Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3067/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5954/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 02 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada bağlanmış 41 nömrəli müqavilənin şərtlərinə görə cavabdeh ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 54 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada iddiaçının (mülkiyyətçinin) söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan 2 otaqlı mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş 45,9 kv.m olan ümumi sahəsinə şirkət tərəfindən əlavə güzəşt etməklə, 2 ədəd ümumi 73 kv.m-dən ibarət 2 otaqlı tam təmirli olmaqla, cəmi 146 kv.m. mənzilləri və qarajı iddiaçının (mülkiyyətçinin) mülkiyyətinə verməyi, iddiaçı isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər.
2. Həmçinin, müqavilə şərtlərinə görə, cavabdeh yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdırıaraq, müqavilə şərtlərinə əsasən mənzili təmir edib iddiaçıya təhvil verməyi (2.2.4-cü bənd), müvəqqəti yaşayış məqsədilə mənzil üçün ayda 400 manat olmaqla, 24 aylıq, cəmi 9600 manat kirayə haqqını müqavilə bağlanan vaxt tam olaraq iddiaçıya ödəmək (2.1.2-ci bənd), hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə, bu müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməyi öhdəsinə götürmüşdür.
3. Müqavilənin 2.1.2-ci bəndi, yəni ayda 400 manat olmaqla, 24 aylıq, cəmi 9600 manat kirayə haqqının ödənilməsi cavabdeh tərəfindən icra olunmuş, müqavilədə göstərilən müddətdə və ölçüdə mənzil iddiaçıya təhvil verilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında hər bir mənzilin sahəsi içəridən hesablanmaqla, 73 kv.m. olan iki ədəd 2 otaqlı, cəmi 146 kv.m olmaqla tam təmirli mənzillərin (bundan sonra birlikdə - Mənzillər) və qarajın, 2021-ci ildən 2022-ci ilin sentyabr ayınadək 8000 manat ödənilməmiş kirayə haqqının, məhkəməyə müraciət etdiyi gündən mənzillərin ona təhvil veriləcəyi günədək hər ay 400 manat kirayə haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında hər bir mənzilin sahəsi içəridən hesablanmaqla, bir ədəd iki otaqlı 95 kv.m. və bir ədəd bir otaqlı 51 kv.m. olmaqla, cəmi 146 kv.m. tam təmirli mənzillərin və qarajın, 2021-2022-ci illər üçün 9600 manat ödənilməmiş kirayə haqqının, mənzillərin ona təhvil veriləcəyi günədək hər ay 400 manat kirayə haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh müqavilədə göstərilən ölçüdə və qaydada hər biri 73 kv.m. olmaqla, tam təmirli 2 ədəd 2 otaqlı, cəmi 146 kv.m-dən ibarət Mənzillərin ona təhvil verilməsinə dair öhdəliyini yerinə yetirməmişdir. Cavabdehlə mübahisəni məhkəməyə qədər pretenziya qaydasında həll etməyə çalışsa da, cavabdeh bundan imtina etmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 dekabr 2022-ci il tarixli 2(011)-5954/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında hər biri 73 kv.m-dən ibarət 2 ədəd 2 otaqlı, cəmi 146 kv.m-dən ibarət tam təmirli mənzillər və qarajın "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi, 2021-2022-ci illər üçün 9600 manat kirayə haqqı və ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında hər biri 73 kv.m-dən ibarət 2 ədəd 2 otaqlı, cəmi 146 kv.m-dən ibarət tam təmirli mənzillər İddiaçı təhvil verilənədək hər ay 400 manat kirayə haqqının "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə (mənzilin sahəsinin içəridən hesablanması, bir ədəd iki otaqlı 95 kv.m. və bir ədəd bir otaqlı 51 kv.m-dən ibarət mənzillərin təhvil verilməsi hissəsində) təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin tədqiq edilmiş halları ilə iddiaçının müqavilədə nəzərdə tutulan öz öhdəliklərini tam icra etməsi müəyyən edilsə də, cavabdeh öhdəliklərini icra etməmiş, müqavilədə göstərilən ölçüdə Mənzilləri və qarajı, müqavilə müddətinin başa çatmasına baxmayaraq, iddiaçıya təhvil verməmişdir. Cavabdehin nümayəndəsi öhdəliyin icra edilməməsinin səbəbi kimi əvvəl tərtib edilmiş layihə sənədlərinin şəhərsalma norma və qaydalarına uyğun olmadığından təsdiq edilməməsini, bunun nəticəsində yeni lahiyə üzrə inşa edilmiş binada 73 kv.m. mənzillərin mövcud olmamasını bildirsə də, məhkəmə bu dəlillə razılaşmır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş layihə sənədləri ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan binanın sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli (20 mərtəbəli) yaşayış binasının aidiyyəti dövlət orqanları tərəfində təsdiq edilmiş İşçi layihəsində sözügedən yaşayış binasının 4,5,6,7,8,9,13,14 və 15-ci mərtəbələrində 73 kv.m.-dən ibarət mənzillər layihələndirilmişdir.
9. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdehdən ümumi ölçüsü müqavilədə göstərilən 146 kv.m-ə bərabər olsa da, hər bir mənzilin sahəsi içəridən hesablanmaqla, bir ədəd iki otaqlı 95 kv.m və bir ədəd bir otaqlı 51 kv.m-dən ibarət mənzilləri tələb etməkdə haqlı deyil. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində onların öhdəliklərinin həcmi göstərilmiş və bunlar 33-cü paraqrafda qeyd edilmişdir. Müqavilə üzrə cavabdehin mənzillərə münasibətdə öhdəliyinin həcmi yuxarıda göstərilən ünvanda 73 kv.m-dən ibarət 2 ədəd, hər biri 2 otaqlı olmaqla, cəmi 146 kv.m- dən ibarət tam təmirli mənzillərin inşa edilərək iddiaçıya təhvil verilməsi ilə müəyyən edilmişdir. Yəni, cavabdehin öhdəliyinin həcmi xx.xx.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsi üzrə tikilərək təhvil verilməsi nəzərdə tutulan Mənzillərin ölçüsü və təhvil veriləcək mənzillərin vəziyyəti (tam təmirli) həddindədir. Cavabdehin nə göstərilməyən ölçüdə mənzillərin təhvil verilməsi, nə də mənzillərin sahəsinin içəridən ölçülülüb hesablanmaqla təhvil verilməsi barədə öhdəliyi müqavilədə nəzərdə tutulmamışdır. Cavabdehin üzərinə əlavə öhdəliyin qoyulması onun məsuliyyət həddindən kənara çıxır ki, bu da Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə ziddir. Həmin müddəada göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Məhkəmə qeyd etmişdir ki, 2021-2022-ci illər üçün 9600 manat (400 manat x 24 ay = 9600 manat) ödənilməmiş kirayə haqqının, habelə mənzillərin ona təhvil veriləcəyi günədək hər ay 400 manat kirayə haqqının tutulması hissəsində əsaslıdır. Belə ki, tərələr arasında bağlanmış sözügedən podrat müqaviləsinin 2.1.2-ci bəndindən görünür ki, cavabdeh 1 aylıq kirayə haqqı 400 manat olmaqla, 24 ay müddət üçün (müqavilənin 2.2.4-cü bəndində cavabdeh öhdəlik götürmüşdür ki, yeni tikilicək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq, müqavilə şərtlərinə əsasən mənzili təmir edib, iddiaçıya təhvil verəcək) 9600 manat kirayə haqqını iddiaçıya ödəmişdir. Eləcə də, müqavilənin 2.2.4-cü bəndində nəzərdə tutulmuşdur ki, cavabdeh hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə, podrat müqaviləsinin 2.1.2-ci bəndində (kirayə ödənişi ilə bağlı bənd) nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilənədək uzadılmasını təmin edəcəkdir. İşin mübahisəsiz halıdır ki, Mənzillər hələ də iddiaçıya təhvil verilməmişdir. Hətta, məhkəmə araşdırması zamanı Mənzillərin müqavilədə göstərilən müddətdə inşa edilməməsi də müəyyən edilmişdir. Mənzillərin iddiaçıya vaxtında təhvil verilməməsi isə, məhkəmə araşdırması zamanı əldə olunmuş nəticəyə əsasən, cavabdehin təqsiri üzündən baş vermişdir, çünki bu halı təkzib edən sübutları sonuncu məhkəməyə təqdim etməmişdir. Müqavilədə göstərilən ölçüdə mənzillərin layihələndirilməməsi və inşa edilməməsi ilə bağlı cavabdehin arqumenti isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 390.1, 405, 425.1, 442, 445.1, 452.1, 752.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin qismən, qarajların və icarə haqqının verilməsi hissəsində təmin edilməsi, digər hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apelyasiya şikayətində göstərilmişdir ki, binanın eskiz layihəsi razılaşdırılan zaman 73 kv.m sahəyə malik 2 otaqlı mənzillərin inşasına icazə verilməmiş, həmin mənzillərin daha böyük sahədə inşası razılaşdırılmışdır. Bu barədə iddiaçıya da məlumat verilmiş, ona iki ədəd 69 kv.m sahəsi olan mənzillər və hər mənzildən qalıq qalan 4 kv.m, cəmi 8 kv.m sahə üçün ödəniş təklif edilmişdir. Lakin, iddiaçı bununla razılaşmamışdır. İddiaçı məhkəmə iclasında etiraf edib ki, həmin binada onun istədiyi ölçüdə mənzil yoxdur. İddia ərizəsinə son əlavəni də məhz ona görə yazaraq, tələb etdiyi mənzillərin sahəsini dəyişdirib. İddiaçıya kirayə haqqı 2021-2022-ci illərdə ona görə verilməyib ki, mənzillərin verilməsinin gecikməsi məhz onun hərəkəti ilə bağlıdır. Belə ki, ona verilən digər mənzillərdən iddiaçı özü imtina edir. Belə vəziyyətdə qətnamə icarə haqqının tutulması hissəsində də qanunsuzdur və ləğv edilməlidir. Hazırkı binada 73 kv.m sahədən ibarət mənzil yoxdur. Qət etdi hissədə isə məhz hazırkı binanın yerləşdiyi ünvanda həmin mənzillərin verilməsi tələb olunub. Bu qətnamə gələcəkdə obyektiv səbəblərdən icra oluna bilməyəcək və hakimdən qətnaməyə izah istəniləndə, heç bir formada izah vermək mümkün olmayacaq. Məhkəmə iddia tələbindən kənara çıxmasını lazımı qədər əsaslandırmayıb, üstəlik bu nəticə həm iddiaçı, həm də cavabdeh üçün əlverişli deyil.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçı özü də bilir ki, binada 73 kv.m sahəli iki otaqlı mənzil yoxdur. İlkin layihədə nəzərdə tutulsa da, sonradan layihədə dəyişiklik olunmuşdur.
16. İddiaçı tərəf isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili ərizə təqdim edərək, göstərdi ki, birinci instansiya məhkəməsində məhkəmə prosesində cavabdeh həmin ölçüdə mənzillərin olmadığını, 95 və 51 kv.m ölçüdə mənzillərin olduğunu bildirdiyi üçün iddia tələbində dəyişiklik etmişlər. Axırıncı məhkəmə prosesində binanın layihəsi təqdim olunduqda isə yeni inşa olunan binada 73 kv.m-dən ibarət mənzillərin olduğu müəyyən olundu. Ona görə də iddia tələbini müdafiə edərək, hər biri 73 kv.m-dən ibarət 2 otaqlı, cəmi 146 kv.m 2 mənzilin, qarajın, MMC-dən alınaraq təhvil verilməsi, 2021-2022-ci illər üçün 9600 manat kirayə haqqı və mənzillər təhvil verilənədək hər ay 400 manat kirayə haqqının MMC-dən tutularaq ödənilməsi barədə iddia tələbini müdafiə edirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır.
24. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
25. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə mənzillərin təhvil verilməsi və icarə haqqına aid hissədə yoxlanılır. Belə ki, cavabdeh apelyasiya şikayətində iddia tələbinin qarajın və icarə haqqının verilməsi hissəsində təmin edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan görünür ki, icarə haqqına aid hissədə də qətnaməni mübahisələndirmişdir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir.
35. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, 73 kv.m-dən ibarət 2 ədəd, hər biri 2 otaqlı olmaqla, cəmi 146 kv.m-dən ibarət tam təmirli mənzilləri, yeni tikilicək binanı bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində iddiaçıya təhvil verməlidir.
36. İddiaçı hazırda müqaviləyə əsasən mənzillərin təhvil verilməsini tələb edir.
37. Cavabdeh tərəf öhdəliyin icra edilməməsinin səbəbi kimi əvvəl tərtib edilmiş layihə sənədlərinin şəhərsalma norma və qaydalarına uyğun olmadığından təsdiq edilməməsini, bunun nəticəsində yeni lahiyə üzrə inşa edilmiş binada 73 kv.m sahəsi olan 2 otaqlı mənzillərin mövcud olmamasını bildirsə də, birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təqdim edilmiş layihə sənədləri ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan binanın sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli (20 mərtəbəli) yaşayış binasının aidiyyəti dövlət orqanları tərəfində təsdiq edilmiş İççi layihəsində sözügedən yaşayış binasının 4,5,6,7,8,9,13,14 və 15-ci mərtəbələrində 73 kv.m-dən ibarət mənzillər layihələndirilmişdir.
38. Məhkəmə də haqlı olaraq iddia tələbini bu hissədə təmin etmişdir.
39. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, məhkəmə iddia tələbindən kənara çıxmışdır, iddiaçı iddia tələbini dəyişərək 95 və 51 kv.m mənzillərin təhvil verilməsini xahiş etsə də, məhkəmə müqavilədə göstərilən mənzillərin təhvil verilməsini qət etmişdir.
40. Kollegiya apelyasiya şikayətinin dəlilini əsassız hesab edir.
41. Əvvəla apelyasiya baxışı zamanı iddiaçının açıqlamasından (ərizə və izahat) aydın olur ki, iddianın mənzillərin ölçüsünə aid hissədə dəyişdirilməsinə səbəb cavabdehin nümayəndəsinin binanın layihəsində dəyişikliklər edilməsi barədə verdiyi izahat olmuşdur. Yəni, iddiaçı layihədə edilmiş dəyişiklik nəticəsində artıq sahəsi 73 kv.m. olan 2 otaqlı mənzillərin olmadığını zənn edərək, sahəsi 95 və 51 kv.m ölçüdə mənzillərin verilməsini istəmişdir. Lakin sonuncu məhkəmə prosesində binanın layihəsi təqdim olunduqda sahəsi 73 kv.m olan mənzillərin olduğu müəyyən edilmiş, ona görə də iddiaçı hazırki apelyasiya baxışında qeyd olunan ərizəni verərək, hər biri 73 kv.mdən ibarət 2 otaqlı, cəmi 146 kv.m 2 mənzilin və qarajın MMC-dən alınaraq təhvil verilməsi, 2021-2022-ci illər üçün 9600 manat kirayə haqqı və mənzillər təhvil verilənədək hər ay 400 manat kirayə haqqının MMC-dən tutularaq ödənilməsi barədə iddia tələbini müdafiə etdiyini bildirmişdir.
42. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya baxışı zamanı sonuncu layihədə 73 kv.mlik 2 otaqlı mənzillərin olmadığını bildirsə də, bu hal elə cavabdehin birinci instansiya məhkəməsində təqdim etdiyi layihə ilə təkzib olunduğundan, Kollegiya bu dəlili əsassız hesab edir.
43. Digər tərəfdən, iddiaçının birinci instansiya məhkəməsində tələb etdiyi mənzillərin sahəsində dəyişiklik etməsi iddianın dəyişdirilməsi kimi qəbul oluna bilməz, çünki mənzillərin ölçüsü iddianın predmetini yox, obyektini təşkil edir.
44. Hazırki işdə iddiaçı cavabdehi müqavilə öhdəliklərini yerinə yetirməyə məcbur etməyi tələb edir. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. İddianın obyekti isə iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir (pul məbləği, yaşayış və qeyri-yaşayış sahəsi). İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı).
45. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya kirayə haqqı 2021-2022-ci illərdə ona görə verilməyib ki, mənzillərin verilməsinin gecikməsi məhz onun hərəkəti ilə bağlıdır.
46. Bu dəlili də əsassız hesab edərək, Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmuşdur, cavabdeh müqaviləyə görə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq mənzillərin təhvil verilməsini təmin etməmişdir, iddiaçı da haqlı olaraq müqavilənin şərtlərinə uyğun olaraq kirayə haqqının ödənilməsini tələb etmişdir.
47. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apelyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5954/2022 saylı iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.