Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3074/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı və Cavabdeh2 QSC-nin nümayəndəsi Raul Ramazanovun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh2 QSC və Binəqədi Rayon İcra Şöbəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-247/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 QSC-nin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçıya məxsus olan, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, ev № 6-da yerləşən 27 №-li mənzilə (bundan sonra – mənzil) dair hərrac təşkilatçısının - Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin hərəkətləri qanunsuz hesab edilsin, hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli protokol, hərrac təşkilatçısı ilə Cavabdeh2 QSC-nin arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi və bankın adına verilmiş xx.xx.2022-ci il tarixli reyestr çıxarışı ləğv edilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, hərrac təşkilatçısının mənzillə bağlı hərəkətləri qanunsuz hesab edilsin, hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, reyestr çıxarışı ləğv edilsin, iddianın qalan hissəsi, yəni iddianın Binəqədi Rayon İcra Şöbəsinə qarşı yönəlmiş hissəsi təmin edilməsin. Şikayət və izahatlar: İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilərək iddia tam təmin olunsun. Apellyasiya şikayətindən görünür ki, iddiaçı qətnamənin 2 hissəsini mübahisələndirib. Birinci, mənzilə dair Cavabdeh2 QSC ilə Aqil İbrahimovun arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqavilənin əsasında Aqil İbrahimovun adına verilmiş xx.xx.2022-ci il tarixli reyestr çıxarışına aid hissə. Belə ki, iddiaçı hesab edir ki, həmin sənədlər ləğv edilmədən onun pozulmuş hüququnun bərpası mümkün deyil. İkinci, Binəqədi Rayon İcra Şöbəsinə aid hissə. Belə ki, iddiaçı hesab edir ki, onun hüququnun pozulmasına səbəb həm də icra məmurunun qanunsuz hərəkəti olub. Cavabdeh2 QSC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iddia əsassız olmaqla yanaşı həm də tələbin irəli sürülməsi üçün qanunda müəyyən edilmiş müddət ötürülüb. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi Raul Ramazanov bankın apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin əsassız olduğunu, İddiaçı isə özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən edib və maddi hüquq normasının tətbiqində səhvə yol verməyib. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hərracın etibarsızlığı üçün əsas: Mənzil iddiaçının (ipoteka qoyanın) mülkiyyətində olub və bankdan götürülmüş kreditin təminatı kimi ipoteka ilə yüklü edilib. Məhkəmə qətnaməsi ilə mənzilə tutma yönədilməsi qət olunub, hərrac keçirilib, hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli protokol tərtib olunub, hərrac təşkilatçısı ilə Cavabdeh2 QSC-nin arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb və bankın adına xx.xx.2022-ci il tarixli reyestr çıxarışı verilib. Müəyyən olunur ki, hərrac barədə iddiaçıya (ipoteka qoyana) məlumat verilməyib, hərrac təşkilatçısı ipoteka qoyana bildiriş göndərməyib, göndərilən bildirişlərdə ipoteka qoyanın adı isə ümumiyyətlə qeyd olunmayıb. Bununla da “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi və Mülki Məcəllənin 415.2-ci maddəsində müəyyən edilmiş qaydalar pozulub. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Əgər hərrac təşkilatçısı mülkiyyətçiyə ümumiyyətlə bildiriş göndərmədən onun əmlakını özgəninkiləşdirirsə, hətta müəyyən olunsa ki, mülkiyyətçinin faktiki olaraq hərrac barədə məlumatı olub, belə hərrac etibarlı sayıla bilməz. Əks yanaşma açıq-aşkar qanun pozuntusunun qanuniləşdirilməsi sayılacaq, hərrac təşkilatçıları yol verdikləri pozuntulara görə məsuliyyət daşımayacaq və gələcəkdə də belə hərəkətləri davam etdirəcək. İddia ərizəsində hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi xahiş olunsa da, iddianın əsaslandığı hallar onu təsdiq edir ki, iddiaçı “ləğv” ifadəsi ilə etibarsızlığı nəzərdə tutub. Birinci instansiya məhkəməsi düzgün olaraq hərracı və onun nəticələrini etibarsız hesab edib, gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. İddia müddəti: İddia müddəti ötürülməyib. Belə ki, hərracın etibarsızlığı barədə tələbə ümumi iddia müddəti tətbiq edilir, həmin müddət 10 ildir (Mülki Məcəllə, maddə 373.1). Müqavilənin mübahisələndirilməsi müddəti hərraca şamil edilmir. “Müqavilə” və “hərrac” ayrı-ayrı anlayışlardır. Müqavilə - mülki hüquq və vəzifələrə dair razılaşma, hərrac isə - əşyanın rəqabətli şəraitdə satılmasıdır. Hərracın nəticəsində də müqavilə bağlanır, lakin belə mübahisələrdə hansı müddətin tətbiq ediləcəyi təyin edilərkən iddianın əsası nəzərə alınmalıdır. Əgər iddianın əsasını hərracın keçirilməsi qaydalarının pozulması təşkil edirsə, 10 illik iddia müddəti tətbiq edilir. Əgər iddiaçı hərracın keçirilməsi qaydalarının pozulduğunu iddia etmirsə, iddianın əsasını yalnız müqavilənin (hərracın nəticəsində bağlanan müqavilənin) bağlanması qaydalarınn pozulması təşkil edirsə (məs., səlahiyyəti olmayan şəxsin müqavilə bağlaması və s.), belə halda müqaviləni mübahisələndirmək hüququnu xitam edən 1 illik müddət (Mülki Məcəllə, maddə 354.2) tətbiq edilir. Müqavilənin mübahisələndirilməsi müddəti və hərracın mübahisələndirilməsi müddətinin fərqli olması həm də onunla bağlıdır ki, müqavilə və hərracın mübahisələndirilməsinin prosedur qaydaları fərqlidir. Belə ki, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllə, maddə 337.2). Bundan fərqli olaraq, hərracın mübahisə edilməsi barədə hərracın təşkilatçısına iradə ifadəsinin bildirilməsi mümkün deyil, hərrac yalnız iddia əsasında məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllə, maddə 416.1). O cümlədən hərracı mübahisələndirən şəxsin müqavilənin etibarsız sayılması barədə iddia verməsi tələb olunmur, çünki qanuna görə hərracın etibarsız sayılması hərracın nəticəsində bağlanan müqavilənin etibarsızlığına səbəb olur (Mülki Məcəllə, maddə 416.2). Yəni müqavilənin etibarsızlığı hərracın etibarsızlığının doğurduğu nəticədir. Müqavilənin mübahisələndirilməsi müddəti və hərracın mübahisələndirilməsi müddətinin fərqli olması həm də onunla bağlıdır ki, müqavilə və hərracın subyektləri və subyektlərin daşıdığı məsuliyyət fərqlidir. Belə ki, müqavilədə iştirak edən subyektlər öz hüquq və vəzifələrinə dair razılaşma əldə edir və bir-birinin qarşısında məsuliyyət daşıyırlar. Hərracda iştirak edən subyekt (hərrac təşkilatçısı) başqaları üçün hüquq və vəzifələr müəyyənləşdirən, dəyişdirən və ya xitam edən hərəkətlər edir. O, bu sahədə ixtisaslaşdırılmış subyekt olmaqla fiziki və hüquqi şəxslərə öz xidmətini təklif edir, göstərdiyi xidmətə (hərracın keçirilməsinə) görə ödəniş alır və həmin xidmətin düzgünlüyünə, yəni hərracın qanunla müəyyən edilmiş qaydada keçirilməsinə görə məsuliyyət daşıyır. Odur ki, qanunsuz hərəkətlərinə görə hərrac təşkilatçısının məsuliyyəti müqavilələrə aid olan 1 illik müddətlə məhdudlaşdırıla bilməz. Hərracın nəticəsində hüquqları pozulan, yəni hərracın qanuniliyinə inanaraq alqı-satqı müqaviləsi bağlayan şəxslər hərrac etibarsız sayıldıqdan sonra hərracın təşkilatçısına qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürə bilərlər. İddianın rədd edilən hissəsi: Birinci instansiya məhkəməsi iddianın Binəqədi Rayon İcra Şöbəsinə qarşı yönəlmiş hissəsini təmin etməməklə düzgün nəticəyə gəlib, çünki icra məmuru hərracı sifariş versə də hərracın keçirilməsinin qanuniliyinə görə məsuliyyət daşımır. Tərəflərin verdiyi məlumata görə Cavabdeh2 QSC hərracın nəticəsində ipoteka predmeti olan mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra onu alqı-satqı müqaviləsi əsasında Aqil İbrahimova satıb. Aqil İbrahimov birinci instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs kimi işə cəlb edilib, ona bildirişlər göndərilib, lakin o, məhkəmə iclasına gəlməyib. X1 satılması hərracın etibarsız sayəımasına mane olmur. O cümlədən Aqil İbrahimova qarşı iddia verilmədiyinə görə onun bağladığı müqavilənin etibarsız hesab edilməsi hazırkı işdə qət oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-247/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3074/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3074/2024
17.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver