Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3072/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ödənilmiş təhsil xərclərinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ("Azərbaycan Dövlət Pedaqoji Universiteti" X9) “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 261/2025 saylı, 3 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşları siyahısında Cavabdeh adı qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli, 44 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilin maliyyələşdrilməsi qaydaları”nın 1.4cü bəndinə uyğun olaraq bağlanır və proqram iştirakçısının ABŞ-ın “X2”ində “Təhsil ixtisasları” 2020-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi doktorantura səviyyəsi üzrə 1 il 8 ay müddətinə təhsilinin maliyyələşədirilməsi və təhsilini başa vuduqdan sonra isə müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində pedoqoji fəaliyyətə cəlb edilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. Müqavilənin 3.5.20-ci bəndinə əsasən proqram iştirakçısının - tədris müddəti bitdikdən sonra ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərmək öhdəliyi vardır. Müqavilənin 6.2-ci bəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə. Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarılmalıdır.
3. Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli, F-222 nömrəli; xx.xx.2020-ci il tarixli, F-475 nömrəli və xx.xx.2022-ci il tarixli, F-464 nömrəli əmrlərində aşağıda qeyd olunmuş dəyişikliklərin edilməsi ilə bağlı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.2-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli, F-475 nömrəli əmri ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının siyahısı”nda 9-cu və 20-ci hissələr ləğv edilsin. Nazirlik, Azərbaycan Tibb Universiteti və Səbinə Fərhadova və Nazirlik, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış üçtərəfli müqavilələrə xitam verilməsi əmr edilmişdir.
4. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Cavabdeh ünvanladığı 06 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, yaşayış xərci 31997 ABŞ dolları, təhsil xərci 31976,46 ABŞ dolları, sığorta xərci 4645 ABŞ dolları, beynəlxalq nəqliyyat xərcləri 1219,80 manat ödənilib. Ödənilmiş 68618,46 ABŞ dolları və 1219,80 manat məbləği qaytarılması tələb edilmişdir.
5. Geri tələb etmə bildirişindən görünür ki, elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-680F/2023 nömrəli əmri ilə Cavabdeh adı təhsili “2019- 2023 Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən doktorantlar siyahısından çıxarılmış və onunla bağlanmış üçtərəfli müqaviləyə xitam verilmişdir. Üçtərəfli müqavilənin 6.2-ci yarımbəndinə əsasən təhsilinin maliyyələşdirilməsi üçün “2019-2023 Dövlət Proqramı” tərəfindən ödənilmiş xərclər 2 ay ərzində geri qaytarılmalıdır. Müvafiq məktub və bank rekvizitləri əlavədə təqdim olunur.
6. Təhsil müddətinin bitməsinə dair bildirişdən görünür ki, Cavabdeh təhsilini bitirməsi barədə rəsmi məlumatlar tələb edilmişdir. Cavabdeh tərəfindən praktika müddətini göstərən rəsmi sənəd və proqram direktoru tərəfindən imzalanmış praktika fəaliyyətini təsdiq edən rəsmi məktub göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 68.618,46 (altımış səkkiz min altı yüz on səkkiz dollar, qırx altı sent) ABŞ dolları və 1.219,80 (min iki yüz on doqquz manat, səksən qəpik) manat vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli, 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-ci illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşlarının seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra-müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X3 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı, təhsili başa çatdıqdan sonra vətəndaşla əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti, Elm və Təhsil Nazirliyi Cavabdeh arasında 20 oktyabr 2020-ci il tarixli, 44 saylı üçtərəfli müqavilə bağlanılmışdır. Elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli, F-222 saylı əmri ilə onun adı Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh 2020-ci ilin oktyabrından 2022-ci ilin iyun ayına qədər ABŞ-ın “X4”ində doktorantura səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, o müqavilə öhdəliklərini pozmuş. Cavabdeh Nazirliyin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-680F/2023 saylı əmri ilə onun adı Proqram iştirakçılarının siyahısından çıxarılmışdır. Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-261/2025 saylı 3 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 68.618,46 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 1.219,80 manat vəsaitin tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli üçtərəfli müqavilənin 3.5.20-ci bəndinə əsasən proqram iştirakçısının tədris müddəti bitdikdən sonra ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və əmək müqaviləsini bağlamaqla aldığı ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərmək öhdəliyi vardır. Lakin cavabdeh xaricdə təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmamışdır. O, ABŞ-da yaşayır, orada ailə qurmuş və bir övladı var. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış üçtərəfli müqavilələrə xitam verilməsi əmr edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Nazirlik tərəfindən cavabdehə çəkilən xərclər geri qaytarılmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.2, 385.1, 390.1 və 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-261/2025 saylı 3 fevral 2025-ci il tarixli qətnaməsini ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, təhsilini başa vurduqdan sonra müqavilədə nəzərdə tutulmuş qaydada ölkəyə qayıda bilməməkdə səbəbi onun şəxsi həyatı ilə bağlı olmuşdur. Belə ki, təhsilini başa vurduqdan sonra Kanada Respublikasının vətəndaşı ilə ailə həyatı qurdu. Ailə həyatı qurduqdan sonra rəsmi nikahından bir övladı doğuldu. Bundan sonra o, ailə, məişət problemləri ilə əlaqədar olaraq ölkəyə qayıda bilmədi. O, bu müddət ərzində ölkəyə qaydıb işləyə bilməsə də lakin, Vətən müharibəsindən sonra Azərbaycan Respublikası adından keçirilən bütün beynəlxalq konfranslarda ölkəni layiqincə təmsil etmişdir. Bütün dövlət əhəmiyyətli tədbirlərdə iştirak etmişdir. Onalyn təhsilə qoşularaq ölkədə tədris proqramlarında iştirak etmişdir. Hətta bir müddət əvvəl təlim vermək üçün Bakıya gəlmiş və əlavə ödəniş olunmadan təlim keçmişdir. Qeyd etdiyi bütün bu xüsusatlar barədə dəfələrlə iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə məlumatlar vermiş və hətta onun niyyəti təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmağın mümkün olmadığını, buna səbəb ailə məişət zəminində baş verən dəyişiklik olmasını bildirmişdir. Amma buna baxmayaraq iddiaçı tərəfindən ona qarşı bir növ qərəzli münasibət göstərilərək ödənilmiş pul məbləği ondan tələb edilmişdir. Hətta iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə şifahi olaraq məlumat verib bildirmişdir ki, əlavə müqavilə bağlayaq və bir müddətdən sonra o, ailə şəraitini düzəldib ölkəyə qayıdıb müqavilə öhdəlilklərini icra etsin. İşə birinci inistansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xaricdə təhsil alan gənclər haqqında bildirdiyi dəyərli fikirləri tədim etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidenti çıxışında xüsusilə qeyd etmişdir ki, “Xaricdə qalan Azərbaycanlıların böyük əksəriyyəti Azərbaycana bağlı olur. Onların ürəkləri Azərbaycanla bir döyünür. Öz fəaliyyətləri ilə onlara yaşadıqları ölkələrdə xeyir gətirirlər. Xaricdə təhsil alan gənclərlə bağlı proqrama onlar 2007-ci ildə başlamışlar. 2006-cı ildə qərar verildi, sərəncam imzlandı və o vaxt müxtəlif fikirlər var idi. Bəziləri deyirdilər, mütləq biz şərt qoymalıyıq ki, onlar qayıtsınlar və Vətənə xeyir versinlər. O, isə bununla razılaşmadı. Elm və Təhsil Nazirliyinin iddia etdiyi kimi, guya onun müqavilə şərtlərinə əməl etməməyi hesab edir ki, düzgün deyil. O, bu barədə məhkəmə gedişində məlumat versə də təəssüf ki, bu məhkəmə tərəfindən nəzərə alınmayıb. Belə ki, müqavilənin 3.5-ci bəndində proqram iştirakçısının öhdəlikləri qeyd olunur. Burada müqavilədə göstərilən 20 maddədən yalnız birinə - 3.5.20-ci bəndinə əməl edə bilməmiş, yəni təhsili başa vurduqdan sonra 2 ay müddətində Azərbaycan Respublikasına qayıtmalı idi idi, bu da onun şəxsi həyatı ilə bağlı olmuşdur. Belə ki, müqavilənin 3.5.22-ci bəndində göstərilir ki: bu müqavilə üzrə öhdəliklər yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Nazirliyə və yerli ATM-ə 10 gün ərzində məlumat verilməlidir. Qeyd edir ki, o, əslən azərbaycanlı olan Kanada Respublikası vətəndaşı ilə ailə həyatı qurmuş və bir övladı var. Müqavilə 3 tərəfli olduğu üçün bu haqda müqavilə iştirakçıları olan tərəflərə bu barədə əvvəlcədən məlumat vermişdir. Hətta Azərbaycan Pedeqoji Universitetinin rektoru Cəfər Cəfərov nümayəndə heyəti ilə ABŞ-da olarkən onlarla görüşüb məlumat vermişdir. Onlar da bunu qarşılıqlı anladıqlarını bildirdilər və razılaşdılar ki, 5 il müddətində o, onlayın formada Pedaqoji Universitetdə təhsil verməyə davam edəcək və ildə 1 dəfə Bakıya gələrək canlı dərs deyəcək və onlardan heç bir vəsait tələb etmədən, yəni təmənnasız edəcək. Bu bir il müddətində ADPU-nın təhsil üzrə prorektorları Könül xanım və Asəf müəlimlə danışaraq dəfələrlə təlim keçmiş, keçən ilin oktyabr ayında da Bakıda olarkən 1 ay təmənnasız dərs keçmişdir. Yəni ailə vəziyyəti nəzərə alan ADPU-nun rəhbərliyi ilə bu formada əməkdaşlığı razılaşdırsalar da nədənsə Elm və Təhsil Nazirliyi nəyin bahasına olursa-olsun, hətta onların məhkəmədə nümayəndəsinin dediyi dillə: “Ailəndən boşanmaq varsa da Azərabaycana gəlməlisən, ya da pulu qaytarmalısan”. Hesab edir ki, bu humanizm prinsipinə uyğun gəlməyən ifadədir. Bildirir ki, təhsil aldığı müddətdə Azərbaycanın ABŞ-dakı səfirliyinin xahişi ilə dəfələrlə Azərbaycanın tanınması ilə bağlı konfranslar təşkil etmiş və özü əsas çıxışçı olmuşdur, Diaspora Komitəsinin xətti ilə Kanadada, İngiltərədə təşkil olunan konfranslarda iştirak etmişdir. Qarabağ mövzusu ilə bağlı Amerika mətbuatında məqalə ilə çıxış etmişdir, 44 günlük müharibədə Azərbaycanı dəstəkləmək üçün Ağ evin qarşısındakı mitinqin təşkilatçısı və çıxış edən olmuşdur. Bütün bunları məhkəməyə təqdim etdiyi sənədləri və konfranslarda hörmətli prezidentin köməkçisi Hikmət Hacıyevlə və diaspora komitəsinin sədri Fuad Muradovla çəkdirdiyi şəkillər və məhkəməyə təqdim etdiyi sənədlər sübut edir. Müqavilənin 6.3-cü bəndində göstərildiyi kimi ailə vəziyyətini nəzərə alaraq və yuxarıda göstərdiyi kimi 5 il müddətində onlayn formada tədris və təlim keçirməyini təmənassız olaraq qəbul etdiyini də cənab X7 dediyi kimi Azərbaycan diaspora və lobbiçilik fəaliyyəti üçün çalışacağını nəzərə alaraq müqvilənin 6.3-cü maddəsinin ona tətbiq edilərək müqavilə üzrə çəkilmiş xərclərin ödənilməsindən azad edilməyi hesab edir ki, daha doğru olar. Əlavə olaraq müqavilənin 3.2.2-ci yaımbındində göstərildiyi kimi Proqram İştirakçısı bu müqavilənin şərtlərini pozduqda AR qüvvədə olan qanunvericiliyinə uyun olaraq çəkilmiş xərclərin məbləgi geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Yəni onun yuxarıda qeyd etdiyi halları nəzərə alaraq nazirlik bu xərcləri ondan tələb etməyə bilər. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının siyahısı”nda 9-cu və 20-ci hissələr ləğv edilsin. Nazirlik, Azərbaycan Tibb Universiteti və Səbinə Fərhadova və Nazirlik, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış 44 nömrəli üçtərəfli müqavilələnin ikinci bəndinə əsasən 2020-ci ilin oktyabr ayında, 2022-ci ilin uyun ayına kimi doktorontura səviyyəsi üzrə 1 il 8 ay müddətində təhsilin maliyyələşdirilməsi və təhsilini başa vurduqdan sonra isə müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində, pedoqoji fəaliyyətə cəlb edilməsinə dair tərəflərin öhdəliliklərini müəyyən edir. Halbuki müqavilə öhdəliklərindən də görünür ki, təhsili başa vurduqdan sonra o təhsilini başa vuran şəxslərin işlə təmin olunması üçün onlara rəsmi bildiriş göndərir. Qeyd edir ki, belə bir bildiriş olmadığından o müqavilə öhdəliklərini birtərəfli qaydada pozmuşdur. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin eilməsini xahiş etmişdirlər.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv eildərək, iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
22.21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 23.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 24.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 26.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 27.421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 28.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 29.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 30.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 31.443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 32.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 33.448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 34.556.1-ci maddəsinə əsasən, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
35.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 36.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 37.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 38.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 40.Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
41. Baxılan iş üzrə məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, tərəflər müvafiq müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. Belə ki, üçtərəfli müqaviləyə görə Nazirlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilin maliyyələşdrilməsi qaydaları”nın 1.4-cü bəndinə uyğun olaraq proqram iştirakçısının ABŞ-ın “X2”ində “Təhsil ixtisasları” doktorantura səviyyəsi üzrə 2020-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi - 1 il 8 ay müddətində təhsilini maliyyələşədirməyi, proqram iştirakçısı isə tədris müddəti bitdikdən sonra ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmağı, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat verməyi və əmək müqaviləsini bağlamaqla aldığı ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərməyi öz öhdəsinə götürmüşdür.
42. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldığı və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 (iki) ay müddətində ölkəyə qayıtmadığı və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdiyi təqdirdə Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarılmalıdır.
43. Göründüyü kimi sözügedən müqaviləyə əsasən 2020-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi doktorantura səviyyəsi üzrə dövlət büdcəsinin vəsaiti hesabına təhsili maliyyələşədirilmiş cavabdehin təhsilini başa vuduqdan sonra müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmək üzrə vəzifəsi yaranmışdır. Buna baxmayaraq cavabdeh müqavilə şərtlərinə uyğun olaraq tədris müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmamaqla, ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərəcəyini şərtləndirən əmək müqaviləsini bağlamamaqla, yəni müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə icra etməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan halda da iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı araşdırmış, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin iddiaçı qarşısında 68.618,46 ABŞ dolları və 1.219,80 manat məbləğində (iş materialları ilə öz təsdiqini tapır) öhdəliyinin yarandığı barədə maddi hüquq normalarının tələblərinə uyğun olan nəticəyə gəlmişdir.
45. Belə ki, iddiaçı cavabdehin yol verdiyi pozuntu ilə müqavilə öhdəliklərini nə qədər ciddi şəkildə pozduğunu, mənafeyi üçün mənfi nəticələrinin nədən ibarət olduğunu, uğradığı zərərin əhəmiyyətli olduğunu və bunun nəticəsində müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğunu, pozuntunun müqaviləyə xitam verilməsini mümkün edən dərəcədə əhəmiyyətli olduğunu əsaslandırmışdır.
46. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
47. Apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, cavabdeh, təhsil aldığı ölkədə ailə həyatı qurduğuna istinadən müqavilə şərtlərini icra edə bilməməsini iradəsindən asılı olmayan, aradan qaldırıla bilməyən səbəblər ilə əlaqələndirmiş, müqavilənin şərtlərinə əsasən yaranmış öhdəliklərinin lazımi qaydada icra edilməməsi üçün məsuliyyət daşımadığını qeyd etmişdir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi bu hallar müqavilənin icrasından birtərəfli qaydada imtinası və ya təklif etdiyi qaydada müqavilə şərtlərinin dəyişdirilməsi üçün qanuni əsas hesab edilə bilməz.
48. Belə ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.
49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar onun üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan, mövcud olmuş şəraiti əhəmiyyətli dərəcədə dəyişən hal kimi qiymətləndirilə bilməz. Belə ki, bu hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir .
50. Kollegiya vurğulayır ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və bu mansibətlər qüvvədə olduğu müddətçə vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq davranışı bir birindən tələb etmək hüququna malikdirlər. Belə ki, qanunvericilk digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı, məsələn, qarşı tərəfi müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etməklə hərəkət etməyi qadağan edir və müqavilə tərəfləri üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
51. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
52. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
54. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-261/2025 saylı 3 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov