Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3066/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin boşaldılması və s. tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2(008)-5060/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması, qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2019-cü il tarixli, 2(008)- 5060/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 60,62 kv.m., yaşayış sahəsi 42,62 kv.m, yardımçı sahəsi 18 kv.m olan 3 otaqlı mənzilin boşaldılması, qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsini və iddia tələbinin ona hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməmiş, iddia ərizəsinin surəti ona təqdim edilməmiş, məhkəmənin qətnaməsini isə rəsmi qaydada əldə etməmişdir. Yalnız icra mərhələsində məhkəmənin qətnaməsindən məlumatlı olmuşdur. Bundan əlavə məhkəmə onun istifadə hüququna xitam verərkən onunla birlikdə yaşayan və istifadə hüququ olan şəxslərin, yəni onun himayəsində olan uşaqların dairəsini müəyyən etməmişdir. Hüquqlarına toxunulan üçüncü şəxslər kimi onlar məhkəmə prosesinə cəlb edilməmiş, eyni zamanda onun hansı əsasla istifadə hüququna xitam verilməsi və hansı əsaslarla evin boşaldılması göstərilməmişdir. Buna görə də hesab edir ki, məhkəmə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı bankın nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh2 yalnız qətnamənin ona aid olan hissəsini mübahisələndirmişdir. Bundan əlavə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2(008)-5060/2019 saylı qətnaməsi əvvəllər Cavabdeh1 tərəfindən mübahisələndirilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası tərəfindən, apellyasiya məhkəməsinin qətnaməsi isə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan əvvəl işə baxan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 fevral 2020-ci il tarixli 2(103)-2876/2020 saylı qətnaməsində qeyd olunmuşdur ki, qətnamə yalnız mübahisələndirilən hissədə, yəni Cavabdeh1 şikayəti üzrə iddianın təmin olunan hissəsində və ona münasibətdə yoxlanılır, iddianın Cavabdeh2 aid hissəsinə və digər şəxs(lər)ə münasibətdə qətnaməyə toxunulmur. İş materiallarında olan sübutlardan görünür ki, Ağstafa Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ASC ilə cavabdeh X3 arasında bağlanmış 18 fevral 2015-ci il tarixli AS № 011-05 saylı kredit müqaviləsi üzrə cəmi 52033,26 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 60,62 kv.m. yaşayış sahəsi 42,62 kv.m, yardımçı sahəsi 18 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərrac yolu ilə satılması və əldə edilən vəsait hesabına 18 fevral 2015-ci il tarixli, AS № 011-05 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinin təmin edilməsi, artıq qalan məbləğin daşınmaz əmlakın mülkiyyətçisi Cavabdeh1 qaytarılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Hərracın Yekunlarına dair 29.08.2019-cu il tarixli 49/10 saylı protokol və həmin tarixli müqavilədən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı Açıq Səhmdar Cəmiyyəti əldə etmiş və mənzil bankın mülkiyyətindədir. Cavabdeh2 notariat orqanına verdiyi 05 fevral 2015-ci il tarixli ərizənin surətindən görünür ki, o, ünvan 2 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etiraz etməmiş və mənzilə ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən mənzili qeydşərtsiz tərk edəcəyini bildirmişdir. Bundan əlavə mübahisələndirilən qətnamədən iş üzrə Cavabdeh1 tərəfindən də apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(103)-2876/2020 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2019-cü il tarixli qətnaməsi onun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyul 2020-ci il tarixli 2(102)-3811/2020-ci il saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti də təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü ınaddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 60,62 kv.m., yaşayış sahəsi 42.62 kv.m, yardımçı sahəsi 18 kv.m olan 3 otaqlı mənzil 29 avqust 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı ASC tərəfindən alınmış və sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ 06 fevral 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddia ərizəsinin ona təqdim edilməməsi barədə apellyasiya şikayətinin dəlilli əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehə iddia ərizəsinin surəti və bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri və AZEMİS vasitəsilə SMS xəbərdarlığı göndərilmişdir. Məhkəmənin qətnaməsi isə cavabdehin ünvanı üzrə rəsmi qaydada göndərilmiş, lakin evdə olmadığına görə əldə edə bilməmişdir. Bundan əlavə, iş üzrə digər Cavabdeh1 mübahisələndirilən qətnamədən verdiyi apellyasiya şikayətinə baxılarkən də Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, eyni zamanda apellyasiya məhkəməsinin qətnaməsi də onun ünvanına göndərilmiş və həyat yoldaşı Yeganə İsmayılova tərəfindən qəbul edilmişdir (iş v.105) Buradan da göründüyü kimi Cavabdeh2 məhkəmənin qətnaməsindən məlumatlı olmamasına dair dəlili də əsassızdır. Bundan əlavə, Cavabdeh2 qətnamə ilə maraqlarına toxunulan şəxslərin və himayəsində olan uşaqların istifadə hüquqlarının nəzərə alınmamasını qeyd etsə də, qətnamə ilə maraqlarına toxunulan şəxslərin kim olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh bu barədə sübut təqdim etsə belə, mənzil hal-hazırda iddiaçının mülkiyyətində olduğuna görə, iddianın təmin olunmamasına əsas ola bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2(008)- 5060/2019 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3066/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3066/2021
13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver