Məhkəmə qərarları › İş №2(103)-3064/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3064/2025

08.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3064/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sayğacın ilkin abonentin adına qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 fevral 2025-ci il tarixli qətnamədən iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə və apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehlər Cavabdeh2 İB və Cavabdeh1 qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsi, ev, bina 0003, mənzil 0A15 ünvanında qaz sayğacının nömrəsi: 1802AZ**********94, abonent kodu: **********00053 olan qaz sayğacı ilə əlaqədar Maraqlı şəxs ilə Cavabdeh2 İB bağlanmış xidmət müqaviləsinin ləğv edilməsi, abonent kodunun Maraqlı şəxs adından çıxarılaraq, ilkin abonent olmuş Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Maraqlı şəxs iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikaha daxil olduqdan sonra onlar yuxarıda qeyd edilən ünvanda fərdi yaşayış ev inşa etmişlər. Həmin evin tikilməsinə iddiaçı tərəfindən 60.000 manatdan çox pul xərclənmişdir. Evə aid qaz sayğacının nömrəsi: 1802AZ**********94, abonent kodu: **********00053 olan qaz sayğacı xx.xx.2018ci il tarixdən etibarən birgə razılaşma əsasında Cavabdeh1 adına quraşdırılmışdır. Sonradan, yəni iddiaçı ilə Cavabdeh1 münasibətləri pozulduqdan sonra, Cavabdeh1 iddiaçıya məlumat vermədən Cavabdeh2 İB-yə müraciət etmiş və istehlakçı hesabını anası Maraqlı şəxs adına xx.xx.2024-cü il tarixdə dəyişdirməyə nail olmuşdur. Bunu etməkdə məqsədi evin tikinti və təmirinin guya Cavabdeh1 tərəfindən aparılmasına formal görüntü yaratmaq olmuşdur. Çünki həmin vaxt münasibətləri pozulmuşdu. İddiaçı xx.xx.2024-cü il tarixdə nikahın pozulması tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənəd olmadığı halda ona dair hər hansı müqavilənin Maraqlı şəxs ilə bağlanması təsdiq edilmədiyindən etibarsız sayılmalı olduğundan, iddia ərizəsində qeyd edilən ünvanında yerləşən fərdi yaşayış evinə dair Maraqlı şəxs ilə Cavabdeh2 İB arasında abonent kodu: **********00053 olan qaz sayğacı ilə əlaqədar bağlanmış müqavilə etibarsız hesab edilməli, abonent kodu Maraqlı şəxs adından çıxarılaraq, ilkin abonent olmuş Cavabdeh1 adına rəsmiləşdirilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

6. iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs Rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Lakin işə baxmış və iddianı təmin etmiş Rayon Məhkəməsi bunu nəzərə almamış, işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

8. Apellyasiya baxışı iclasında iştirak etmiş üçüncü şəxs Maraqlı şəxs şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə iddiaçının cavabdehlər "xxxx" ASC və Cavabdeh1 qarşı eyni məzmunlu, yəni “sayğacın ilkin abonentin adına qaytarılması tələbi barədə” iddiası olmuş, həmin iddiaya dair mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qətnamə (iş № 2(006)-3099/2024) ilə həmin iddianın rədd edilməsini qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixli qətnamə (iş № 2(103)-972/2025) ilə Nəsimi Rayon Məhkəməsinin həmin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixli qərarla (iş № 2(102)-1613/2025) ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək şikayətə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.

10. İş üzrə Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi apellyasiya baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də apellyasiya baxışı iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

12. Belə ki, AZ-İ seriyalı, 184789 nömrəli “Nikah haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh1 ilə iddiaçı xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar.

13. Cavabdeh2 İB tərəfindən iddiaçının vəkilinə (nümayəndəsinə) verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddia ərizəsində qeyd edilən ünvnda yerləşən yaşayış sahəsinə aid **********00053 saylı istehlakçı hesabı xx.xx.2018-ci il tarixdə yaradılmış və Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin istehlakçı hesabı xx.xx.2024-cü il tarixdə Cavabdeh1 təqdim etdiyi notarial razılığı əsasında Maraqlı şəxs adına dəyişdirilmişdir.

14. Həmin məktubda qeyd edilən və 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh1 **********392 nömrəli ərizəsindən görünür ki, o, adına olan qaz sayğacının və GPG18082594 sayğacın sayğacın anasının - Maraqlı şəxs adına keçirilməsinə və sənədləşdirilməsinə etiraz etmir.

15. Cavabdeh2 İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Gasrep”dən olan çıxarışdan görünür ki, **********00053 nömrəli abonent kodu hazırda Maraqlı şəxs aiddir.

16. Binə bələdiyyəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçının arvadı olmuş Cavabdeh1 iddia ərizəsində qeyd edilən və Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 3,5 sot torpaq sahəsini X1 etibarnamə əsasında almış və həmin torpaq sahəsi Binə bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

17. Üçüncü şəxs Maraqlı şəxs iddiaya etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının iddiasının həm fikri, həm də tələbi yanlışdır. Ola bilməz ki, onun bu işdən xəbəri olmasın. Həmin vaxt yəni sayğacı qızının adına dəyişdirilən zaman onları elə ASAN xidmət mərkəzinı, yəni notariat ofisinə İddiaçı özü gətirmişdir. Keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli 135 №-li əmrinə əsasən Abşeron rayonu, Donuzçuluq sovxozu ərazisində 0,04 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 2018-ci ildən isə öz şəxsi vəsaiti hesabına torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmişdir. Düzdür qaz sayğacı müəyyən səbəbə görə müvəqqəti olaraq digər cavabdehin adında olmuşdur. Hazırda həmin mənzilin istifadəçisi o (Maraqlı şəxs) özüdür, eyni zamanda mənzilə aid bütün kommunal xərclər onun tərəfindən ödənilir. İddiaçının iddiasını qəbul etmir, iddia qanunsuz və əsassızdır. O, cavabdeh olan qızı ilə aralarında ailə münaqişəsi olduğundan yalan, əsassız eləcə də haqsızlıq edərək hər hansı yolla olursa olsun, mənfəət əldə etmək istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

18. Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli 135 №-li əmrdən çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 №-li qərarın tələbinə uyğun Maraqlı şəxs fərdi ev tikmək üçün 0,04 ha torpaq sahəsi ayrılmışdır.

19. Hazırkı iş üzrə iddiaçının cavabdehlər "xxxx" ASC və Cavabdeh1 qarşı irəli sürdüyü “sayğacın ilkin abonentin adına qaytarılması tələbi barədə” iddiasına dair 2(006)- 3099/2024 mülki işə baxmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, iddiaçı, həmin iddianı əsaslandırarkan hazırkı mülki işin icraatının başlanması üçün əsas olmuş iddiada qeyd edilənlər ilə əsaslandırmışdır. Həmin iddiaya baxmış Nəsimi Rayon Məhkəməsi hesab etmişdir ki, həmin iddia əsassız olduğu üçün təmin edilməməlidir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarının (iş № 2(102)-1613/2025) ilk və sonuncu vərəqlərindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apelyasiyaya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə (iş № 2(103)-972/2025) ilə Nəsimi Rayon Məhkəməsinin həmin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixli qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

21. Beləliklə də, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 Cavabdeh2 İB-yə notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək, adına olan qaz sayğacının və **********00053 saylı abonent kodunun anası – üçüncü şəxs Maraqlı şəxs adına keçirilməsinə və sənədləşdirilməsinə heç bir etirazının olmadığını bildirmiş, həmin tarixdə ad dəyişdirilməsi xidməti həyata keçirilərək, abunə kodu üzrə qeydiyyat Maraqlı şəxs adına dəyişdirilmişdir.

22. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, iddia tələblərindən biri cavabdeh Birlik ilə üçüncü şəxs Cavabdeh1 arasında bağlanmış xidmət müqaviləsinin ləğv edilməsindən ibarətdir. Müqavilənin ləğv edilməsinin əsasları Mülki Məcəllənin 421-ci maddəsində öz əksini tapmışdır.

23. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3.).

24. Göründüyü kimi qanunverici müqavilənin ləğv edilməsi ixtiyarını yalnız həmin müqaviləni bağlamış tərəflər üçün tanımışdır. Mülki Məcəllədə və mübahisələndirilən müqavilədə həmin müqavilənin iddiaçı tərəfindən ləğv edilə bilməsi ilə bağlı ayrı qayda nəzərdə tutulmamışdır.

25. Belə olan halda müəyyən edilir ki, iddiaçının müqavilənin ləğv edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Müqavilənin ləğv edilməsi barədə iddia tələbi əsassızdır.

26. Müzakirə edilən iddia tələbi cavabdeh Birlik ilə üçüncü şəxs Cavabdeh1 arasında bağlanmış xidmət müqaviləsinin ləğv edilməsindən ibarət olmasına baxmayaraq işə baxmış Rayon Məhkəməsi həmin müqavilənin etibarsız hesab olmasını qət etmişdir.

27. Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədi olmadığı halda üçüncü şəxs Maraqlı şəxs ilə bağlanmış xidmət müqaviləsi etibarsızdır.

28. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Lakin Rayon Məhkəməsi əqdin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin müəyyən edilmiş hansı şərtinin pozulduğunu maddi hüquqi əsası göstərməklə qətnaməsində şərh etməmişdir.

30. Mübahisələndirilən müqavilə əvvəlki istehlakçının cavabdeh Birliyə müraciəti əsasında bağlanmışdır.

31. Məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilənin əhəmiyyətsiz hesab edilməsi üçün hər hansı əsas yoxdur.

32. Məhkəmə müqavilənin ilkin abonentin adına rəsmiləşdirilməsi tələbi ilə bağlı bildirir ki, iddiaçının dəlillərindən müəyyən olunur ki, iddiaçının yaşamadığı, yəni istehlakçı kimi ona xidmət göstərilməli olmayan və yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış sahəsində nömrəsi 1802AZ**********94, abonent kodu **********00053 olan qaz sayğacı ilə əlaqədar bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinin və abonent kodunun Maraqlı şəxs adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməsini tələb etməkdə hüquqi marağı həmin ünvanda inşa olunmuş tikili ilə bağlı gələcəkdə qaldıracağı iddia tələbi üzrə həmin sənədlərdən sübut növü kimi istifadə edə bilməsindən ibarətdir.

33. İddiaçının nikahda olduğu Cavabdeh1 adına olan abunə kodunun və müqavilənin həmin evdə yaşayan üçünü şəxs Maraqlı şəxs adına keçirilərkən onun da razılığının alınmasının tələb olunduğunu bildirsə də, Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Çünki yaşamadığı, istehlakçı kimi həmin ünvana göstərilən xidmətlərdən istifadə etmədiyi halda, iddiaçıdan belə razılığın alınması tələb olunmurdu.

34. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Cavabdeh1 Cavabdeh2 İB-yə adına olan abonent kodunun və bağlanmış müqavilənin anası Maraqlı şəxs adına keçirilməsi barədə ərizəsini təqdim edərkən, sonuncu da öz adına müqavilə bağlanmasına razılıq verərkən hər biri öz iradə ifadələrinə uyğun hərəkət etmiş, iddiaçının isə Cavabdeh1 əri olduğu üçün Cavabdeh2 İB ilə əvvəlki hüquq münasibətlərinə geri qayıtmasını tələb etməyə hüquqi əsası yoxdur. Bunun əksi isə həmin ünvanda faktiki yaşayan, həmin ünvana göstərilən xidmətlər üzrə öhdəliklərini icra edən istehlakçıların hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər.

36. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının müzakirə edilən tələbi əsassızdır.

37. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi iddia tələbini təmin etməklə işin hallarına uyğun olmayan və səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməli, MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

38. Məhkəmə həmçinin bildirir ki, cavabdehlərə qarşı təmin edilən tələb olmadığından və üçüncü şəxsin apellyasiya şikayəti təmin edildiyindən cavabdehlər və üçüncü şəxs hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

39. İddia tələbi rədd edildiyindən isə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

40. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İş üzrə üçüncü şəxs olan Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 fevral 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sayğacın ilkin abonentin adına qaytarılması tələbi barədə” iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilsin. Bu məqsədlə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq üçüncü şəxs Maraqlı şəxs ödənilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər və iş üzrə üçüncü şəxs hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar