Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3052/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və digər tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5434/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı qanuni nümayəndəsi Nümayəndə iddiaçının ünvan 1 ünvanına istifadə hüquqlarının və istifadə hüququna olan maneələrin aradan qaldırılaraq mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçının qanuni nümayəndəsi iddianı onunla əsaslandırmışdır ki, cavabdeh ilə faktiki nikahdan 10.12.2010-cu il tarixində anadan olmuş iddiaçı onun himayəsinə verilmiş və onunla birgə Bakı şəhərində kirayədə, yəni ünvan 2 ünvanında yaşayır. Lakin, iddiaçının mübahisəli Mənzildə yaşaması və mənzildən istifadə etmə hüququ var. Cavabdehlə səkkiz il ünvan 3 ünvanında birgə ailə kimi yaşamışlar. Lakin 2018-ci ilin sonunda cavabdeh ondan ayrılaraq mübahisəli Mənzilə köçmüş və 2019-cu il tarixində məlum olmuşdur ki, cavabdeh məhkəməyə müraciət edərək onu və övladlarının yaşadıqları mənzildən çıxarılmalarını tələb edir. İddiaçının mübahisəli Mənzildə yaşamaq və mənzildən istifadə etmək hüququ olduğu üçün həmin Mənzilə köçürülməlidir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5434/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin qisməntəmin olunmasını xahiş etmişdir. Şikayət iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Xətai Rayon Məhkəməsini istinad etdiyi Ali Məhkəmənin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli Qərarı ilə iddiası təmin edilməsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Mülki Məcəlləsinin 1193və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına istinad edilərək, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb etmək imkanına malik olduğu göstərilir. Bağışlanma halında məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə, pozulmuş hüquqlarını bərpa edə bilərlər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən Ali Məhkəmə belə nəticə verir ki, İddiaçı hazırki mübahisədə birinci növbə vərəsənin məcburi payının bağışlanmış əmlak hesabına tamamlanmasını tələb etmək hüququ mövcuddur. Bu hüquqi əhəmiyyətli hal isə İddiaçı hazırda X2 bağışlanmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15 a, 74 saylı mənzildə və bağışlanmış digər əmlaklarda məcburi pay hüququ vardır. Xətai rayon Məhkəməsi bu qətnaməni qəbul edərkən sözügedən Ali Məhkəmənin qərarında göstərilən bu imperativ tətbiqetmə şərhi, qərar nəşr edilmədiyindən nəzərə alınmamışdır. Bu məntiqdən çıxış edilsə, əsl cavabdehin X3 əlavə cavabdeh qismində cəlb edilməklə, mülki icraatın qanunauyğun aparılması əsasları mövcud olduğu halda, iddianın rədd edilməsi barədə qətnamə tələsik çıxarılmışdır. Ali Məhkəmənin qərarının göstərişləri İddiaçı gələcəkdə məcburi pay hüququnun real tanınması halında həmin mənzil payı hissəsinə mübahisə olduğu halda, məcburi köçürmənin məhkəmə qaydasında tələbinin əsasarını yaradır. Apellyasiya baxışı zamanı iddiaçı və onun qanuni nümayəndəsi şikayətin dəlillərinə uyğun çıxış edərək onun təmin olunmasını xahiş etmişlərr. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirakı etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirr. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçının qanuni nümayəndəsi şikayət verərək iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarıını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, Cavabdeh Nümayəndə ilə faktiki nikahlarından xx.xx.2010-cu il tarixdə İddiaçı adlı övladları doğulmuşdur. Cavabdeh İddiaçı atası olması faktı 27.07.2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə müəyyən edilmişdir. İddiaçının hal-hazırda istifadə hüquqlarının tanınmasını tələb etdiyi Bakı şəhəri, Gəncə prospekti, 65 saylı evin 133 saylı mənzili order əsasında cavabdehin anası Rəfiqə Cəfərovaya verilmiş, sonuncunun 19.03.1990-cı il tarixdə ölməsi ilə əlaqədar olaraq, cavabdehin adına keçirilmiş, 30.07.2019-cu il tarixdə isə cavabdeh tərəfindən X2 bağışlanmış və Fərid Cəfərovun mənzilə dair mülkiyyət hüququ 05.08.2019-cu il tarixdə dövlət qeydiyyata alınmaqla, bu barədə ona 299970 saylı Çıxarış verilmişdir. İş materiallarında olan qətnamələrdən və qərardan müəyyən edilir ki, iddiaçının qanuni nümayəndəsi 30.07.2019-cu il tarixli, 4-Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilərək, onun əsasında verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə 17.02.2020- ci il tarixində məhkəməyə müraciət etmiş, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 2369/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh və X4 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılaraq, 2(103)-2496/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməyə əsasən apelyasiya şikayətinin təmin edilməməsi və Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2369/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2(102)-4694/2021 saylı Qərarına əsasən Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2369/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsi tam ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir Ali Məhkəmənin sözügedən qərarına əsasən İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh və X2 qarşı Mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilmədiyindən, mübahisəli Mənzil hazırda ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X2 məxsusdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbi ona cavab verməli olan, cavabdehlik daşıyan şəxsə yönəlməlidir. Lakin hazırkı iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə yönəlmişdir. Belə ki, yuxarıda da qeyd edilmişdir ki, mübahisəli mənzil hazırda cavabdehin deyil, X1 mülkiyyətindədir. Fərid Cəfərov isə hazırkı mülki iş üzrə iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaəti əsaslı hesab edərək qeyd edir ki, qeyd olunan hissədə birinci instansiya məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə də ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, MPM-ə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər (51.3). İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır (53). Prosessual qanunvericiliyin mənasına görə iş üzrə iddia tələbinin yönəldiyi şəxsləri – cavabdehləri seçmək hüququ iddiaçıya məxsusdur. İddiaçı qətnamə qəbul edilənə kimi işə yeni cavabdehin cəlb olunmasını tələb edə, habelə iddia tələbinin həcmini artıra bilər. İş üzrə tələbə cavab verməli olan şəxsləri seçmək hüququ iddiaçıya məxsus olduğundan qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla (fiziki və ya hüquqi şəxsin mövcud olmaması, prosessual fəaliyyət qabiliyyətsiz olması və s.) məhkəmə bundan imtina edə, yaxud əlavə cavabdehin cəlb olunması barədə vəsatəti rədd edə bilməz. Mülki Prosessual Məcəlləsi müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Digər tərəfdən məhkəmə kollegiyası işin hallarına uyğun qeyd edir ki, hazırda iddiaçının mübahisə predmeti olan mənzilə hüququnun (məcburi pay) tanindığı müəyyən edilmir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5434/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rəfael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3052/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3052/2022
13.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver