Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3055/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3055/2024 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, əməkhaqqına əlavələrin, mükafatların, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, əməkhaqqına əlavələrin, mükafatların, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1044/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas olaraq isə onun 3 gün üzrsüz səbəbdən işə gəlməməsi və bu barədə işəgötürəni xəbərdar etməməsi göstərilmişdir. İddiaçı isə bu barədə işəgötürənə məlumat verilməsini bildirmiş və həmin əmrin ləğv edilməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, əməkhaqqına əlavələrin, mükafatların, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il sentyabrın 21-də "xxxx" QSCnin “Fond Səsyazma”sexinə 1-ci kateqoriyalı qeyri-xəMi səs montajçısı vəzifəsinə işə qəbul edilib, 2021-ci il iyulun 1-də TV və RV Akademiyasının “İctimaiyyətlə Əlaqələr“ şöbəsinə metodist vəzifəsinə keçirilmiş, 2023-cü ilin aprelin 3-də “X3”qrupunayarımştat Fonetikaçı vəzifəsinəkeçirilmişdir. Cavadehin xx.xx.2023-cü il tarixli, 540 k/d saylı saylı əmri ilə AzərbaycanRespublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədənazad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi müddət ərzində nümanəvi işçi olmuş, heç vaxt intizam məsuliyyətinə cəlb edilməmişdir. 23 avqust 2023-cü il tarixdə ciddi şəkildə xəstələnmiş, 3 gün işə gedə bilməmişdir. Həmin gün iş yerinin rəhbərliyinə mobil telefon vasitəsilə zəng edərək xəstələnməsini bildirmişdir. Lakin, xəstəlik barədə müvafiq arayışı iş yerinə təqdim edə bilməmişdir. Məhz xəstəlik barədə arayışın təqdim edilməməsi əsası ilə iddiaçı işdən azad edilmişdir. Bu səbəbdən, iddianın təmin olunması xahiş olunur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1044/2024 saylı qətnaməsi ilə (hakim Fariz Əliyev) iddianın qismən təmin edilməsi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 540 k/d nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Fond və Operativ Fonoteka” qrupunun yarımştat fonotekaçısı vəzifəsinə bərpa edilməsi, cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının (əlavələr və mükafatlar daxil olmaqla) ödənilməsi, ödənilmiş 60 manat mediasiya xərcinin cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSCdən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndi, 71.3, 72-ci maddəsinin “a” bəndi, 172.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmadan qətnamədə səs yazılarına əsasən İddiaçı ciddi şəkildə xəstələndiyinin müəyyən edildiyini, buna görə işə üzrlü səbəbdən gələ bilmədiyini göstərir. Bu halda sual olunur: Səs yazısı kimə məxsusdur, həmin şəxs, həqiqətən, də cavabdeh qurumda səlahiyyətli şəxsdirmi və nə üçün məhkəmə bu şəxsin kimliyini araşdırmayıb? Digər tərəfdən, xx.xx.2023-xx.xx.2023–cü il tarixlərində iş yerinə gəlməməsi, iş yerindən yazılan mesajlara cavab olaraq bülleten gətirəcəyini bildirsə də, xəstəliyinin sübutu üçün müvafiq xəstəlik vərəqəsi təqdim etməməsi, onun təqsirli olmasını sübut etmirmi? Bundan sonra məhkəmə qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır: “Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsasla xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin yuxarıda qeyd olunan normalarının məqsədi işçiləri intizamlı olmağa, əmək müqaviləsinin şərtlərinə əməl etmələrini təmin etməyə, iş yerinin ahənginin qorunmasına, işəgötürən, istehsal mühitinin maraqlarını təmin etməyə yönəlmişdir. Yəni, işçi üzrsüz səbəbdən işə gəlmədikdə işəgötürən tərəfindən müvafiq sanksiya xarakterli tədbirlər tətbiq edilə bilər... Qanunun sözügedən maddəsinin mahiyyəti xəstəlik barədə arayışın təqdim edilib-edilməməsi deyil (formal əsas), işçinin, həqiqətən də, üzrlü səbəbdən işə gəlib-gəlməməsinin müəyyən edilməsidir”. Hesab edirlər ki, məhkəmənin heç bir sübuta söykənməyən, formal, şəxsi mülahizəsi əsasında gəldiyi nəticə əsassız olmaqla bərabər, qeyri-qanunidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (əmrin qanuniliyinin əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin və təşkil edilməmiş, müvafiq əmrin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa, hər hansı mülahizə bildirilməmişdir.” Lakin iş materiallarından göründüyü kimi, hazırki iş üzrə iddia ərizəsi QSC-yə təqdim edildikdən dərhal sonra cavabdeh tərəfindən məhkəməyə etiraz və ona əlavə edilən sənədlər təqdim edilmişdir. Etirazda mübahisəli əmrin qanuniliyini, iddianın əsassızlığını bildirməklə, buna dair sübutlara istinad etmişlər. İddiaçı xx.xx.2023-cü il tarixindən iş yerinə gəlmədiyi üçün onun ünvanına bildiriş göndərilib. Ona məxsus mobil nömrəsi (*** *** ** **) ilə əlaqə saxlanılmağa çalışılsa da, heç bir zəngə cavab verməyib. Yalnız iki gün sonra xx.xx.2023-cü il tarixində İddiaçı iş yeri ilə əlaqə saxlayaraq xəstə olduğunu və xx.xx.2023cü il tarixdən xəstəlik vərəqəsi təqdim edəcəyini bildirib. xx.xx.2023-cü il tarixində iş yerinə gəlmiş iddiaçı xəstəlik vərəqəsi olmadığını deyib. Göründüyü kimi, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyən iddiaçı əmək qanunvericiliyinin tələblərini pozmaqla bərabər iş yerinə münasibətdə açıq-aydın sayqısızlıq göstəmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı, həqiqətən, xəstə olduğu təqdirdə 3 gün ərzində ən azından təcili tibbi yardıma müraciət etməli, poliklinika qeydiyyatına düşməli idi.
10. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı işə gəlməməsinə dair üzrlü səbəbinin olması ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Telefon vasitəsilə onunla əlaqə saxlanılmış, xəstəlik vərəqəsi gətirəcəyini bildirsə də, heç bir sənəd verməmişdir. İşəgötürən bilə bilməz ki, işçi xəstə olub. Bu halda işəgötürənin hüququdur ki, işçini intizam məsuliyyətinə cəlb etsin. İddianın məhkəmədənkənar həlli yoxdur.
11. Məhkəmə baxışı zamanı iddiaçı apellyasiya şikayətini qəbul etməyərək etirazın məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə baxışı zamanı apellyasiya şikayətini qəbul etməyərək etirazın məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
13. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
14. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
15. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
16. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
17. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
18. Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
19. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
20. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
21. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsindəsəhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
31. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və məhkəmənin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir.
32. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni ilk növbədə onunla əsaslandırmışdır ki, “işçi İddiaçı, həqiqətən də, xəstə olmuşdur, yəni müvafiq günlər ərzində işə üzrlü səbəbdən gələ bilməmişdir. İşçinin intizamsızlıq, saymazyanalıq etməsi xüsusatları müəyyən edilmir. İşəgötürən isə qanunun normasının hərfi mənasından yanaşaraq işçini işdən azad etmişdir. Qanunun sözügedən maddəsinin mahiyyəti xəstəlik barədə arayışın təqdim edilib-edilməməsi deyil (formal əsas), işçinin həqiqətən də üzrlü səbəbdən işə gəlib-gəlməməsinin müəyyən edilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki (həmçinin şahidlərin ifadələrinə əsasən), İddiaçı xx.xx.2023-cü il tarixdə ciddi şəkildə xəstələnmişdir, bu səbəbdən, 3 gün işə gedə bilməmişdir. Xəstələnməsi barədə iş yerinin rəhbərliyinə xx.xx.2023-cü il tarixdə məlumat vermişdir. Səs yazılarına əsasən müəyyən edilir ki, İddiaçı ciddi şəkildə xəstələnmişdir. Məhkəmə nəzərə alır ki, İddiaçı tək yaşayır, atası və anası pandemiya dövründə vəfat etmişdir, bacı və ya qardaşı yoxdur. Bu səbəbdən, xəstələnən vaxt ilk yardımına qohumu (xalası) gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və tibb bacısı Şahid2 iddia ərizəsində qeyd olunan faktiki halları təsdiq etmişlər. Nəticə etibarilə, İddiaçı müvafiq günlər ərzində xəstələnməsi səbəbindən üzrlü əsaslarla işə gedə bilməmişdir”.
33. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi qənaəti əsassız hesab edərək qeyd edir ki, məhkəmə əmək qanunvericiliyinin hazırki iş üzrə tələblərinin xəstəliyi təsdiq edən rəsmi sənədin təqdim edilməsi ilə deyil, işçinin işdə olmadığı dövrdə, həqiqətən, xəstə olub-olmamasının müəyyən edilə bilməsi ilə bağlı olduğunu bildirmişdir. Lakin birinci instansiya məhkəməsi sonuncu əsasın belə həqiqiliyinin yoxlanılmasını tam təmin etmədən sadəcə dəlillərə əsaslanaraq qətnamə qəbul etmişdir.
34. Belə ki, birinci instansiya məhkəməsi ilk növbədə təqdim edilmiş səs yazısına əsaslanaraq həmin “yazılardan onun xəstə olduğunun göründüyünü” bildirmiş və həmin yazının müəssisə rəhbərliyinə göndərilməsini onların bu barədə xəbərdar edilmiş kimi sayılmasına əsas olaraq qəbul etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, təqdim edilən səs yazılarının, həqiqətən də, iddiaçıya məxsus olması, başqa bir şəxs tərəfindən yazılmaması və ya hansısa texniki vasitələrlə saxtalaşdırılmamasına dair heç bir mötəbər sübut əldə etmədən və həmin səs yazılarının bu barədə xüsusi biliyə malik olan şəxslər tərəfindən tədqiqini təmin etmədən formal mülahizələrə əsaslanmışdır. O cümlədən səs yazısının göndərildiyi qarşı tərəfin həmin müəssisədə çalışan şəxs olub-olmaması, o cümlədən həmin şəxsin bu məlumatı qəbul edərək nəzərə almağa nə dərəcədə səlahiyyətli olması barədə heç bir araşdırmanın aparılmasını təmin etməmişdir.
35. Bundan əlavə məhkəmə məhz həmin yazılardan iddiaçının həmin dövrdə ciddi xəstə olduğunun müəyyənləşdirildiyini qeyd etsə də, həmin səsin müəllifinin belə xüsusi biliklərə sahib olan şəxs tərəfindən müəyyən edilə biləcəyi halda həmin səs sahibinin hətta ciddi xəstəliyə sahib olmasının necə müəyyənləşdirilməsi barədə hansısa qanuni və hüquqi əsaslandırma etməmişdir.
36. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə verilən şahid ifadələrinə əsaslanaraq dindirilmiş Şahid1 və tibb bacısı Şahid2 iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini bildirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, təqdim edilən şəxslər iddiaçının şəxsən tanıdığı və işin sonuncunun xeyrinə həllində marağı ola biləcək şəxslərdir və sadəcə onların iddiaçının qeyd etdiyi faktları təsdiq etməsi ilə onun, həqiqətən də, həmin dövrdə xəstə olub-olmamasının müəyyənləşdirilməsi qeyrimümkündür. Birinci instansiya məhkəməsi isə sadəcə şahid ifadələrini nəzərə alaraq həmin ifadələrin və yuxarıda qeyd edildiyi kimi göndərmə və göndərilmə mənbəyinin məlum olmadığı səs yazılarının işin həlli üçün kifayət etməsi qənaətinə gəlmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
37. Bundan əlavə birinci instansiya məhkəməsi əmək qanunvericiliyinin sözügedən maddəsinin mahiyyətinin xəstəlik barədə arayışın təqdim edilib-edilməməsi ilə deyil, işçinin həqiqətən də üzrlü səbəbdən işə gəlib-gəlməməsinin müəyyən edilməsi ilə əlaqədar olduğunu bildirsə də, kollegiya qeyd edir ki, şəxsin xəstə olub-olmaması və bu xəstəliyin işə gəlməsinə nə dərəcədə mane ola bilməsi ilə əlaqədar məsələyə yalnız bu barədə peşəkar və xüsusi biliyə malik olan şəxslər tərəfindən müəyyənləşdirilə bildiyindən və digər sübutlar yuxarıdakı təhlildən də göründüyü kimi bu faktı təsdiq etməyə kifayət etmədiyindən, qanunvericilikdə həmin maddənin dispozisiyasında xəstəliyi təsdiq edən sənədin xüsusilə göstərilməsinə ehtiyac yoxdur və bu sənədin tələb olunması formal mülahizələrdən deyil, işin düzgün və hərtərəfli araşdırılmasından irəli gəlir.
38. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixdə işə gəlməməsinin üzrlü səbəblə bağlı olduğunu təsdiq edən hər hansı mötəbər dəlil iş materiallarında aşkar edilməmişdir.
39. Bundan əlavə birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, işçiyə digər intizam tədbiri (xəbərdarlıq, töhmət, şiddətli töhmət və s.) deyil də, məhz 70-ci maddənin “ç” bəndinin tətbiq edilməsinin səbəbi aydın deyildir. Göstərilənlərə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsində işçinin əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması halında ona verilə biləcək intizam tənbehlərinin siyahısı göstərilmişdir. Həmin maddənin məzmunundan da görünür ki, qanunverici işəgötürən tərəfindən inzibati tənbeh tətbiq edilərkən hansısa növbəlilik və ya yüngüldən ağıra doğru hansısa sıralamanın tətbiq edilməli olması kimi bir müddəa təsbit etməmiş, işçi əmək və ya icra intizamını pozduqda qanunla işəgötürənin üzərinə hansı tənbeh dairəsini tətbiq edə biləcəyi göstərilsə də, bunlardan hansını seçib-seçə bilməyəcəyi barədə hər hansı öhdəlik qoymamış və bu seçimi qanunvericiliyin də bu barədə tələbərini nəzərə almaqla işəgötürənin özünə vermişdir. Bu halda hazırki iş üzrə iddiaçının əməlinə görə məhz hazırki tənbeh tədbirinin verilməsi barədə əmrdə bu haqda cavabdeh tərəfindən xüsusilə ayrıca əsaslandırılmanın aparılmasına ehtiyac olmadığından məhkəməsinin qeyd edilən mövqeyi əsassız hesab edilməlidir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq hazırki işin mahiyyəti, yəni iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasını nəzərə alaraq bu barədə qanunvericiliyin digər tələblərinin də hazırki mübahisə çərçivəsində yoxlanılmasını zəruri hesab edir.
41. Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından görünür ki, iddiaçıdan xx.xx.2023-cü il tarixdə izahat alınmış və o, 23, 24 və 25 avqust tarixlərində xəstə olduğundan işə gələ bilmədiyini, ev şəraitində müalicə aldığı üçün həkimdən arayış təqdim edə bilmədiyini bildirmişdir.
42. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarındakı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində işə gəlmədiyindən onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilməsi xahiş olunmuşdur. xx.xx.2023cü il tarixli məktubdan görünür ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Həmkarlar İttifaqı Komitəsinin müvafiq razılıq rəyi verilmişdir.
43. Həmihn Məcəllənin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə işdə üzrsüz səbəblərdən olmamış, xx.xx.2023-cü il tarixdə ondan izahat alınmış və xx.xx.2023-cü il tarixdə onunla bağlanılan əmək müqaviləsinə xitam verilmişdir. Bununla da qanunla müəyyən olunan 1 aylıq müddət ötürülməmişdir.
44. Beləliklə, yuxarıda göstərilənlərdən də məlum olduğu kimi iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi prosesi qanunvericiliyə uyğun şəkildə aparılmışdır.
45. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə nəzərə alaraq hesab edir ki, "xxxx" QSC-nin İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 540 k/d nömrəli əmri qanunvericilyin tələbinə əsasən qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
47. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 48.Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1044/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova