Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3065/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Səhiyyə Nazirliyi Xüsusi X8rşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3065/2025 (Açar sözlər: işə bərpa və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı X2, iddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X1 cavabdeh Səhiyyə Nazirliyi Xüsusi X8rşı işə bərpa və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 1389/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 25 iyun 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X2 cavabdeh Səhiyyə Nazirliyi Xüsusi X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qanunsuz olaraq verilmiş xəbərdarlıq, əmrlər, eləcə də işdən çıxarılma əmrinin etibarsız hesab olunması, işdən azad olunmağı nəticəsində itirdiyi gəlirin və digər zərərlərin ödənilməsi hüququ ilə əvvəlki vəzifəsinə bərpa olunması, əmək mübahisəsi zamanı çəkilmiş məhkəmə xərclərinin işəgötürən tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı 06 dekabr 1999-cu ildən Xüsusi Tibbi Təchizat bazasında baş mühasibin müavini vəzifəsində çalışır. Son 2 il ərzində dəfələrlə baş mühasib və eyni zamanda 2022-ci ildən XTTB-nin rəisi vəzifəsini icra edən Elşən Əhmədovun qərəzli münasibəti ilə qarşılaşmışdır. Müdriyyət dəfələrlə onun məzuniyyət ərizələrini imzalamamış və qəbul etməmişdir. Məzuniyyət almaq istədiyi müddətdə müdiriyyət tərəfindən sıxışdırılmış, dəfələrlə vəzifə borcunu yerinə yetirməməkdə ittiham etməyə çalışmış, işdən azad olunmaq hadəsi ilə sənədləri imzalamağa məcbur etmişlər. İclaslarda rəhbərlik dəfələrlə onu danlayıb açlatmış, hətta başqa əməkdaşların yanında təhqir etmişdir. Təhqir edildiyini sübut etmək üçün bu iclaslardan birini telefona yazmalı olmuşdur. İclasdan sonra protokolda bütün məlumatlar deyil, yalnız rəhbərlik üçün əlverişli və faydalı olan məlumatlar əks olunmuşdur. Rəhbərliyin onu təhqir etməsi faktı qeydə alınmamışdır. Dəfələrlə iclaslarda işdən azad olunmağı ilə bağlı məsələlər qaldırılmışdır. Son müddət ərzində barəsində daha 3 əmr hazırlanmışdır: 1-ci 244 nömrəli xx.xx.2024-cü il tarixli əmr, burada 26 avqust 2024-cü ildə təxminən saat 16:30 radələrində guya başqalarından daha tez işdən çıxmağı barədə yazılı bildiriş almışdır, baxmayaraq ki, həmin gün hamı onunla eyni vaxtda işdən getmiş və onların iş yerində buna icazə verilmişşdir. İşçilər, o cümlədən o, təcili iş olanda, axşam 6- 7-yə qədər işdə qalırdılar. 2-ci 238 nömrəli xx.xx.2024-cü il tarixli əmrdə maaşından tutulmuşdur. Səbəb – 27 avqust 2024-cü ildə işə getmədiyi üçün. 3-cü 245 nömrəli xx.xx.2024-cü il tarixli əmrdə ona töhmət verilmişdir. Səbəb – 27 avqust 2024-cü il tarixdə işə getmədiyi üçün. Həmin gün məzuniyyətə getməli idi, lakin rəhbərlik ərizəsini qəbul etməmiş və imzalamamışdır. 1-ci əmrdə əmrin verilmə müddətləri pozulmuşdur, çünki əmr intizam pozuntusu aşkar edildikdən sonra 1 aydan gec olmayaraq verilməlidir. 2-ci və 3-cü əmrlərdə isə işəgötürən eyni pozuntuya görə fərqli intizam tənbeh tədbirini tətbiq etməməli idi. 25 noyabr 2024-cü ildə növbəti iclas olmu. və orada onun Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad olunması barədə qərar verilmişdir. İşdən çıxarılma barədə məlumat 26 noyabr 2024-cü il tarixli elektron portalda olsa da, əmr, bütün ödənişlər, həmçinin istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiyalar və əmək kitabçasını hələ də almamışdır.
3. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə verərək, barəsində verilmiş əmrlərin tarixlərini və nömrəsini dəqiqləşdirmişdir. İddia ərizəsinə əlavədə iddiaçı həmçinin qeyd etmişdir ki, hesab edir ki, TƏBİB onu işəgötürən deyil və heç bir əmək müqaviləsində işəgötürən kimi qeyd olunmamışdır. X11 isə TƏBİB-in icraçı direktoru kimi X4 tərəfindən müxtəlif taixli əmrlərlə 3 ay müddətinə Xüsusi X9 rəis vəzifəsini icra edən vəzifəsinə təyin edilmişdir. Bu Əmək Məcəlləsinin 61.3-cü bəndinə ziddir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1389/2025 saylı qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli) iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh Səhiyyə Nazirliyi Xüsusi X9 xx.xx.2024-cü il tarixli 274 saylı əmrinin ləğv olunması, İddiaçı cavabdeh Səhiyyə Nazirliyi Xüsusi X10 baş mühasibin müavini vəzifəsinə bərpa olunması, 26 noyabr 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh Səhiyyə Nazirliyi Xüsusi X15 tərəfindən İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi, 71.2, 71.3, 186-cı maddəsinin "b" bəndi, 296.2, 296.3, 296.6-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 284-1- 284-6 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iş materiallarından da açıq aydın görünür ki, iddiaçı son 6 ay ərzində ona verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq təkrarən əmək funksialarını pozmuşdur. 2024-cü il ərzində ilk dəfə xx.xx.2024-cü il tarixli, 238 nömrəli əmrə əsasən, Xüsusi Tibbi Təchizat Bazasının baş mühasibinin müavini İddiaçı xx.xx.2024-cü il tarixdə üzürsüz səbəbdən əmək intizamını pozaraq işə gəlmədiyindən bir günlük məbləğ tabelə əsasən tutulmuşdur. Bundan sonra xx.xx.2024- cü il tarixli, 273 nömrəli əmrə əsasən, Xüsusi Tibbi Təchizat Bazasının baş mühasibinin müavini İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək (kotirovka sorğusunda iştirak etməməsi)) bəndində nəzərdə tutulan vəzifəsini pozduğundan Əmək Məcəlləsinin 186cımaddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Beləliklə son 6 ay ərzində iki inzibati təhbeh verilmiş iddiaçıya və bunun əsasında da haqlı olaraq 26 noyabr tarixində ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
17. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
18. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
19. Maddə 71.2 Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
20. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
21. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.
22. Maddə 80.1. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
23. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir.
24. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
25. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
26. Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
27. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
28. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
38. Hazırda iş materiallarına əsasən mübahisə olunmayan hallar aşağıdakılardır: 1) Katirovka sorğusunu vaxtında yerinə yetirməməsi ilə bağlı işçiyə intizam tənbehinin verilməsinin mümkünlüyü barədə müəssisədaxili xx.xx.2024-cü il tarixli iclas və müəssisənin HİK-i tərəfindən xx.xx.2024-cü il tarixdə iclas keçirilmişdir; 2) İddiaçı barəsində xx.xx.2024-cü il tarixli, 273 nömrəli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir; 3) xx.xx.2024-cü il tarixli, 274 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə xitam verilmişdir.
39. Göründüyü kimi iddiaçı ilə bir-biri ilə bağlılığının müəyyən edilməsi zəruri olan 3 müxtəlif hərəkət aparılmış və nəticədə iddiaçı ilə bağlanılan əmək müqaviləsinə xitam verilmişdir.
40. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı əmrin qanuni olub-olmadığının müəyyənləşdirmək üçün, əvvəla, həmin əmrin verilməsinə səbəb olmuş əsaslar müəyyən olunmalı və bu əsaslar məhz əmrin özündə təsbit edilməlidir.
41. Lakin hazırki iş üzrə mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 274 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmr lazımi qaydada əsaslandırılmamış, iddiaçı barəsində ümumi mülahizələrə söykənmiş, konkret olaraq hansı əmək və ya intizam pozuntusu nəticəsində sözügedən əmrlə nəticələnən tənbehin verilməsi öz əksini tapmamışdır.
42. Halbuki əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
43. Hazırda işəgötürən tərəfindən sözügedən normanın tələblərinə əməl edilmədiyindən məhkəmə öz imkanları daxilində sözügedən əmrin əsaslandığı halları müəyyən etməyi və həmin halların iddiaçı ilə əmək müqaviləsinə məhz qeyd edilən əsasla xitam verilməsinə səbəb olub-olmadığını araşdırmağı zəruri hesab edir.
44. Hazırda iş materiallarındakı sənədlərin tədqiqində və cavabdehin nümayəndəsinin birinci instansiya və apellyasiya baxışı zamanı verdiyi izahatlarda sözügedən əmrin əsası ilə bağlı fərqli səbəblərin göstərildiyi müəyyən edilir. Belə ki, cavabdehin nümayəndəsinin izahatlarına görə, xx.xx.2024-cü il tarixli iclas X2 katirovka sorğusunda iştirak etməməsi ilə bağlı keçirilmiş və həmin iclasın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli əmrlə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən iclasda iclas iştirakçılarını təhqir etdiyinə görə isə bu, ayrıca intizam xətası kimi qiymətləndirilmiş və işçi işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə xx.xx.2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsi ləğv edilmişdir.
45. İlk növbədə cavabdehin izahatında göstərilən hallara münasibətdə əmrin əsaslılığına qiymət verən kollegiya qeyd edir ki, əgər, həqiqətən, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əmrlər fərqli xətalara görə verilmişdirsə, bu o deməkdir ki, hər bir əmrin verilməsi üçün bu barədə qanunvericiliyin tələbləri ayrı-ayrılıqda gözlənilməli idi.
46. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam əsası kimi müraciət etdiyi Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə əlaqədar aşağıdakılar mütləq vurğulanmalıdır.
47. Qeyd olunan norma onun məzmunundan da aydın olduğu kimi 2 müstəqil tərkib hissəyə malik olduğundan bunların hər biri bir-biri ilə vəhdətdə təhlil edilməlidir. Belə ki, hazırki iş üzrə işçi barəsində adıçəkilən normanın tətbiqi üçün: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli; 2) bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması kimi faktlar mövcud olmalıdır.
48. Həmin normanın mənasına görə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işdən azad olunması üçün qeyd olunan bu halın qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.
49. Yuxarıda da qeyd edildiyi kimi cavabdehin mövqeyinə əsasən xx.xx.2024-cü il tarixli iclas X1 katirovka sorğusunda iştirak etməməsi ilə bağlı keçirilmiş və həmin iclasın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli əmrlə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, sonradan cavabdeh iddiaçının bu iclas zamanı qeyri-adekvat davranışlarına əsaslanaraq növbəti gün onunla bağlanılan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir.
50. Göründüyü kimi, ilkin iclası heç də iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitamı ilə əlaqədar olmamış, müəssisənin mübahisə ilə əlaqədar araşdırma predmeti faktiki olaraq işəgötürənin iddiaçının kotirovka sorğusunu icra etməməsinə qiymət verilməsi ilə əlaqədar müraciəti təşkil etmişdir.
51. Bundan əlavə Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Lakin iş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli əmr işçinin xx.xx.2024-cü il tarixli iclasındakı qeyri-etik davranışı ilə bağlı olduğu halda məhz bu əsasla iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın verilməsi tələb edilməmiş (bununla bağlı hər hansı sübut iş materiallarında mövcud deyildir), nəticədə işçi ilə əmək müqaviləsinə xitam verilməsi zamanı görülməli olan tədbirlərin heç biri işəgötürən tərəfindən lazımi qaydada təmin edilməmişdir. Həmçinin cavabdeh sözügedən əmrin işçinin işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə də verildiyini göstərsə də, qeyd edilməlidir ki, sözügedən əmrlərin arasında cəmi 1 gün var və iddiaçının nəinki islah olması üçün vaxtı olmamış, hətta xx.xx.2024-cü il tarixli əmr iddiaçıya təqdim edilməmiş və iddiaçı həmin əmrin mətni ilə tanış olmamış, nəticədə hansı təqsirinə görə hansı tənbehin tətbiq edilməsindən də xəbərsiz olmuşdur.
52. Cavabdehin nümayəndəsinin digər bir məhkəmə baxışındakı mövqeyi isə işçinin xx.xx.2024-cü il tarixdə üzrsüz olaraq işə gəlməməsi səbəbilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur ki, buna münasibətdə də məhkəmə yuxarıdakı mövqeyini təkrarlayaraq qeyd edir ki, hər bir halda bu pozuntu ilə bağlı da işçiyə izahat verməsi təklif olunmalı, işə gəlməməsinin səbəbləri aydınlaşdırılmalı, araşdırmanın nəticəsində gəlməmənin üzrsüz olduğu öz təsbitini taparsa, bu barədə qanunvericiliyin yuxarıda göstərilən tələbləri gözlənilməklə intizam tənbehi verilməli idi.
53. Göründüyü kimi cavabdehin məhkəmə iclaslarında göstərdiyi mövqelər fərqli olsa da, həmin mövqelərin hər biri əmrin qanunvericiliyin tələblərini pozaraq qəbul edildiyini deməyə əsas verir.
54. Məhkəmə kollegiyası həmçinin iş materiallarını tədqiq edərək qeyd edir ki, istər xx.xx.2024-cü il tarixli iclas protokolu, istərsə də xx.xx.2024-cü il tarixli HİK iclas protokolunda işçi tərəfindən katirovka sorğusunda iştirak etməməsi, davranışı, nizam-intizamı müzakirə edilmiş və sonda işəgötürən tərəfindən Fətəliyeva haqqında AR-nın Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıq şiddətli töhmət 70-ci maddənin "ç" bəndinə əsasən işçinin əmək müqaviləsinin ləğv olunmasına göstəriş verilmiş, yəni eyni əməllər həm şiddətli töhmətin, həm də işdən çıxma barədə əmrin əsasını təşkil etmişdir. Lakin Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Göründüyü kimi cavabdeh sözügedən normanın tələblərinə də əməl etməyərək qanunvericiliyə zidd olaraq iddiaçıların əmək müqavilələrinə xitam vermişdir.
55. Beləliklə, sadalanan qanunvericilik normalarına və işin faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliyin tələbləri tam olaraq nəzərə alınmamışdır.
56. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.
57. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
58. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir
60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
61. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
63. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
64. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1389/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov