Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3067/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və müqavilə əsasında cavabdeh yeni inşa edəcəyi yaşayış binasından müvafiq mənzilin ona verilməsi öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin icra müddətinin bitməsinə baxmayaraq, cavabdeh tərəfindən götürülmüş öhdəliklər hələ də yerinə yetirilməmişdir. İddiaçı bunula razılaşmayaraq, məhkəməyə müraciət etmiş və müqavilə üzrə öhdəliklərin icrası məqsədilə cavabdeh tərəfindən mənzilin ona verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh isə həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, müqavilə üzrə öhdəliklərin icrası məqsədilə 232 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı övladı X1 ilə birlikdə 2014-cü ildə Cavabdeh MMC tərəfindən tikilərək satılan 44,6 kv.metr yaşayış sahəsinə malik mənzili alıb, 213472 nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış əldə edərək, rəsmi şəkildə mülkiyyətçisinə çevrilmişlər. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 173 nömrəli sərəncamına əsasən, Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən iddiaçıya məxsus üç otaqlı 70 kv.metr (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin də yerləşdiyi binanın söküntüsünə başlamış, İddiaçı və övladı X1 xx.xx.2018-ci il tarixində bağlanılmış 105 nömrəli müqaviləyə əsasən, yeni bina inşa edərək yuxarıda qeyd edilən ölçüdə mənzilin əvəzinə iddiaçını ümumi sahəsi 127,6 kv.metr olan eyni blokda – E blokunda 10 və 11-ci mərtəbələrdə yerləşən 2 ədəd iki otaqlı (hər biri 63,8 kv.metr olan) 228 və 232 nömrəli mənzillərlə təmin etməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciə edərək, Cavabdeh tələb üzrə cavabdeh qismində qeyd etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək, mülki işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi isə xx.xx.2024-cü il tarixli qərardad qəbul edərək, aidiyyət məsələsinin həll edilməsi üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardad qəbul edərək, mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində (bundan sonra mətndə – birinci instansiya məhkəməsi) baxılmalı olduğunu müəyyən etmişdir.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (e-2(004)-806/2024 nömrəli mülki iş üzrə, hakim F.Əlizadə) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 105 nömrəli müqavilə üzrə öhdəliklərin icrası və binanın tikintisi başa çatdırılmaqla yeni binada 232 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur.
9. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli, 105 nömrəli Podrat müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən iddiaçıya məxsus üç otaqlı 70 kv.metr (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin də yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada mülkiyyətçiyə məxsus 3 otaqlı, 70 kv.metr ölçüdə mənzilin əvəzinə mülkiyyətçini yeni binada ümumi sahəsi 127.6 kv.metr ölçüdə “E” blokunda 232 nömrəli mənzillə təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilə kifayət qədər müfəssəl formada tərtib edilmişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müəyyən edilir ki, mülkiyyətçiyə verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda mülkiyyətçidən həmin sahəyə görə əlavə ödəniş tələb edilə bilməz. Həmin müqavilənin 3.1.1-ci bəndinən müəyyən edilir ki, müqavilənin icra müddəti 3 il təşkil edir. Lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. Bununla da, cavabdeh tərəfindən öhdəlik münasibətləri pozulmuşdur. Bu səbəbdən iddia tələbi əsaslıdır və təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalı idi ki, cavabdeh və iddiaçı arasında bağlanmış müqavilə üzrə iddiaçıya təhvil verilməli olan mənzilin ümumi sahəsi 63.9 kv.metr göstərilmişdir və həmin mənzillərin ümumi sahələrinə əlavələr edildiyindən, yaranmış fərqə görə pul məbləği iddiaçıdan tutularaq mənzilin ona təhvil verilməsini təmin edə bilərdi və ya iddia tələbini rədd edə bilərdi. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Müqavilənin həmin bəndində, mülkiyyətçiyə veriləcək mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən kəskin fərqlənmədiyi halda artıq ödəniş tələb edilməməsi nəzərdə tutulmuşdur. Lakin tikinti prosesi zamanı cavabdehə məlum olmuşdur ki, həmin mənzilləri ümumi sahəsi 63.9 kv.metr olmaqla inşa edilməsi qeyri-mümkündür, həmin sahəyə 8.6 kv.metr əlavə edilməklə tikinti işləri davam etdirilmişdir. Göründüyü kimi, müqavilədə nəzərdə tutulan kv.metrlə hazırkı mənzilin kv.metri arasında kəskin fərq yaranmışdır. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, həmin mənzilə edilən əlavə mülkiyyətçinin öz xeyrinədir, yəni mənzilin dəyəri artmış olur, belə olan halda əlavə edilmiş kv.metrə görə pul vəsaitinin iddiaçıdan tutulması ədalət prinsipi baxımından daha düzgün olardı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə dair etiraz verərək, bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Belə ki, İddiaçı, qızı X1 ilə birlikdə 2014-cü ildə Cavabdeh MMC tərəfindən tikilərək satılan 44,6 kv.metr yaşayış sahəsinə malik mənzili alıb, 213472 nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış əldə edərək, rəsmi şəkildə mülkiyyətçisinə çevrilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 173 nömrəli sərəncamına əsasən, Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən mülkiyyətçiyə məxsus üç otaqlı 70 kv.metr (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin də yerləşdiyi binanın söküntüsünə başlamış, mülkiyyətçi ilə xx.xx.2018-ci il tarixində bağlanılmış, 105 nömrəli müqaviləyə əsasən, yeni bina inşa edərək yuxarıda qeyd edilən ölçüdə mənzilin əvəzinə mülkiyyətçini ümumi sahəsi 127,6 kv.metr olan eyni blokda – E blokunda 10 və 11-ci mərtəbələrdə yerləşən 2 ədəd iki otaqlı (hər biri 63,8 kv.metr olan) 228 və 232 nöməli mənzillərlə təmin etməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmişdir. Müqavilənin 4.3-cü bəndinə əsasən, mülkiyyətçiyə verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda mülkiyyətçidən həmin sahəyə görə əlavə ödəniş tələb edilə bilməz. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, müqavilənin icra müddəti 3 (üç) il təşkil edir. Beləliklə, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazmı qaydada və vaxtda icra edilməmişdir. Belə olan halda, apellyasiya şikyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə isə məhkəməyə ərizə göndərərək, cavabdehin qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, iddiaçının əsassız iddia tələbinə qarşı etirazını bildirmək üçün müddət verilməsini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsini rəhbər tutaraq (cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını birinci instansiya məhkəməsinə təqdim etməli idi), həmçinin qanuni mənafelərini və hüquqlarını müdafiə etmək üçün apellyasiya instansiyası məhkəməsində cavabdehə kifayət qədər (40 gün) müddətin verildiyini nəzərə alaraq, ərizəni təmin etməmiş və qeyd olunan Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia tələbi təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında mübahisələndirilmiş və yeganə dəlil kimi “yeni inşa edilmiş mənzillərin ümumi sahələrinin müqavilə üzrə verilməli olan mənzillərin ümumi sahələrindən artıq olması” qeyd olunmuşdur.
27. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinin tələblərinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.
28. İddia tələbinin əsasını təşkil edən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 105 nömrəli müqavilənin 4.3-cü bəndində qeyd edilmişdir ki, mülkiyyətçiyə verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda mülkiyyətçidən həmin sahəyə görə əlavə ödəniş tələb edilə bilməz.
29. Göründüyü kimi, Mülki Məcəllənin 422.1-ci maddəsində müqavilədə ayrı qaydanın nəzərdə tutulması və ya onun mahiyyətindən ayrı qaydanın irəli gəlməsi məsələləri də qeyd olunmuşdur. Həmin maddədən isə aydın olur ki, bu hallar mövcud olmadığı təqdirdə müqavilə bağlanarkən əsas götürülmüş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsindən söhbət gedə bilər. Lakin hazırkı müqavilədə konkret olaraq müəyyən edilmişdir ki, mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən artıq olması mülkiyyətçidən həmin sahəyə görə əlavə ödənişin tələb edilməsinə əsas ola bilməz. Odur ki, əsas götürülmüş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hazırkı müqaviləyə şamil oluna bilməz.
30. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmçinin qeyd etmişdir ki, müqavilənin həmin (4.3-cü) bəndində, mülkiyyətçiyə veriləcək mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən kəskin fərqlənmədiyi halda artıq ödəniş tələb edilməməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə kollegiyası tərəfindən müqaviləyə baxış keçirilən zaman həmin maddədə kəskin fərqlənmə və s. kimi ifadələrin qeyd olunmadığı müəyyən edilmişdir.
31. Mülki Məcəllənin digər tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə isə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
32. Hazırkı mübahisə üzrə də müəyyən edilmişdir ki, müqavilə əsasında razılaşdırılmış şərtlər cavabdeh tərəfindən lazımi qaydada və vaxtda icra edilməmiş, nəticədə onun müqavilənin digər tərəfi olan iddiaçı qarşısında öhdəlikləri yaranmışdır.
33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmiş, cavabdeh isə iddia tələbinə etirazının dəlillərini sübut edə bilməmiş və formal mülahizələrə əsaslanmışdır. Nəticədə, məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutları və mülki qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 806/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.