Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3048/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-4207/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Bakı şəhəri 52 saylı Notariat ofisi, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-4207/2021 saylı, 09.12.2021-ci i tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmadığını, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, qardaşının iki qızı var, lakin onlar ataları ilə maraqlanmayıb, qardaşına o baxıb, həmçinin qeyd etdi ki, qardaşı öləndən sonra onun telefon və nömrəsini onun qızlarına özü verib. Əmlaka faktiki sahibliyi o edib. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş edib. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş edib. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 10 saylı MKİS arayışından görünür ki, 07.08.1958-ci il təvəllüdlü X3 06 yanvar 2021-ci il tarixədək, yəni ölən günədək ünvan 1 ünvanında qardaşı İddiaçı və X2 himayəsində yaşamışdır. Ölən günədək səhhəti qaydasında olmadığından Gülməmməd İbadova adları yuxarıda göstərilən qardaşı və bacısı baxmışdır, bu barədə akt tərtib edilmişdir. Xəzər rayon Qeydiyyat şöbəsinin 17 fevral 2021-ci il tarixli arayışından görünür ki, X3 05 yanvar 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 31 saylı Notariat Ofisinin xüsusi notariusunun 09 mart 2021-ci il tarixli, 172 nömrəli məktubundan görünür ki, X1 adına hal-hazırkı vaxtadək vərəsəlik işi açılmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, “Elektron Notariat” Avtomatlaşdırılmış informasiya Sistemi üzrə axtarış zamanı da hal-hazırkı vaxtadək vərəsəlik işinin açılması halı aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02 aprel 2021-ci il tarixli məktubundan görünür ki, X1 adına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri 52 saylı Notariat Ofisinin 14 iyul 2021-ci il tarixli məktubundan görünür ki, qanun üzrə vərəsə ola biləcək şəxslərin növbəliliyi və dairəsinin Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsində müəyyən edilməsi İddiaçı izah edilmiş, miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüquqlarını təsdiq edən sənədi və digər vərəsələrin olmasını sübut edən sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiançının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının mərhum qardaşı X3 05 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı mərhum qardaşından miras qalan əmlaka vərəsəlik hüququnun tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində təsbit olunmuşdur: həmin maddəyə əsasən miras qoyanla yaxınlıq baxımından vərəsələrin dairəsi növbəlik qaydası ilə müəyyən edilmişdir ki, bu vaxt normada birinci növbədən beşinci növbəyədək olan yaxınların dairəsi göstərilmişdir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)-dir. Hazırkı işin hallarından belə aydın olur ki, iddiaçı məhkəməyə miras qoyanın ikinci növbə vərəsəsidir (MM, maddə 1159.2). Qanunvericiliyin tələbindən də göründüyü kimi, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə Kollegiyasının araşdırmaları ilə müəyyən edilmişdir ki, Cavabdeh3 mərhum X1 qızı birinci növbədə vərəsəsi, yəni qızıdır, iddiaçı isə mərhumun qardaşı, ikinci növbədə vərəsəsidir. Mülki Məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı mərhumun iki qızı olduğunu, onun ölümündən sonra qardaşının telefon və nömrəsini qızlarının götürüyünü təsdiq etmişdir. Beləliklə, Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, mərhumun birinci növbəli vərəsəsi olan qızları mövcudur, eyni zamanda iddiaçı özü də məhkəmədə miras qoyanın qızlarının mirası faktiki olaraq qəbul etdiyini (miras qoyana məxsus telefonun onun qızları tərəfindən götürülməsi) təsdiq etmişdir, bu isə 1160-cı maddəyə əsasən, iddiaçının da mənsub olduğu sonrakı növbə vərəsəliyi istisna edir. Belə olan halda, rayon məhkəmsi hazırkı iddia tələbini təmin etməməkdə haqlı olduğundan apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nizami Rayon Məhkəməsinin 2(007)-4207/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3048/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3048/2022
02.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver