Məhkəmə qərarları › İş №2(103)-3050/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3050/2025

20.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3050/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh1 və X2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair ilkin, cavabdeh X1 iddiaçı X4 qarşı "mənzilə köçürmə" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "mənzilə istifadə hüququna xitam verilməsi, mənzilə köçürmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-660/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı X9 Cavabdeh1 və X2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 Yasamal rayonu, M.Fətəli küçəsi, 173 saylı, 14.0 kv.m. bir otaqlı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi 733 saylı fərdi evin 14,0 kv.m. sahəsi olan bir otaqlı mənzil onun mülkiyyətindədir. Hər iki cavabdeh onun qızıdır və uzun illərdir ki, ailə həyatı qurmuş və məlum ünvandan köçmüşdürlər. Hazırda kiçik həcmli mənzildə oğlu, gəlini, iki nəvəsioğlunun övladları ilə birlikdə yaşayır. Mənzili oğluna bağışlamaq məqsədilə sənədlər toplamış və bu zaman cavabdehlərin mənzildən istifadə etməsələr də formal pasport qeydiyyatında qalmaları planlaşdırdığı işlərdə maneəçelik yaradır.

3. Cavabdeh X5 X4 qarşı "evə köçürülmə" tələbinə dair qarşılıqlı iddia verərək, qarşılıqlı iddianın təmin olunması, onun ünvan 1 ünvanında yerləşən evə köçürülməyi və mülkiyyətçi də daxil olmqla digər şəxslərin bununla bağlı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X9 onun anasıdır. O, ünvan 1 ünvanında andan olandan yaşamış, orada böyümüşdür. Bir neçə il əvvəl ailə qurmağına baxmayaraq, ara sıra həmin evdə yaşayıb. Lakin bir neçə aydlr ki, anası onu (qarşılıqlı iddiaçını) həmin evə buraxmır. Halbuki, onun həmin evdə yaşamaq hüququ danılmazdır. Çünki, qeyd etdiyi kimi, heç nəyə baxmayaraq, o ailənin üzvüdür. Onun ünvan 2 ünvanında yerləşən evdə yaşamaq hüququnu həyata keçirmək üçün həmin evə köçürülməyi təmin edilməli və mülkiyyətçi də daxil olmaqla digər şəxslərin bununla bağlı maneələri aradan qaldırılmalıdır.

5. Yasamal Rayon Məhkəməsinin 2(004)-660/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Ayşən Sultanova-Məmmədova) ilə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir.

6. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Cavabdeh2 apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul etmişdir. ünvan 3 ünvanında yerləşən evin sahəsi 14 kv. metr deyil, 24 kv. metrdir. Ümumiyyətlə, evin artırmaları var və sahəsi göstəriləndən çoxdur. O, anadan olandan həmin evdə yaşamış, ailə qurduqdan sonra, yəni 2017-ci ildən həmin evdən çıxmışdır. Artıq 8 ildir o evdə yaşamır. Lakin o, hazırda kirayədə qalır və öz evi yoxdur. Həyat yoldaşı da buna narazılıq edir. Ailəsi dağılmaq təhlükəsi qarşısındadır. İddiaçı Afət Hüseynovanın oğlundan başqa iki qızı da var. Həyat yoldaşı Dəyanətin və onun heç yerdə evi yoxdur. Həyat yoldaşı Dəyanət ondan boşanmaq istəyir. Onun başqa yaşayış evi yoxdur. Kirayə pulunu verməkdə çox çətinlik çəkir. Anası onu və bacısı Günayı həmin evdən qeydiyyatdan çıxarmaq istəyir. Bu isə ananın öz doğma qız övladlarına qarşı edə biləcəyi ən böyük ədalətsizlik və ayrı seçkilikdir. Həmin evdən bir övlad kimi onun və bacısı Günayın pay almaq hüququ vardır. Odur ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, həmin qətnamə iddiaçı X3 Cavabdeh1 və X2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin iddia ərizəsinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, qarşılıqlı iddia üzrə iddiaçı X1 iddiaçı X4 qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə isə dəyişdirilməli və qarşlıqlı iddia ərizəsinin təmin edilməsinə dair yeni qərar qəbul olunmalıdır. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Belə olan halda, Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:

11. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, M.Fətəli küçəsindəki 173 saylı yaşayış evi X3 mülkiyyətdədir.

12. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 60 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən sorğuya cavab olaraq, verilmiş 57 saylı, 14 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Yasamal rayonu, 60 saylı Mənzil-Kommunal İstismar Sahəsində olan məlumatlara əsasən Yasamal rayonu, M.Fətəli küçəsindəki 173 saylı fərdi yaşayış evində X3 paylı mülkiyyətində olan yaşayış sahəsində 6 nəfər daimi qeydiyyatdadır: X9, Cavabdeh2, X6r, Cavabdeh1, X8 və X7r. Hal-hazırda Cavabdeh2 və Cavabdeh1 ünvan 5 ünavnında yaşamırlar.

13. AR DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən X4 ünvanlanmış 01 iyul 2024-cü il tarixli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirildi ki, mülkiyyətdə olan ünvan 5 ünvanından Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər. Tətbiq edilən maddi hüquq normaları: xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya hğmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

17. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

18. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

19. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

20. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

21. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

22. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

26. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

29. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinə əsasən qətnamənin ona aid hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında münasibətlər 1999-cu ilə qədər yarandığından hazırki mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

33. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

34. Kollegiya qeyd edir ki, hazırkı mülki iş üzrə ilkin iddia tələbinin qanuni həlli üçün məhz Cavabdeh2 mənzildən başqa yaşayış məntəqəsinə daimi yaşamaq üçün köçübköçməməsi müəyyən edilməlidir.

35. Cavabdeh2 mənzildən məhz 2017-ci ildə ailə quraraq köçdüyünü özü apellyasiya şikayətində bildirmişdir.

36. Yuxarıda qeyd edilən Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

37. Belə olan halda müəyyən edilir ki, Cavabdeh2 həmin mənzildə istifadə hüququ əldə etsə də, 2017-ci ildə daimi olaraq yaşamaq üçün köçərək başqa yerə (ər evinə) getmiş və həmin vaxtdan da davamlı olaraq ailəsi ilə birlikdə yaşayır ki, bu da onun iddiaçıya məxsus mənzildən istifadə hüqunun itirilməsini şərtləndirir.

38. Kollegiya hesab edir ki, rayon məhkəməsi ilkin iddia tələbi üzrə mahiyyət etibarı ilə cavabdin mənzildə istifadə hüququnun qalmaması barədə düz qənaətə gəlmişdir, odur ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməlidir. Düzdür, rayon məhkəməsinin qətnaməsində ifadə tərzi olaraq istifadə hüququnun xitamı və itirilmiş hesab edilməsi ilə bağlı müəyyən uyğunsuzluqlar olsa da, bu, məsələnin mahiyyətini dəyişmir.

39. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Apellyatorun qarşılıqlı iddia tələbi Cavabdeh2 mənzilə istifadə hüququnun olması halında təmin edilə bilərdi ki, hazırkı halda Cavabdeh2 həmin hüququnu itirdiyi müəyyən edildiyindən, onun bu tələbi təmin edilə bilməzdi və rayon məhkəməsinin qarşılıqlı iddia tələbinə münasibətdə də gəldiyi qənaət əsaslı olmuşdur. Nəticə:

41. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin və qarşılıqlı iddia tələbini mübahisələndirilən hissədə təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh2 özünə aid edilməlidir.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-660/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdeh X1 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar