Məhkəmə qərarları › İş №2(103)-3071/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3071/2020

11.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3071/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X3 ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilə “köçürülmə tələbi”nə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8410/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının azyaşlı uşaqları Məryəm və Hüseynlə Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsində yerləşən 7a saylı evin 46 saylı mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə mübahisəli Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsində yerləşən 7a saylı evin 46 saylı mənzili ümumi sahəsi 55,24 kv.metr, yaşayış sahəsi 31,04 kv.metr olan 2 otaqdan ibarətdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-743/2019 saylı qətnaməsinə əsasən həmin mənzil iddiaçı ilə cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünmüş və hər birinin payı ½ hissədə müəyyən edilmişdir. Həmin mənzil iddiaçı ilə cavabdehin paylı mülkiyyətindədir və ona görə də bir mülkiyyətçi kimi həmin mənzildən iddiaçının istifadə etmək hüququ vardır, buna görə də o, azyaşlı uşaqları Məryəm və Hüseynlə mübahisəli mənzilə köçürülməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8410/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil onların birgə nikah dövründə əldə edilmiş birgə gəlirləri vasitəsilə alınmamışdır. Belə ki, mənzilin alınması üçün ilkin ödəniş kimi ödənilmiş 42 000 manatın 25 030,91 manatı onun atasına məxsusdur. Həmin mənzilin alınması üçün xərclənmiş olan 42 000 manat pulun yalnız 16 969,09 manatı onların birgə nikah dövründə əldə olunmuş qazancıdır. Bundan başqa o uşaqların saxlanması üçün iddiaçıya gəlirinin 1/3 hissə olan 1200 manata yaxın aliment ödəyir və iddiaçının hazırda yaşayış yeri vardır. Xüsusilə onu qeyd edir ki, birinci instansiya məhkəməsi qanuni qüvvəsini almamış apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə istinad etmişdir. Məhkəmə onun həmin qətnamədən kassasiya şiakyəti verdiyini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilərsə və sözügedən qətnamə ləğv olunarsa, hazırki qətnamənin icrasında çətinliklər yaranacaqdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayəti müdafiə edərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməyənədək hazırki işə baxılması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2018ci il tarixdə ləğv edilmişdir (AZ-İ seriyalı, 323259 nömrəli Nikahın pozulması haqqında şəhadətnamə). Tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-743/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xətai rayonu, Sergey Senyuşkin küçəsi, 7a saylı evin 46 nömrəli mənzilində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli K10082S133916/2 saylı kredit müqaviləsi üzrə Bakı şəhəri Xətai rayonu, Sergey Senyuşkin küçəsi, 7a saylı evin 46 nömrəli mənzilin alınması üçün götürülmüş kredit borcunun qalıq hissəsi tərəflərin paylarına uyğun olaraq aşağıdakı kimi bölüşdürülməsi: kredit ödənişinə görə xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2043-cü il tarixədək, hər ayın 5-i və xx.xx.2043- cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh 212,04 manat ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8136/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 743/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi müəyən etmişdir ki, tərəflər mübahisəli evdə birgə yaşamış, ümumi təsərrüfatı birgə idarə etmiş və sonradan münasibətləri pozulduğundan aralarındakı nikah ləğv edilmiş, iddiaçı mübahisəli mənzildən çıxmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tərəflərin hər birinin mübahisəli mənzildə ½ hissədə bərabər payları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsində yerləşən 7a saylı evin 46 saylı mənzil İddiaçı və Cavabdeh birgə paylı mülkiyyəti hesab edildiyindən, İddiaçı həmin evə köçürülərək orada yaşamaq hüququnun olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir: Belə ki, yuxarıda qeyd olunduğu kimi tərəflərin mübahisəli mənzilə Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə ½ hissədə bərabər payları müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya şikayətində həmin qətnamədən kassasiya şikayəti verdiyini irəli sürsə də, iş materiallarında görünür ki Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmış, həmin qərardad isə mübahisələndirilməmişdir. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8410/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar