Məhkəmə qərarları › İş №2(103)-3069/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3069/2021

07.04.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3069/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 147,62 manat qalıq kredit borcuna restrukturizasiya tətbiq edilməklə, cavabdeh “xxxx" ASC ilə aralarında güzəşt müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-5191/20) iddia təmin edilməmişdir. İddiaçı narazı qalaraq qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia belə əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(075)-3063/2015 saylı əmri ilə cavabdeh İddiaçı cəmi 975.57 ABŞ dolları məbləğində borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu xərci alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında "xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 6.2-ci bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. Həmin Fərmanm 8.10-cu bəndinə görə məhkəmədə olan işlərin geri çağırılması dedikdə, vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar AR MPM-nin və "İcra haqqında" ARQ-nun tələbinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Onun kredit borcu Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşdüyündən və kredit borcu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bütün tələblərə cavab verdiyindən Palatada araşdırılmışdır. Nəticədə Palata tərəfindən 748,38 manat kompensasiya məbləği, 748,38 manat borcların ödənilməsinə yönəldilən hissə və 147,62 manat restrukturizasiya məbləği hesablanmışdır. Lakin buna baxmayaraq "xxxx" ASC tərəfindən 147,62 manat müqavilə üzrə qalıq borc məbləği restruturizasiya edilməmiş, onunla Prezidentin Fərmanına və Qaydaya uyğun olaraq güzəşt müqaviləsi bağlanmışdır. Bununla bağlı dəfələrlə “xxxx" ASC-yə müraciətlər etmiş, bankın Şəki filialına getmiş, lakin heç bir nəticəsi olmamışdır. Dəfələrlə banka getməyinə və müraciətlər etməyinə baxmayaraq, mövcud müqavilə üzrə qalıq borc məbləğinin restrukturizasiyası və güzəşt müqaviləsinin bağlanması dolayı yollarla həyata keçirilməmişdir. Bundan başqa, bu azmış kimi Şəki rayonu üzrə icra və Probasiya Şöbəsi tərəfindən DSMF-nin Şəki şəhər Şöbəsinin xx.xx.2019-cu il tarixli məktub göndərilmiş və bildirilmişdir ki, müvafiq qətnamə üzrə borclular və onlardan tələb olunan borc məbləği Prezident Fərmanının təsir dairəsinə düşmür və həmin icra sənədi üzrə hər hansı güzəştin tətbiq olunması nəzərdə tutulmur. Odur ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli 43/3 nömrəli məktubu üzrə tutulmanın davam etdirilməsi və həmin tutulmanın vəziyyəti barədə hər ay Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məlumat təqdim etməsi tələb olunur. Göründüyü kimi, onun kredit borcu Prezidentin Fərmanına və Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bütün tələblərə cavab verdiyi üçün kredit borcu barədə məlumat Palataya verilmiş, Palata tərəfindən 147,62 manat restrukturizasiya məbləği hesablanmış, lakin həmin qalıq borc məbləği dəfələrlə müraciətlərinə baxmayaraq bank tərəfindən restrukturizasiya edilməmiş, güzəşt müqaviləsi bağlanmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 4004tkSHEK/14 saylı kredit müqaviləsi üzrə sonuncunun Banka 147,62 manat əsas borc, 12,49 manat faiz borcu olmaqla, cəmi 160,11 manat borcu vardır. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında "xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmana əsasən iddiaçıya ödənilməli olan kompensasiya onun dollarla götürdüyü kredit borcuna yönəldilmiş və həmin kredit müqaviləsi üzrə borc bağlanmışdır. Qalan kompensasiya məbləği isə iddiaçının manatla götürdüyü kredit müqaviləsi üzrə borcuna yönəldilmiş və borcun bir hissəsi bağlanmışdır. Hazırda iddiaçının qeyd edilən sonuncu kredit müqaviləsi üzrə ödənilməmiş 160,11 manat borcu vardır. Həmçinin nəzərə alınmalıdır ki, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam araşdırmadan qətnamə çıxarmaqla onun hüquqlarını və ədalət mühakiməsinin prinsiplərini pozmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi və müvafiq bank sənədlərini təqdim edərək bildirdi ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə ödəniş aparıldığından hazırda iddiaçının banka ödənilməmiş borcu qalmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi “xxxx” KB ASC-yə qarşı iddianın əsassız olması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı hazırkı iddianı irəli sürməkdə haqlı deyil, belə ki, Bank bu iddiaya cavab verməli şəxs deyil. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1, 51.1, 54.1-ci maddələri, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3.2-ci və s. bəndləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə X2 tapşırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasının protokolundan məlum olur ki, (i.v 27) sədrlik edən iddiaçının nümayəndəsinə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı ilə əvəz edilməsini təklif etmiş, iddiaçının nümayəndəsi isə cavabdehin əsl cavabdeh ilə əvəz olunmasına etiraz etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tələbə cavab verməli olmayan şəxsə, yəni “xxxx” KB ASC-yə qarşı qaldırılmış iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar