Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3061/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Əli qızının Cavabdeh qarşı birgə sürdükləri “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddialarına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 fevral 2023-cü il tarixli qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 Əli qızının birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, iddiaçıların vəkili (nümayəndəsi) Nümayəndə və Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçılar, cavabdehin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil xx.xx.1986-cı il tarixli order əsasında X1 ayrılmışdır. X3 ailə üzvlərinin, yəni arvadı (iddiaçı) İddiaçı2 və onların övladları İlham Məmmədovun, İlqar Məmmədovun, Asif Məmmədovun və (digər iddiaçı) İddiaçı1 adı qeyd edilmişdir. Rafiq Məmmədov xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. İddiaçı2 övladlarından biri – İlqar Məmmədov cavabdeh ilə nikaha daxil olmadan ailə qurmuşdur. Bundan sonra cavabdeh həmin mənzilə gəlin gəlmişdir. İlqar ilə cavabdehin bir övladları var: xx.xx.2008-ci il təvəllüdlü Pərvanə. İlqar ilə cavabdeh nikahlarını xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Nikahdan uşağın olmasına baxmayaraq İlqar ilə cavabdehin münasibətləri pisləşmiş və 2013-cü ilin noyabr ayında onlar mübahisə etdikləri üçün cavabdeh uşaqla birlikdə evdən getmişdir. Onların nikahı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsini xx.xx.2014-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh, 2013-cü ilin noyabr ayından etibarən mənzildə yaşamır. İddiaçılarda olan məlumata görə, cavabdeh, Maştağa qəsəbəsində yaşayır. Cavabdeh, iddiaçılara məxsus mənzildə 10 ilə yaxın müddətdir ki, yaşamadığından və iddiaçıların ailə üzvü hesab edilmədiyindən cavabdehin mübahisəli mənzilə olan istifadə hüququ xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından itirilmiş hesab edilməlidir. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
3. İş üzrə cavabdeh iddia tələbinə etiraz edərək işə baxmış Rayon Məhkəməsinə bildirmişdir ki, onun başqa yaşayış yeri yoxdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-2551/2014 saylı qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi qət edilsə də, iddiaçılar onu mənzilə buraxmırlar. İddiaçıların qanunsuz əməlləri nəticəsində, yəni ona qarşı zor tətbiq etdikləri üçün icra məmuru qeyd edilən qətnamə üzrə verilmiş icra vərəqəsini icra etmədən məhkəməyə qaytarılmışdır. Bu səbəbdən də, o, kirayədə yaşamaq məcburiyyətində qalmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar cavabdehə qarşı irəli sürdükləri “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddia ərizələrində cavabdehin 2013-cü ilin noyabr ayında mənzildən könüllü getməsini, mənzilə ehtiyacı olmadığı üçün qayıtmadığını bildirsələr də, işin hallarından müəyyən edilir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehin mübahisəli mənzildən istifadə hüququ tanınmış və onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə hazırki mülki iş üzrə preyudisial xarakteri daşıyır və buna gərə də, iddia təmin edilə bilməz. İddiaçılar, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinə əsasən cavabdehə kompensasiya verməklə cavabdehin qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət edə bilər. d) apellyasiya şikayəti barədə məlumat
6. İş üzrə iddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, mənzilin mərhum sahibi olan Rafiq Məmmədovun övladlarından biri olan İlqar Məmmədov cavabdeh ilə ailə qurduqdan sonra cavabdeh mənzilə gəlin gəlmiş və mənzildə yaşamağa başlamışdır. İlqar ilə cavabdehin nikahı xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Belə olan halda, iddiaçıların cavabdehə qarşı irəli sürdükləri “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddiaları Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinin tələbləri baxımından deyil xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından həll olunmalı idi. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə səhv və əsassızdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İddiaçıların birgə vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. İş üzrə cavabdeh apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
11. Belə ki, xx.xx.1986-cı il tarixli, 218972 nömrəli “Orderdən” görünür ki, mübahisəli mənzil X1 ayrılmışdır. X3 ailə üzvlərinin, yəni arvadı (iddiaçı) İddiaçı2 və onların övladları İlham Məmmədovun, İlqar Məmmədovun, Asif Məmmədovun və (digər iddiaçı) İddiaçı1 adı qeyd edilmişdir.
12. Sabunçu Rayon Qeydiyyatı Şöbəsi tərəfindən xx.xx.1090-cı il tarixdə verilmiş İV-JQ seriyalı, 268553 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Rafiq Məmmədov xx.xx.1990-cı il tarixdə ölmüşdür.
13. Mübahisəli mənzilin yerləşdiyi yaşayış binasına xidmət göstərən 146 saylı MKİS-nin arayışından görünür ki, mərhum Rafiq Məmmədov vəfat edən günədək (mübahisəli) mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmuş, yaşamışdır.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, iddiaçılar və cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar.
15. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 saylı iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəsini almış xx.xx.2014-cü il tarixli qətnamədən (həmin iş üzrə qəbul edilmiş “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” xx.xx.2014-cü il tarixli qərardad nəzərə alınmaqla) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə cavabdehin iddiasının təmin edilməsi və onun mübahisəli mənzilə istifadə hüququnun tanınması, onun və azyaşlı övladının – xx.xx.2008-ci il təvəllüdlü Pərvanənin həmin mənzilə köçürülməsi qət edilmişdir.
16. Həmin qətnamədən görünür ki, 2(008)-2551/2014 saylı işə baxmış Sabunçu Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh Məmmədova (Orucova) Aysel Sənhan qızı ilə X2 ilə 2006-cı ildə faktiki nikaha daxil olmaqla mübahisəli evə gəlin kimi köçüb orada yaşadığından tərəflər arasındakı münasibətlər 2000-ci ilin sentyabr ayından sonra yaranmışdır. Ona görə də, mübahisəyə onların münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Belə olan halda, Məmmədova (Orucova) Aysel Sənhan qızı həmin iş üzrə cavabdehlərin ailə üzvü sırasına daxil olmaqla onların razılığı ilə 2006-cı ildə mübahisəli mənzilə köçməklə 2013-cü il tarixədək cavabdehlərlə birgə ailə üzvü kimi orada yaşayıb ümumi təsərrüfat aparmış və sırf ailə münasibətlərində olduğundan mənzildən istifadə hüququ qazanmışdır.
17. Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 409206 nömrəli “Nikahın pozulması barədə şəhadətnamədən” görünür ki, X2 ilə cavabdehin nikahı xx.xx.2014-cü il tarixdə ləğv edilmiş və nikahın pozulması xx.xx.2014cü il tarixdə qeydə alınmışdır.
18. Hazırki iş üzrə iddiaçılar, onların ailə üzvü sayılan İlqar Məmmədov ilə cavabdehin nikahının pozulmasını, cavabdehin onların ailə üzvü olmamasını və cavabdehin 2013-cü ilin noyabr ayında mübahisəli mənzili könüllü tərk etməsini və bir daha mənzilə qayıtmamasını əsas göstərərək cavabdehin mübahisəli mənzilə istifadə hüququnun xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişlər.
19. İşə baxmış Rayon Məhkəməsi iddianı əsassız hesab edərək rədd etmiş və hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamə əsasında yaranmışdır.
20. Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi işin hallarını səhv müəyyən etmiş, Rayon Məhkəməsinin müəyyən etmiş hesab etdiyi hallar sübuta yetmir.
21. Rayon Məhkəməsi işin hallarını səhv müəyyən etdiyindən iş üzrə tətbiq olunan maddi hüquq normalarını da səhv tətbiq etmişdir.
22. Belə ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamə əsasında yaranmamışdır.
23. Həmin qətnamənin özündən də görünür ki, hazırki iş üzrə cavabdeh Məmmədova (Orucova) Aysel Sənhan qızı ilə X2 ilə 2006-cı ildə faktiki nikaha daxil olmaqla mübahisəli evə gəlin kimi köçüb orada yaşadığı vaxtdan yaranmışdır.
24. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. MPM-nin 217.2-ci maddəsinə görə isə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
26. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçıların istinad etdikləri və xx.xx.2009-cu il tarixdə qüvvədə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, xx.xx.2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
28. Buna görə də Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında mənzildən istifadə edilməsi ilə əlaqədar münasibətlər xx.xx.2000-ci il tarixdən sonra, lakin xx.xx.2009-cu il tarixədək, yəni cavabdehin 2006-cı ildə mənzilə köçməsi zamanı yarandığından, hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə iddiaçıların təklif etdikləri qaydada, yəni xx.xx.2009-cu il tarixdə qüvvədə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından həll edilə bilməz. Mübahisə, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından həll edilməlidir.
29. Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər (maddə 53.). İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (maddə 54.). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır (maddə 60.). Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (maddə 87.).
30. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qanunun analogiyasına əsaslanaraq qeyd olunan qaydanı xüsusi mülkiyyətdə olan mənzillərə tətbiq etdikdə, deməli, iddiaçının iddiasının təmin edilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilməlidir. Həmin əsas isə ondan ibarətdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir.
31. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndinə görə, belə hallarda məhkəmə şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Həmin qərardan görünür ki, bu sübutlara şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və sair bu kimi halları təsdiq edən sənədlər aid ola bilər.
32. Hazırkı işdə belə sənədlər yoxdur. İddiaçılar cavabdehin daimi yaşamaq üçün başqa ünvana köçdüyünü bildirsələr də cavabdehin mülkiyyətində, icarəsində və ya istifadəsində başqa yaşayış sahəsinin olması, yaxud cavabdehin hər hansı bir şəxsin mülkiyyətində və ya icarəsində olan başqa yaşayış sahəsinə onun ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi barədə sübutlar təqdim etməmişlər. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab olunması barədə iddiaçıların tələbi əsassızdır. Mənzil cavabdehin yeganə və daimi yaşayış yeridir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Cavabdehin yaşayış yerində yalnız uzun müddət olmaması onun mənzilə istifadə hüququnun itirilməsinə əsas ola bilməz. Mütləq sübuta yetməlidir ki, cavabdeh yaşayış yerini daimi əsaslarla dəymişdir.
33. Göstərilənlərə əsasən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçılar hazırki iş üzə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsi ilə bağlı cavabdehə, işə baxmış Rayon Məhkəməsinin bildirdiyi kimi, kompensasiya verməyə borclu deyillər. Rayon Məhkəməsinin bu kimi yanaşması səhv olmuşdur. Bu baxımdan qəbul edilməlidir ki, yuxarıda qeyd edilənlər apellyasiya şikayətinin həmin məsələ ilə bağlı olan dəlilərin qismən əsaslı olmasına dəlalət edir.
34. Bununla yanaşı Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması ilə bağlı onu qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamə ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi qət edilsə də, cavabdeh bu günə kimi həmin mənzilə köçməmişdir.
35. Cavabdeh bu halı onunla izah edir ki, o, onun mənzilə köçürülməsi barədə qətnamənin olmasına baxmayaraq mənzilə köçə bilmir, iddiaçılar onu mənzilə buraxmırlar. İddiaçıların qanunsuz əməlləri nəticəsində, yəni ona qarşı zor tətbiq etdikləri üçün icra məmuru qeyd edilən qətnamə üzrə verilmiş icra vərəqəsini icra etmədən məhkəməyə qaytarılmışdır.
36. Cavabdehin verdiyi bu məlumatların araşdırılması məqsədi ilə yuxarıda qeyd edilən qətnamənin icrasını həyata keçirən Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsində müvafiq sənədləri almış və onları tədqiq etmişdir.
37. Həmin sənədlərə əsasən müəyyən edilir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsi həmin İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən Şöbənin icraatındadır. Hazırki iş üzrə iddiaçılara (qeyd edilən iş üzrə cavabdehlərə) icra sənədinin könüllü icra edilməsi ilə bağlı İcra Şöbəsi tərəfindən bildiriş verilsə də, onlar icra sənədini icra etməmişlər və İcra Şöbəsinin verdiyi təqdimata baxmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimatın təmin edilməsini, hazırki iş üzrə iddiaçıların (qeyd edilən iş üzrə cavabdehlərin) İcra Şöbəsinə məcburi qaydada gətirilmələrini qərara alınmışdır.
38. Bununla da müəyyən edilir ki, hazırki iş üzrə iddiaçılar hazırki iş üzrə cavabdehin mübahisəli mənzilə köçməsinə, yaşamasına qəsdən mane olurlar.
39. Bu baxımdan hesab edilməlidir ki, iddiaçıların cavabdehə qarşı irəli sürdükləri “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddiaları və bu iddia tələbinin əsaslı olması ilə bağlı apellyasiya şikayətlərinin dəlili əsassızdır.
40. Beləliklə apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi hazırki işin hallarını səhv müəyyən etdiyindən iş üzrə tətbiq olunan maddi hüquq normalarını da səhv tətbiq etmiş, tətbiq edilməli olan normaları tətbiq etməmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Lakin iddiaçıların cavabdehə qarşı irəli sürdükləri “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddiaları və bu iddia tələbinin əsaslı olması ilə bağlı apellyasiya şikayətlərinin dəlili əsassızdır.
41. Odur ki, göstərilənləri, habelə MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPMnin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Əli qızının birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 fevral 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Əli qızının Cavabdeh qarşı birgə sürdükləri “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddiaları təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.