Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3049/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6326/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsində yerləşən 15 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)- 6326/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, İddiaçı və onun nümayəndəsi və vəkili X3 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh 2006-cı ildə iddiaçının oğlu X2 ilə rəsmi nikaha daxil olmuş və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Röyan Qarayeva, xx.xx.2009-cu il təvəllüdlü Zəhra Qarayeva anadan olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı cavabdehin evdən çıxarılması tələbini irəli sürmüşdür. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqla bağlı subyektiv hüququ yoxdur. Belə ki, o, iddiaçının xüsusi mülkiyyətində olan evdə yox, həmin həyətdə olan özbaşına tikilidə yaşayır, ev iddiaçının oğlu ilə birgə nikahda olan müddətdə birgə vəsait hesabına inşa edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, Hazırkı işdə də həmin şərtlər mövcuddur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Mübahisəli hallar isə cavabdehin sahibliyində olan sahələrin məhz iddiaçının mülkiyyətində olan sahələrə aid olub-olmamasından ibarətdir. Bu halların araşdırılması məqsədi ilə apellyasiya baxışı zamanı mübahisəli ünvana yerində müayinə keçirilmiş və iş materiallarında olan texniki pasportla müqayisə olunaraq müəyyən olunmuşdur ki, mübahisəli evdə rekonstruksiya işləri aparılmışdır. Belə ki, texniki pasportda yaşayış evinə (“A” tikilisinə) giriş kimi 4 nömrəli sahə, yaşayış otaqları 1 və 2 nömrəli sahələr, mətbəx 3 nömrəli sahə göstərilmişdir. Eyni zamanda sanitar qovşağının evdən ayrı “B” və “V” tikililərində yerləşməsi qeyd olunmuşdur. Həmçinin yaşayış otaqlarının mətbəxə paralel, girişə isə perpendikulyar şəkildə yerləşməsi göstərilmişdir. Lakin faktiki vəziyyətdə evə girişin yeri dəyişdirilərək 3 nömrəli sahəyə keçirilmiş, mətbəx 4 nömrəli sahəyə keçirilmiş və orada dəhliz və sanitar qovşağı quraşdırılmış, yaşayış otaqları isə texniki pasportda göstərilən mətbəxə perpendikulyar, girişə isə paralel şəkildə yerləşir, həmin otaqlardan biri qonaq və digəri yataq otağı kimi istifadə olunur. Həmçinin rekonstruksiya olunmuş yeni mətbəx və sanitar qovşağından sol tərəfdə kiçik dəhliz və iki ədəd uşaq otağı quraşdırılmışdır. İddiaçı bildirir ki, onun tərəfindən hər hansı rekonstruksiya işləri aparılmamış, yalnız cavabdeh evə köçməmişdən əvvəl sanitar qovşağı inşa olunmuş və mətbəx kiçildərək bir hissəsi uşaq otağı kimi düzəldilmişdir. Cavabdeh isə bildirir ki, nikahdan sonra sanitar qovşağı, mətbəx, uşaq otaqları və onun qarşısında olan dəhliz inşa olunmuşdur. Eyni zamanda cavabdeh etiraf edir ki, o, mübahisəli evə köçərkən hazırda istifadəsində olan yataq və qonaq otaqları mövcud olmuşdur. Beləliklə, müəyyən olunur ki, fərdi yaşayış evi sonradan rekonstruksiya olunub və evin hazırda mövcud olan vəziyyəti ilə texniki pasportda göstərilən plan arasında kifayət qədər dəyişikliklər vardır. Lakin həmin dəyişikliklərin böyük əksəriyyəti texniki pasportda göstərilən sahə çərçivəsində həyata keçirilib və cavabdehin istifadəsində olan yataq və qonaq otaqları məhz iddiaçının mülkiyyətində olan sahələrə aiddir. Həmçinin kollegiya qeyd edir ki, müəyyən hissələrdə (uşaq otaqları, sanitar qovşağı və mətbəx) ümumi sahədən kənara çıxmaların olması da istisna olunmur. Lakin bu hallar mübahisənin həllinə təsir etmir. Çünki mübahisəli ev ayrı-ayrı tikililərdən deyil, vahid bir əmlakdan ibarətdir. Həmçinin cavabdeh həmin sahələrin məhz onunla iddiaçının oğlunun birgə nikahı dövründə və onların hesabına inşa edilməsini təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlillərə istinad etməsi əsassızdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, cavabdeh məhz iddiaçının mülkiyyətində olan evə sahiblik edir. Həmin sahibliyin qanunsuz olub-olmamasının müəyyən edilməsi üçün isə cavabdehin mübahisəli evdən istifadəsi üçün hüquqi əsasın olub-olmaması müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərini və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarını rəhbər tutaraq və iddiaçının 2005-ci ildə mübahisəli evə köçdüyünü, yəni tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra, eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (xx.xx.2009) əvvəl yarandığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüquqlarının yaranıb-yaranmadığı məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Cavabdeh isə mübahisəli evin mülkiyyətçisi olan iddiaçının qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onun istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Göründüyü kimi cavabdehin mübahisəli evdən istifadəsi üçün hüquqi əsaslar mövcud deyildir və həmin istifadə qanunaziddir. Belə olan halda isə iddiaçı mülkiyyətində olan evdən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6326/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-3049/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3049/2020
11.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver