Məhkəmə qərarları › İş №2(103)-3077/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3077/2022

26.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3077/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı «payın naturada ayrılması» barədə ilk iddia tələbinə, Cavabdehlər İddiaçı1, İddiaçı2, 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi» barədə qarşılıqlı iddia tələbinə dair 2(011)-4632/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 32 saylı evin 56 saylı mənzilinin xüsusi mülkiyyət hüququ əsasında onların hər birinə məxsus olan 1/3 hissələrinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küşəsi 32 saylı binanın 56 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında mərhum ataları X5 məxsus olmuş, sonuncu rəhmətə gedəndən sonra, həmin mənzil birinci dərəçəli vərəsələr arasında bölünərək, hər birinin 1/3 hissədə adlarına keçmiş, lakin birinci dərəcəli vərəsə Cavabdeh miras payı faktiki olaraq qəbul edərək həmin mənzildə qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, miras payı adına rəsmiləşdirməmiş, həmin hissədə açıq qalmışdır. Paylar müəyyən olunsa da, real bölgü olmadığından mənzil ümumi birgə istifadədə qalmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlaka dövlət reyestrindən 22.04.2015-ci il tarixli və 21.05.2018-ci il tarixli ******* saylı çıxarış verilmişdir. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 32 saylı evin 56 saylı mənzilin 1/3 hissəsinin İddiaçı1, 1/3 hissəsinin İddiaçı2 məxsus olması və 1/3 hissəsinin Cavabdeh münasibətdə açıq qalması səbəbindən mənzildə paylar müəyyən olunsa da, paylar real olaraq bölünməmiş və bu səbəbdən mənzildən sərbəst surətdə, istədikləri kimi istifadə edə bilmirlər. Həmçinin, Cavabdehlər İddiaçı1, İddiaçı2, 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat ofisi tərəfindən verilmiş 17.04.2015-ci il tarixli, 28154 nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi və DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən X6 verilmiş RX seriyalı ******* nömrəli və İddiaçı1 verilmiş RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ailəsi ilə birlikdə 2003cü ildən ünvan 1 ünvanda yaşayır. Mənzil mərhum X1nun mülkiyyətində olmuş, lakin sonuncu 2012-ci ildən orada yaşamamışdır. X1 22.07.2014-cü il tarixdə vəfat etmişdir. Həmin vaxtdan etibarən miras əmlaka sahiblik etmiş və miras əmlakı idarə etmişdir. Cavabdehlər ataları öldükdən sonra bircə dəfə də olsun mübahisə predmeti olan mənzilə gəlməyiblər. Lakin onun xəbəri olmadan cavabdeh İddiaçı2 Kamal qızı 22.01.2015-ci il tarixdə və İddiaçı1 18.01.2015-ci il tarixdə 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat kontoruna müraciət edərək 17.04.2015-ci il tarixli 28154 nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» əldə etmişlər. Eyni zamanda İddiaçı2 Kamal qızı mübahisə predmeti olan mənzilə dair pay hüququnu 21.05.2018-ci il tarixdə (DƏDRX-nin RX seriyalı ******* №li çıxarışı), İddiaçı1 isə mübahisə predmeti olan mənzilə dair pay hüququnu 22.04.2015-ci il tarixdə (DƏDRX-nin RX seriyalı ******* №li çıxarışı) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Bundan 10.03.2021-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, qardaşı qızı Nazilə 17.12.2021-ci il tarixli məktubla ona müraciət edərək ünvan 2 ünvanda yerləşən və 1/3 hissədə paylı mülkiyyətində olan hissəni 15000 manata satdığını bildirmişdir. Bundan sonra tərəfindən vəkillə müqavilə imzalanmış və vəkil tərəfindən 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat kontoruna müraciət olunaraq mübahisə predmeti olan mənzilə dair 2V-185 nömrəli notariat işi əldə olunmuşdur. Həmin notariat işi öyrənilərkən məlum olmuşdur ki, cavabdehlər İddiaçı2 Kamal qızı və İddiaçı1 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat kontoruna müraciət edərək 17.04.2015-ci il tarixli 28154 nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» əldə etmişlər. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddənin də tələbindən məlum olduğu kimi, hazırkı mübahisəyə münasibətdə cavabdehlər 22.07.2014-cü il tarixdən 3 ay müddətinə yəni 22.10.2014-cü il tarixdək mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etməli idilər. Lakin cavabdehlər qeyd olunan müddəti itiriblər, notarius isə müddətin itirilməsinə məhəl qoymayaraq, eləcə də cavabdehlərin əmlaka sahiblik edibetməməsini və ya əmlakı idarə edib etməməsini araşdırmadan cavabdehləri Cavabdeh vərəsəsi kimi tanımış və mübahisə predmeti olan mənzildən onlara 1/3 hissədə pay ayırmışdır. Qeyd olunan hal onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını (Mülki Məcəllənin 1246-cı maddəsini) düzgün tətbiq etməmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə ilk iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının təmsilçisini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində əsaslığının və qanuniliyin yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat ofisində təsdiq olunaraq reyestrdə 2V-185 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında işdə olan MH seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 32 saylı evin 56 saylı mənzili X4 adına tam mülkiyyət hüququ üzrə 31.01.2007-ci il tarixdə qeydiyyata alınmışdır. AZ-İ seriyalı, 694794 saylı ölüm haqqında şəhadətnamədəki məlumatlara əsasən X7 22.07.2014-cü ildə vəfat etmişdir. İddiaçı1 18.01.2015-ci il tarixdə və İddiaçı2 Kamal qızı 22.01.2015-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət" mərkəzinin notariat kontoruna ərizə ilə müraciət edərək, ataları X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 32, 56 saylı mənzilə dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmişlər. Vərəsələrin siyahısında Cavabdeh adı qeyd edilmişdir. 17.04.2015-ci il tarixli 28154 nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən, 22.07.2014-cü ildə vəfat etmiş X4 vərəsələri ünvan 2 ünvanda yaşayan qızı - İddiaçı1 və ünvan 3 ünvanda yaşayan nəvəsi - İddiaçı2 Kamal qızıdır və onlardan hər biri miras əmlakdan aşağıdakı hissələrdə irs almalıdır:

1. İddiaçı1 - 1/3 hissə;

2. İddiaçı2 Kamal qızı - 1/3 hissə;

3. 1/3 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət ryestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş. 31.01.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********66-05101-093011 reyestr saylı ‘Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi – 29,01 m2 olan iki otaqlı mənzildən ibarətdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 32, 56 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 Kamal qızının adlarına qeydiyyata alınmış, 1/3 hissə açıq saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 06.10.2021-ci il tarixli, 10/3833 saylı rəyindən görünür ki, aparılmış tədqiqatla, ünvan 5 ünvanda yerləşən 56 №-li mənzilin mülkiyyətçilər arasında naturada bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, ünvan 5 ünvanda yerləşən 56 saylı mənzilində ilk iddia üzrə iddiaçılara və cavabdehə məxsus 1/3 hissə paylarının naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4,2.7, 2.9. bəndlərinin, eləcə də, metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.11-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir». Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 fevral 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə «Miras qoyanın öldüyü gün təqvim tarixi etibarı ilə vərəsəliklə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bir sıra məsələlərin həlli üçün mühüm meyar kimi çıxış edir. Məhz həmin tarixdən etibarən mirası qəbul etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin axımı başlanır, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır, eləcə də vərəsəlik şəhadətnaməsi vərəsələrə bir qayda olaraq, mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir (Mülki Məcəllənin 1246, 1255 və 1322-ci maddələri). Qeyd edilən məsələlərin həllində mirasın açılma tarixi miras qoyanın öldüyü gün, təqvim tarixi olaraq müəyyən edilir və qanunvericilikdə müəyyən edilmiş müddətlərin axımı həmin təqvim tarixindən başlamaqla hesablanır». Göründüyü kimi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət ərzində notariat orqanına müraciət etmiş və onlara 17.04.2015-ci il tarixli, 28154 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Qarşılıqlı iddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli 2(011)-4632/2021 saylı qətnaməsi mübahisələndirilən – qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar