Məhkəmə qərarları › İş №2(103)-3068/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3068/2025

30.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3068/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Musa Abdinovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2142/2023 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə ünvan 1 ünvanındakı çoxmənzilli binanın 3-cü girişinin zirzəmisində yerləşən bir avtomobil üçün nəzərdə tutulmuş qaraj yeri ilə bağlıdır. 2.Çoxmənzilli bina "xxxx" MMC-yə aiddir. 3.Mülki işdə qaraj yerinə dair aşağıda göstərilən iki müqavilə var. 4.Birinci müqavilə, yəni xx.xx.2015-ci il tarixli 497 nömrəli müqavilə İddiaçı ilə "xxxx" MMC-nin arasında bağlanıb (cild 1, iş v. 32). Müqaviləyə görə, iddiaçı 20.000 ABŞ dolları ödəməklə qaraj yerini MMC-dən əldə edib. 5.İkinci müqavilə, yəni xx.xx.2016-cı il tarixli 520 nömrəli müqavilə Cavabdeh1 ilə "xxxx" MMC-nin arasında bağlanıb (cild 1, iş v. 35). Müqaviləyə görə, Cavabdeh1 11.000 manat ödəməklə qaraj yerini MMC-dən əldə edib. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 anaövladdır. 6.Cavabdehlər bir müqaviləyə əsaslanaraq iki avtomobil üçün qaraj yerinə sahiblik edir. Bunu həm cavabdehlər etiraf edir, həm də birinci intansiya məhkəməsində icraat zamanı yerində müayinə həyata keçirilərkən müəyyən edilib ki, cavabdehlər bir müqavilə əsasında iki avtomobil üçün qaraj yerinə sahiblik edir. Cavabdeh tərəf bir müqavilə ilə iki avtomobil üçün qaraj yeri əldə etməsini belə əsaslandırır ki, onun müqaviləsinin ikinci səhifəsinin sonunda (müqavilə tərəflərinin imzasından və möhürdən sonra) əlyazma ilə göstərilən məzmunda qeyd yazılıb: “İki maşınlıq qaraj bir qaraj kimi mən Şahid1 zirzəmidəki qarajı satdım, əvəzində 11.000 manat pul aldım”. Bu qeyddən sonra Şahid1 imza icra edib. Həmin şəxs binanın komendantı olub. 7.İddiaçı iddia edir ki, cavabdeh tərəfin sahiblik etdiyi iki avtomobil üçün qaraj yerinin bir hissəsi – bir avtomobil üçün qaraj yeri ona məxsusudur. Onun müqaviləsi həmin yerə münasibətdə bağlanıb, lakin cavabdeh tərəf bir müqaviləyə əsaslanaraq iki avtomobil üçün qaraj yerinə sahiblik edir. Birinci instansiya məhkəməsində icraat 8.İddia ərizəsində tələb olunub ki, cavabdehlər bir avtomobil üçün qaraj yerindən çıxarılsın, iddiaçının həmin qarajdan sərbəst istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın və əldə çıxmış fayda kimi 3.800 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. 9.Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismın təmin olunsun, cavabdehlər bir avtomobil üçün qarajdan çıxarılsın, iddiaçının həmin qarajdan sərbəst istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 10.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid olan hissədə ləğv edilsin və iddia həmin hissədə rədd edilsin. 11.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Musa Abdinov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 12.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 13.Müəyyən olunur ki, cavabdeh tərəfin müqaviləsi bir avtomobil üçün qaraj yerinə münasibətdə bağlanıb, lakin cavabdehlər iki avtomobil üçün qaraj yerinə sahiblik edir, onların sahiblik etdiyi yerin bir hissəsi – bir avtomobil üçün qaraj yeri iddiaçıya məxsusdur. 14.Belə ki, hər iki tərəfin müqaviləsini üçüncü şəxs "xxxx" MMC-nin adından onun direktoru Nümayəndə2 imzalayaıb. Nümayəndə2 birinci instansiya məhkəməsində icraat zamanı bildirib ki, bütün müqavilələr bir avtomobil üçün qaraj yerinə görə yazılır, cavabdeh tərəfə bir avtomobil üçün qaraj yeri satılıb, cavabdeh tərəfin müqaviləsi onun tərəfindən imzalanıb təsdiq edildikdən sonra komendant onun xəbəri olmadan müqaviləyə əlavə qeydlər edib, komendantın qaraj satmaq səlahiyyəti yoxdur. Göründüyü kimi, müqaviləni bağlayan "xxxx" MMC-nin direktoru bildirir ki, cavabdehin müqaviləsi bir avtomobil üçün qaraj yerinə aiddir. 15.Bununla yanaşı, cavabdehin müqaviləsinə iki avtomobil üçün qaraj yeri barədə qeyd yazan və bu qeydi imzalayan Şahid1 binanın komendantı olub. Komendanatın "xxxx" MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmadığına görə, onun yazıdığı və imzaladığı qeydin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsindən görünür ki, yazılı əqd əqd bağlayan şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmalıdır. 16.Binanın zirzəmisində yerləşən qarajlar nömrəsizdir, müqavilələrdə isə qarajların yeri dəqiq göstərilməyib. İddiaçının müqaviləsində göstərilən qarajın yerinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspert rəyində qeyd olunub ki, iddiaçıya satılmış qeyri-yaşayış sahəsinin yerləşməsinə dair ayrıc aktı və ya qarajın yerləşməsinə dair plan-sxem müqaviləyə əlavə edilmədiyindən və ya ekspertiza tədqiqatına təqdim edilmədiyindən iddiaçıya satılmış qeyri-yaşayış sahəsinin sərhədlərini yerində müəyyən etmək mümkün olmadı (cild 2, iş v. 3). Lakin bu hal iddianın rədd edilməsinə əsas ola bilməz, çünki cavabdeh tərəfin müqaviləsinə də ayrıc aktı və ya qarajın yerləşməsinə dair plan-sxem əlavə edilməyib və ya məhkəməyə təqdim edilməyib. Odur ki, hər iki tərəf bu baxımdan eyni hüquqi vəziyyətdədir. 17.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164-cü maddəsinənin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin bir avtomobil üçün qarajdan çıxarılmasını və iddiaçının həmin qarajdan sərbəst istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 18.Qətnamə 3.800 manat pul tutulması barədə tələbin rədd edilməsinə aid olan hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 19.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2142/2023 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar