Məhkəmə qərarları › İş №2(103)-3043/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3043/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3043/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2023 saylı 24 yanvar 2022ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mkr-da yerləşən 67 saylı evin 5 saylı mənzilinə və Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-17:00-dək (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakların ilkin satış qiyməti müvafiq olaraq 45000 manat və 288000 manat müəyyən edilmişdir;

2. "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mkr-da yerləşən 67 saylı evin 5 saylı mənzilinə və Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakların təkrar satış qiyməti müvafiq olaraq 38250 manat və 244800 manat müəyyən edilmişdir;

3. "xxxx" MMC tərəfindən İddiaçı xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində ünvanlanmış kuryer xidmətləri üçün mədaxil qəbzlərindən görünür ki, İddiaçı adına bildirişlər ünvan 1 ünvanına göndərilmiş və “Mirzəyeva” tərəfindən qəbul edilmişdir;

4. “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçiriləcəyi elan edilmişdir;

5. “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçiriləcəyi elan edilmişdir;

6. “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair hərrac baş tutmamışdır;

7. "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, ipoteka predmetləri təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 28687,50 manat və 183600 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur;

8. "xxxx" MMC-nin hərracın yekunları barədə 41/02 nömrəli, xx.xx.2022-ci il tarixli protokolunun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1347/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin və Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən, İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" QSC tərəfindən 183600 manat qiymətlə əldə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 0,225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın və “Hərracın yekunlarına dair” xx.xx.2022-ci il tarixli, 41/02 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018- ci il tarixli, 2(060)-995/2018 saylı qətnaməsinə əsasən ona məxsus yaşayış evinin hərracdan satılması qət edilmişdir. Bu qətnamənin icrasını həyata keçirən Sumqayıt şəhər İcra Şöbəsi tərəfindən cavabdeh MMC-yə hərracın keçirilməsi sifariş edilmiş, cavabdeh xx.xx.2022-ci il tarixdə hərrac keçirərək, “hərracın yekunları barədə Protokol” tərtib edərək, əmlakını bankın mülkiyyətinə vermişdir. Bu hərrac qanunun tələblərinə zidd keçirildiyi üçün onun yekun protokolu etibarsız hesab edilməlidir. Son hərracın keçirilməsi barədə cavabdeh tərəfindən ona hərracın yeri və vaxtı barədə rəsmi bildiriş verilmədən hərrac keçirilmişdir. Bu halda isə hərrac və onun nəticələri qanunsuz hesab edilərək etibarsız sayılmalıdır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2023 saylı 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamə çıxararkən məhkəmə ona verilmiş bildirişin müddəti ilə keçirilmiş hərracın müddəti arasında qanunla nəzərdə tutulan 30 günlük müddətə diqqət yetirməmiş və bunun da nəticəsində hərracı qanuni hesab etmişdir ki, bu halda məhkəmə qətnaməsi qanuni hesab edilə bilməzdi. Məhkəmə bu hala düzgün hüquqi qiymət versəydi iddia təmin edilərdi. İşin hallarından və sənədlərindən görünür ki, hərrac xx.xx.2022-ci il tarixə təyin edilmiş, bu barədə bildiriş onun ailə üzvünə xx.xx.2022-ci il tarixdə, hərracın keçirilməsinə 7 gün qalmış çatdırılmışdır. Bu isə istinad edilən maddi normanın pozulması deməkdir. Ona hərrac barədə hərraca ən azı 30 gün qalmış məlumat verilməli olduğu halda, hərrac təşkilatı cəmi 7 gün qalmış məlumat vermişlər. Qanunverici bu 30 günü müəyyən edəndə müəyyən halları (hərraca hazırlıq, əmlakı əldə etmək üçün maddi vəsait əldə etmək və sairə) nəzərə alaraq müəyyən etmişdir. Bu tələbi pozmaqla keçirilmiş hərrac isə qanunsuz hesab edilməklə, onun nəticələri etibarsız hesab edilməli idi. Lakin məhkəmə bu maddi normada əks olunan tələblərin pozulması ilə keçirilmiş hərracı və onun nəticələrini qanunsuz olaraq qanuni hesab etmişdir ki, bu halda qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. Maddə 415.2 qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

19. Maddə 416 bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun:

20. Maddə 41.2, 41.3 və 41.5 məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir.

21. Maddə 42.1 hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətininödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

22. Maddə 43.7 bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2023 saylı 24 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1347/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Sumqayıt şəhəri üzrə İcra idarəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokola əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 fərdi yaşayış evi 183600 manata alıcı "xxxx" QSC-yə satılmışdır. Hazırda iddiaçı qeyd edilən hərrac barədə onlara lazımi qaydada məlumat verilmədiyinə istinad edərək hərracın etibarsız hesab edilməsini tələb edir.

34. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

35. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin tərəflərə göndərilməsi müəyyən edilmişdir.

36. İş materiallarından göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1347/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Sumqayıt şəhəri üzrə İcra idarəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixində bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmiş və “Mirzəyev” soyadlı şəxsə imza etdirməklə verilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetində dərc olunmuşdur. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə, 244800 manata təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixli bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə Zümrüd Mirzəyeva tərəfindən imza edilməklə qəbul edilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan "xxxx" QSC-yə və ipoteka qoyan İddiaçı xx.xx.2022-ci il tarixində təklif göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 183600 manata almağı təklif etmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər qəbul edilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

39. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraca dair bildirişlərin çatdırılmaması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2023 saylı 24 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar