Məhkəmə qərarları › İş №2(103)-3042/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3042/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3042/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər:ödənilmiş təhsil xərclərinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(001)-2017/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyitərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları qətnaməni qəbul etdi, İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı tərəf cavabdehin “X2”-da İqtisadiyyat ixtisası üzrə 2015-ci ildən 2018-ci ilə kimi tədrisini təşkil etməyi, cavabdeh isə həmin müddət ərzində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq öhdəliyini götürmüş, lakin Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 714 №-li Əmri akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyini üçün cavabdehin adı Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir. 2.Buna görə də iddiaçı cavabdehdən müqavilə üzrə ödənilmiş təhsil xərcinin geri qaytarılmasını tələb etmiş, cavabdeh isə iddianı qəbul etməyərək iddia müddətini tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 27.761,13 (iyirmi yeddi min yeddi yüz altımış bir manat, on üç qəpik) manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən, Dövlət Proqramının ölkənin social-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət budcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008-ci il tarixli 128 nömrəli Qərarı ilə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5-ci bölməsi xarici ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqüdçü ilə təhsilin təşkili barədə müqavilədə mütləq aşağıdakıları daxil etməklə bağlamalıdır. a) müqavilənin predmeti; b) tərəflərin hüquq və vəzifələri; c) təhsil müddəti və şərtləri; ç)təhsili bitirdikdən sonra təqüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycana qayıtması barədə şərt; d) müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar. Qaydaların 5.4-cü bəndinə əsasən təqüdçü Komissiya tərəfindən üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır. Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış(yataqxana və digər) xərcləri, gündəlik qida xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2015-ci ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2015-ci il tarixli, 986 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh Niderland Krallığı, X2 ali təhsil müəssisəsində “iqtisadiyyat” ixtisasi (magistr səviyyəsi) üzrə 2015-2018-ci tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 27761,13 manat vəsait ödəmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 714 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə dəfələrlə rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 27.761,13 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin cabavdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. MM-nin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümüd etməsinə baxmayaraq, lakin heç bir vəsait qaytarılmamışdır. 5.Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsini nəzərə alaraq, iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Təhsil Nazirliyi ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədə hər hansı bir icra müddəti müəyyən edilməmişdir. Beləliklə aydın olur ki, iddia müddəti müqaviləyə rəsmi olaraq xitam verilən xx.xx.2016-cı il tarixindən başlanmış, müqavilə tələbi ilə bağlı üç il müddət isə çoxdan bitmişdir. 6.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 mart 2024-cü il tarixli, 2(001)-2017/2024 saylı qətnaməsi ilə (hakim-Fərid Hətəmzadə) iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan: 7.Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli Müqavilədən görünür ki, “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə görə Təhsil Nazirliyi təhsil alan Cavabdeh Niderland Krallığında olan “X2”-da İqtisadiyyat ixtisası üzrə 2015-ci ildən 2018-ci ilə kimi tədrisini təşkil edir. 8.Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 986 №-li Əmrindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən xaricdə təhsil alması üçün seçilmiş Cavabdeh “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanlar siyahısına daxil edilməsi, Beynəlxalq əməkdaşlıq şöbəsi(M.Məmmədov) bu əmrlə bağlı lazım olan bütün tədbirlərin həyata keçirilməsi, Nazirliyin İqtisadiyyat şöbəsi (R.Orucov) Təhsil Nazirliyinə təqdim olunacaq ödəmə sənədlərinə uyğun olaraq yuxarıda adları qeyd olunan tələblərin 2015/2016-cı il tədris ilindən etibarən təhsil alması ilə bağlı bütün xərclərin(təhsil haqqı, viza, qeydiyyat, sığorta, yaşayış, ildə bir dəfə gediş-gəliş yol xərcləri və təşkilati xərclər) müvafiq qaydada müəyyən olunmuş müddətlərdə Dövlət Proqramının icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri hesabına ödənilməsinin təmin edilməsi əmr edilmişdir. 9.Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 714 №-li Əmrindən görünür ki, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyi nəzərə alınaraq, Cavabdeh adının Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsi(M.Məmmədov), Maliyyə şöbəsi (R.Orucov) və Hüquq şöbəsi (S.Kazımov) Cavabdeh ilə Təhsil Nazirliyi arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq, onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsi əmr edilmişdir. 10.Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında bağlanmış həmin müqaviləyə əsasən, iddiaçı tərəf cavabdehin “X2”-da İqtisadiyyat ixtisası üzrə 2015-ci ildən 2018-ci ilə kimi tədrisini təşkil etməyi, cavabdeh isə həmin müddət ərzində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq öhdəliyini götürmüş, lakin Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 714 №-li Əmri akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyini üçün cavabdehin adı Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir. 11.Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamamışdır. Lakin göstərilənlərə baxmayaraq iddiaçının cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. 12.Belə ki, iddiaçının hazırki iddia tələbi üzrə iddia müddətinin axımı, iddiaçının hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni cavabdehin akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyini üçün adının Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi və təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli Əmrinin tarixindən hesablanmalıdır. Hazırki vəziyyətdə müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. 13.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.1, 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 372.1, 373.2, 375.2, 375.2, 377.1, 377.2, 377.3, 380.1ci;“Dövlət rüsumu” haqqında Qanunun 9.1.14-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri 14.İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümid etməsinə baxmayaraq, lakin heç bir vəsait qaytarılmamışdır. Nazirlik hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdehə sonuncu müraciətdən sonra Nazirlik hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. Nazirlik ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəyə qiymət verərkən iddiaçıya qarşı öz qərəzini buruzə vermis, ərizəni cavabdehin xeyrinə şərh etmişdir. Belə ki, məhkəmə iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə hüquqi qiymət vermədən, müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə əmrin verildiyi tarixdən hesablamışdır. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla, eyni zamanda cavabdehin müddətin tətbiqi barədə ərizəsinə əsaslanaraq qərar qəbul etmişdir. İşə baxan məhkəmə qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsini tətbiq etməklə yekunda qərar qəbul edərkən səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdehin Dövlət Proqramından xaric edilməsi Nazirliyin hüququnun pozulmasının aşkar edildiyi vaxt kimi qəbul edilə bilməz. Çünki, cavabdeh DP-dən xaric edildikdən sonra bir neçə il xarici dövlətdə yaşamış və başqa təhsil müəssisəsində təhsilini davam etdirmişdir. Məhkəmənin yanaşmasına görə, cavabdeh ölkəyə qayıtdıqda artıq (müddət ötürüldüyündən) Nazirlik tərəfindən ona qarşı tələb irəli sürmək hüququ aradan qalxmışdır. Məhkəmə cavabdehin bu müddət ərzində xaricdə yaşamasına və təhsil almasına əhəmiyyət verməmişdir.Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozduğunu, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olmasını və tərəflərin öhdəliklərinə xitam verilmədiyinə məhkəmə hüquqi qiymət verməmişdir. İşə baxan məhkəmə təqdim olunmuş sənədlərə hüquqi qiymət vermədən mülki qanunvericilik normalarını yanlış tətbiq etməklə iddia tələbini təmin etməmişdir. Belə ki, məhkəmə iddia müddətini tətbiq edərkən, əmrin verilməsi tarixini deyil, xx.xx.2022-ci il tarixli, 05-17-164/24 saylı xəbardarlıq məktubunun cavabdehə göndərildiyi tarixi əsas götürməli idi. Xəbardarlıq məktubundan sonra, tələb olunan vəsaitin cavabdehin qaytarmaq fikri olmadığı məlum olmuşdur. b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı 17.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 714 №-li Əmrindən sonra cavabdehin maliyyələşdirilməsi dayandırılmışdır. Müqavilə ilə maliyyələşdirilən təhsil ili 2015-2018-ci illəri əhatə etmişdir. 18.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 19.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 22.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 23.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 24.Maddə 448.1.Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 25.Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 26.Maddə 372.1.Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 27.Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 28.Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 29.Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 30.Maddə 377.2.İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya baxışının hədləri 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 36.Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki,tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı tərəf cavabdehin “X2”-da İqtisadiyyat ixtisası üzrə 2015ci ildən 2018-ci ilə kimi tədrisini təşkil etməyi, cavabdeh isə həmin müddət ərzində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq öhdəliyini götürmüş, lakin Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 714 №-li Əmri akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyini üçün cavabdehin adı Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir. Buna görə də, iddiaçı cavabdehdən müqavilə üzrə ödənilmiş təhsil xərcinin geri qaytarılmasını tələb etmiş, cavabdeh isə iddianı qəbul etməyərək iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş etmişdir. 37.Kollegiya hesab edir ki, məhkəmə tərəflər arasında müqavilədən irəli gələn öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən cavabdeh tərəfin ərizəsinə əsasən iddia müddəti tətbiq olunmaqla, iddia təmin edilməməlidir. 38.Məhkəmə Kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarına qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). 39.İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 40.Kollegiya qeyd edir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. 41.Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. 42.Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 43.Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi üzrə iddia müddətinin axımı, iddiaçının hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni cavabdehin akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyini üçün adının Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi və təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli Əmrinin tarixindən hesablanmalıdır. Hazırki vəziyyətdə müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. 44.Hazırda cavabdehin apellyasiya şikayəti üzrə dəlili ondan ibarətdir ki, iddiaçı cavabdehin təhsil haqını qaytaracağını güman etmişdir. Cavabdehin Dövlət Proqramından xaric edilməsi Nazirliyin hüququnun pozulmasının aşkar edildiyi vaxt kimi qəbul edilə bilməz, çünki, cavabdeh Dövlət Proqramından xaric edildikdən sonra bir neçə il xarici dövlətdə yaşamış və başqa təhsil müəssisəsində təhsilini davam etdirmişdir, məhkəmə iddia müddətini tətbiq edərkən, əmrin verilməsi tarixini deyil, xx.xx.2022-ci il tarixli, 05-17-164/24 saylı xəbardarlıq məktubunun cavabdehə göndərildiyi tarixi əsas götürməli idi. 45.Kollegiya hesab edir ki, cavabdehin akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyini üçün adının Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi və təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli Əmrin verildiyi tarixdə yəni xx.xx.2016-cı il tarixdə artıq öz hüququn pozulduğunu bildiyindən müddətin axımı da həmin tarixdən hesablanmalıdır. Həmin əmrdə Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsi (M.Məmmədov), Maliyyə şöbəsi (R.Orucov) və Hüquq şöbəsinə (S.Kazımov) Cavabdeh ilə Təhsil Nazirliyi arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq, onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsi əmr edilmişdir. xx.xx.2016-cı il tarixdən cavabdehin maliyyələşdirilməsi dayandırılmışdır. 46.Tərəflərin arasında olan münasibətlər müqavilə əsasında yaranmaqla, öhdəlikləri də, həmin müqavilə əsasında əmələ gəlmişdir. Buna görə də, kollegiya hesab edir ki, hazırki iddia tələbinə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti düzgün olaraq tətbiq olunmuşdur. 47.Göründüyü kimi iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürərək məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. 48.Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli Müqavilədən görünür ki, tərəflərin öhdəliklərini müəyyən edən müddət 2015-ci ildən 2018-ci ilə qədər olan tədris ilini əhatə etmişdir. Hətta 2018-ci ildən hesablandıqda belə, iddiaçı 3 illik iddia müddətini ötürmüşdür. 49.Kollegiya qeyd edir ki, iddiaçı hazırkı tələblə bağlı müvafiq subyektiv hüquqa malik olmuş və cavabdeh tərəfindən həmin hüququ pozulmuşdur. Bununla belə, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti heç bir üzrlü səbəblər olmadan ötürülmüşdür. Ona görə də, hazırkı mübahisəyə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddia tələbi düzgün olaraq rədd edilmişdir. 50.Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(001)-2017/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 51.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 52.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 53.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 54.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 55.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyitərəfindən verilmiş apelyasiya şikayətitəmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(001)-2017/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar