Məhkəmə qərarları › İş №2(103)-3080/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3080/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3080/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi Vüqar Qaracayevin iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 233/2024 nömrəli qətnaməsindən üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçıya məxsus olan, Xəzər rayonu, Binə qəsəbəsi, döngə 4-də yerləşən 20 №-li fərdi yaşayış evinə (bundan sonra – ev) dair cavabdeh tərəfindən keçirilmiş hərracın nəticəsində tərtib edilmiş “Hərracın yekunları barədə” xx.xx.2020-ci il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab edilsin və evə dair “Bank VTB (Azərbaycan)” ASC-nin adına verilmiş xx.xx.2022-ci il tarixli reyestr çıxarışı ləğv edilsin. Tələb 2 halla əsaslandırılıb: 1) hərrac iddiaçıya məlumat verilmədən keçirilib; 2) 1-ci hərrac prosesinin nəticəsi etibarsız hesab edildikdən sonra ev iddiaçının adına yenidən qeydiyyata alınmadan 2-ci hərrac prosesi keçirilib. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin protokol və müqavilə etibarsız hesab edilsin, reyestr çıxarışı ləğv edilsin. Qətnamə onunla əsaslandırılıb ki, müxtəlif vaxtlarda 4 dəfə hərrac keçirilib, bu, qanunvericiliyin tələbinə ziddir. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayətində qeyd olunub ki, hərrac təşkilatının xx.xx.2024-cü il tarixli məktubuna görə, ayrı-ayrı vaxtlarda 4 ədəd bildirişin göndərilməsinə səbəb həmin dövrdə “COVİD-19” pandemiyasına görə qadağaların tətbiq edilməsi ilə bağlı olub. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi Vüqar Qaracayev apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Ev iddiaçıya məxsusdur, bankdan alınmış kreditin təminatı kimi ipoteka ilə yüklü edilib, məhkəmənin xx.xx.2016-ci il tarixli qənaməsi ilə evə tutma yönəldilməsi qət olunub (iş v. 120). Qətnaməyə əsasən icra vərəqəsi verilib və hərrac keçirilib. Hərrac prosesi 2 dəfə keçirilib. 1-ci hərrac prosesinin yekunları – xx.xx.2018-ci il tarixli protokol və alqı-satqı müqaviləsi etibarsız hesab olunub. Bu barədə məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi var (iş v. 11). Həmin qətnamə ilə eyni zamanda qət olunub ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra hərəkətləri davam etdirilsin. Bundan sonra 2-ci hərrac prosesi keçirilib. Hərracın təşkilatçısı tərəfindən 2-ci hərrac prosesi üzrə 4 bildiriş göndərilib: 1) xx.xx.2020ci il tarixli bildirişlə hərrac xx.xx.2020-ci ilə təyin edilib (iş v. 178), iddiaçı həmin bildirişi xx.xx.2020ci ildə alıb (iş v. 53); 2) xx.xx.2020-ci il tarixli bildirişlə hərrac xx.xx.2020-ci ilə təyin edilib (iş v. 179), həmin bildirişin iddiaçıya çatdırılması barədə sənəd işdə yoxdur; 3) xx.xx.2020-ci il tarixli bildirişlə hərrac xx.xx.2020-ci ilə təyin olunub (iş v. 46), iddiaçı həmin bildirişi xx.xx.2020-ci ildə alıb (iş v. 54); 4) xx.xx.2020-ci il tarixli bildirişlə hərrac xx.xx.2020-ci ilə təyin olunub (iş v. 47), iddiaçı həmin bildirişi xx.xx.2020-ci ildə alıb (iş v. 52). 1-ci və 2-ci bildirişlərdə qeyd olunan hərrac keçirilməyib. Belə ki, 1-ci və 2-ci bildirişlərdə göstərilib ki, hərracın forması elektrondur, hərracın keçirilməsi canlı yayımda “eherrac.gov.az” saytından izlənilə bilər, saytda elan İD 683 nömrə ilə qeyd olunub. O cümlədən 1-ci və 2-ci bildirişlərdə qeyd olunan hərrac barədə (hərracın təyin olunması və ya hərracın baş tutmaması barədə) kütləvi informasiya vasitəsində elan verilməyib. Həmçinin 2-ci bildirişdə hərrac baş tutmadığına görə evin 15 faiz aşağı qiymətə (63.750 manata) təkrar hərraca çıxarıldığı qeyd edilməyib. O cümlədən apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 01/440 nömrəli məktubundan görünür ki, 1-ci və 2-ci bildirişlərdə qeyd olunan hərrac pandemiya şəraitində kütləvi tədbirlərin keçirilməsi ilə bağlı tətbiq edilən qadağalar səbəbindən ləğv edilmişdir. Bundan fərqli olaraq 3-cü və 4-cü bildirişlərdə hərracın açıq formada keçiriləcəyi göstərilib, o cümlədən 3-cü və 4-cü bildirişlərdə hərrac barədə (hərracın təyin olunması və hərracın baş tutmaması barədə) kütləvi informasiya vasitəsində elan verilib (iş v. 49-51). Həmçinin 4-cü bildirişdə evin 15 faiz aşağı qiymətə (63.750 manata) təkrar hərraca çıxarıldığı qeyd olunub. Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına görə, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Göründüyü kimi, “hərracın keçirilməsi” ifadəsindən istifadə olunub, elektron hərrac barədə 1-ci və 2-ci bildirişlər göndərilsə də elektron hərracın keçirilməsi barədə sübut yoxdur. 1-ci və 2-ci bildirişlərdə qeyd olunan hərrac keçirilmədiyinə görə hesab olunur ki, 3-cü bildirişdə qeyd olunan hərrac ilk hərrac, 4-cü bildirişdə qeyd olunan hərrac isə təkrar hərracdır. Ev ilk hərraca 75.000 manat ilkin satış qiymətilə çıxarılıb, hərrac baş tutmadığına görə ev həmin qiymətdən 15 faiz aşağı qiymətə (63.750 manata) təkrar hərraca çıxarılıb, təkrar hərrac baş tutmadığına görə hərracın təşkilatçısı xx.xx.2020-ci il tarixli məktubla banka (ipoteka saxlayana) təklif edib ki, evi təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə (47.812,5 manata) alsın (iş v. 48). Bank təklifi qəbul edib. xx.xx.2020-ci il tarixdə hərracın yekunları barədə protokol (iş v. 72) və alqı-satqı müqaviləsi tərtib olunub (iş v. 8). İpoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC evi 47.812,5 manata əldə edib, xx.xx.2022-ci ildə ev üzərində bankın mülkiyyət hüququ reyestrdə qeydə alınıb və reyestr çıxarışı verilib. İddia ərizəsində tələbin əsaslandığı 1-ci halla bağlı məhkəmə qeyd edir ki, hərrac barədə iddiaçıya məlumat verilib, hərrac barədə bildirişlərin iddiaçıya çatdırıldığını təsdiq edən sənədlər mövcuddur (iş v. 52-54). 2-ci halla bağlı məhkəmə qeyd edir ki, bu hal hərracın etibarsızlığına səbəb ola bilməz. Belə ki, 1-ci hərrac prosesinin yekunları nəticəsində bankın mülkiyyət hüququ xx.xx.2018-ci ildə reyestrdə qeydə alınıb (iş v. 77). Lakin sonradan 1-ci hərrac prosesinin nəticəsi məhkəmənin qətnaməsi ilə etibarsız hesab olunub. Həmin hərracın nəticəsi olaraq bankın adına verilmiş reyestr çıxarışı ləğv edilmədən 2-ci hərrac prosesinin keçirilməsi iddiaçının hər hansı hüququnun və ya qanuni mənafeyinin pozulmasına səbəb olmayıb. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-233/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışının ləğv edilməsi barədə” iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat İddiaçı alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar