış birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin hazırlıq iclasının yekunlaşması ərəfəsində iddiaçının iddia ərizəsinin geri götürülməsi barədə ərizəsini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Başqa sözlə, iddiaçının iddia tələbi üzrə məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyətli hallar araşdırılandan sonra iddia ərizəsini geri götürmək barədə ərizə ilə müraciət etməsi iddiaçı tərəfindən iddianın uğurluluq ehitimalalının aradan qalxmasını görməsi səbəbindən olmasını özündə ehtiva edir. İş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən bir neçə dəfə hazırlıq iclasları keçirilməklə iddia ərizəsini geri götürlməsi üçün iddiaçının kifayət qədər imkanı mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən hallar üzrə aparılmış araşdırmaya dair yekun nəticəyə gəlməmək işə mahiyyəti üzrə baxılıb yekunlaşmasını tələb edən cavabdehin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, iddia ərizəsinin geri qaytarılması iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən 9 aya qədər araşdırma aparılarkən iş üzrə zəruri sənədlərin təqdim edilməsi, məhkəmə iclasları zamanı iştirak edərək izahatlar verməklə və bir sıra zəruri hərəkətlər etməklə iddiaya qarşı öz etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsində maraqlı olan cavabdeh təşkilatın prosesual olaraq hüquqlarının pozulmasına gətirib çıxarır. Yəni, bərabər tərəflərə eyni münasibət göstərilməsi baxımından məhkəmənin bu ərizəni qəbul edib iddianı geri qaytarması düzgün hesab edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, söpzügedən ərizənin hazırlıq icraatında verildiyi zaman məhkəmənin həmin ərizəni qəbul edib iddia ərizəsini geri qaytarması prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur və bu zaman bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunması nəzərdə tutulmamışdır (Ali Məhkəmə Plenum qərarı xx.xx.2011-ci). Lakin ilk növbədə qeyd edilməlidir ki, məhkəməsinin istinad olunan qənaəti prosessual qanunvericiliyin tələbləri baxımından əsaslı sayıla bilməz. Əvvəla, nəzərə almaq lazımdır ki, ərizənin baxılmamış saxlanılmasının əsaslarını müəyyən edən MPM-in 259-cu maddəsindən fərqli olaraq, rayon məhkəməsinin də hazırkı qərardadında istinad etdiyi MPM-in 170-ci maddəsində ərizənin geri qaytarılması ilə bağlı müəyyən olunmuş qayda imperativ olmayıb, dispozitiv xarakterlidir, yəni məhkəmə iddiaçının ərizənin geri qaytarılmasına dair vəsatətini təmin etməyə, yəni işə baxılmasını davam etdirə də bilər. Bundan başqa nəzərə alınmalıdır, məhkəmənin istinad etdiyi qeyd edilən plenum qərarının çıxarıldığı vaxt prosessual qanunvericilikdə mülki iş üzrə hazırlıq iclasının mahiyyəti hazırki qüvvədə olan hazırlıq icraatı ilə eyinilik təşkil etmir. Belə ki, prosessual qanunvericiliyin hazırlıq mərhələsi ilə bağlı müddəalarına son dəyişiklikdən sonra hazırlıq mərhələsinin əhəmiyyəti xeyli dərəcədə artmış məhz hazırlıq məhrələsi çərçivəsində məhkəmə tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir, o cümlədən tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə fiziki və hüquqi şəxslərdən və ya orqanlardan sübutlar tələb edir, bir sözlə işin məhkəmə baxışınadək lazım olan bütün hərəkətlər edilir. Bundan sonra bir məhkəmə baxışında belə həmin toplanmış sübutlara qiymət verilməklə işin yekunlaşmasını mümkün ola bilir. Hazırki halda isə hazırlıq məhrhələsi çərçivəsində iş üzrə sübutlar toplanmış, xüsusilə işin mahiyyəti üzrə baxılması və iddianın əsaslılığına təsir edən halların müəyyən edilməsi üçün ekspert rəyləri alınmışdır. Belə olan halda iddiaçı tərəfin iddianın uğurluluq ehtimalının azalması və ya ümumiyyətlə aradan qalxmasını təxmin etməsi fonunda belə bir ərizə ünvanlanması qeyd edilənlərə baxmayaraq işin bu mərhələdə sonlandırmaqla iddia ərizəsini iddiaçıya geri qaytarması əsaslı hesab edilə bilməz. Bu ona gətirib çıxara bilər ki, iddiaçı həmin tələbi ilə bağlı hər 2-3 aydan bir istənilən vaxt və istənilən (sayda) məhkəməyə müraciət edə bilər belə bir vəziyyətdə bərabər hüquqlu tərəf olan cavabdehin vəziyyətinə nəzər saldıqda cavabdeh aşkar surətdə iddiaçıdan asılı vəziyyətdə qalmasına, həm də cavabdehin iddiaçıdan bu asılılığı və qeyri-müəyyən vəziyyəti uzun müddət (hətta iddia müddətinin tətbiq edilməsi mümükün olmayan işlərdə qeyri müəyyən tarixədək) davam edə bilər. Kollegiya belə qənaətə gəlir ki, bu müddəanın mövcud olması heç də tərəfin birinin digərinə münasibətdə üstünlük hüququnun müəyyən edilməsi və ya bərabər tərəflərə bərəbər nisbətdə yanaşmanı mümkünsüz etməklə iddiaçı tərəfin prosessual hüquqlardan sui-istifadə etməsinə şərait yaradan hal kimi qəbul edilməsi yolverilməzdir. Kollegiya hesab edir ki, prosessual qanunvericiliyin 170-ci maddəsinə uyğun olaraq iddiaçının vəsatətinə əsasən ərizənin geri qaytarılması zamanı (xüsusilə də iş üzrə bütün zəruri sübutlar toplandığı, ekspert rəyləri alındığı və s. bu kimi hallarda) MPM-in 259.0.11-ci maddəsində tələb olunduğu kimi, cavabdehin razılığının (iradəsinin) olması mütləqdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən verilən şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-198/2025 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-198/2025 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3041/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3041/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver