Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3067/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 sentyabr 2024-cü il tarixli qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Vəkil3, Cavabdeh və üçüncü şəxs X6 özlərinin və onların birgə vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun və yetkinlik yaşına çatmamış övladı - xx.xx.2008-ci il təvəllüdlü X7 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qeydiyyatsız köçkünlər Yeni Yaşayış massivi, 125 nömrəli evə köçürülməsi və yaşayış evindən istifadə ilə bağlı cavabdeh tərəfindən onlara yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmadan ailə münasibətlərinə daxil olmuş, bir neçə aydan sonra isə, yəni xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan onların 1 uşaqları olsa da, münasibətləri pozulmuş və nikah, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Uşaq həmin qətnamə ilə anasının – iddiaçının yanında saxlanılmışdır. Evliliklərinin birinci ilini iddiaçının valideynlərinə məxsus olan və Sumqayıt şəhərində yerləşən evdə yaşamışlar. Uşaq doğulan ərəfədə onlar iddia ərizəsində qeyd edilən ünvanda yerləşən mübahisəli evin inşasına başlamış və uşağın 1 yaşı olduqdan sonra onlar həmin evə köçmüşlər. Həmin vaxt ev 1 otaqlı olmuş, lakin sonradan onlar əlavə 3 otaq, eyvan və hamam-tualet tikdirmişlər. Ev özbaşına tikilidir. İddiaçı ilə cavabdehin münasibətləri pozulan ərəfədə cavabdeh iddiaçını və uşağı evdən qovmuşdur, baxmayaraq ki, onlar da mübahisəli evə münasibətdə cavabdehlə bərabər hüquqlu şəxslərdir. Bundan sonra iddiaçı uşağı ilə bilikdə Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsində yerləşən 8 saylı yataqxanada yaşayana anasının yanında yaşamağa məcbur olmuşdur. İddiaçının başqa yaşayış yeri yoxdur. Dəfələrlə övladı ilə birlikdə evli olduqları müddətdə tikilərək hazır olan özbaşına tikiliyə qayıtmaq istəsə də, cavabdeh onu və övladını evə buraxmaqdan imtina etmişdir. Göründüyü kimi iddiaçı, cavabdehin qanunsuz müdaxiləsi, maneələri nəticəsində anası ilə yataqxanada yaşamağa məcbur olmuşdur, Mübahisəli ev su və təbii qazla təchiz edilmişdir. Təbii qazın alğı-satqısı ilə bağlı “Azəriqaz” İB ilə xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilə cavabdeh ilə bağlanmışdır. Cavabdeh həmçinin Biləcəri Bələdiyyəsində xx.xx.2021-ci il tarixdən 300 kv.m torpaq sahəsində olan 90 kv.m yaşayış əmlakı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçının övladı Emin cavabdehin vərəsəsidir və onun həmin evdə məcburi payı vardır, gözlənti hüququ ilə əmlakın birgə mülkiyyətçisi, miras şərikidir. b) cavabdehin və üçüncü şəxsin iddiaya münasibəti barədə məlumat
3. Cavabdeh iddianı qəbul etməyərək, evin ona deyil, qardaşı Fazil İbrahimova məxsus olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.
4. İşə baxmış Rayon Məhkəməsi cavabdehin bildirdiklərini nəzərə alaraq cavabdehin qardaşı Fazil İbrahimovu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb etmişdir.
5. Üçüncü şəxs Fazil İbrahimov iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia ərizəsində qeyd edilən evi o öz vəsaiti hesabına inşa etdirmiş və müvəqqəti yaşamaq üçün qardaşına və qardaşının ailəsinə vermişdir. Buna görə də, o, iddianın rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
7. Mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll etmiş Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı, mübahisəli tikilidən iradəsinə zidd olaraq cavabdeh tərəfindən çıxarılmışdır. Mübahisəli tikili özbaşına tikili olsa da, iddiaçının və iddiaçının yanında saxlanılmış uşağın yaşayış yeri sayılır. İddiaçının yaşayış yerindən qanunsuz olaraq məhrum olması nəzərə alınmalı o, yetkinlik yaşına çatmayan övladı ilə bilikdə həmin tikiliyə köçürülməli və iddiaçının həmin tikilidən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. d) apellyasiya şikayəti barədə məlumat
8. İş üzrə üçüncü şəxs olan Fazil İbrahimov həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev üçüncü şəxs Fazil İbrahimov tərəfindən inşa olunmuşdur və ona məxsusdur. Üçüncü şəxs mübahisəli evi iddiaçıya və cavabdehə özünün mənəvi borcu olaraq müvəqqəti yaşamaq üçün vermişdir. Bu faktı onun qardaşı olan cavabdeh də təsdiq etmişdir. Cavabdeh, cavabdehin keçmiş arvadı olan iddiaçı və onların övladı Mülki Məcəllənin 228.5-ci maddəsinin dispozisiyası baxımından üçüncü şəxsin ailə üzvləri dairəsinə daxil deyillər. Lakin Rayon Məhkəməsi işin bu halını nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmaqla işə birtərəfli baxaraq, cavabdehin və üçüncü şəxsin dəlil və sübutlarına qiymət verməmişdir. Belə ki, Biləcəri Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, guya cavabdehin adı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Belə bir hal varsa bu qanunsuz və əsassızdır. Çünki evin inşa edildiyi torpaq sahəsi evlə birlikdə cavabdehə yox, üçüncü şəxsə məxsusdur. Ona görə də cavabdehin adının cavabdehin xəbəri olmadan yaşayış əmlakı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmasının heç bir əsası yoxdur. Bələdiyyənin istinad etdiyi sakinlər tərəfindən imzalanmış akt da həqiqəti əks etdirmədiyindən sübut kimi qəbul edilə bilməz. Aktın tərtib edilmə yeri və tarixi qeyd edilməmişdir. Digər tərəfdən iddiaçı və onun anası aktda qeyd edilən 3 nəfər yaşlı şəxsin etibarından sui-istifadə edərək, onların latın qrafikalı əlifbanı oxuya bilmədiklərindən istifadə etməklə aldadaraq, həmin aktı onlara imzalatmışlar. Sonradan aktı imzalamış şəxslərdən X9 və X1 Rayon Məhkəməsinə müraciət edərək, həmin aktın etibarsız hesab edilməsini xahiş etmişlər. Onlar eyni zamanda təsdiq etmişlər ki, iddiaçı 15 il bundan əvvəl gəlin kimi Biləcəri qəsəbəsi, X15 hazır tikilmiş evə köçmüşdür. Lakin Rayon Məhkəməsi qeyd edilənlərə hüquqi qiymət verməmişdir. Bundan əlavə, mübahisəli ev ilə bağlı mübahisə məsələsində də məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi təbii qazla, su ilə təmin edilmiş və onlara müvafiq müqavilələr də cavabdehlə bağlanmışdır. Lakin bunlar heç də belə olmamışdır. Belə ki, qətnamə qəbul edilənədək ev su xətti ilə təmin edilsə də, suyun istehlakı ilə bağlı evə sayğac quraşdırılmamış və suyun istehlakı ilə bağlı heç kimlə, o cümlədən cavabdehlə də hər hansı bir müqavilə bağlanmamışdır. Yalnız xx.xx.2024-cü il tarixində, evin sahibi - üçüncü şəxs, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlamışdır. Üçüncü şəxslə “Azəriqaz” İstehsalat Birliyi arasında qazın alqı-satqısına dair bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə məcburiyyətdən bağlanmış və buna səbəb, həmin günü “Azəriqaz” İB-nin əməkdaşları qaz sayğacını yenisi ilə əvəz etmiş və yeni qaz alğı-satqısına dair müqavilə bağlanmalı olduğunu bildirmişlər. Üçüncü şəxs evdə olmadığından, cavabdeh evdə tək olduğundan, həmin müqaviləni cavabdehin adına tərtib etmişlər. Əks təqdirdə qaz xəttini kəsəcəkləri barədə xəbərdarlıq etmişlər. Həmin tarixədək isə qazın alğı-satqısına dair müqavilə üçüncü şəxsin adına olmuşdur. Qazın alqı-satqısına dair hazırda xx.xx.2024-cü il tarixli yeni müqavilə də evin sahibi, yəni, üçüncü şəxslə bağlanmışdır. Rayon Məhkəməsində şahidlər X17, X10 və X3 vermiş olduğu ifadələri ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evini üçüncü şəxs öz vəsaiti hesabına inşa etmiş və iddiaçı və cavabdeh həmin evə toydan bir müddət sonra köçərək yaşamağa başlamışlar. Bundan əlavə, iddiaçı da iddia ərizəsində və məhkəmə baxışında göstərmişdir ki, cavabdehlə toyları (xx.xx.2007-ci ildə) Sumqayıt şəhərində olmuş, evliliklərinin birinci ilini, Sumqayıt şəhərində valideynlərinə məxsus evdə yaşamışlar. Daha sonra, xx.xx.2008-ci il tarixdə Emin adlı övladları dünyaya gəlmiş və övladlarının 1 yaşı olduqdan, yəni, xx.xx.2009-cu ildən sonra sözügedən evə köçmüşlər. Buradan müəyyən olunur ki, iddiaçı ilə cavabdeh xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək Sumqayıt şəhərində yaşamışlar. Lakin məhkəmə, iddiaçının xeyrinə səhv nəticəyə gələrək, qeyd etmişdir ki, guya tərəflər 2007-ci ildən 2024-cü ilə qədər həmin evdə yaşamışlar. e) apellyasiya baxışında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. Apellyator olan üçüncü şəxs, cavabdeh və onların birgə vəkili (nümayəndə) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.
11. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, AZ-İ seriyalı, 334109 nömrəli “Nikah haqqında şəhadətnamədən” görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar.
14. AZ-İİ seriyalı, 088517 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2008-ci təvəllüdlü Eminin valideynləridir.
15. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 523/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə iddiaçı ilə cavabdehin arasındakı nikahın pozulması, onların birgə övladı olan xx.xx.2008-ci il təvəllüdlü Eminin nikahın pozulmasında sonra anasının yanında saxlanılması qət edilmişdir.
16. İşin mübahisəsiz halı kimi həmçinin müəyyən edilir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmazdan əvvəl faktiki ailə qurmuşlar. Onlar evliliklərinin birinci ilini iddiaçının valideynlərinə məxsus olan və Sumqayıt şəhərində yerləşən evdə yaşamışlar. Onların övladlarının 1 yaşı tamam olduqdan sonra onla iddia ərizəsində qeyd edilən və mübahisə predmeti olan özbaşına tikiliyə köçmüşlər və iddiaçı 2024-cü ilədək həmin tikilidə cavabdeh ilə birlikdə yaşamış, onunla birgə təsərrüfat aparmışdır. İddiaçı ilə cavabdehin münasibətləri pozulduqdan sonra cavabdeh iddiaçını həmin tikilidən çıxarmışdır. İddiaçı və onun yanında saxlanılmış uşaq hazırda iddiaçının anasının yanında – yataqxanada yaşayırlar.
17. İşin mübahisəli halları mübahisəli evin kim tərəfindən, nə vaxt inşa edilməsi ilə bağlıdır. Belə ki, iddiaçı bildirir ki, həmin tikilini onunla cavabdeh birgə nikahları dövründə inşa etmiş və tikiliyə 2009-cü ildə köçərək, orada yaşamağa başlamışlar.
18. Cavabdeh və iş üzrə üçüncü şəxs isə bildirirlər ki, həmin tikili iddiaçı ilə cavabdehin vəsaiti hesabına deyil, iddiaçının vəsaiti hesabına inşa edilmiş, tikili üçüncü şəxsə məxsusdur və üçüncü şəxs həmin tiklini müvəqqəti yaşamaq üçün cavabdehə və iddiaçıya verilmişdir.
19. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.).
20. Mübahisəli tikilinin özbaşına tikili olduğunu nəzərə almış iddiaçı, yaşadığı yerdən cavabdeh tərəfindən məcburi çıxarıldığına istinad edərək hazırkı iddianı məhz cavabdehə qarşı irəli sürmüşdür. İddiaçının yaşadığı yerdən məhz cavabdeh tərəfindən məhrum edilməsi işin mübahisəsiz halıdır. İddia tələbinə düzgün qiymət verilməsi üçün onun məhz cavabdehə münasibətdə əsaslılığı yoxlanmalı, cavabdehin məhrum etməsinin qanuniliyinə qiymət verilməlidir. Odur ki, hazırkı iddia tələbi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fazil İbrahimova qarşı deyil, Cavabdeh qarşı yönəlmişdir. Çünki iddiaçını yaşayış sahəsindən məhrum edən şəxs məhz Cavabdehdur. Üçüncü şəxs Fazil İbrahimovun isə mübahisəli evlə bağlı iddiaçıya qarşı irəli sürülmüş hər hansı tələbi mövcud deyil.
21. Bu halda Fazil İbrahimovun mövqeyi baxımından iddianın əsaslılığını istisna edən hal o ola bilərdi ki, mübahisəli ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və həmin hüququn mütləq hüquq kimi istənilən şəxsə qarşı müdafiəsinə dövlət tərəfindən təminat verilsin.
22. Qeyd edilənlərə əsasən iddiaçını özbaşına tikili olan yaşayış sahəsindən məhrum etməyən və mübahisəli sahə üzərində mülkiyyət hüququ qeydə alınmayan üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri 2024-cü ilədək 15 ildən çox müddətdə özbaşına tikilidə birgə yaşayan iş üzrə iddiaçı və cavabdeh arasında olan mübahisənin həlli üçün hər hansı əhəmiyyət kəsb etmədiyindən Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
23. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsaslılığını yoxlayan Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, iş materiallarından göründüyü kimi tərəflərin özbaşına tikili olan mübahisəli evə dair hər hansı hüququ yaranmamışdır.
24. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
25. Məhkəmə bildirir ki, bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iddiaçıya təsir edərək onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc və ya sair təsir tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəmələrə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (təsir etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur; pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə (tikiliyə) köçürülməlidir.
26. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı (mülkiyyət hüququ qeydiyyata alınmadığı, kirayə müqaviləsinin olmaması və s.) üçün iddiaçının cavabdeh tərəfindən yaşadığı yerdən məhrum edilməsinin qanuni əsası yoxdur.
27. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi apellyator tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
30. Məhkəmə həmçinin bildirir ki, iddiaçı və cavabdeh tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı və cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
31. Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədiyindən o,hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
32. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 sentyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Üçüncü şəxs X11 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməzlər.