Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3060/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi və məcburi boşdayanma üçün əmək haqqının ödənilməsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: əmək müqaviləsinə xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin üzərinə qoyulması və məcburi boşdayanma üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(001)-875/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında müddətli - 26 iyul 2021-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək icraçı direktor vəzifəsi işləməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır.
2. Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 09 yanvar 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı müraciətləri əsasında araşdırma aparılmış və Cavabdeh MMC-nin işəgötürəni barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən 25 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında MN ******* nömrəli 09 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması və 31 mart 2023-cü il tarixdən 31 oktyabr 2023-cü il tarixədək məcburi boşdayanma üçün ödənilməyən əmək haqqının 2/3 hissəsi olan 3675 manat pulun sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 21 iyun 2021-ci il tarixdən Cavabdeh MMC-də direktor vəzifəsində çalışır. 2023-cü ilin mart ayından Cavabdeh MMC-nin direktoru X3 iddiaçının barəsində şər-böhtan xarakterli məlumatlar yaydığı üçün münasibətləri kəskinləşmiş, 21 mart 2023-cü il tarixdə müəssisəyə işə gedərkən sonuncu ona şər-böhtan ataraq guya müəssisəyə aid olan pulu mənimsədiyini iddia edərək onu əmək funksiyalarının icrasına buraxmaqdan imtina etmişdir. Bundan sonra müəssisənin direktoru iddiaçı barəsində əsassız olaraq Dövlət Təhlükəsizlik Xidmətinə guya müəssisəyə aid pulu mənimsədiyini iddia edərək ərizə ilə müraciət etmiş, lakin həmin müraciətin hər hansı nəticəsi olmamasına baxmayaraq, yenə də əmək funksiyasının icrasına buraxılmamış və hal – hazıra kimi əsassız olaraq əmək haqqı ödənilməmişdir. Bundan sonra 16 iyun 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi üçün iddiaçı müəssisə direktoruna yazılı ərizə ilə müraciət etmiş, buna baxmayaraq, heç bir əsas olmadan onun əmək müqaviləsinə xitam verilməmiş, yaranmış mübahisə ilə bağlı müəssisədə eyni zamanda faktiki olaraq kadr üzrə mütəxəssis vəzifəsini icra edən mühasib Sevinc adlı qadın whatsapp vasitəsilə ona məxsus (055 578 22 88) mobil nömrəsinə məlumat verərək əmək müqaviləsinə hansı səbəbə görə xitam verilmədiyini bildirmiş, cavab olaraq iddiaçı barədə işin getdiyini və belə hallarda əmək müqaviləsinə xitam verilməsinin mümkünsüz olduğunu nəzərə çatdırmışdır. Əmək müqaviləsinə xitam verilməməsi ilə bağlı X4 yazılı ərizə ilə 03 iyul 2023-cü il tarixdə müraciət etsə də, müraciəti cavablandırılmamışdır.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, MMC-nin adından pul köçürmək üçün cavabdehə etibarnamə vermişdir ki, ölkədə olmayan vaxt müəssisənin hesabından pul köçürə bilsin. Nərmin də bundan sui-istifadə etmiş, öz mənafeyi üçün MMC-nin pullarını Çin Respublikasında müəssisə ilə işləyən şirkətə pul köçürüb, tanışı Fuadın adına olan mağazaya mal gətizdirmişdir. Bunun müqabilində onun müəssisəsinə mallar mədaxil edilməmişdir. Onun müəssisəsi ilə işləyən, Çində olan şirkətdə işləyən Laqa adlı qadınla da mesajla yazışmalarında, Nərmin özünə mağaza açmaq istədiyini, ancaq bundan sonra onun xəbəri olmamasını yazmışdır. Çinli Laqa adlı xanım da Nərminə narahat olmamasını bildirməsi barədə mesajları əldə edib, tərcümə etdirmişdir. İddiaçı işdən çıxamq istədikdə ona Cavabdeh MMC-nin maddi məsul şəxsi olduğunu, öz işi ilə əlaqədar təhvil-təslim etməyi ona demiş, lakin Nərmin onun göstərdiklərini, yəni işi ilə əlaqədar hesabat verilməsini və təhvil-təslim etməyi yerinə yetirməmişdir. Bununla əlaqədar aidiyyatı hüquqmühafizə orqanlarına müraciət etmişdir ki, ona məxsus olan Cavabdeh MMC-nin pullarını və mallarını mənimsəyən iddiaçı barəsində barəsində qanuni tədbirlər görsünlər.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(001)- 875/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi qət edilmişdir.
7. Qətnamənin əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında 21 iyun 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı “direktor müavini” vəzifəsinə işə götürülmüş, Cavabdeh MMC-yə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etmişdir. İddia ərizəsində 16 may 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək əmək müqaviləsinə xitam verilməsi üçün iddiaçı müəssisə direktoruna yazılı ərizə ilə müraciət edildiyi qeyd olunsa da bunu təsdiq edən sübut təqdim edilməmişdir, lakin iş materialları ilə təsdiq olunur ki, iddiaçı sosial şəbəkələr vasitəsi ilə cavabdehə, eyni zamanda X8 Xidmətinə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edərək, iradə ifadəsini açıq bəyan etsə də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciətindən cavabdehin xəbərdar olması mübahisələndirilmir, bu halı o öz etirazında da təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iradəsinə zidd olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verməmək əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən şəxslə əmək müqaviləsi bağlamağa məcbur edilmə kimi qəbul oluna bilər. Bu isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması ilə nəticələnir. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 2- ci hissəsinin dispozisiya şərtlərində ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququnun olması və bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borclu olduğu imperativ qaydada müəyyən edilmişdir. Cavabdehin “İddiaçı Cavabdeh MMC-nin maddi məsul şəxsi olduğunu, öz işi ilə əlaqədar təhvil-təslim etmədiyini, işi ilə əlaqədar hesabat verilməsini və təhviltəslim etməyi yerinə yetirmədiyi”nə dair dəlilini məhkəmə əsaslı saymır. Birincisi iddiaçının maddi məsul şəxsi olması onu əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüququndan məhrum etmir, cavabdehin isə qanunla müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək vəzifəsidir. İkincisi cavabdeh ona iddiaçı tərəfindən ziyan vurduğunu ehtimal edirsə məsələni Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən olunmuş işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydalarına uyğun həll etmək hüququ mövcuddur. Göründüyü kimi qeyd olunan əsasla cavabdehin əmək müqaviləsini ləğv etməkdən imtina etməsi əsassızdır. Tələbin “xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi boşdayanma üçün ödənilməyən əmək haqqının 2/3 hissəsi olan 3675 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbini cavabdeh tərəfindən onun əmək funksiyasının icrasına buraxılmadığı və əsassız olaraq əmək haqqını ödəmədiyi ilə əsaslandırmışdır. Lakin məhkəmə araşdırılması ilə iddiaçının yuxarıda qeyd olunan bu dəlili öz təsdiqini tapmamışdır. Əksinə iş üzrə müəyyən edilir ki, cavabdeh iddiaçının maddi məsul şəxs olduğunu və bununla əlaqədar təhvil-təslim işlərinin aparılması zərurəti ilə bağlı onun işə buraxmamasında maraqlı olması ağlabatan görünmür. Bununla yanaşı iddiaçının bu tələbi Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş boşdayanma qaydasında əmək haqqı ödənilməsinə əsas vermir. Belə ki, iddiaçının işdən kənar edilməsi, onun işə buraxılmaması öz təsdiqini tapmamaqla yanaşı, işəgötürənin təqsiri üzündən də müəssisədə işin dayandırılması sübuta yetmir. İddiaçının öz mülahizəsinə uyğun əmək müasibətlərini davam etdirməkdən imtina edərək işə çıxmaması boşdayanma vaxtı əməyin ödənilməsi kimi qiymətləndirilə bilməz.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 10, 11, 12, 42, 46, 68, 69, 146, 169-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamə ləğv edilməklə, icraata xitam verilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmədə iddiaçının işdən azad edilməsi barədə əmrin verilməsi və İddiaçı fəaliyyətinin yoxlanılması barədə audit yoxlamasının aparılmasını göstərməsi barədə izahat verilməsi qətnamədə göstərilməmişdir. Bununla əlaqədar 0323 saylı, 31 avqust 2023-cü il tarixli əmrin surəti və müvafiq 19 yanvar 2024-cü il tarixli məktubun surəti də elektron məhkəmə portalına yerləşdirilmişdir. Hal-hazırda audit yoxlamasının nəticəsi barədə olan rəydən də görünür ki,İddiaçı tərəfindən 895163 manat pulun kənarlaşdırılmasına yol verilmişdir. Lakin həmin sübutlara məhkəmə qiymət verməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin heç bir tədqiq edilmiş sübutu olmamışdır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı ilə cavabeh aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia verilməsinə baxmayaraq, məhkəmə iddia həcmindən kənara şıxaraq, iddaçı İddiaçı ilə Cavabdeh MMCarasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul etmişdir. Eləcə də iddia tələbi cavabdehin verdiyi 0323 saylı, 31 avqust 2023-cü il tarixli əmr ilə aradan qalxdığı üçün, iddiaya məhkəmədə baxılmalı olmadığı üçün məhkəmə icraata xitam verməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi Vəkil1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi X2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə 83.
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 230.1. İşçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, şikayətin məzmundan görünür ki, qətnamə yalnız iddianın təmin olunduğu hissədə mübahisələndirilir, buna görə də məhkəmə aktı iddia təmin olunan hissədə şikayətin dəlilləri üzrə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv elilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla həmin hissədə iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə işin halları düzgün qiymətləndirilməməklə maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.
19. İddiaçı iddia ərizəsində Cavabdeh MMC-nin direktoruna 16 may 2023-cü il tarixdən yazılı ərizə ilə müraciət edərək 16 iyun 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verişlməsini xahiş etdiyini qeyd etmişdir. Lakin iş materiallarına yazılı müraciətlə bağlı hər hansı bir sübut əlavə olunmamışdır.
20. Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusata qiymət verilərkən belə əsaslandırma aparılmışdır ki, “İddia ərizəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsinə xitam verilməsi üçün iddiaçı müəssisə direktoruna yazılı ərizə ilə müraciət edildiyi qeyd olunsa da bunu təsdiq edən sübut təqdim edilməmişdir, lakin iş materialları ilə təsdiq olunur ki, iddiaçı sosial şəbəkələr vasitəsi ilə cavabdehə, eyni zamanda X7 Xidmətinə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edərək, iradə ifadəsini açıq bəyan etsə də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciətindən cavabdehin xəbərdar olması mübahisələndirilmir, bu halı o öz etirazında da təsdiq etmişdir.”
21. Əmək Məcəlləsinin 69.1-ci maddəsində konkret qeyd olunmuşdur ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Yəni, normanın məzmununa əsasən işçi tərəfindən əmək müqaviləsinin ləğv olunması barədə ərizə kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə işəgötürənə ünvanlanmalıdır.
22. Lakin birinci instansiya məhkəməsi iddiaçının sosial şəbəkələr vasitəsi ilə cavabdehə, eyni zamanda X7 Xidmətinə əmək müqaviləsinə xitam vermək istədiyini bildirməsini əsas gətirərək müqaviləyə xitam verilməsi barədə düzgün olmayan qənaətə gəlmişdir. Məhkəmənin gəldiyi qənaətə əks məntiqlə yanaşıldığı təqdirdə işəgötürən ona qanunvericiliklə nəzərdə tutulan qaydada müraciət olunmadığı təqdirdə, işçinin vatsap sosial şəbəkəsi üzərindən digər işçiyə göndərdiyi mesajı əsas gətirərək əmək müqaviləsinə xitam verməli idi.
23. İddiaçının nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 09 yanvar 2023-cü il tarixli məktubu təqdim edilmiş və həmin məktubda qeyd olunmuşdur ki, İddiaçı müraciətləri əsasında araşdırma aparılmış və Cavabdeh MMC-nin işəgötürəni barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən 25 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında MN ******* nömrəli 09 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
24. İnzibati xəta haqqında protokolun tərtib olunması və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinin hansı əməllə, yəni, İddiaçı ərizəsinə əsasən əmək müqaviləsi xitam verilməməsi və ya digər səbəblə bağlı olub – olmadığının araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən X7 Xidməti Bakı şəhər İdarəsinə sorğu göndərilərək materiallar götürülmüş, araşdırma zamanı məlum olmuşdur ki, səbəb əmək haqqının ödənilməməsi ilə bağlı olmuş və buna görə də Cavabdeh MMC barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yəni, inzibati qərarın verilmə səbəbi də İddiaçı ərizəsinə əsasən əmək müqaviləsi xitam verilməməsi olmamışdır.
25. Apellyasiya şikayətində İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə Cavabdeh MMC-nin 31 avqust 2023-cü il tarixli əmrin olması əsası ilə iş üzrə icraata xitam verilməsi xahiş edilsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin əmrin mövcudluğu iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz.
26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın hazırda yoxlanılan hissədə təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin həmin hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(001)- 875/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(001)- 875/2024 nömrəli qətnaməsi iddia qismən təmin olunan hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev